Azərbaycan xalçalarının gözəlliyinə
Sloveniyanın birinci xanımı heyran qalmışdır
Sloveniya Respublikası Prezidentinin
xanımı Barbara Mikliç Türk noyabrın 9-da "Azərilmə"
Məhdud Məsuliyyətli Cəmiyyətində olmuşdur.
Burada qonağı milli geyimli
qızlar gül-çiçəklə
qarşıladılar.
Xanım Barbara Mikliç Türk
qalereyanın zəngin eksponatlarına baxdı, boyama, toxuma
prosesini izlədi.
"Azərbaycan xalçası
qalereyası"nda nümayiş etdirilən "Azərbaycanın
tarixi xalçaçılıq məktəbləri" ipək
xalı-xəritəsi də yüksək bədii tərtibatı
ilə qonağı məftun etdi.
Qonağa məlumat
verildi ki, 1996-cı ildən fəaliyyətə
başlamış və hazırda 400 nəfərin
çalışdığı "Azərilmə"nin məhsulları
ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya,
Rusiyada keçirilən satış sərgilərində
xüsusi mükafat və sertifikatlara layiq
görülmüşdür. Müəssisədə yun və ipək
saplardan toxunan, incəliyi, ilmələrin yüksək
sıxlığı, çeşnilərin
orijinallığı ilə seçilən xalçalar ən
yüksək tələblərə cavab verir. Burada müxtəlif
çeşnilər hazırlanır və onların eskizləri
əsasında Azərbaycanın bütün klassik
xalçaçılıq məktəblərinə aid
xalçalar toxunur. Sapların boyanmasında Azərbaycanda
istehsal olunan təbii boyalardan istifadə olunur. Azərbaycan
xalçaçılıq məktəbinin ənənələrinin
saxlanılması, xalça toxuma sənətinin sirlərinin
uşaq və yeniyetmələrə öyrətmək məqsədi
ilə "Azərilmə" MMC-nin nəzdində kurslar da təşkil
olunmuşdur.
Toxuma prosesini maraqla izləyən
xanım Barbara Mikliç Türk toxunmaqda olan xalıya bir
neçə ilmə də vurdu, toxucu qızlarla səmimi
söhbət etdi.
Bildirildi ki, "Azərilmə"də
toxunan xalçalar beynəlxalq ictimaiyyət tərəfindən
də layiqli qiymətini almışdır. "Azərilmə"
Avropanın Biznes Assambleyasının "United Europe" və
"XXI əsrin liderləri" beynəlxalq imic
proqramının "European Quality" (Avropa keyfiyyəti) nüfuzlu
mükafatına layiq görülmüşdür. Beynəlxalq
mükafatlar ötən ay Böyük Britaniyada Liderlərin
Oksford Sammiti çərçivəsində
keçirilmiş "Socrates Award" XIV təntənəli
mərasimdə təqdim olunmuşdur.
Azərbaycan
xalçalarının gözləlliyinə valeh olduğunu
bildirən xanım Barbara Mikliç Türk burada
gördüklərindən xoş təəssürat
aldığını söylədi.
Qonağa gözəl
kompozisiyalı xalça, Şəki kəlağayısı
və "Azərbaycan xalçaları" kitabı hədiyyə
olundu.
AzərTAc
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.