Azərbaycan-Suriya münasibətlərinin
inkişafında hər iki ölkə rəhbərlərinin
rolu yüksək qiymətləndirilmişdir
Xarici işlər naziri Elmar Məmmədyarov
Suriya Ərəb Respublikasının xarici işlər
nazirinin müavini Feysal Əl-Miqdad ilə
görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat
xidmətindən verilən məlumatda bildirilir ki,
görüşdə Azərbaycan və Suriya arasında əlaqələrin
yüksək səviyyədə olmasında ölkə rəhbərlərinin
şəxsi münasibətlərinin əhəmiyyəti
vurğulanmışdır.
Siyasi əlaqələrin
inkişafından danışan tərəflər, iqtisadi sahədə
də əməkdaşlığın genişləndirilməsinin
vacibliyini bildirmişlər. Bu məqsədlə
qarşılıqlı səfərlərin və iş
adamlarının görüşlərinin təşkilinin zəruriliyi
qeyd olunmuşdur.
Regiondakı proseslərə
toxunan Suriya xarici işlər nazirinin müavini F.Əl-Miqdad
İslam dünyası birliyinin vacibliyini qeyd etmiş və
müsəlman ölkələrinin birgə maraq kəsb edən
məsələlərdə həmrəylik göstərməsinin
zəruriliyini vurğulamışdır.
Xarici işlər naziri E.Məmmədyarov
Azərbaycanın İslam dünyası ilə həmrəy
olduğunu bildirmişdir. Ermənistanın Azərbaycana
qarşı davam edən təcavüzünə toxunan nazir
münaqişənin nizamlanması ilə bağlı ölkəmizin
mövqeyi barədə məlumat vermişdir.
Tərəflər Yaxın Şərqdə
və Cənubi Qafqaz regionunda baş verən proseslər ətrafında
fikir mübadiləsi aparmışlar.
Azərbaycan.- 2009.- 12 noyabr.- S. 10.