Milli Məclisdə görüş

 

Noyabrın 12- Milli Məclisin Sədri Oqtay Əsədov İranın İmam Xomeyni adına "İmdad" Beynəlxalq Humanitar Komitəsinin rəhbəri Hüseyn Ənvarinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi bildirilmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, ölkələrimizin dini, mədəni bağlılığı əlaqələrimizin inkişafına zəmin yaratmışdır. Sədr 1990-ci illərin əvvəllərindən ölkəmizdə fəaliyyətə başlayan bu humanitar təşkilatın işini yüksək qiymətləndirmişdir.

Azərbaycan İran parlamentləri arasında yaxşı münasibətlərin olduğunu bildirən O.Əsədov dostluq qruplarının fəaliyyətini qeyd etmişdir. Sədr yaxın vaxtlarda İrana səfər edəcəyini qonağın diqqətinə çatdırmış demişdir ki, ölkələrimiz arasında əlaqələrin inkişafı xalqlarımızın mənafelərinə xidmət edir.

Görüş üçün təşəkkürünü bildirən Hüseyn Ənvari İran parlamenti sədrinin salamlarını çatdırmışdır. O demişdir ki, artıq biz 16 ildir Azərbaycanda fəaliyyət göstəririk. Ermənistanın Azərbaycana təcavüzündən sonra bura gələn ilk humanitar təşkilatlardan biriyik.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 3.