Beynəlxalq konfransın yekunlarına
həsr olunmuş mətbuat konfransı keçirilmişdir
İslam Konfransı Təşkilatının
(İKT) 40 illik yubileyinə həsr olunmuş
"Sivilizasiyalararası dialoq: Azərbaycandan
baxış" mövzusunda Bakıda keçirilən beynəlxalq
konfransın yekunları ilə bağlı mətbuat
konfransı olmuşdur.
Azərbaycan xarici
işlər nazirinin müavini Vaqif Sadıqov konfrans
haqqında məlumat verərək bildirmişdir ki, maraqlı
müzakirələrlə yadda qalan tədbirdə bir çox
ölkələrdən, o cümlədən İKT-nin
üzvü olmayan Koreya Respublikası və Argentinadan nümayəndələr
iştirak etmişlər. V.Sadıqov konfransın XİN
Diplomatik Akademiyası və İKT Baş Katibliyi tərəfindən
təşkil olunduğunu diqqətə
çatdırmışdır.
İKT-nin baş katibi
Ekmələddin İhsanoğlu konfransın yüksək səviyyədə
təşkil edildiyindən məmnunluğunu bildirmişdir. Bakının
son dövrlərdə bir çox vacib beynəlxalq tədbirlərə
ev sahibliyi etdiyini vurğulayan E.İhsanoğlu bu cür tədbirlərin
keçirilməsinin böyük əhəmiyyətə malik
olduğunu bildirmişdir.
Dünyada fərqli mədəniyyətlərin
mövcud olduğunu bildirən E.İhsanoğlu
"sivilizasiyalararası toqquşma" kimi yanlış bir
fikrin qarşısının alınması baxımından
dialoqun zəruri olduğunu qeyd etmişdir. O, Bakıda
keçirilən konfransın bu baxımdan böyük əhəmiyyətə
malik olduğunu xüsusi vurğulamışdır. E.İhsanoğlu
konfrans zamanı dinlər arasında dialoqun qurulması istiqamətində
çox maraqlı fikirlərin səsləndiyini qeyd
etmişdir.
Baş katib, həmçinin sivilizasiyalararası dialoqun aparılmasında və bu sahədə uğurların əldə edilməsində medianın və qeyri-hökumət təşkilatlarının üzərinə mühüm vəzifələr düşdüyünü bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2009.-12 noyabr.- S. 10.