Azərbaycanla İran arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkan var

 

İran İslam Respublikası İslam Şurası Məclisinin Sosial məsələlər komissiyasının sədri Süleyman Cəfərzadənin başçılıq etdiyi parlament nümayəndə heyəti noyabrın 9-da Milli Məclisdə Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər. Qonaqları salamlayan işçi qrupun üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov dedi ki, Azərbaycanla İran arasındakı dostluq münasibətləri ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yeni müstəvidə inkişaf etməyə başlamışdır. Dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər iki ölkə arasında münasibətlərin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaradıb. Parlamentlərimiz bundan maksimum istifadə etməli və müxtəlif sahələrdəki əməkdaşlığı daha da genişləndirməlidirlər.

Görüşə görə təşəkkürünü bildirən Süleyman Cəfərzadə dedi ki, Azərbaycanla İran xalqları arasında dini, mədəni və mənəvi bağlantılar var və biz parlamentarilər bu bağlılığı daha da möhkəmləndirməliyik. Azərbaycanın inkişafından məmnun qaldıqlarını bildirən qonaq ölkələrimiz arasında siyasi əlaqələrin səviyyəsindən razılığını ifadə etməklə yanaşı, iqtisadi sahədə də əməkdaşlığın daha da inkişafı üçün böyük potensialın olduğunu dedi.

İran parlament nümayəndə heyətinin rəhbəri onu da bildirdi ki, onun ölkəsi Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə edib və bundan sonra da müdafiə edəcəkdir.

Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlığın genişləndiriməsinin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulandı, bunun əlaqələrimizin inkişafında mühüm rol oynadığı qeyd edildi.

 

 

Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.