Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa rəsmi səfəri

 

 Xəbər verildiyi kimi, noyabrın 12-də Belarusda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Dövlət Universitetində olmuşdur. Salona toplaşanlar - universitetin professor-müəllim heyəti və tələbələri Azərbaycan Prezidentini sürəkli alqışlarla qarşıladılar.

Elmi Şuranın iclasını açan Belarus Dövlət Universitetinin rektoru Sergey ABLAMEYKO dedi:

- İcazə verin, Belarus Dövlət Universitetinin müəllimləri, əməkdaşları və tələbələri adından Azərbaycan Respublikasının Prezidenti, siyasi elmlər doktoru, professor İlham Heydər oğlu Əliyevi universitetimizdə salamlayım. Bu gün mənə Azərbaycan Respublikasının Prezidentinə, qonaqlarımıza belə bir məlumat çatdırmaq şərəfi qismət olmuşdur ki, Belarus Dövlət Universitetinin Elmi Şurasının bu ilin 30 oktyabr tarixli qərarı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə Belarus Dövlət Universitetinin fəxri professoru adı verilmişdir.

İcazə verin, İlham Heydər oğlu Əliyevin qısa tərcümeyi-halını oxuyum.

Rektor dövlətimizin başçısının tərcümeyi-halını oxudu.

Sonra Belarus ilə Azərbaycan arasında münasibətlərin inkişafına, tarix və siyasi elmlərə töhfəsinə görə Prezident İlham Əliyevə Belarus Dövlət Universitetinin fəxri professoru adı verilməsi münasibətilə mərasim keçirildi.

Universitetin rektoru Sergey Ablameyko Azərbaycan Prezidenti İlham Əliyevə Belarus Dövlət Universitetinin fəxri professoru diplomunu, mantiyasını və digər nişanlarını təqdim etdi.

Milli geyimli qızlar Azərbaycan dövlətinin başçısına gül dəstələri təqdim etdilər.

 

* * *

 

Prezident İlham ƏLİYEV universitetin professor-müəllim heyəti və tələbələri qarşısında mühazirə ilə çıxış edərək dedi:

- Əziz dostlar!

İlk növbədə, fəaliyyətimə verilən belə yüksək qiymətə, mənə BDU-nun fəxri professoru adı verilməsinə görə Belarus Dövlət Universitetinin rəhbərliyinə təşəkkürümü bildirmək istəyirəm. Bu, mənim üçün böyük şərəfdir. Buna görə ölkələrimiz arasında ikitərəfli əlaqələri möhkəmləndirmək üçün gələcəkdə də fəal işləməyi özümə borc bilirəm.

Son bir neçə ildə Belarus ilə Azərbaycan arasında münasibətlər çox sürətlə inkişaf etmiş, qarşılıqlı iqtisadi fəaliyyətdə böyük uğurlar qazanılmış, ölkələrimizi bir-birinə daha da yaxınlaşdıran çoxlu müştərək layihələr həyata keçirilmişdir. Mən üç il bundan əvvəl sizin ölkənizə özümün ilk rəsmi səfərimi böyük səmimiyyətlə xatırlayıram. Həmin səfər vaxtı, habelə 2007-ci ildə Belarus Prezidenti Aleksandr Qriqoryeviç Lukaşenkonun Azərbaycana səfəri dövründə əldə etdiyimiz razılaşmalar uğurla həyata keçirilir. Biz nəzərdə tutduqlarımızın hamısını yerinə yetirmişik. Bu gün, sizin ölkəyə mənim ikinci rəsmi səfərimin gedişində biz, bir tərəfdən, görülmüş işləri təhlil etdik, ən başlıcası isə münasibətlərimizin gələcək inkişaf yollarını müəyyənləşdirdik.

Üç ildə Azərbaycan Prezidentinin Belarusa ikinci dəfə rəsmi səfər etməsi faktının özü bizim münasibətlərin səviyyəsinə, xarakterinə, onların dinamizminə və intensivliyinə dəlalət edir. Təbii ki, bunlar ölkələrimiz arasında bütün sahələrdə fəal qarşılıqlı əlaqələr fonunda baş verir. Çox fəal siyasi dialoq aparılır. Həm rəsmi səfərlər, həm də müxtəlif beynəlxalq forumlar çərçivəsində yüksək səviyyədə müntəzəm görüşlər keçirilir. Hökumətlərarası komissiya ölkələrimiz arasında fəal iş aparır. Bu komissiya çərçivəsində iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə dair çox mühüm məsələlər həll edilir. Humanitar sahədə əməkdaşlıq çox intensiv inkişaf edir. Bu gün biz həm Belarusda, həm də Azərbaycanda təhsil məsələlərinə çox böyük diqqət yetirildiyini nəzərə alaraq həmin sahədə münasibətlərin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə etmişik.

Beləliklə, biz ikitərəfli münasibətlərimizdə çox geniş spektrli məsələləri əhatə edirik və ən başlıcası, bütün qərarları operativ həyata keçiririk. Bu əməkdaşlığın əyani nümunələrindən biri kimi, Gəncədə traktor zavodu - Belarus ilə Azərbaycan arasında müştərək istehsalat yaradılmasını tez-tez misal çəkirik. Bu layihə barədə qərar qəbul edilməsi ilə onun həyata keçirilməsi cəmi bir neçə ay çəkmişdir. Artıq iki ildən çoxdur ki, zavod uğurla fəaliyyət göstərir, gözəl məhsul istehsal edir, Azərbaycan fermerlərini zəruri kənd təsərrüfatı texnikası ilə təmin edir. Biz artıq başqa ölkələrin bazarlarına birlikdə çıxmaq barədə də fikirləşirik.

Bu, xüsusi, lakin çox əyani misaldır. Bu misal, əvvələn, ölkələrimiz arasında iqtisadi münasibətlərin nə qədər əhəmiyyətli olmasını və ikincisi, hər iki ölkədə qərarın qəbul edilməsi ilə onun icrası arasında dəqiq əlaqə olmasını göstərir. Çox vaxt belə də olur ki, yaxşı qərarlar qəbul edilir, lakin onların icrası ya illər boyu yubadılır, ya da ümumiyyətlə, yerinə yetirilməmiş qalır. Bizə gəldikdə isə, nəzərdə tutduqlarımızın hamısını həyata keçirmişik.

Bu gün biz artıq mövcud olan bazada, habelə fəaliyyətimizin digər sahələrində, iqtisadiyyat sahəsində yeni layihələrdən danışırıq. Kənd təsərrüfatı, turizm, sənaye istehsalı, nəqliyyat, energetika ilə bağlı məsələlər bu gün ətraflı müzakirə olunmuş, nümayəndə heyətlərimizin üzvlərinə müvafiq tapşırıqlar verilmişdir. Ümidvaram ki, Belarus Prezidentinin Azərbaycana növbəti səfərinədək əldə edilmiş razılaşmalar çərçivəsində yeni nəticələrimiz olacaqdır. Başqa sözlə, münasibətlərimizin necə inkişaf etməsindən çox razıyam. Onlar çox nümunəvidir. Onlar, həmçinin regional münasibətlərin inkişafına da kömək edir. Biz bir-birimizə çox yaxın yerləşməsək də, Belarusun öz regionunda və Azərbaycanın Cənubi Qafqaz və Xəzər regionunda fəal rolu həm siyasi sabitliyin, həm də iqtisadi sahədə qarşılıqlı fəaliyyətin mühüm amilidir.

Beləliklə, bu gün ölkələrimiz arasında ikitərəfli münasibətlərdən danışarkən biz uğurlar görürük, nəticələr görürük, habelə perspektivləri dəqiq görürük. Bununla əlaqədar, ümidvar olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında humanitar sahədə əlaqələr müvəffəqiyyətlə inkişaf edəcəkdir. Mən artıq qeyd etdim ki, bu gün biz həmin mövzunu müzakirə etdik, habelə tələbələrimizin hər iki ölkənin ali məktəblərində təhsil alması imkanlarını da müzakirə etdik.

Azərbaycanda tələbələrimizin dünyanın aparıcı ali məktəblərində təhsil almasına dair Dövlət Proqramı həyata keçirilir. Bu məqsədlər üçün Dövlət Fondundan vəsait ayrılır və beləliklə, ölkəmizin bir neçə min gənc vətəndaşı keyfiyyətli təhsil almaq imkanı qazanır. Bu, peşəkar kadrlar hazırlığı istiqamətində mühüm addımlardan biridir, lakin təbii ki, biz ölkəmizdə təhsilin səviyyəsinin ehtiyaclarımıza, Azərbaycanın inkişaf edən iqtisadiyyatının ehtiyaclarına, həmçinin dünya standartlarına uyğun olmasına çalışmalıyıq. Bu baxımdan, əlbəttə, ölkələrimiz arasında bu sahədə ikitərəfli münasibətlərin mühüm əhəmiyyəti vardır. Müəllimlik fəaliyyəti ilə bağlı olduğum üçün, - ömrümün çox hissəsi ali məktəblə bağlı olmuşdur, - mən ali məktəbin problemlərini, habelə hər bir ölkənin inkişafı üçün təhsilin əhəmiyyətini yaxşı bilirəm. Bu gün keyfiyyətli təhsil olmadan heç bir ölkənin uğurlu inkişafı mümkün deyildir. Çünki yaxşı biliklər, vərdişlər, peşəkarlıq olmadan, bu gün həyatda öz yerini tapmaq çətindir. Buna görə də dövlət yaxşı şərait yaratmağa, gənclər isə, əlbəttə, təhsilə məsuliyyətlə yanaşmağa çalışmalıdırlar. Çünki bu, təkcə diplom və ali təhsilli insanın hər hansı statusu deyildir, bu, zərurətdir, həyatda böyük uğurlar qazanmağın əsas şərtidir.

Biz Azərbaycanda bu məsələyə çox böyük diqqət yetiririk. Azərbaycanda təhsil üçün xərclər ilk yerlərdən birini tutur. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün də tədbirlər görülür, onun maddi-texniki bazası təkmilləşdirilir. Son beş ildə Azərbaycanda ən müasir standartlara uyğun 1800 yeni məktəb tikilmiş, onlar kompüterləşdirilmiş, İnternet şəbəkəsinə qoşulması üçün fəal iş aparılır. Artıq virtual təhsilin yeni formaları tətbiq edilməyə başlanmışdır. Başqa sözlə desək, fikrimcə, ölkələrimiz arasında bu istiqamətdə müzakirələr aparmağa, təcrübə mübadiləsinə və gələcək qarşılıqlı fəaliyyətimizin yollarının müəyyən edilməsinə ehtiyac vardır.

Əlbəttə, bu barədə danışarkən ölkələrimizi bir-birinə bağlayan bütün başqa əməkdaşlıq sahələrini də yaddan çıxarmaq olmaz. Əməkdaşlıq olduqca çoxşaxəlidir və qeyd etməliyəm ki, biz nisbətən qısa müddətdə çox şeyə nail ola bilmişik. 2006-cı ilə qədər bizim Belarusda, Belarusun isə Azərbaycanda səfirliyi yox idi. 2006-cı il bizim münasibətlərin inkişafında bir növ dönüş ili oldu və biz qısa müddətdə dinamik inkişafın şahidi olduq. Bu gün Belarus Prezidenti ilə görüşdə də qeyd etdik ki, iqtisadi böhrana baxmayaraq, ölkələrimiz arasında əmtəə dövriyyəsi artır. Bu, çox nadir hallardan biridir: 2009-cu ildə ikitərəfli ticarətdə əmtəə dövriyyəsi azalmır, əksinə, artır. Bu, yaxşı potensial olduğunu göstərir.

Ümumiyyətlə, ölkəmiz haqqında danışarkən qeyd etməliyəm ki, son illərdə Azərbaycan böyük yol keçmişdir - modernləşmə yolu, inkişaf yolu, bu gün ölkəmizin gələcəyə inamla baxmasına imkan vermiş yol. Biz özümüzü təmin etmək iqtidarında olan ölkəyik. Son illərdə iqtisadi inkişaf bir sıra sosial problemləri həll etməyə imkan vermişdir. Qeyd etməliyəm ki, 2004-2008-ci illərdə Azərbaycanda iqtisadi artım göstəricisi dünyada bəlkə də ən yüksək göstərici olmuşdur. Ölkəmizin iqtisadiyyatı 2,6 dəfə, sənaye istehsalı 2,5 dəfə artmışdır. İşsizliyə demək olar ki, son qoyulmuşdur. Özəl sektor çox güclü inkişaf etmişdir və bu gün bizim iqtisadiyyatda özəl sektorun payı təxminən 85 faizə bərabərdir. Sosial infrastruktur, təhsil, səhiyyə üçün olduqca çox vəsait və sərmayə ayrılmışdır. Azərbaycan Ordusunun müdafiə qabiliyyətini möhkəmlətmək üçün olduqca çox iş görülmüşdür. Başqa sözlə desək, güclü iqtisadi artım iqtisadiyyatı şaxələndirməyə və çox səmərəli sosial siyasət həyata keçirməyə, habelə Azərbaycanın iqtisadi təhlükəsizliyini və iqtisadi müstəqilliyini tamamilə təmin etməyə imkan vermişdir.

Təbii ki, iqtisadi müstəqillik dövlətin milli mənafelərə əsaslanan müstəqil kurs, siyasət yeritməsinə imkan yaradan təməldir. Əlbəttə, iqtisadi nailiyyətlər regional əhəmiyyətli məsələləri həll etməyə imkan verir. Azərbaycan bir çox regional iqtisadi layihələrdə sərmayədar kimi iştirak edir. Artıq ölkəmizdən kənarda sərmayələr yatırırıq və bu gün müxtəlif sahələrə - nəqliyyat, energetika sahələrinə birgə sərmayələrin yatırılması imkanlarını müzakirə etmişik. Beləliklə, son illər görülən böyük işlər hətta böhran şəraitində 2009-cu il üçün nəzərdə tutulmuş bütün planları həyata keçirməyə imkan verir.

Əlbəttə, böhran hamıya təsir etmişdir. Buna baxmayaraq deməliyəm ki, Azərbaycanda bu il iqtisadiyyatın artımı təmin edilmişdir. 2009-cu ilin ilk on ayının yekunlarına görə, ümumi daxili məhsul 8,4 faiz, sənaye istehsalı 7,3 faiz artmışdır. Əlbəttə, əvvəlki illərin artım sürəti ilə müqayisədə bu, xeyli azdır. Lakin böhran şəraitində yaşamağımızı nəzərə alsaq, zənnimcə, bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Biz iqtisadi islahatları, iqtisadiyyatımızın liberallaşmasına kömək edən islahatları fəal həyata keçiririk. Sahibkarlığa kreditlərin müxtəlif növləri ilə, biznesin yaradılması prosedurlarının, müxtəlif icazələrin alınması prosedurlarının sadələşdirilməsi ilə yardım edilir. Azərbaycan iqtisadiyyatı artıq rəqabət qabiliyyətlidir və bu reytinqə görə, biz region ölkələri arasında ön mövqelərdəyik. Əlbəttə, ölkəmizin inkişafında neft-qaz amili mühüm rol oynamışdır. Azərbaycan XIX əsrdə neftin dünyada ilk dəfə sənaye üsulu ilə, habelə dünyada ilk dəfə dəniz yataqlarında hasil edildiyi ölkədir. Bir neçə gün bundan əvvəl biz əlamətdar yubileyi - dənizdə, məşhur Neft daşlarında neft hasilatına başlanmasının 60 illiyini qeyd etdik. Bu, dünyada dəniz yataqlarından çıxarılmış ilk neft idi. Ölkəmizin müstəqilliyinin ilk illərində vəziyyət çox çətin olsa da, iqtisadi, siyasi və hərbi sahələrdə total böhran müşahidə edilsə də, - vətəndaş müharibəsi gedirdi, ərazilərimiz Ermənistan tərəfindən işğal olunurdu, - 1990-cı illərin ortalarından başlayaraq həyata keçirilən fəal neft diplomatiyası və siyasəti, demək olar ki, bütün məsələləri, özümüzün enerji təhlükəsizliyimizin, habelə qonşularımızın və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərini həll etməyə imkan verdi.

Bu gün bizim ən müasir nəqliyyat infrastrukturumuz, ən müasir neft və qaz kəmərləri şəbəkəmiz, ən müasir neft platformalarımız, neft terminallarımız vardır. "Azəri-Çıraq-Günəşli" yatağı ölkəmizin, habelə regionun ehtiyaclarını tam təmin edən dünyada ən böyük yataqdır. Bu il Azərbaycanda neft hasilatının həcmi təxminən 50 milyon ton, qaz hasilatının həcmi 25 milyard kubmetr olacaqdır. Bu isə əhəmiyyətli iqtisadi resursdur.

Təbii ki, biz nəql marşrutlarının şaxələndirilməsinin tərəfdarıyıq və praktiki olaraq bu məsələni təmin etmişik. Bu gün neft və qaz ehtiyatlarımızı bütün istiqamətlərə nəql edən yeddi neft və qaz kəmərimiz vardır. Başqa sözlə desək, biz hər hansı bir bazardan, yaxud hər hansı bir tranzit ölkədən asılı deyilik. Təbii ki, bizim tranzitə ehtiyacımız vardır. Çünki dünya bazarlarına birbaşa çıxışımız yoxdur. Lakin 1990-cı və 2000-ci illərdə görülmüş işləri nəzərə alsaq, biz enerji nəqlinin tamamilə şaxələndirilməsini təmin etmişik. Bu da iqtisadiyyatı tamamilə şaxələndirməyimizə imkan vermişdir. Beləliklə, hətta son dövrdə neftin qiymətinin çox kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, bu il də Azərbaycan iqtisadiyyatının artımı kifayət qədər sanballı olmuşdur.

Başqa sözlə desək, iqtisadi islahatlar, fəal sosial siyasət, dövlətçiliyin möhkəmləndirilməsi, fəal diplomatiya bizə həm sosial-iqtisadi inkişaf baxımından, həm də xarici siyasətin prioritetləri baxımından nəzərdə tutduğumuz bütün məqsədlərə nail olmağa imkan vermişdir. Təbii ki, əgər ölkədə bütün məsələlərə dair vətəndaş konsensusu, sabitlik olmasaydı, hadisələrin gedişini qabaqcadan duymaq imkanı və bununla yanaşı, hər bir insanın istənilən sahədə öz bacarığını gerçəkləşdirməsi üçün imkan olmasaydı, bütün bunlar mümkün olmazdı.

Bizim qarşılaşdığımız problemlərə gəldikdə isə, iqtisadi və sosial problemlər dediyim kimi, uğurla həll edilir. Yaxın bir neçə ildə - 2013-cü ilə qədər biz ölkəmizdə mövcud iqtisadi və sosial problemlərin demək olar ki, hamısını həll etmək niyyətindəyik. Tammiqyaslı regional inkişaf üçün əsas maneə, əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsidir. Bizi bu münaqişəyə zorla cəlb ediblər. Bu münaqişəni bizə hələ Sovet İttifaqının dağılması ərəfəsində zorla qəbul etdiriblər. O vaxt Dağlıq Qarabağda separatçı meyillər təəssüf ki, üstün gəlmiş və Ermənistan tərəfindən fəal hərbi yardım göstərilməklə Azərbaycana qarşı müharibə başlanmış, azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, nəticədə bizim bir milyondan çox həmvətənimiz qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ərazimizin təqribən 20 faizi işğal altındadır. İşğal edilmiş ərazilərdə hər şey - evlər, məktəblər, xəstəxanalar, bizim qəbiristanlar, məscidlər dağıdılmışdır. Bütün tarixi abidələrimiz ya dağıdılmış, ya da oğurlanıb talan edilmişdir və bu, artıq 20 ilə yaxındır ki, davam edir. BMT-nin Təhlükəsizlik Şurası - bu ali beynəlxalq instansiya erməni işğalçı qüvvələrinin bizim ərazilərdən dərhal və danışıqsız çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, - həmin qətnamələr 1990-cı illərin əvvəlində qəbul edilmişdir, - onlar yerinə yetirilmir. Beləliklə, beynəlxalq hüququn əsas prinsipi pozulur. Ölkəmizin ərazi bütövlüyü pozulmuşdur və bu məsələni dinc yolla həll etmək üçün göstərilən bütün cəhdlər təəssüf ki, nəticəsiz qalır. Bu məsələ ilə beynəlxalq vasitəçilər qrupu məşğul olur. Onların bütün fəallığına baxmayaraq, biz nəticə görmürük. Bizim insanlar isə öz yurdlarından məhrum olmuşlar. Onlar ən adi insan hüquqlarının pozulması şəraitində, işğalın, torpaqlarımızın qanunsuz işğalının davam etməsi şəraitində yaşayırlar.

Biz ədalətin, qanunçuluğun bərpa edilməsinə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə nail olmaq və dövlətimizin ərazi bütövlüyünü təmin etmək üçün diplomatik, siyasi, iqtisadi və digər tədbirlərimizi davam etdiririk. Erməni tərəfinin tez-tez istinad etdiyi xalqların öz müqəddəratını təyin etmək hüququ məsələsinə gəldikdə isə, bu hüquq vahid Azərbaycan dövləti çərçivəsində, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi çərçivəsində uğurla həyata keçirilə bilər. Başqa sözlə desək, erməni xalqı öz müqəddəratını təyin etmişdir, müstəqil erməni dövləti vardır. Lakin əgər onlar erməni diasporunun yaşadığı yerlərin hamısında öz müqəddəratını təyin etmək istəsələr, onda yəqin ki, dünyada ən azı 20 erməni dövləti olar.

Beləliklə, ən böyük ədalətsizlik olan, yüz minlərlə həmvətənimizi əziyyətə salan bu məsələnin həll edilməsi Cənubi Qafqaz regionunda və daha geniş mənada bizim regionda bir çox məsələləri tənzimləməyə imkan verər. Bu məsələ tənzimlənmədən regional və ya ikitərəfli xarakterli hər hansı başqa təşəbbüslərin gerçəkləşməsi mümkün deyildir.

Mən bu mövzu üzərində ona görə bir qədər ətraflı dayandım ki, bir tərəfdən, bu məsələlər barəsində öz mövqeyimi və öz baxışımı ifadə edim, habelə bütün Qafqazda, bütün Qafqaz regionunda vəziyyətin sabitləşməsi üçün həmin məsələnin nə dərəcədə vacib olduğunu vurğulayım.

Gələcək planlarımızla əlaqədar deməliyəm ki, biz gələcəyə nikbin baxırıq. Dağlıq Qarabağ məsələsinin həll ediləcəyinə mənim zərrə qədər şübhəm yoxdur. Sadəcə olaraq, bu, vaxt məsələsidir. Biz bu məsələni sülh yolu ilə həll etmək istəyirik. Biz sülhsevər dövlətik və bunun üçün mümkün olan hər şeyi edirik. Təbii ki, bununla bərabər, biz başa düşürük ki, dövlət nə qədər güclü olsa, onunla bir o qədər çox hesablaşacaqlar, ona bir o qədər çox hörmət edəcəklər və bu dövlətin öz milli mənafelərini təmin etmək üçün bir o qədər çox imkanı olacaqdır. Buna görə də biz güclü dövlət yaratmaq üçün işləmişik, zəhmət çəkmişik. Bu məsələdə bizə heç kəs kömək etməmişdir. Yəqin ki, biz kənardan ciddi dəstəyə malik olmayan, - mən maliyyə dəstəyini nəzərdə tuturam, - azsaylı ölkələrdən biriyik. Biz nəyə nail olmuşuqsa, Azərbaycan xalqının əməyi ilə nail olmuşuq.

1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edəndə biz Sovet İttifaqı məkanında ən pis vəziyyətdə idik. İqtisadiyyat tamamilə dağılmışdı. Neft hasilatının həcmi təxminən 10 milyon ton həddində idi. Sənaye praktik olaraq iflic vəziyyətinə düşmüşdü. Ölkədə vətəndaş müharibəsi gedirdi. İşğalçı erməni qüvvələri fürsətdən istifadə edərək Azərbaycanın əzəli torpaqlarını ələ keçirirdi. Siyasi hərc-mərclik, Konstitusiyaya zidd olan qanunsuz silahlı dəstələrin özbaşınalığı hökm sürürdü. Mahiyyətcə vəziyyət idarəolunmaz idi.

Bu gün bizim dinamik inkişaf edən, özü-özünü təmin etməyə qadir olan, səmərəli iqtisadi islahatlar həyata keçirən, regionda, habelə dünya miqyasında yaxşı mövqelərə malik olan, çoxlu dostları olan, - Belarus da bu dostlar sırasındadır, - gələcəyə nikbinliklə baxan dövlətimiz vardır. Biz bir ölkədə yaşamışıq. Biz hamımız demək olar ki, eyni vaxtda müstəqil olmuşuq və hər şey bizdən, rəhbərlərin müdrikliyindən, xalqların iradəsindən və seçilmiş kursun düzgünlüyündən asılı idi. Bu gün biz Belarus və Azərbaycan timsalında görürük ki, hər şey düzgün edilmişdir, hər şey necə lazımdırsa elə edilmişdir. Hərçənd bəzən bunlar kimlərinsə xoşuna gəlməyə bilərdi. Bəzən biz müstəqil ölkələr kimi hələ lap gənc olarkən müəyyən tövsiyələr, müəyyən məsləhətlər eşidirdik. Lakin həmişə onlara öz ölkələrimizin milli mənafeləri baxımından, məqsədəuyğunluq baxımından yanaşırdıq. Biz heç vaxt hər hansı sərəncamlara və ya direktivlərə kor-koranə riayət etməmişik. Xalqlarımızın tarixində belə halların sayı təəssüf ki, hədsiz çox olmuşdur. Biz özü-özünü təmin etmək iqtidarında olan müasir dövlətlər yaradılması üzərində işləmişik və mənim fikrimcə, Belarus ilə Azərbaycan arasında bu cür yüksək səviyyəli etimad və qarşılıqlı rəğbətin olmasının bir səbəbi də ondan ibarətdir ki, biz müstəqilliyimizi çox yüksək qiymətləndiririk və bu müstəqilliyi möhkəmlətmək üçün, o cümlədən ikitərəfli əlaqələri inkişaf etdirməklə hər şeyi edirik.

Fürsətdən istifadə edib Belarus xalqına, ölkənizin bütün vətəndaşlarına firavanlıq, tərəqqi, Belarus Dövlət Universitetinə yeni uğurlar arzulamaq istəyirəm. İndi mənim də bu ali məktəbə aidiyyətim olduğu üçün öz tərəfimdən bizim təhsil müəssisələri arasında əlaqələrin möhkəmlənməsi, bizim insanların bir-birini daha yaxşı tanımaları, tez-tez bir-birinə qonaq getmələri, gənclərin bizim nəsildən nümunə götürərək dostluq etmələri üçün lazım olan hər şeyi etməyə çalışacağam.

Mənə verdiyiniz yüksək qiymətə görə bir daha sağ olun və sizə ən xoş arzularımı bildirirəm.

Diqqətinizə görə təşəkkür edirəm.

 

* * *

 

Sonra Azərbaycan dövlətinin başçısı Belarus Dövlət Universitetinin tələbələrinin suallarına cavab vermişdir.

SUAL: Cənab Prezident, mənim sualım belədir: bu gün Belarus iqtisadiyyatı xeyli dərəcədə enerji daşıyıcılarının bir mənbədən idxalından asılıdır. Bu isə dövlətin enerji təhlükəsizliyi üçün qorxuludur. Əbəs yerə deyildir ki, Belarus dövlətinin Prezidenti Lukaşenko enerji təhlükəsizliyi məsələlərini bilavasitə ölkəmizin suverenliyi və müstəqilliyi ilə bağlayırdı. Eyni zamanda, Azərbaycanın nəinki onun daxili tələbatını ödəməyə, həmçinin onu xarici bazara çıxarmağa imkan verən yanacaq-energetika xammalı ehtiyatları vardır. Zəhmət olmasa deyin, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında energetika sahəsində, hasilat, tranzit, yanacaq-energetika emalı məsələləri ilə bağlı əməkdaşlığın hansı perspektivləri vardır?

İlham ƏLİYEV: Biz bu gün və əvvəllər də bu mövzunu təbii ki, müzakirə etmişik və belə rəyə gəlmişik ki, energetika sahəsində əməkdaşlığı inkişaf etdirməliyik. Sizin dediyiniz kimi, tələbat da və təklif də vardır. Başlıca vəzifə əməkdaşlığın daha səmərəli olması üçün bu iki məqamı birləşdirməkdir. Mən çıxışımda qeyd etdim ki, bizim çox geniş neft və qaz kəmərləri şəbəkəmiz vardır. Neft kəmərlərinə gəldikdə isə, neftimiz xammal şəklində üç boru kəməri ilə nəql edilir. Onlardan ikisi Qara dənizə, biri isə Aralıq dənizinə gedir. Təbii ki, biz istehlakçılarımızın əhatə dairəsinin maksimum artmasının tərəfdarıyıq. Hazırda Azərbaycan nefti həm Asiyada, həm Latın Amerikasında, həm ABŞ-da, həm də onlara yaxın regionlarda satılır. Düşünürəm ki, səmərəlilik baxımından nəqliyyat şəbəkəsi bunu məqsədəuyğun edəcəkdir. Əgər biz Aralıq dənizinə, Amerika qitəsinə neft satırıqsa, onda, təbii ki, onu Qara dənizdən, Qara dənizdəki terminallarımızdan Avropa qitəsinə də səmərəli şəkildə sata bilərik. Avropanın bir çox ölkələri bizim istehlakçılarımızdır. Azərbaycan neftinin çox hissəsi Avropa İttifaqı ölkələrinə, Avropa ölkələrinə satılır.

Biz bu məsələni ətraflı müzakirə etdik və energetika nazirlərinə onun üzərində ətraflı işləmək və bu əməkdaşlığı hansı formada qurmağın mümkün olduğunu araşdırmaq barədə müvafiq tapşırıqlar verdik. Biz şaxələnmədə də maraqlıyıq. İstehlakçı bir mənbədən asılı olmaq istəmədiyi kimi, istehsalçı da bir tranzitçidən, yaxud bir yoldan asılı olmaq istəmir. Odur ki, burada əməkdaşlıq perspektivləri vardır və bu baxımdan, konkret tapşırıqlar verilmişdir. Biz nəticələri gözləyirik və düşünürəm ki, nəyə nail olduğumuz yaxın vaxtlarda bilinəcəkdir.

SUAL: Siz və ölkəniz "Şərq tərəfdaşlığı" proqramının həyata keçirilməsindən nə gözləyirsiniz? "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində Azərbaycan ilə Belarus hansı sahələrdə əməkdaşlıq edə bilər?

İlham ƏLİYEV: Düzdür, bu, nisbətən yeni təşəbbüsdür. Lakin Avropa İttifaqı ilə bizim region arasında layihələrin həyata keçirilməsi meyilləri müəyyən müddət mövcud olmuşdur. 2006-cı ildən Azərbaycan Avropa İttifaqının Yeni Qonşuluq Proqramının iştirakçısıdır. Beləliklə, "Şərq tərəfdaşlığı" proqramı müəyyən mənada həmin meyilin davamıdır. Biz onu alqışlayırıq. Artıq qeyd etdiyim kimi, bizim Avropa İttifaqı ölkələri ilə çox sıx iqtisadi əlaqələrimiz vardır. Onlar bizim enerji ehtiyatlarının neft sarıdan əsas istehlakçılarıdır. Qaza gəldikdə isə, biz qaz nəqlinin də şaxələndirilməsi üzərində işləyirik və bu gün öz qazımızı xarici bazarlara satırıq. Lakin təbii ki, biz qazın nəqlini genişləndirmək istəyirik, xüsusən ona görə ki, həm qonşu ölkələrdə, həm də Avropa İttifaqı ölkələrində bizim qaza tələbat vardır.

Avropa İttifaqına daxil olan bütün ölkələrlə münasibətlərimiz siyasi baxımdan çox yaxşıdır, uzunmüddətli və səmərəlidir. Əlbəttə, "Şərq tərəfdaşlığı" Proqramının üzvü olan hər bir ölkənin nəticə kimi nə əldə etmək istədiyi barədə öz təsəvvürü və öz planları vardır. Bizə gəldikdə, mən belə deyərdim: bu, iqtisadi amillərlə bağlı deyildir, bizim iqtisadi köməyə ehtiyacımız yoxdur. Bizim ölkədə daxili siyasi vəziyyətə gəldikdə isə, deyirəm, bu vəziyyət sabitdir, ölkəmizin inkişafı məsələsində cəmiyyətdə həmrəylik vardır.

Buna görə də biz məhz insanlar arasında əlaqələrin möhkəmlənməsində daha çox maraqlıyıq. Əlbəttə, enerji amili həmişə mühüm rol oynayacaqdır və bu mənada da bizim maraqlarımız üst-üstə düşür. Çünki Avropa enerji ehtiyatlarının böyük istehlakçısıdır. Azərbaycan çox böyük neft-qaz ehtiyatlarına malikdir. Bu ehtiyatlar ən azı yaxın yüz ildə regionun enerji təhlükəsizliyini təmin edəcəkdir. Bu məlumatlar ehtiyatların təsdiqlənmiş minimal həcminə əsaslanır. Buna görə də enerji amili mühüm rol oynayacaqdır. Biz buna hazırıq və buna şadıq. Lakin biz istərdik ki, energetika çərçivələrindən kənarda inteqrasiya təşəbbüsləri ilə əlaqədar proseslər daha çox olsun. Buraya mədəni mübadilə, Avropa İttifaqı ölkələrinə gediş-gəlişin nisbətən asan olması, viza rejimi ilə bağlı məsələlər daxildir. Hesab edirəm ki, həmin məsələlər artıq "Şərq tərəfdaşlığı" səviyyəsində daha fəal həll edilməlidir.

"Şərq tərəfdaşlığı" çərçivəsində bizim ölkələr arasında münasibətlərə və qarşılıqlı fəaliyyətə gəldikdə isə, mən elə güman etmirəm ki, "Şərq tərəfdaşlığı" ikitərəfli əlaqələr üçün ən mühüm formatdır. Hər halda biz "Şərq tərəfdaşlığı"nda iştirak məsələsini Azərbaycan ilə "Şərq tərəfdaşlığı"nın digər üzvləri arasında deyil, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq imkanı hesab edirik. Bizim ikitərəfli münasibətlərimiz isə hər hansı beynəlxalq təşkilatların hər hansı çərçivələri ilə məhdudlaşmamalıdır. Mənim fikrimcə, ölkələrimiz arasında yaranmış siyasi və iqtisadi münasibətlərin səviyyəsi bu tezisin doğruluğunu sübut edir. Biz ikitərəfli planda işləməli, hər iki ölkənin mənafelərini ikilikdə təmin etməli və ölkələrimizin daha da yaxınlaşması istiqamətində çalışmalıyıq.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 1, 2.