Azərbaycan ilə İslam Konfransı arasında əlaqələr yüksək səviyyədədir

 

Noyabrın 11-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə nazir E.Məmmədyarov İslam Konfransı Təşkilatının fəaliyyətini yüksək qiymətləndirmiş, Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsində ölkəmizə verilən dəstəyə görə minnətdarlığını bildirmişdir.

Baş katib E.İhsanoğlu Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının və İslam Konfransı Təşkilatının birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Sivilizasiyalar arasında dialoq: Azərbaycandan baxış" mövzusunda konfransın işini yüksək qiymətləndirmiş, Azərbaycanın sivilizasiyalar arasında dialoqa mühüm və faydalı töhfələr verdiyini qeyd etmişdir.

Sonra tərəflər İKT çərçivəsində həyata keçirilən bir sıra mühüm layihələr, təşkilatla Azərbaycan arasında faydalı əməkdaşlığın səmərəliliyinin artırılması və bir sıra digər məsələlər barədə fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2009.-12  noyabr.- S. 10