II Beynəlxalq forum başa çatmışdır

 

Noyabrın 12-də Bakıda "İpək yolu" ölkələri arasında ticarətə yardım və onun asanlaşdırılması üzrə gömrük idarələrinin roluna dair II Beynəlxalq forum başa çatmışdır.

Tədbirin ikinci günü "İpək yolu" gömrük əməkdaşlığı təşəbbüsü", "Rusiya gömrük xidmətinin strateji inkişafının əsas istiqamətləri", "İƏT regionunda tranzitin sadələşdirilməsi", "İpək yolu" üzərində beynəlxalq ticarətin və yol nəqliyyatının təhlükəsizliyi və asanlaşdırılması üçün beynəlxalq yol daşımaları (BYD) sistemi", "İpək yolu"nun bərpasında BYD sisteminin rolu" mövzularında məruzələr dinlənilmişdir. Forumda Ankarada keçirilmiş yüksək səviyyəli işçi qrupunun iclasının nəticələrinə dair məlumat verilmiş, strategiya sənədinin qəbuluna dair müzakirələr aparılmışdır. Tədbirin sonunda forumun Bakı bəyannaməsi qəbul olunmuşdur.

Tədbir başa çatdıqdan sonra qonaqlar Dünya Gömrük Təşkilatının Bakıdakı Regional Tədris Mərkəzi və Azərbaycan Dövlət Gömrük Komitəsinin kinoloji mərkəzi ilə tanış olmuşlar. Xatırladaq ki, forumda 11 ölkənin - Azərbaycan, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, Qırğızıstan, İran, Yaponiya, Koreya Respublikası, Gürcüstan və Monqolustanın gömrük xidməti orqanlarının məsul şəxsləri, Dünya Gömrük Təşkilatı, Beynəlxalq Yol Daşımaları İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, BMT-nin Avropa İqtisadi Komissiyası, Asiya İnkişaf Bankı və TRASEKA-nın səlahiyyətli nümayəndələri iştirak etmişlər.

Üçüncü forum gələn il İranın paytaxtı Tehran şəhərində keçiriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 5.