Azərbaycan nümayəndə heyətinin başçısı BMT-nin İşgəncələrə qarşı Komitəsinin 43-cü sessiyasında məruzə etmişdir

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə qarşı Komitəsinin noyabrın 9-10-da Cenevrədə keçirilmiş 43-cü sessiyası çərçivəsində qurumun "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiyası üzrə Azərbaycan Respublikasının üçüncü dövri məruzəsinə baxılmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına uyğun olaraq xarici işlər nazirinin müavini X.Xələfovun başçılıq etdiyi nümayəndə heyəti məruzənin təqdim edilməsində və müzakirəsində iştirak etmişdir.

Tədbirdə X.Xələfov çıxış edərək, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması üçün yaradılmış hüquqi əsaslar, insan hüquqlarının və əsas azadlıqların qorunmasına və təşviqinin möhkəmləndirilməsinə yönəldilmiş səylər barədə ətraflı məlumat vermişdir. Natiq 2009-cu il martın 18-də keçirilmiş referendum nəticəsində Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş düzəlişlərin insan hüquq və azadlıqlarının daha da möhkəmləndirilməsi və inkişafı baxımından əhəmiyyətini vurğulamış, dəyişikliklərin məhkəmə ədaləti və məhkəmələrin müstəqilliyinin möhkəmləndirilməsinə yönəldiyini bildirmişdir.

Nümayəndə heyətinin başçısı hökumət tərəfindən beynəlxalq və regional təşkilatlarla, o cümlədən Avropa Şurası və ATƏT ilə Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə görülən birgə tədbirlər barədə məlumat vermişdir. Bu istiqamətdə ölkəmizin qarşılaşdığı çətinlik və problemləri şərh edən X.Xələfov Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərdən Azərbaycan vətəndaşlarının zorla qovulması, eləcə də əsir və girov götürülmüş şəxslərə qarşı işgəncə, digər qəddar, qeyri-insani, insan ləyaqətini alçaldan rəftar və cəzaların verilməsi barədə yüzlərlə fakt haqqında məlumat vermiş, 552 nəfərin işgəncə ilə qətlə yetirildiyini komitə üzvlərinin nəzərinə çatdırmışdır.

Sonra nümayəndə heyəti komitə üzvləri tərəfindən məruzə üzrə verilən sualları və şərhləri ətraflı cavablandırmış, Azərbaycanda ardıcıl və sistemli şəkildə görülmüş işlərin mahiyyəti və nəticələri haqqında ətraflı məlumat vermişlər.

Komitə üzvləri çıxışlarında Azərbaycan ilə Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi arasında davam edən əməkdaşlığı və məhkəmə, hüquq, penitensiar xidməti sahəsində aparılan islahatları yüksək qiymətləndirmiş, bir sıra tövsiyələr vermişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 10