Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi yenidən intensivləşib

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar prosesi yenidən intensivləşib.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov söyləmişdir. Nazir qeyd etmişdir ki, növbəti müzakirələrdə də Azərbaycan tərəfinin əsas tələbi Ermənistan qoşunlarının tez bir zamanda işğal altındakı ərazilərindən çıxarılmasıdır.

E.Məmmədyarov bildirmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona sonuncu səfərində də Azərbaycan öz mövqeyini bir daha ortaya qoydu. Ermənistan istəyir ki, qoşunları Azərbaycan ərazisindən çıxmamış Dağlıq Qarabağın statusuna baxılsın, bu, qeyri-konstruktiv mövqe razılığa gəlinən bəzi məsələləri yenidən müzakirəyə qaytarır. İlk növbədə, Ermənistan qoşunları işğal olunmuş Azərbaycan torpaqlarından çıxmalı, sonra kommunikasiya bərpa olunmalı, məcburi köçkünlər qaytarılmalı, sülh və sabitlik yaradılmalı, iqtisadiyyat inkişaf etdirilməli, yalnız bundan sonra Dağlıq Qarabağın statusu müəyyənləşdirilməlidir. Azərbaycan tərəfi hər zaman Dağlıq Qarabağa yüksək status verməyə hazır olduğunu bəyan edib. Lakin bu status bütün hallarda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşəcək.

Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində status verilməsi təklifi ilə bağlı dünya təcrübəsində kifayət qədər misalların olduğunu qeyd edən xarici siyasət idarəsinin rəhbəri vurğulamışdır ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi ancaq onun özünə ziyandır.

Nazir həmçinin ATƏT xarici işlər nazirlərinin Afinada keçiriləcək toplantısında tərəflərin növbəti görüşünün gözlənildiyini bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 10.