Gələn ilin dövlət büdcəsi layihəsinin
müzakirəsi başa çatdı
İclas başlayanda söz alan
deputat Abel Məhərrəmov Bakı Dövlət
Universitetinin 90 illik yubiley mərasimində yaxından
iştirak etdiklərinə görə həmkarlarına təşəkkür
etdi. Bildirdi ki, BDU-nun 90 illik yubileyinin keçirilməsi
Prezident İlham Əliyevin dövlətçilik ənənələrinə
ehtiramının, verdiyi yüksək qiymətin göstəricisidir.
Abel Məhərrəmov dövlət
büdcəsi layihəsinin yüksək düşüncənin
və təfəkkürün məhsulu olduğunu dedi.
Peşəkarlıqla tərtib edilən layihə ondan xəbər
verir ki, növbəti ildə də Azərbaycan
iqtisadiyyatı neqativ təsirlərə məruz
qalmayacaqdır.
Deputat dövlət büdcəsindən
elm və təhsil sahəsinə ayrılan xərclər barədə
danışarkən qeyd etdi ki, elmə ayrılan 98,2 milyon vəsait
gələn il bu sahədə olan ehtiyacları ödəməyə
tam imkan verəcək. Bu vəsait daha çox elmin prioritet
istiqamətlərinə yönəldilməlidir.
Büdcədən təhsilə
ayrılan xərclərin müdafiə xərclərindən
sonra ikinci yer tutması Abel Məhərrəmovun sözlərinə
görə, Azərbaycan hakimiyyətinin təhsilin
inkişafına göstərdiyi diqqətin bariz təcəssümüdür.
Deputat Ərəstun Cavadovun
sözlərinə görə, dövlət büdcəsi
layihəsi böhranın dünya iqtisadiyyatına təsirləri
nəzərə alınmaqla mükəmməl
hazırlanıb. Eyni zamanda, layihədə bir çox yeni məqamlar
öz əksini tapıb. Ərəstun Cavadov Ağsu rayonunun
dağətəyi kəndlərinin su probleminin həlli ilə
bağlı təkliflərini də diqqətə
çatdırdı.
Milli Məclisin Regional məsələlər
komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, 2010-cu ilin
büdcə layihəsi qarşıda duran əsas vəzifələrin
həlli, dünya iqtisadiyyatında baş verən proseslər
nəzərə alınmaqla hazırlanıb. Dünyada
baş verən iqtisadi böhran göstərdi ki, Azərbaycan
hakimiyyətinin həyata keçirdiyi iqtisadi siyasət
zamanın tələblərinə və xalqın
maraqlarına uyğundur. Hazırda ölkəmizdə
bütün sahələri əhatə edən dövlət
proqramları həyata keçirilməkdədir. Fərəhli
haldır ki, gələn ilin büdcə layihəsinin 39,4
faizi bu proqramların maliyyələşdirilməsinə
yönəlib.
Arif Rəhimzadə bildirdi ki, bu
gün ölkənin hər yerində olduğu kimi,
Neftçalada da təhsilin inkişafı ilə bağlı
mühüm tədbirlər həyata keçirilsə də,
məktəb binalarının tikintisi ilə bağlı
problemlər qalır.
Gələn ilin büdcə layihəsinin
fundamental hazırlandığını deyən deputat Rüfət
Quliyev əsas maliyyə sənədində
sosialyönümlülüyün prioritet olaraq
saxlanılmasını müsbət qiymətləndirdi. Layihədə
sosialyönümlü xərclər 34,4 faiz təşkil edir.
Rüfət Quliyevin sözlərinə görə, neftin bir
barelinin qiymətinin 45 dollar səviyyəsində
götürülməsi də olduqca düzgün qənaətdir.
Deputat Əkrəm Abdullayevin
fikrincə, büdcə layihəsi ölkəmizin tələbatına
uyğun hazırlanıb. Qeyri-neft sektorunun inkişafından
danışan Əkrəm Abdullayev gələn ilin büdcəsində
turizmin inkişafına və informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə daha çox diqqət
yetirilməsinin vacibliyini önə çəkdi. Əkrəm
Abdullayev uşaq və gənclər siyasətinin həyata
keçirilməsi məqsədilə layihədə nəzərdə
tutulan vəsaitlərin artırılmasını da təklif
etdi.
Milli Məclisin Mədəniyyət
komitəsinin sədri Nizami Cəfərov dedi ki, mədəniyyət
və incəsənət elə sahələrdir ki, onlara nə
qədər vəsait ayırsan belə, yenə də
azdır. Onun sözlərinə görə, incəsənətin
kütləvi maliyyələşdirilməsi maliyyə itkisinə
səbəb ola bilər. Ona görə ilk növbədə
istedadlar və onların cəmləşdiyi qruplar maliyyələşdirilməlidir.
Büdcə layihəsində beynəlxalq
məsələlər üçün nəzərdə
tutulmuş vəsait bu istiqamətin yüksək səviyyədə
maliyyə təminatına imkan verəcək - deyən Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov
layihənin reallığı əks etdirdiyini
vurğuladı. Səməd Seyidov əlavə etdi ki, növbəti
ildə xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin
sırasına daha 5 səfirlik daxil olacaq. Dövlətimiz
xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizin
maliyyələşdirilməsi işinin öhdəsindən
uğurla gəlir.
Milli Məclisin Elm və təhsil
komitəsinin sədri Şəmsəddin Hacıyev bildirdi ki,
dünyada cərəyan edən maliyyə böhranı Azərbaycan
iqtisadiyyatının davamlı inkişaf yolunda olduğunu və
istənilən neqativ təsirlərə qarşı duruş
gətirmək qabiliyyətini göstərdi. Aparılan
düzgün iqtisadi siyasətin nəticəsi olaraq qlobal
böhranın ağır təsirlərinə məruz
qalmamaq ölkəmizi dünya birliyinə yeni statusda təqdim
etdi. Bu status ölkəmizə böyük uğurlar vəd
edir.
Şəmsəddin Hacıyev
büdcə layihəsi ilə bağlı təkliflərini
yazılı şəkildə təqdim edəcəyini
bildirdi.
Deputat Bəxtiyar Sadıqov
bildirdi ki, dövlət büdcəsinin layihəsi növbəti
ildə xalqımızın necə yaşayacağını,
Azərbaycan iqtidarının hansı sahələrə və
məsələlərə üstünlük verdiyini
dolğun əks etdirir. Bütövlükdə, büdcə
layihəsi Azərbaycan dövlətinin və xalqının
maraqlarına uyğun hazırlanıb.
Bəxtiyar Sadıqov bildirdi ki,
hüquqi-demokratik dövlətin əsas prinsiplərindən
biri mətbuat və söz azadlığının təmin
olunmasıdır. Bu istiqamətdə ölkəmizdə
ardıcıl və məqsədyönlü işlər
görülüb və görülməkdərir. Bununla belə
mətbuatın bir sıra problemləri də var. Bunlar peşəkarlığın
yetərincə olmaması, reklam bazarının yoxluğu,
"reket jurnalistikanın" mövcudluğu və başqa
məsələlərdir. Ötən il təsdiq olunan
"Kütləvi-İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi
Konsepsiyası" bu kimi problemlərin yoluna qoyulması istiqamətində
mühüm əhəmiyyət kəsb edir. Bu mükəmməl
sənəd dövlətin maraqları ilə müstəqil mətbuatın
maraqlarını uzlaşdırdı, müstəqil mətbuatın
işinə qarışmadan ona dövlət tərəfindən
göstərilən yardımın qanuni əsaslarını
müəyyənləşdirdi. Cari ildə bu sahədə
xeyli iş görüldü, ayrı-ayrı qəzetlərə
birdəfəlik yardımlar olundu, müsabiqəli qrantlar elan
edildi.
Deputat bildirdi ki, növbəti ildə
də bu sahədə işlər davam etdiriləcək. Gələn
ilin büdcəsində bu məqsədlə 2 milyon manat vəsaitin
ayrılması nəzərdə tutulur. Amma bu məbləğin
700 min manatı büdcədən maliyyələşən ədəbi-bədii
qəzet və jurnallar üçündür. Bəxtiyar
Sadıqov növbəti ildə Azərbaycan mətbuatının
135 illik yubileyinin qeyd olunacağını və KİV-ə
Dövlət Dəstəyi Konsepsiyasında mətbuata kreditlərin
verilməsinin nəzərdə tutulduğunu xatırladaraq həmin
vəsaitə daha 1 milyon manatın əlavə
olunmasını təklif etdi. Qeyd etdi ki, bundan
bütövlükdə müstəqil mətbuat, azad söz
qazanmış olar.
Milli Məclisin Aqrar siyasət
komitəsinin sədr müavini Eldar Quliyev büdcə layihəsinin
böhrana davamlı hazırlandığını və
reallığı əks etdirdiyini bildirdi. Aqrar sahədəki
yüksəlişdən söz açan Eldar Quliyev builki
uğurların növbəti ildə də
qazanılacağına əminliyini ifadə etdi. Gələn
il üçün kənd təsərrüfatı layihələrinin
maliyyələşdirilməsinə ayrılan xərclərin
artırılmasını yüksək qiymətləndirən
Eldar Quliyev bəzi təkliflərini də diqqətə
çatdırdı. İstifadə olunmayan əkin sahələrinin
monitorinqinin aparılmasının vacibliyini qeyd edən deputat
bununla bağlı büdcədən ayrıca vəsaitin
ayrılmasını təklif etdi.
Eldar Quliyev Bilgəh, Zabrat və
Nardaranda mədəniyyət obyektlərinin mədəni tədbirlərin
keçirilməsinə imkan vermədiyini, onların əsaslı
təmirə ehtiyacı olduğunu diqqətə
çatdırdı.
Deputat Tahir Rzayev büdcə layihəsinin
əsaslandırılmış və mükəmməl
olduğunu bildirdi. Onun sözlərinə görə, gələn
ildə də müdafiə xərclərinin yüksək səviyyədə
saxlanılması müsbət haldır. Neftin bir barelinin qiymətinin
büdcədə 45 dollar müəyyənləşdirilməsinin
düzgün olduğunu deyən Tahir Rzayev bəzi təkliflərini
də verdi. Qeyd etdi ki, bəzi bələdiyyələrin
maddi-texniki təchizatının zəif olması narahatlıq
doğurur. Tahir Rzayev büdcədən kütləvi-informasiya
vasitələrinə və qeyri-hökumət təşkilatlarına
ayrılan vəsaitlərin istiqamətləri ilə
bağlı fikirlərini də söylədi.
Milli Məclisin Təbii ehtiyatlar,
energetika və ekologiya komitəsinin sədr müavini Elton Məmmədov
dedi ki, ölkəmizdə dünya maliyyə-iqtisadi
böhranın təsirlərinin minimuma endirilməsi hakimiyyətin
həyata keçirdiyi iqtisadi siyasətin
düzgünlüyündən xəbər verir. Növbəti
ilin makroiqtisadi proqnoz göstəricilərindən söz
açan Elton Məmmədov dedi ki, bütün bunlar iqtisadi
uğurların növbəti ildə də davam edəcəyini
göstərir. Gələn ilin büdcə layihəsinin
reallığa söykənərək
hazırlandığını deyən deputat ekologiya ilə
bağlı təkliflərini diqqətə
çatdırdı.
Deputat Nizami Xudiyev gələn
ilin büdcə layihəsinin peşəkarlıqla
hazırlanmasını və vaxtında Milli Məclisin
müzakirəsinə təqdim olunmasını yüksək
qiymətləndirdi. Eyni zamanda, onu da bildirdi ki, təhsil, səhiyyə,
sosial müdafiə xərclərinin yüksək səviyyədə
nəzərdə tutulması büdcə layihəsinin
xalqın maraqlarına uyğun şəkildə tərtib olunduğunu
göstərir.
Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov çıxışında, əsasən, büdcə
layihəsi ilə bağlı səslənən tənqidi
fikirlərə toxundu və müxalifətçi deputatlara
layihəni dərindən oxumağı tövsiyə etdi.
Komitə sədrinin fikrincə, 2010-cu ilin büdcə layihəsinin
müzakirəsi əvvəlki illərdən fərqlənir.
Çünki hazırda dünyada iqtisadi böhran davam edir və
gələn ilin büdcəsi hazırlanarkən bütün
bunlar nəzərə alınıb.
Əli Hüseynov elm və təhsillə
bağlı təkliflərini də bildirdi. Onun sözlərinə
görə, səhiyyə və təhsil sahələrində
də peşəkarlığı artırmaq
üçün attestasiya və test keçirilməlidir.
Elm adamlarının
maaşları arasında olan fərqlərin aradan
qaldırılmasını təklif edən deputat Asəf
Hacıyev ümidvar oldğunu bildirdi ki, 2010-cu ildə elmin
istiqamətlər üzrə maliyyələşməsi bu
narahatlığı aradan qaldıracaq. Asəf Hacıyev elmin
kreditlər üzrə maliyyələşməsi ilə
bağlı fikirlərini açıqladı.
Deputat Mübariz Qurbanlı
bildirdi ki, gələn ilin dövlət büdcəsi layihəsi
gerçəkliyə söykənməklə, "Büdcə
sistemi haqqında" qanunun müddəalarına uyğun
olmaqla hazırlanıb. Müxalifətçi deputatların
büdcə layihəsi ilə bağlı fikirlərinə
münasibət bildirən Mübariz Qurbanlının sözlərinə
görə, onlar sənədlə bağlı qeyri-obyektiv
yanaşma nümayiş etdirirlər. Deputat onu da əlavə
etdi ki, hökumətin fəaliyyətinə şübhə
ilə yanaşmaq düzgün deyil. Büdcə layihəsində
əsas prioritet olan sosialyönümlülük və
investisiyatutumluluq təxirə salınmamışdır və
inkişafın bütün istiqamətləri nəzərə
alınmışdır. Ölkəmizdə həyata
keçirilən əsaslandırılmış iqitsadi siyasətin
nəticəsidir ki, beynəlxalq maliyyə qurumları ölkəmizlə
yaxından əməkdaşlıq edirlər.
Parlamentin Mədəniyyət
komitəsinin sədr müavini Rafael Hüseynovun sözlərinə
görə, büdcə layihəsinə inkarçı və
qərəzli mövqedən yanaşmaq düzgün deyil.
Layihə real inkişafın templəri ilə
uyğunlaşdırılaraq, vətəndaşların sosial
rifahı nəzərə alınaraq hazırlanıb.
Milli Məclis Sədrinin
müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya
komitəsinin sədri Valeh Ələsgərov qlobal böhranla
bağlı ölkəmizdə həyata keçirilən
qabaqlayıcı tədbirləri təqdir etdi. O, hökumətin
böhrana qarşı həyata keçirdiyi tədbirlərlə
bağlı səslənən tənqidi fikirləri əsaslandırılmış
şəkildə cavablandırdı. Valeh Ələsgərov
büdcə layihəsinin yüksək səviyyədə və
peşəkarlıqla hazırladığına görə
hökumətə təşəkkürünü bildirdi.
Diqqəti büdcə layihəsinin
prioritet istiqamətlərindən olan
sosialyönümlülüyə çəkən deputat Həvva
Məmmədova qaçqın və məcburi
köçkünlərə növbəti ildə sosial
müavinətlər üçün lazımi səviyyədə
vəsaitin nəzərdə tutulmasını təqdir etdi. Həvva
Məmmədova məcburi köçkünlərin tibbi
müayinəsi ilə bağlı təkliflərini verdi.
Deputatlardan Baba Tağıyev, Əhməd
Vəliyev, Hikmət Atayev, Fərrux Zeynalov, Miri Qənbərov,
Yevda Abramov, İlham Məmmədov, Nizami İsgəndərov,
Rauf Əliyev, Dünyamin Xəlilov, Eyvaz Qurbanov 2010-cu ilin
büdcə layihəsi ilə bağlı fikirlərini
bildirdilər, təkliflərlə çıxış etdilər.
İclasda iştirak edən
Baş nazirin müavini, Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov, vergilər
naziri Fazil Məmmədov, Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev, maliyyə naziri Samir Şərifov
müzakirələr zamanı səslənmiş fikirlərə
münasibətlərini bildirdilər.
Bununla da "Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsi
haqqında" qanun layihəsinin müzakirəsi
yekunlaşdı. Milli Məclisin Sədri Oqtay Əsədov
müzakirilərdə fəal iştirak etdiklərinə
görə deputatlara və hökumət üzvlərinə təşəkkürünü
bildirdi. Büdcə layihəsinin müzakirəsi zamanı səslənən
təkliflərin araşdırılması üçün
Nazirlər Kabinetinə vaxt ayrıldı.
Azərbaycan.- 2009.- 13 noyabr.- S. 3.