Azərbaycan Respublikası Konstitusiyası insan hüquqlarının müdafiəsi üzrə əsas baza sənədidir

 

Noyabrın 11-də Ombudsman Aparatında 12 noyabr Konstitusiya Günü münasibətilə "Azərbaycan Respublikası Konstitusiyası insan hüquqlarının müdafiəsi üzrə əsas baza sənədidir" mövzusunda "dəyirmi masa" keçirilmişdir.

Giriş sözü ilə çıxış edən insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Konstitusiya hüquq və azadlıqlarının müdafiəsində Ombudsmanın rolundan danışmışdır. Bildirilmişdir ki, Ombudsman təsisatının fəaliyyətinin əsas məqsəd və məramı bütünlükdə insan hüquqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin, demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılmasına yönəldilmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova "Konstitusiya Məhkəməsi və insan hüquqları" mövzusunda məruzə etmişdir. Məruzədə qeyd edilmişdir ki, ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk olaraq beynəlxalq hüququn və insan hüquqlarının prinsiplərinə uyğun olaraq Konstitusiya layihəsinin hazırlanmasını qarşıya məqsəd qoymuşdur. Qısa müddətdə layihə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ölkədə demokratik, hüquqi islahatların həyata keçirilməsinə başlanılmış və bu ali sənəddə təsbit olunmuş insan və vətəndaş hüquqlarının daha səmərəli təmin edilməsi məqsədilə bu sahədə mühüm əhəmiyyət kəsb edən normativ-hüquqi aktlar qəbul olunmuş, dövlət proqramları təsdiq edilmiş və demokratik təsisatlara təkan verilmişdir.

"Dəyirmi masa"da AMEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva "Konstitusiya hüquq islahatları və insan hüquqları" mövzusunda məruzə etmişdir.

Dövlət qurumları və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirak etdikləri "dəyirmi masa"da mövzu ilə bağlı müzakirələr aparılmışdır.

Tədbirdə "Qanunun aliliyi və insan hüquqlarının müdafiəsi mexanizmləri" kitabının təqdimatı olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 12 noyabr.- S. 9.