2. "Əsrin müqaviləsi" Azərbaycanın hərtərəfli inkişafının əsasını qoydu

 

"Bizim bugünkü inkişafımız, bugünkü nailiyyətlərimiz, Azərbaycanın həqiqətən müstəqil ölkə kimi dünya birliyinə qədəm qoyması böyük dərəcədə "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlıdır. Bu, çox cəsarətli və müdrik addım idi. Ulu öndər Heydər Əliyev tərəfindən atılan bu addım Azərbaycan xalqının rifah halının yaxşılaşmasına, Azərbaycanın hərtərəfli inkişafına xidmət edir".

 

İlham ƏLİYEV

 

1990-cı illərin əvvəllərində yenidən dövlət müstəqilliyini əldə edən Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri də özünün iqtisadi inkişaf doktrinasını yaratmaqdan ibarət idi. Bu, həm də qazanılmış müstəqilliyin davamlı olması və daha da möhkəmləndirilməsi baxımından zəruri şərt kimi çıxış edirdi. Həmin dövrdə isə SSRİ-dən Azərbaycana dağılmış sənaye, məhv olmuş təsərrüfat miras qalmışdı.

Sabiq SSRİ ölkələri arasında iqtisadi əlaqələrin qırılması bu sahədə vəziyyəti daha da ağırlaşdırırdı. Müstəqillyin ilk illərində hakimiyyət başında olan qüvvələrin səriştəsizliyi və şəxsi mənafenin ön plana keçməsi iqtisadi sferada da çöküşü sürətləndirirdi. Məhz belə bir vəziyyətdə xalq ölkəni parçalanmaqdan, dağılmaqdan, özbaşınalıqdan xilas edəcək xilaskarını, qəhrəmanını gözləyirdi. Və bu şəraitdə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtdı.

 

İqtisadi yüksəlişin dayaq nöqtəsi

 

Digər sahələrlə yanaşı, qarşıda duran və həlli kifayət qədər vacib olan məsələlərdən biri də dağılmış iqtisadiyyatı yenidən dirçəltmək və onu inkişaf relsinə salmaq idi. Belə bir vəziyyətdə isə Azərbaycan iqtisadiyyatının gələcək inkişafına gətirib çıxara biləcək və burada əsas təkanverici mexanizm rolunu oynayacaq yeganə sahə neft təsərrüfatı və neft ehtiyatları idi. SSRİ dövründə iri layihələrə rəhbərlik edən və təsərrüfat işçisi kimi də kifayət qədər böyük təcrübəyə malik olan Heydər Əliyev iqtisadi problemlərin həllinin ilkin olaraq neft sənayesindən başlanmalı olduğunu aydın görərək konkret qərarlar qəbul etdi. Belə konkret və vacib qərarlardan biri də xarici şirkətlərlə imzalanacaq neft müqavilələrində Azərbaycanın mənafelərinin əsas götürülməsi ilə bağlı idi. Çünki ümummilli lider hakimiyyətə gəlməzdən əvvəl iqtidarda olan AXC-Müsavat cütlüyü tərəfindən hazırlanan və xarici şirkətlərlə imzalanması nəzərdə tutulan layihə nə dövlətin, nə də xalqın maraqlarnı nəzərə alırdı. "Əsrin müqaviləsi"nin imzalanmasının 5-ci ildönümü münasibətilə bağlı çıxışında cənab İlham Əliyev həmin layihəyə belə qiymət vermişdi: "1993-cü ilin yazında Azərbaycanın əvvəlki rəhbərliyi tərəfindən elə bir müqavilə variantı hazırlanmışdı ki, əgər o imzalansaydı, ölkə iqtisadiyyatına böyük zərər gətirmiş olardı. Xalq Cəbhəsi rejimi öz acınacaqlı vəziyyətini heç olmasa bir qədər yaxşılaşdırmaq üçün müqaviləni hər cür şərtlərlə, ən yararsız, hətta milli mənafeyə zidd olan şərtlərlə imzalamağa hazır idi. Onlar anlamırdılar, heç anlamaq belə istəmirdilər ki, müqavilənin şərtləri Azərbaycanın iqtisadi inikşafı üçün nə deməkdir".

Belə durumda ümummilli liderin səyi nəticəsində ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi, Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanması və həyata keçirilməsi üçün də möhkəm zəmin yarandı. Xarici neft-qaz şirkətlərinin Azərbaycana baxışı dəyişməyə başladı ki, bu da onların ölkəmizdə profilləri üzrə sahələrə investisiya yatırımlarını əhəmiyyətli dərəcədə stimullaşdırır və "Əsrin müqaviləsi"nə gedən yeni bir yol açılırdı.

Əlbəttə, "Əsrin müqaviləsi"ndən danışarkən Heydər Əliyevin 1994-cü il fevralın 4-də "Azərbaycanda dəniz neft və qaz yataqlarının işlənməsinin sürətlənməsi haqqında" verdiyi sərəncam xüsusi qeyd olunmalıdır. Çünki məhz həmin sənəd dünyanın aparıcı neft-qaz şirkətləri ilə həyata keçirilən danışıqların əsasını təşkil edirdi. Bu danışıqlar isə həmin dövr üçün xarakterik olan daxili və geosiyasi faktorlar üzündən elə də asan getmirdi. Hətta "Əsrin müqaviləsi"nin imzalanması üçün rəsmi Bakının o zaman bəzi Qərb dövlətləri ilə apardığı danışıqların uğurla nəticələnəcəyinə şübhə ilə yanaşanlar da az deyildi. Cəbhə bölgəsində atəşkəs rejiminin kövrək olduğu, dövlət idarəetmə mexanizmlərinin hələ tam oturuşmadığı, bəzi qonşu dövlətlərlə münasibətlərdə ciddi psixoloji-siyasi gərginliyin hökm sürdüyü, Xəzərin hüquqi statusu ilə bağlı mübahisələrin kəskinləşdiyi bir vaxtda "Əsrin müqaviləsi"nin imzalanması bir çoxlarına inandırıcı görünmürdü. Qərb şirkətlərinin Xəzərlə bağlı hansısa layihənin gerçəkləşməsində iştirakı təkcə iqtisadi deyil, həm də strateji-siyasi məsələ kimi nəzərdən keçirilirdi. Azərbaycana kənar təzyiqlərin getdikcə artması fonunda bu danışıqları davam etdirmək ölkə iqtidarından ciddi siyasi iradə, əzmkarlıq tələb edirdi. Lakin prinsipial xarakterə malik ümummilli lider Heydər Əliyev kənar maneələri mətinliklə dəf etdi və Qərbin aparıcı şirkətlərini bu müqavilənin perspektivinə inandıra bildi.

Məhz ulu öndər Heydər Əliyevin bu əzmkarlığı və ciddi səyləri nəticəsində artıq xarici şirkətlərin "Əsrin müqaviləsi"nə maraqları artan xətt üzrə inkişaf etməkdə idi. Azərbaycan üçün isə bu müqavilənin imzalanması ilk növbədə iqtisadi inkişafın əsasını qoymaq, iqtisadi müstəqilliyi bərpa etmək baxımından böyük əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, müqavilənin reallaşdırılması ilə Azərbaycan ölkəyə xarici investisiya axınını təmin etmiş, Xəzəri isə birinci olaraq beynəlxalq əməkdaşlıq mərkəzinə çevirmiş olacaqdı. Lakin sözügedən müqavilənin Azərbaycana qazandıracağı dividendlər təkcə qeyd olunanlarla yekunlaşmırdı. "Əsrin müqaviləsi" Azərbaycana həm də yeni texnologiyaların gəlməsi demək idi və bu, olduqca vacib xarakter daşıyırdı. Çünki 1993-cü ildə neft təsərrüfatı tamamilə dağılmış, avadanlıqlar köhnəlmiş, platformalar və estakadaların bir çoxunu dəniz yuyub aparmış, qalanların əksəriyyəti paslanmışdı. Hər şeyi yeniləmək lazım idi, o vaxtlar isə Azərbaycanın buna maddi imkanı çatmırdı. Digər tərəfdən, o da danılmaz reallıq idi ki, həmin dövrdə Azərbaycan xarici neft şirkətlərinin istifadə etdiyi texnologiyalara malik deyildi. Bununla yanaşı, Azərbaycan onu da nəzərə alırdı ki, yeni neft quyularının qazılması zamanı Xəzərin ətraf mühiti qorunmalı, dənizdə hər hansı ciddi ekoloji problemlərin yaranmasına yol verilməməlidir. Bütün bunlar üçün həmin dövrdə Azərbaycana xarici şirkətlərin əlində olan kapital və texnologiyalar lazım idi. Həmin kapital və texnologiyaları isə Azərbaycana "Əsrin müqaviləsi" gətirəcəkdi.

Qeyd edilənləri əvvəlcədən görən ulu öndər Heydər Əliyev "Əsrin müqaviləsi"nin imzalanmasının nə dərəcədə müstəsna əhəmiyyət kəsb etdiyini yaxşı bilirdi. Həmçinin xarici neft nəhəngləri ilə müqavilələrə belə ciddi ehtiyac duyulduğu vaxtda Heydər Əliyev neftlə bağlı transmilli müqavilələrin imzalanması zamanı Azərbaycan xalqının maraqlarının yüksək tutulmasının əsas şərt olduğunu da hələ ilk dövrlərdə ölkəmizə sərmayə yatırmaqda tərəddüd edən şirkətlərə açıq şəkildə bəyan edirdi. Ulu öndər 1993-cü il iyun ayının 18-də ABŞ-ın aparcı mətbu orqanlarından biri olan "Çikaqo Tribun" qəzetinə verdiyi müsahibədə bununla bağlı bildirirdi: "Başa düşürəm ki, Azərbaycana cəlb olunmuş neft şirkətlərinin öz maraqları var. Bu, tamamilə təbii məsələdir. Ancaq eyni zamanda, biz də ölkəmizin maraqlarını neft şirkətlərinin mənafelərindən yüksək tutmalıyıq".

 

ARDNŞ-ə həlledici təyinat

 

Bu dövrdə xarici neft şirkətlərinin Azərbaycana gəlişini təmin etmək üçün həllini gözləyən daha bir vacib məsələ beynəlxalq səviyyədə danışıqlar aparmaq bacarığında olan, neft sahəsində ölkəmizlə əməkdaşlığın perspektivinə xarici şirkətləri inandıra bilən, eyni zamanda ölkənin mənafelərini daim ön planda tutmağı bacaran professional şəxslərin bu işə cəlb edilməsi sayılırdı. Yenə də bu məsələnin həlli istiqamətində ümummilli lider müdrik və həlledici qərarlar qəbul etdi. Həmin mühüm qərarlardan biri də cənab İlham Əliyevin Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin olunması idi.

Hadisələrin sonrakı gedişi isə bu təyinatın nə dərəcədə doğru və vaxtında atılmış addım olduğunu göstərdi. Məhz cənab İlham Əliyev danışıqlar prosesində fəal iştirak etməklə yanaşı, yeni neft strategiyasının hazırlanmasının, uğurla həyata keçirilməsinin ən aparıcı iştirakçılarından oldu və beləliklə də, xarici şirkətlərlə uzun sürən danışıqların müvəffəqiyyətlə yekunlaşmasında misilsiz xidmətlər göstərdi. O da xüsusi olaraq qeyd edilməlidir ki, bəzi transmilli neft şirkətləri Azərbaycanın düşdüyü çətin durumdan istifadə edərək neft müqavilələrini özlərinin xeyrinə olan qaydada imzalamağa çalışır, ölkə üçün qəbuledilməz şərtlər irəli sürürdülər. Cənab İlham Əliyevin üzərinə bütün bu çətinliklərin öhdəsindən gəlmək, neft müqavilələrində Azərbaycanın milli mənafelərinin maksimum səviyyədə qorunmasına nail olmaq kimi tarixi missiya düşmüşdü.

Təyinatından az sonra neft müqaviləsi layihəsinin hazırlanması üçün cənab İlham Əliyev Türkiyəyə, daha sonra isə yeni danışıqlara başlamaq üçün ABŞ-ın Hyuston şəhərinə yollandı. Elə bu səfərlərdə cənab İlham Əliyev öz diplomatik bacarığını yüksək səviyyədə nümayiş etdirdi, özünə, ümumilikdə, Azərbaycana qarşı böyük inam və etimad formalaşdırmağa nail oldu. Həmçinin danışıqlar prosesinin bir o qədər də asan olmadığı üzə çıxdı. Aparılan danışıqların nə dərəcədə çətin olduğunu həmin vaxt ARDNŞ-in vitse-prezidenti təyin olunan cənab İlham Əliyev belə xatırlayır: "Təyinatımdan bir gün sonra bizim nümayəndə heyəti danışıqlar üçün İstanbula yollandı. İstanbulda biz iki dəfə olduq, birinci dəfə iyirmi gün, ikinci dəfə bir aya yaxın. Danışıqlar aparıldıqdan sonra belə hesab edirdik ki, bütün məsələlər artıq həll olunub. 1994-cü ilin iyulunda danışıqların sonuncu mərhələsi üçün Hyustonda olarkən fikirləşirdik ki, burada bir həftə olacağıq, müqavilədə hər hansı üslub xətalarını, kiçik mübahisəli məsələləri yoluna qoyaraq Bakıya qayıdacağıq. Lakin gözləntilərimizin əksinə olaraq danışıqlar zamanı çoxsaylı mübahisəli məsələlər meydana çıxdı və biz Hyustonda 45 gün keçirməli olduq".

Bu dövrdə çoxsaylı mübahisəli məsələlərin meydana çıxmasının səbəblərindən biri də bəzi kənar qüvvələrin hadisələrin gedişinə müdaxiləsi nəticəsində Xəzərin hüquqi statusunun öz həllini tapmadığı dövrə qədər Azərbaycanın xarici şirkətlərlə heç bir müqavilə imzalamasının mümkünsüzlüyünə dair məsələnin gündəmə gətirilməsi idi. Bu isə Hyustonda "Əsrin müqaviləsi"nin imzalanmasına dair aparılan yekun danışıqların yarımçıq kəsilməsi ilə müşayiət olundu. Azərbaycanla neft müqaviləsi imzalamağa hazırlaşan xarici şirkətlər birmənalı şəkildə bəyan etdilər ki, Xəzərin hüquqi statusu öz həllini tapmayanadək onlar danışıqlarda iştirak etməyəcəklər. Bu da "Əsrin müqaviləsi"nin reallaşmasının fiasko ilə sonuclana biləcəyindən xəbər verirdi. Digər tərəfdən xarici şirkətlər onların mənafeyinə tam cavab verən AXC-Müsavat hakimiyyətinin qəbul etdiyi şərtləri yeni iqtidarın da tanımasını təkid edirdilər. Belə mürəkkəb vəziyyətdə xarici şirkətləri əməkdaşlığa inandıra bilmək əsl diplomatik məharət tələb edirdi. Məhz bu cür çətin durumda cənab İlham Əliyev təşəbbüsü ələ aldı və təcili Vaşinqtona getdi. Bu dövrlə bağlı yaşanan hadisələri cənab İlham Əliyev belə xatırlayır: "Xəzər dənizinin statusunun həlli problemi kəskin qoyulmuşdu və Azərbaycana təzyiqlər çox güclü idi. Bütün bunlar diplomatik notalar və bəyanatlarla da müşayiət olunurdu. İmzalanacaq müqavilələrin Xəzərin hüquqi statusu həll edildikdən sonra qüvvəyə minməli olduğu bildirilirdi. Bu isə faktiki olaraq o demək idi ki, müqavilə imzalanacaq, ancaq qüvvəyə minməyəcək və müvafiq olaraq həyata keçirilməyəcək. Əlbəttə ki, biz bununla razılaşa bilməzdik. Onda Azərbaycan Respublikasının Prezidenti mənim yekun danışıqların keçirildiyi Hyustondan Vaşinqtona ezam olunmağım barədə qərar qəbul etdi".

Həmin dövrdə cənab İlham Əliyevin Vaşinqtonda keçirdiyi görüşlərdən sonra ABŞ hökumətinin müdaxiləsi ilə Xəzərin statusu barədə bəndin müqavilədən çıxarılması ilə xarici şirkətlər razılaşdılar. Beləliklə, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Qərbin aparıcı neft şirkətlərinin yüksək vəzifəli təmsilçiləri, həmçinin ABŞ administrasiyasının üzvləri, o cümlədən ABŞ Energetika Nazirliyinin məsul təmsilçiləri ilə keçirilən görüşlərdə onları Xəzərin Azərbaycan sektoruna sərmayə qoymağa və əsassız şərtlərdən imtina etməyə inandıra bildi. Azərbaycanın üzərinə götürdüyü bütün öhdəliklərə əməl edəcəyinə də transmilli neft şirkətlərini inandıra bilən cənab İlham Əliyev müqavilənin reallaşması zamanı yarana biləcək hər hansı narazılığın həllinin məsuliyyətini ölkəmizin öz üzərinə götürdüyünü də bildirərək, bununla da həmin dövr üçün kifayət qədər riskli, ancaq cəsarətli sayılan, zərurətdən doğan bir addım atdı. Zaman isə bu riskin nə dərəcədə doğru olduğunu və ölkəmizin sonrakı inkişafında əvəzsiz əhəmiyyətə malik olduğunu əyani şəkildə sübuta yetirdi. Elə də asan keçməyən o vaxtkı danışıqlar prosesi barədə cənab İlham Əliyev qeyd edirdi: "Danışıqların gedişi zamanı bəzən böhran anları olurdu və Azərbaycan tərəfi danışıqları dayandırmağa yaxın idi. Çünki biz bəzi şərtləri ölkənin milli maraqları üçün qəbuledilməz hesab edərək onlarla razılaşa bilmirdik. Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz, biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik".

Bütün bunlar cənab İlham Əliyevin həm də "Əsrin müqaviləsi"nin imzalanması ilə bağlı apardığı danışıqlarda nə qədər prinsipiallıq, qətiyyət və əsl iradə nümayiş etdirdiyini əyani şəkildə göstərirdi. Həm də aydın oldu ki, cənab İlham Əliyev ən ekstremal situasiyalarda belə ölkənin milli mənafelərini layiqincə müdafiə etmək əzmindədir. Bununla bağlı cənab İlham Əliyev bildirirdi: "Bizim məqsədimiz təkcə neft hasil etmək, onu nəql etmək, bundan vəsait əldə etməkdən ibarət deyildir. Bizim məqsədimiz neftdən gələn bütün mənfəətləri - həm siyasi, həm iqtisadi, həm də başqa mənfəətləri Azərbaycan xalqının gələcək mənafeyinə, rifahına yönəltməkdən ibarətdir".

Ancaq Azərbaycanın yeni neft strategiyasının uğurla həyata keçirilməsi üçün böyük əzmkarlıqla və səylə çalışıldığı bir dönəmdə ölkəmizi istəməyən bədxah daxili və xarici qüvvələr bəyan edirdi ki, neftdən gələn bütün gəlirlər xarici şirkətlərə qismət olacaq. Lakin cənab İlham Əliyevin belə bədxah qüvvələrə cavabı çox qısa və sərt oldu: "Əsrin müqaviləsi"ndən əldə edilən gəlirin 80 faizini 30 il ərzində Azərbaycan, 20 faizini isə iştirakçı xarici şirkətlər alacaq". Zaman kimin haqlı olduğunu ötən dövr ərzində bir daha əyani şəkildə üzə çıxardı və imzalanan PSA (hasilatın pay bölgüsü) müqavilələrin şərtlərinə uyğun olaraq artıq Azərbaycan neft gəlirlərinin 80 faizini əldə edir. Burada daha bir incə məqama da xüsusi diqqət yetirilməlidir. Belə ki, "Əsrin müqaviləsi"nin ən müsbət məqamlarından biri o olub ki, Azərbaycan müqavilə çərçivəsində yataqların işlənməsinə bir qəpik də pul qoymayıb. Artıq 15 il keçib və Azərbaycan bu müqavilənin həyata keçirilməsi üçün heç bir maliyyə xərci çəkmir, əksinə, qeyd olunduğu kimi indi neft satışından böyük həcmdə gəlirlər əldə edir.

O da faktdır ki, cənab İlham Əliyevin Azərbaycanın neft strategiyasının reallaşmasında rolu təkcə "Əsrin müqaviləsi" ilə məhdudlaşmır. Belə ki, cənab İlham Əliyev ARDNŞ-in birinci vitse-prezidenti kimi digər müqavilələrin də imzalanmasında rol oynayıb. 1994-cü ildən 2003-cü ilə kimi imzalanan 26 müqavilənin hər birində cənab İlham Əliyevin xüsusi rolu olub. O, bütün danışıqlara rəhbərlik edib, xarici neft şirkətləri ilə gələcək fəaliyyət konsepsiyasını, coğrafi və siyasi tərəfdaşlıq konsepsiyası hazırlayıb. Bu, həm də proseslərə yeni yanaşma tərzi ilə müşayiət olunurdu. Yəni əgər əvvəllər Azərbaycan xarici şirkətləri sadəcə ölkəyə dəvət edirdisə, sonradan daha tələbkar mövqedən çıxış etməyə başladı, tərəfdaşlığın iqtisadiyyatla yanaşı, siyasi coğrafiyasını da genişləndirdi. Bütün bunların həyata keçirilməsinə isə cənab İlham Əliyev olduqca böyük töhfə verdi. Onun sayəsində bu gün dünyanın 15-dən çox ən iri ölkəsi və 33 məşhur neft-qaz hasilatı şirkəti yataqların işlənməsinə cəlb olunub.

 

"Əsrin müqaviləsi" Azərbaycana nə verdi?

 

Konkret olaraq "Əsrin müqaviləsi"nə gəlincə, Azərbaycan nəhayət, 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın aparıcı transmilli neft şirkətlərinin iştirakı ilə yeni kontraktın təntənəli imzalanmasını həyata keçirdi. Bununla da Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını yaratdı. Həmçinin ulu öndər Heydər Əliyev o dövrün böhranlı sosial-iqtisadi şəraitində növbəti dəfə böyük siyasi iradə, dəqiq iqtisadi hesablama və müdriklik nümayiş etdirərək müstəqil Azərbaycanın yeni neft strategiyasını irəli sürdü. Heydər Əliyev böyük uzangörənliklə bu strategiyanın mahiyyətini açıqladı, əvəzsiz təbii sərvətimiz olan neftin ölkənin iqtisadi inkişafındakı rolunu düzgün müəyyənləşdirdi: "Azərbaycan dövləti 1994-cü ildən özünün yeni neft strategiyasını həyata keçirməyə başlayır. Bu strategiyanın əsas mənası, mahiyyəti və prinsipləri ölkənin təbii sərvətlərindən, o cümlədən neft və qaz yataqlarından Azərbaycan xalqının rifahı naminə daha səmərəli istifadə etməkdən ibarətdir".

"Əsrin müqaviləsi" həm də ulu öndər Heydər Əliyevin daha bir xidmətinin parlaq şəkildə üzə çıxmasına səbəb oldu. Belə ki, vaxtilə - 1970-ci illərdə Heydər Əliyev tərəfindən göstərilən təşəbbüslər nəticəsində yaradılmış infrastruktur kontraktın sürətlə icra olunmasına xidmət göstərdi. Əgər vaxtilə Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə dərin özüllər zavodu tikilməsə idi, müqavilənin icrası çox yubana bilərdi. Lakin ümummilli lider Heydər Əliyevin xidmətləri sayəsində tarixdə ilk dəfə olaraq belə böyük, nəhəng investisiya qoyuluşunu tələb edən müqavilənin imzalanmasından ilkin neftin hasilatına qədər 3 ildən də az vaxt keçdi.

"Əsrin müqaviləsi" Bakının dünyanın neft mərkəzi olmaq şöhrətini bərpa etdi. O, Azərbaycanın bu gününü yaratdı, gələcəyini müəyyən etdi. Paytaxt Bakının, ölkənin regionlarının, bütünlükdə Azərbaycanın gözəlləşməsini, iri sosial layihələrin reallaşmasını təmin etdi, həm müasirlərimiz, həm də gələcək nəsillər üçün Neft Fondu formalaşdı.

Ümumiyyətlə, 15 il əvvəlki və bugünkü Azərbaycan arasında, sözün əsl mənasında, yerlə göy qədər fərq yaratdı.

Əgər 1994-cü ildə Azərbaycanın valyuta ehtiyatları yox idisə, bu gün həmin ehtiyatların miqdarı 19 milyard dolları keçir. Ən pessimist hesablamalar göstərir ki, təkcə bu müqavilə çərçivəsində Neft Fonduna 200 milyard dollar daxil olacaq. Ancaq bu məbləğin daha böyük rəqəmlərlə ifadə olunacağı və hətta 400 milyard dollara çatacağı da istisna olunmur. Həmçinin Azərbaycan xarici şirkətlərin investisiyası və yerli kapitalın hesabına yeni-yeni boru kəmərləri, platformalar, yeraltı anbarlar, qazma qurğuları, "Səngəçal" kimi nəhəng neft terminalı qazanıb. Eləcə də məhz "Əsrin müqaviləsi" Azərbaycanda yeni-yeni yolların, xəstəxanaların, stadionların, mehmanxanaların, digər sosial obyektlərin inşasına, insanların maddi-rifah halının yüksəlməsinə təkan verib.

Azərbaycanın artıq Xəzərdə və digər bölgələrdə neft kəşfiyyatı aparması, yeni texnologiyalar tətbiq etməsi üçün daha xarici şirkətlərə ehtiyacı yoxdur. Bütün bunları Azərbaycanın təkbaşına etməsi üçün lazımi imkanları və kapitalı, kadrları var. Ən əsası isə ölkəmiz hələ bundan sonra da dünya miqyasında neft ehtiyatlarına malik əsas ölkələrdən biri kimi qalmaqda davam edəcək. Təxmini hesablamalar göstərir ki, ən pis halda Azərbaycanın neft ehtiyatları bundan sonra 100 ilə bəs edəcək. Lakin yeni kəşfiyyat işləri hesabına bu ehtiyatın sonrakı istifadə müddətinin 200 ilə çatacağı da istisna olunmur.

Artıq Dövlət Neft Şirkəti həm maliyyə, həm texniki imkanları hesabına kəşfiyyat aparır. "Ümid" yatağında qazma işləri başlanmışdır və "Babək" yatağında da bu istiqamətdə müvafiq tədbirlər görülür. Qazma işlərinin uğurla nəticələnəcəyi gözlənilir ki, bu da Azərbaycanın mövcud neft-qaz potensialının daha da artması deməkdir. Bu da Azərbaycanın təkcə özünün yox, həm də qlobal miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində rolunun daha da artmasına gətirib çıxarmaqdadır.

 

Təbii qazın etibarlı təminatçısı

 

Lakin neftlə yanaşı, Azərbaycan təbii qaz ehtiyatları baxımından da dünya üçün get-gedə daha böyük əhəmiyyət kəsb etməkdədir. Xatırladaq ki, 1996-cı ildə, "Əsrin müqaviləsi"nin imzalanmasından iki il sonra "Şahdəniz" qaz yatağı üzrə kontrakt imzalanıb və beləliklə, Azərbaycanın böyük qaz potensialına malik olduğu dünya miqyasında təsdiq edilib. Prezident İlham Əliyevin Böyük Britaniyaya son rəsmi səfəri zamanı isə yeni yataqlar üzrə yeni müqavilələr imzalanıb və "Abşeron", "Asiman", "Şəfəq" yataqları tezliklə işə salınacaq.

Onu da bildirək ki, bu gün Azərbaycanda aşkar edilmiş qaz ehtiyatlarının minimum həcmi 2 trilyon kubmetr, maksimum həcmi isə 5 trilyon kubmetrə bərabərdir. Yeni yataqlar hesabına isə bu göstəricinin daha böyük hədlə ifadə olunması istisna edilmir. Bu həcmdə təbii qaz ehtiyatları hesabına Azərbaycan təkcə özünün yox, dünyanın da mavi yanacağa olan tələbatının ödənilməsində mühüm rol oynayacaq. Onu da xatırladaq ki, bu gün Azərbaycanın qaz anbarlarının tutumu təxminən iki milyard kubmetrə çatdırılıb. Halbuki bir neçə il bundan əvvəl bizim anbarlar 500 milyon kubmetr həcmində idi. Qaz anbarlarının tutumunun artırılması isə ölkənin mavi yanacaqla daha etibarlı təminatına imkan verir.

Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan kifayət qədər böyük neft və qaz ehtiyatlarına malikdir. Həmin ehtiyatlar sayəsində isə ölkə özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, dünya miqyasında da belə təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Belə vəziyyət həm də Azərbaycanın beynəlxalq nüfuzunun günü-gündən yüksəlməsinə, onun mövqelərinin daha da möhkəmlənməsinə şərait yaradır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 3.