Moskvada Azərbaycanın Konstitusiya gününə həsr olunmuş xüsusi elmi toplu çapdan çıxmışdır

 

12 noyabr Konstitusiya Günü və BMT-nin "İnsan Hüquqları üzrə Ümumi Bəyannamə"nin qəbulunun 51-ci ildönümü münasibətilə Azərbaycan Beynəlxalq Universitetinin Moskva filialının "Xəbərlər" elmi toplusunun xüsusi buraxılışı nəfis tərtibatla çapdan çıxmışdır.

Jurnalın baş redaktoru ABU-nun rektoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Ekspert Şurasının sədri, hüquq elmləri doktoru, professor Elşad Abdullayev, redaktor müavini universitetin Moskva filialının rektoru, professor V.T.Tatarenkodur.

"Xəbərlər" elmi toplusunun xüsusi buraxılışı ABU-nun Elmi Şurasının 28 oktyabr 2009-cu il tarixli qərarı əsasında hazırlanmışdır. Buraxılışda hüquq elminin müxtəlif sahələrinə dair elmi məqalələr verilmiş, bu sahədəki son yeniliklər əksini tapmışdır. Jurnalda həmçinin BMT-nin "İnsan Hüquqları üzrə Ümumi Bəyannamə"si, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" dərc olunmuşdur.

Azərbaycanın və Rusiyanın bir çox nüfuzlu alimlərinin "Azərbaycan Konstitusiyası respublikanın demokratik və sivil yolla inkişafının başlıca təminatçısıdır", "Konstitusiya və bələdiyyə hüququ", "Sivilizasiyanın hüquqi aspektləri: terror anlayışına yanaşma", "Məzuniyyət əmək hüququnun təminatlarından biri kimi", "Ailə qanunvericiliyində problemlər və onların həlli", "Hüququn sosiologiyasının ideya mənbələri" və digər elmi məqalələr aktuallığı, elmi siqləti və sanbalı ilə diqqəti cəlb edir.

"Xəbərlər"in elmi toplusunun xüsusi buraxılışı hüquq elminin tədqiqatçıları, ümumiyyətlə, bu sahə ilə yaxından maraqlananlar üçün ensiklopedik səciyyə daşıyan dəyərli vəsaitdir.

 

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 9.