İnsan kapitalının formalaşması dövlətin əsas siyasətidir

 

Uzun illərin təcrübəsi göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində mühüm rol oynayır. Təsadüfi deyildir ki, yeni dövrün tələblərinə cavab verən fəal maarifçilik kursunun həyata keçirilməsi, mütərəqqi yeniliklərin tətbiq olunması yolu ilə milli təhsil sisteminin müasirləşdirilməsi, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid mərhələsində bu sahədə özünü göstərən obyektiv problemlərin aradan qaldırılması son 16 ildə Azərbaycanda reallaşdırılan dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Ulu öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz yüksək təhsildə, xalqın maariflənməsində görmüş, respublikada fundamental və humanitar elmlərin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir.

 

Ümummilli lider Heydər Əliyev elmin, təhsilin inkişafına milli dövlət quruculuğu prosesinin zəruri əsası kimi yanaşmış, xalqın intellektual səviyyəsinin yüksəlməsini vacib vəzifələrdən biri hesab etmişdir. Ulu öndər hələ ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycan təhsilinin tərəqqisinə mane olan bir sıra amilləri aradan qaldırmış, mövcud potensialı ölkənin gələcək inkişafının elmi əsaslar üzərində qurulmasına, mədəni-intellektual resursların gücləndirilməsinə, layiqli vətəndaşların yetişdirilməsi işinə səfərbər etmişdir. Məhz bu illərdə respublikada uşaq bağçaları, məktəblər, ali və orta ixtisas müəssisələri üçün yeni binaların tikintisi geniş vüsət almış, təhsil infrastrukturu müasir standartlar çərçivəsində yenidən qurulmuşdur. Həmin dövrdə humanitar və fundamental elm sahələrində də böyük irəliləyişlər əldə edilmiş, elmdə, təhsildə qazanılan uğurların xalq təsərrüfatının ən müxtəlif sahələrində tətbiqi böyük nəticələr vermişdir. Cəmiyyət inkişaf prosesinin elmi-intellektual əsaslar üzərində qurulmuş yeni mərhələsinə qədəm qoymuş, respublikada ixtisaslı kadrlar hazırlayan onlarca ali və orta ixtisas məktəbləri açılmışdır.

Dahi rəhbərin həmin illərdə Azərbaycan elminin, təhsilinin, ümumilikdə milli mədəniyyətimizin inkişafı naminə gördüyü işlər heç də bunlarla məhdudlaşmamışdır. O dövrdə böyük dövlət xadimi respublikamızın görkəmli ziyalılarını sovet imperiyasının sərt təhdidlərindən qorumuş, irslə varislik arasındakı əlaqələri yenidən bərpa etmişdir. Heydər Əliyev xalqımızın ən böyük düha sahiblərinin abidələrini ucaltmış, onların əsərlərini nəinki Azərbaycanda, ümumilikdə bütün dünyada təbliğ etdirməklə xalqın tarixini, mədəniyyətini, ədəbiyyatını yaşatmış, bütövlükdə, milli yaddaşın qorunub gələcək nəsillərə çatdırılmasını təmin etmişdir. Həmin dövrdə milli yaddaşı qoruyub saxlayan və inkişaf etdirən Bakı Dövlət Universitetinə hərtərəfli qayğı da ulu öndərin uzaq hədəflərə hesablanan təhsil strategiyasının başlıca mahiyyətini təşkil etmişdir.

Elmin, təhsilin inkişafı, milli-mənəvi dəyərlərə həssas münasibət müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dövründə də ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas leytmotivini təşkil etmişdir. Dövlət müstəqilliyinin ilk illərində ölkə rəhbərliyinin səriştəsizliyi nəticəsində tənəzzülə uğrayan bu sahələr məhz Heydər Əliyevin xalqın israrlı tələbi ilə hakimiyyətə qayıdışından sonra inkişaf etməyə başlamışdır. 1993-cü ilin iyununda Bakıya qayıdan ümummilli lider Heydər Əliyev ictimaiyyət nümayəndələri ilə ilk görüş yeri kimi Elmlər Akademiyasını seçməklə intellektual potensialın daşıyıcıları olan ziyalıların cəmiyyətdəki roluna böyük önəm verdiyini bir daha təsdiq etmişdir. 1994-cü ildə BDU-nun 75 illik, 1999-cu ildə 80 illik yubileylərinin respublika miqyasında qeyd olunması da ulu öndərin milli inkişaf prosesində nüfuzlu elm və təhsil müəssisələrinin roluna necə böyük qiymət verdiyini bir daha göstərir.

Ümummilli lider Heydər Əliyevin "Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında" 30 mart 1998-ci ildə imzaladığı sərəncam, həmçinin 15 iyun 1999-cu il tarixdə təsdiqlədiyi "Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı" təhsil islahatlarının uğurla həyata keçirilməsi, Azərbaycanda təhsil standartlarının yeni dövrün tələblərinə uyğunlaşdırılması prosesinə böyük təkan vermişdir. Bu sənədlərdə müəyyənləşdirilən vəzifələrə uyğun olaraq milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilmiş, azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanmış, ayrı-ayrı təhsil sahələri və fənlər üzrə yeni standartlar tətbiq edilmişdir.

Ümummilli liderin "Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2003-cü il tarixli fərmanı, habelə "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında" 4 oktyabr 2002-ci il tarixli sərəncamı və digər sənədlər təhsil sisteminin müasirləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Bu illər ərzində ömrünü gənc nəslin maariflənməsinə həsr edən professor-müəllimlərin, elm sahəsində çalışan insanların sosial problemləri də diqqətdən kənarda qalmamış, onların məvacibləri ardıcıl olaraq artırılmış, elmi-pedaqoji kontingent dövlət qayğısı ilə əhatə olunmuş, şərəfli ictimai status sayılan alim-müəllim adının cəmiyyətdəki nüfuzu yenidən bərpa edilmişdir.

Azərbaycan xalqının nicat yerinə çevrilmiş Heydər Əliyevin siyasi kursu bu gün də inamla davam etdirilir. Dövlət başçısı cənab İlham Əliyev milli intibaha və yüksəlişə hesablanmış fəal maarifçilik missiyası həyata keçirir. Ölkə başçısının rəhbərliyi altında son 6 ildə həyata keçirilən ardıcıl tədbirlər təkcə sosial-iqtisadi inkişafa deyil, həm də elmi-intellektual tərəqqiyə, təhsildə dövrün tələbi ilə uzlaşan elm və təhsil islahatlarının həyata keçirilməsinə, insan kapitalının möhkəmləndirilməsinə, elmtutumlu texnologiyaların inkişafına yönəlmişdir. Cənab İlham Əliyev Azərbaycan xalqının gələcəyinin məhz elm və təhsillə bağlı olduğunu çıxışlarında hər zaman bildirməklə yanaşı, fəal milli maarifçilik xətti yeridir. Respublikamız inkişafını, sadəcə, təbii sərvətlərin gətirdiyi dividendlərə bağlamır və mövcud resurslarını sırf insan faktorunun prioritetə çevrilməsi istiqamətinə yönəldir. Ölkə iqtisadiyyatının yüksək inkişaf tempi, ictimai-siyasi sabitliyin davamlı xarakter daşıması, təhsilin və elmin dünya standartları səviyyəsinə qalxması üçün daha çevik islahatlar aparmağa imkan yaradır. Eyni zamanda, cəmiyyət həyatındakı sürətli dəyişikliklər milli təhsil konsepsiyasının daim müasirləşdirilməsini, iri dövlətlərin maarifçilik ənənələrinin mənimsənilməsini, eləcə də mənəvi-intellektual intibaha xidmət edən siyasətin yeni əsaslarla davam etdirilməsini vacib məsələ kimi gündəmə gətirir. Azərbaycan Prezidenti İlham Əliyevin milli təhsil sisteminin inkişafı və problemlərinin həlli istiqamətində ötən 6 ildə həyata keçirdiyi davamlı siyasətin qayəsində də məhz bu ali məqsəd dayanmışdır.

Dünyaya nəzər saldıqda XX əsrin ortalarından başlayaraq aparıcı dövlətlərin ən mühüm prioritetləri içərisində insan kapitalının yaradılmasının xüsusi yer tutduğunu görərik. Bu nəzəriyyə ilk dəfə ötən əsrin 60-70-ci illərində Amerika iqtisadçılarının tədqiqatları nəticəsində yaranmışdır.

İşçi qüvvəsinin formalaşması, insanın yaradıcılıq və faydalılıq imkanlarının artırılması bu nəzəriyyənin əsas istiqamətləri kimi müəyyənləşdirilmişdir. Müasir dövrdə təbii sərvətlər bolluğu dövlətin əsas göstəricisi sayılmır. Dünya Bankının apardığı araşdırmalar müəyyən etmişdir ki, ABŞ-ın milli sərvətinin 76 faizini insan kapitalı, 19 faizini istehsal, 5 faizini isə təbii resurslar təşkil edir. Avropa ölkələrində isə insan kapitalı 74 faiz, istehsal 24 faiz, təbii resurslar isə cəmi 2 faiz təşkil edir. Rusiyada isə insan kapitalı 50 faiz, istehsal 10 faiz, təbii sərvətlər isə 40 faiz səviyyəsindədir.

Ötən illərdə respublikanın təhsil sistemində davamlı inkişafa yönəlmiş əsaslı infrastruktur dəyişikliklərinin baş verməsi, inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsi məhz cənab İlham Əliyevin təhsilə müntəzəm diqqət və qayğısı sayəsində mümkün olmuşdur. Dövlət başçısı son 6 ildə imzaladığı 30-dək mühüm fərman və sərəncamla, dövlət proqramları ilə Azərbaycan elminin və təhsilinin etibarlı hamisi olduğunu təsdiqləmişdir. Ölkənin dövlət büdcəsində təhsilə ayrılan xərclərin ildən-ilə artırılması da hökumətin bu sahənin kefiyyətcə yeniləşməsi üçün ardıcıl və sistemli fəaliyyət göstərdiyini təsdiqləyir. ABŞ-da təhsil sektoruna dövlət büdcəsindən 13,5 faiz, ali təhsilə isə 1,3 faiz vəsait ayrılır. Azərbaycanda isə cari ildə təhsil büdcəsinə 10,1 faiz, ali təhsilə isə 0,8 faiz həcmində vəsait ayrılmışdır.

Dövlət başçısı İlham Əliyev səlahiyyətlərinin hələ icrasına başladığı ilk aylarda Azərbaycan və dünya klassiklərinin əsərlərinin latın qrafikalı Azərbaycan əlifbası ilə nəşrini nəzərdə tutan sərəncam imzalamış, milli irsə böyük qayğı ilə yanaşmışdır. Cənab İlham Əliyevin "Alimlik dərəcələrinə görə vəzifə maaşlarına əlavələrin artırılması haqqında" 16 aprel 2004-cü il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyası sistemində, elmi-tədqiqat və təhsil müəssisələrində, habelə digər sahələrdə çalışan işçilərin elmlər doktoru və elmlər namizədi alimlik dərəcələrinə görə vahid tarif cədvəli üzrə vəzifə maaşlarına müəyyən edilmiş əlavələrin məbləği 2004-cü il iyulun 1-dən 5 dəfə artırılmışdır.

Ölkə Prezidentinin 2008-ci il 1 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən digər elm və elmi tədqiqat müəssisə, idarə və təşkilatlarda çalışan işçilərin əməkhaqları 25 faiz artırılmışdır.

2008-ci il sentyabr ayının 12-də Prezident İlham Əliyev elmin və təhsilin inkişafına xidmət edən daha bir mühüm sənəd imzalamışdır. Dövlət başçısının "Aspirantlara, ali, orta ixtisas və peşə məktəblərinin və peşə liseylərinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncamı yetişməkdə olan gənc nəslin intellektual potensialını yüksəltmək, onların elmə olan marağını daha da gücləndirmək məqsədi daşıyır. Dövlət başçısının digər bir sərəncamı ilə 25 cildlik Milli Ensiklopediyanın hazırlanması prosesinə başlanılmışdır. 2005-ci ilin sentyabr ayından isə tələbə və aspirantların təqaüdü təxminən 10 dəfə artırılmışdır. Dövlət başçısının "Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında" 8 sentyabr 2008-ci il tarixli sərəncamı təhsil ictimaiyyətinə növbəti diqqət və qayğısının əyani təzahürüdür. Təhsil və elm adamları ölkəmizin iqtisadi imkanları artdıqca belə artımların ardıcıl şəkildə davam edəcəyinə böyük ümidlər bəsləyirlər.

Bunlar onu göstərir ki, dövlət cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına daha böyük əhəmiyyət verir. ABŞ, Yaponiya, Cənubi Koreya, Finlandiya və başqa iqtisadi cəhətdən inkişaf etmiş ölkələr maddi ehtiyatlardan daha çox təhsilin yetişdirdiyi insan kapitalından yararlanmış, böyük gəlirlər əldə etməyə başlamış və həmin gəlirlər bu gün də sürətlə artır.

Dünya Bankının ekspertlərinin araşdırmalarına görə, müntəzəm inkişafın təmin olunmasında və bilik iqtisadiyyatına keçiddə universitetlər mühüm rol oynayırlar. YUNESKO-nun ekspertləri isə daha irəli gedərək müəyyən ediblər ki, hər bir ölkədə dövrün tələblərinə cavab verən güclü kadr ehtiyatları yaradılmasında orta təhsildən sonrakı təhsillərin rolu çox böyükdür.

Azərbaycan Prezidentinin 11 fevral 2004-cü il tarixdə imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı" respublikanın müxtəlif bölgələrində məktəb binalarının tikintisi prosesinə ciddi təkan vermişdir. Bu illərdə 1600-dən artıq yeni məktəbin istifadəyə verilməsi də dövlət başçısının bu sahəyə xüsusi qayğısının nəticəsidir. Təhsil ocaqlarının kompüterləşdirilməsi, gənc vətəndaşlarımızın virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar isə Azərbaycanda informasiyalı cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. Təlimdə və elmdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi artıq zərurətə çevrilmişdir. Bu baxımdan, Azərbaycan Prezidentinin imzaladığı "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı (2005-2007-ci illər) proqramı" tarixi bir qərar olmuşdur. Ölkədə təhsilin keyfiyyətinin artırılmasına, milli təhsilin dünya təhsil sisteminə inteqrasiyasına imkan yaradan, Azərbaycan əhalisini informasiyalı cəmiyyətin fəal üzvlərinə çevirən bu proqram uğurlu nəticələr vermişdir. Həmin proqramın 2005-2007-ci illərdə uğurla həyata keçirilməsinin nəticəsidir ki, orta ümumtəhsil məktəblərinin V-XI siniflərində hər 29 şagirdə 1 kompüter düşür. Halbuki 2003-cü ildə 1000 nəfər şagirdə cəmi 1 kompüter düşürdü. 2008-ci il iyunun 10-da təsdiq edilmiş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" Azərbaycan Respublikasında müasir informasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi yolu ilə vahid ümummilli təhsil mühitinin yaradılması və əhalinin bütün təbəqələri üçün keyfiyyətli təhsil almaq imkanlarının təmin edilməsi məqsədinə xidmət edir.

Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlərin görülməsinə nail olmaq məqsədilə dövlət başçısı İlham Əliyev 30 may 2005-ci il tarixdə "Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında" sərəncam imzalamışdır. Komissiya təhsilin strateji inkişaf istiqamətləri ilə bağlı təkliflər verir, fundamental islahatların həyata keçirilməsi mexanizmləri üzərində işləyir.

Azərbaycan Prezidentinin 31 yanvar 2008-ci il tarixli "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı da mühüm əhəmiyyətə malikdir. Sərəncamda qeyd olunduğu kimi, 2001-ci ildən etibarən Azərbaycan Respublikasının Avropa Şurasına üzv olması, habelə respublikanın dünyada analoqu olmayan iqtisadi inkişaf tempi ümumavropa təhsil məkanına inteqrasiya proseslərinin daha da sürətləndirilməsini və bu sahədə həyata keçirilən işlərin intensivləşdirilməsini tələb edir. Sərəncamdan 10 gün sonra, 2008-ci il fevral ayının 11-də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasının dördillik yekunlarına həsr olunmuş konfransda Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Sosial infrastrukturun güclənməsi üçün də 2008-ci ildə kifayət qədər vəsait nəzərdə tutulubdur. Təhsil məsələlərinin həlli üçün təxminən 1 milyard dollar vəsait nəzərdə tutulubdur. Yeni məktəblər, yeni tədris korpusları tikiləcək, kompüterləşdirmə prosesi davam etdiriləcəkdir. Biz elə etməliyik ki, Azərbaycanda yetişən gənc nəsil bilikli, savadlı olsun və ölkəmizin gələcəyini məhz bilik, savad təmin edəcəkdir. İnkişaf etmiş ölkələrin təcrübəsinə baxsaq, görərik ki, onların inkişafı təbii sərvətlər hesabına deyil, bilik, savad, elmi-texniki tərəqqi hesabına mümkün olmuşdur. Biz də bu yolla getməliyik və gedirik. Azərbaycanda bu sahəyə böyük diqqət göstərilir. Təhsilin maddi-texniki bazası möhkəmlənir. Ümid edirəm ki, 2-3 il ərzində demək olar, bütün infrastruktur layihələri başa çatdırılacaqdır. Təhsilin keyfiyyəti və biliyin səviyyəsi qaldırılmalıdır".

Respublikanın dinamik sosial-iqtisadi inkişafının hazırkı mərhələsində dövlət idarəçiliyi sahəsində müasir idarəetmə təfəkkürünə malik ixtisaslı mütəxəssislərin yetişdirilməsi məsələsi mühüm aktuallıq kəsb edir. Mütərəqqi Qərb dəyərlərini dərindən mənimsəyən, qabaqcıl ölkələrin elmi-texniki yeniliklərini əxz edən, müasir idarəçilik məktəbi keçən gənclərin formalaşması məsələsi zaman keçdikcə tarixi zərurətə çevrilir. Ölkə rəhbərliyinin bugünkü dünyanın tələblərinə cavab verən kadr hazırlığına xüsusi diqqətlə yanaşması da respublikada demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan mükəmməl, çevik və mütərəqqi dövlət idarəçilik sistemi formalaşdırmaq niyyətindən irəli gəlir. Azərbaycan Prezidentinin 19 oktyabr 2006-cı il tarixli "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət proqramı haqqında" sərəncamı da bu sahədə reallaşdırılan dövlət siyasətində ardıcıllığın və sistemliliyin təmin olunması məqsədi daşımışdır. Dövlət proqramı məhz azərbaycanlı gənclərin müəyyən elmi istiqamətlər üzrə dövlət hesabına xaricdə təhsil almalarını nəzərdə tutur. Sərəncam əsasında "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" hazırlanaraq Azərbaycan Prezidentinin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuşdur.

Dövlət başçısının 5 sentyabr 2007-ci il tarixli "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın 2007-2008-ci tədris ilində maliyyələşdirilməsi haqqında" sərəncamına əsasən 2007-2008-ci tədris ilində Azərbaycan gənclərinin Amerika Birləşmiş Ştatları, Almaniya, Cənubi Koreya, Fransa, İngiltərə, İspaniya, Rusiya, Türkiyə və digər ölkələrdə təhsil almalarını təmin etmək məqsədilə 2007-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 2,2 milyon manat məbləğində vəsait ayrılmışdır. Məhz bu baxımdan universitetlərin üzərinə böyük məsuliyyət və öhdəliklər düşür. Bunu dərindən dərk edən professor-müəllim heyətləri bu işə ciddi yanaşmalı, məhsuldarlığı və çevikliyi ilə fərqlənən ixtisaslı kadrlar hazırlamalı, yeni texnologiyalar yaratmalıdırlar. Dünyanın ən yaxşı universitetləri sırasında layiqli yerləri tutmaq üçün məqsədyönlü iş aparılmalıdır.

Bakı Dövlət Universiteti də bu istiqamətdə öz səylərini artırır. Bununla əlaqədar dünya təcrübəsi öyrənilir, tanınmış mütəxəssislərlə söhbətlər, müzakirələr aparılır, mühazirələr dinlənilir, təcrübələr öyrənilmək üçün ezamiyyətlər təşkil olunur.

Ötən beş ildə elmi inkişafın təmin edilməsi, bu sahədə həllini gözləyən problemlərin həlli də diqqət mərkəzində olmuşdur. Bu qayğının nəticəsi olaraq Azərbaycan Milli Elmlər Akademiyası hazırda özünün yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. 2005-ci ilin dekabrında akademiyanın 60 illik yubileyi mərasimində çıxış edən dövlət başçısı ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi ənənələrə sadiq qalacağını bir daha bəyan etmişdir: "Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi işində əlavə addımlar atılacaqdır. Biz gərək bu maddi-texniki bazanı möhkəmləndirək. Akademiyanın nəzdində fəaliyyət göstərən institutlara daha böyük həcmdə kömək göstərək. Əlbəttə, akademiya sistemində çalışan insanların maaşları, əməkhaqları qaldırılmalıdır və biz bunu edəcəyik... Mən çox şadam ki, bu bayramda sizinlə birlikdəyəm. Çalışacağam ki, akademiyanın inkişafında bundan sonra da öz əməyimi əsirgəməyim. Mən bir daha demək istəyirəm, bu, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişafı üçün ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır".

Dövlət başçısı İlham Əliyevin 2008-ci il 10 aprel tarixli "Azərbaycan elmində islahatların aparılması ilə bağlı Dövlət Komissiyasının yaradılması haqqında" sərəncamı da məhz bu zərurətdən irəli gəlmişdir. Sərəncama əsasən, 2009-2015-ci illər üzrə elm sahəsində aparılacaq islahatların, habelə elmin inkişaf strategiyasının konkret proqram modelində hazırlanması üçün hökumət və elm adamlarından ibarət dövlət komissiyasının yaradılması da təqdirəlayiq olmuşdur. Bir sıra problematik məsələlərin önə çəkildiyi sərəncamda Azərbaycan Respublikasında elmi qurumların strukturunun müəyyənləşdirilməsi, tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi, bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi, Azərbaycan elminin beynəlxalq elm məkanına inteqrasiyasının təmin olunması məsələləri əksini tapmışdır. Alınan elmi nəticələr yalnız o zaman əhəmiyyətli olur ki, onlar beynəlxalq səviyyədə tanınır və istifadə olunur.

Dövlət başçısı 2008-2009-cu illərdə də elmin inkişafına, bu sahədə problemlərin kompleks həllinə xidmət edən bir sıra sərəncamlar və dövlət proqramları imzalamışdır. Cənab İlham Əliyevin 12 sentyabr 2008-ci il tarixli "Ali təhsil müəssisələrində çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında", 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında", 4 may 2009-cu il tarixli "2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya"nın və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı"nın, 22 may 2009-cu il tarixli "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi, 21 oktyabr 2009-cu il tarixli Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında sərəncamları bu baxımdan xüsusi vurğulanmalıdır.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin respublikamızın müstəqil, milli ənənələrə və ümumbəşəri dəyərlərə, dünya təhsil standartlarına cavab verən təhsil sisteminin formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət bu gün də əzmlə davam etdirilir. Azərbaycanda təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur və bundan səmərəli istifadə dövlət başçısı cənab İlham Əliyevin müəyyənləşdirdiyi başlıca prioritetlərdən biridir. Yüksək təhsil, bilik almaqla yaxşı mütəxəssis kimi yetişməyin vacibliyi fikrinin ictimai şüurda getdikcə möhkəmlənməsi milli təhsil sisteminin gələcəyi ilə bağlı kifayət qədər ürəkaçan mənzərə yaradır.

 

 

İsmayıl ƏLİYEV,

Bakı Dövlət Universitetinin

elmi işlər üzrə

prorektoru, professor

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 5.