Azərbaycan Prezidenti İlham Əliyevə
Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Dövlət Universitetində olmuşdur.
Salona toplaşan professor-müəllim heyəti və tələbələr Azərbaycan Prezidentini sürəkli alqışlarla qarşıladılar.
Elmi Şuranın iclasını açan Belarus Dövlət Universitetinin rektoru Sergey Ablameyko Azərbaycan Prezidenti İlham Əliyevi salamladı.
S.Ablameyko qonaqlara məlumat verdi ki, Elmi Şuranın qərarı ilə Azərbaycan dövlətinin başçısına Belarus Dövlət Universitetinin fəxri professoru adı verilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin tərcümeyi-halı oxundu.
Sonra dövlətimizin başçısı İlham Əliyevə Belarus Universitetinin fəxri professoru adı verilməsi münasibətilə mərasim keçirildi.
Prezident İlham Əliyevə Belarus Dövlət Universitetinin fəxri professoru diplomu və mantiyası təqdim olundu.
Milli geyimli qızlar Azərbaycan dövlətinin başçısına gül dəstələri təqdim etdilər.
Prezident İlham Əliyev universitetin professor-müəllim heyəti və tələbələri qarşısında mühazirə ilə çıxış etdi.
Dövlətimizin başçısı onun fəaliyyətinə verilən yüksək qiymətə görə Belarus Dövlət Universitetinin rəhbərliyinə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin inkişafından ətraflı danışdı. Dövlətimizin başçısı iqtisadi sahədə qazanılan böyük uğurlardan söhbət açaraq bildirdi ki, Azərbaycan və Belarus iki ölkəni daha da yaxınlaşdıran bir çox birgə layihələr həyata keçirmişlər.
Azərbaycan dövlətinin başçısı dedi ki, bu, onun Belarusa ikinci rəsmi səfəridir. Səfər çərçivəsində ikitərəfli münasibətlərin inkişafı üçün indiyədək görülən işlər təhlil edilmiş, ən başlıcası isə əməkdaşlığın bundan sonra da genişləndirilməsi və dərinləşdirilməsi yolları müəyyənləşdirilmişdir.
Sonra Prezident İlham Əliyev Belarus Dövlət Universiteti tələbələrinin suallarına cavab verdi.
(Tədbir barədə geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcəkdir).
AzərTAc
Azərbaycan.- 2009.- 13 noyabr.- S. 2.