İran Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir
Noyabrın 9-da Milli Məclis Sədrinin
birinci müavini, parlamentin Təhlükəsizlik və
müdafiə komitəsinin sədri Ziyafət Əsgərov
ölkəmizdə səfərdə olan İran İslam
Respublikası İslam Şurası Məclisinin Sosial məsələlər
komissiyasının sədri Süleyman Cəfərzadənin
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşdü. Qonaqları səmimi salamlayan Ziyafət
Əsgərov dedi ki, Azərbaycan dövlətinin xarici siyasətinin
əsas prioritetlərindən biri qonşu İranla münasibətlərin
daha da inkişaf etdirilməsidir. Dövlətlərimizin
başçılarının qarşılıqlı səfərləri
zamanı imzalanmış çoxsaylı sənədlər
iki ölkə arasında münasibətlərin hərtərəfli
inkişafı üçün möhkəm hüquqi baza
yaradıb. Ümumilikdə, Azərbaycanla İran arasında
100-ə yaxın sənəd imzalanıb. İqtisadi
münasibətlər genişlənir, ticarət dövriyyəsi
428 milyon ABŞ dolları həcmindədir. Amma ticarət
dövriyyəsini daha da artırmaq üçün
böyük potensial var. Ziyafət Əsgərovun sözlərinə
görə, bu cür görüşlər əməkdaşlığımızın
genişlənməsinə böyük töhfələr
verir.
Dağlıq Qarabağ
münaqişəsi barədə danışan Ziyafət Əsgərov
Azərbaycanın haqq səsini dəstəklədiyi
üçün İran xalqına minnətdarlığını
bildirdi, bu dəstəyin bundan sonra da davam etdiriləcəyinə
ümidvar olduğunu qeyd etdi.
Görüş üçün
təşəkkürünü bildirən Süleyman Cəfərzadə
dedi ki, bugünədək qarşılıqlı səfərlər
dostluq qrupları, ayrı-ayrı deputatlar və rəhbərlik
səviyyəsində həyata keçirilib. Komissiyalar səviyyəsində
həyata keçirilən bu ilk səfər təkcə
parlamentlərimiz arasında deyil, bütün sahələrdə
əlaqələrimizin inkişafına təkan verəcəkdir.
Qonaq daha sonra dedi: "İran özü müharibədən
və təcavüzdən əziyyət çəkmişdir.
Ona görə də Azərbaycan xalqının dərdini
başa düşür və bütün beynəlxalq təşkilatlarda,
tədbirlərdə Azərbaycan dövlətinin ərazi
bütövlüyünü müdafiə edir. İran bu dəstəyini
bundan sonra da davam etdirəcəkdir".
Görüşdə ikitərəfli
əlaqələrin inkişaf perspektivləri, qanunvericilik sahəsində
təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin
əhəmiyyəti və digər məsələlər ətrafında
geniş fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2009.- 10 noyabr.- S. 4.