Azərbaycan səfiri BMT Təhlükəsizlik Şurasının müzakirələrində çıxış etmişdir

 

Noyabrın 11- BMT-nin Nyu-York şəhərindəki baş qərargahında Təhlükəsizlik Şurası (TŞ) gündəmdə duran "Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması" adlı bəndi üzrə Avstriyanın sədrliyi altında açıq müzakirələr keçirmişdir. İclasın əvvəlində "Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması" adlı qətnamə qəbul edilmişdir. BMT üzvü olan əksər dövlətlər kimi, Azərbaycan da həmin qətnaməyə həmmüəllif qismində qoşulmuşdur. Müzakirələrdə Təhlükəsizlik Şurasının 15 üzvündən əlavə, 45-ə yaxın digər BMT üzv dövləti məsələyə münasibət bildirmişdir. Ermənistan nümayəndəsi ölkəsinin təcavüzkar işğalçılıq siyasətinə bəraət qazandırmış, Ermənistan tərəfinin məlum əsassız arqumentlərini təkrarlamışdır.

Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxışında ölkəmizin müzakirə edilən məsələyə xüsusi maraq göstərdiyini qeyd etmiş, mülki şəxslərə silahlı münaqişənin təsiri münaqişə tərəflərinin beynəlxalq hüquq üzrə götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələsinin bölgəmiz üçün əhəmiyyət daşıdığını bildirmişdir. Səfir diqqətə çatdırmışdır ki, Azərbaycan ərazisinin bir qisminin Ermənistanın işğalı altında olması nəticəsində ölkəmizin çoxlu sayda əhalisi qaçqın məcburi köçkün problemindən hələ əziyyət çəkir. Səfir Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan tərəfindən törədilmiş soyqırımını da müzakirə olunan məsələ kontekstində xüsusi qeyd etmiş, həmin münaqişə zamanı mülki şəxslərə qarşı beynəlxalq ictimai təhlükəli cinayətlərin törədildiyini bildirmişdir. Daha sonra qeyd edilmişdir ki, BMT Təhlükəsizlik Şurasında artıq on ildir ki, silahlı münaqişə zamanı mülki şəxslərin mühafizə edilməsi məsələsinin müzakirə olunmasına baxmayaraq, beynəlxalq humanitar hüququn normaları hələ ki bir sıra dövlətlər, o cümlədən Ermənistan tərəfindən kobud şəkildə pozulmaqdadır.

 

 

Şəfəq AKİFQIZI,

AzərTAc-ın xüsusi müxbiri

Nyu-York

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 5.