Sloveniya ilə informasiya-kommunikasiya exnologiyaları sahəsində əməkdaşlıq məsələləri müəyyənləşdirilmişdir

 

Azərbaycan-Sloveniya Biznes Forumu çərçivəsində noyabrın 9-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə "dəyirmi masa" keçirilmişdir.

Tədbirdə Azərbaycanın müvafiq dövlət qurumlarının nümayəndələri ilə yanaşı, "Sinam", "Aztelekom", "Azerfon" MMC, "Caspel" MMC, "Azel", "Bakcell", "Azercell", "Catel" və s. şirkətlərin nümayəndələri də iştirak etmişlər. Sloveniya isə "Hermes Softlab" "İnfotehna", "İskratel d.o.o.", "Globtel d.o.o.", "Softnet d.o.o.", "Najdi.si" şirkətlərinin nümayəndələri ilə təmsil olunmuşdur.

"Dəyirmi masa"da şirkətlərin təqdimatları keçirilmiş, İKT sahəsində tətbiq edilən qabaqcıl texnologiyalar və yeniliklər barədə fikir mübadiləsi aparılmış, əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunmuşdur.

RİTN-in şöbə müdiri Ayaz Bayramov ölkənin İKT sektorunda aparılmış islahatlar, transmilli layihələr barədə ətraflı məlumat vermişdir.

Tədbirdə Azərbaycanda kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması istiqamətində görülən işlər barədə danışılmış, "Transmilli Avrasiya Super İnformasiya Magistralı" layihəsi üzrə Qərbi Avropanı və Sakit okean hövzəsini birləşdirən yüksəksürətli Avro-Asiya informasiya magistralının yaradılacağı diqqətə çatdırılmışdır.

Görüşdə Azərbaycan və Sloveniya arasında İKT sahəsində əməkdaşlıq haqqında imzalanmış sazişin əhəmiyyəti vurğulanmış, qarşılıqlı fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir.

 

 

 Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.