Ağsu yüksəliş yolundadır

 

Artıq dünyada etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycan həm iqtisadi sahədə inkişaf edir, həm də beynəlxalq müstəvidə öz mövqeyini möhkəmləndirir. Bu baxımdan ölkəmizin gələcək perspektivləri çox ümidvericidir. Planlaşdırılan işlər vaxtında görülür, nəzərdə tutulan layihələrin icrası optimal müddətdə başa çatdırılır.

Respublikanın bölgələrindəki abadlıq-quruculuq işləri də vaxtında və keyfiyyətlə yerinə yetirilir. Azərbaycanın rayonları simasını dəyişir, inkişaf edir, müasir dövrün tələblərinə uyğun tikinti-quruculuq, yenidənqurma işləri həyata keçirilir. İnsanların sosial-rifah halının yaxşılaşdırılması ilə bağlı dövlət qayğısını artırır.

Geniş tikinti meydanına, abadlıq, quruculuq məkanına çevrilən rayonlardan biri də Ağsudur. Bu rayonda son illər çox işlər görülüb. Təkcə bir faktı xatırlatmaq kifayətdir ki, son 5 ildə Ağsuda iqtisadi artım 3 dəfə yüksəlib, 3109-u daimi olmaqla 5916 iş yeri açılıb. Bu ilin 9 ayı ərzində yeni və fəaliyyəti bərpa edilmiş müəssisələrdə 325 nəfər daimi işlə təmin edilib. Bütün bunlar Ağsu rayonunun iqtisadiyyatının son illər nəzərəçarpacaq dərəcədə inkişafı ilə şərtlənir. Ağsu şəhərinin bütün küçələrinin, eləcə də əksər kənd yollarının təmiri, yeni təhsil və tibb müəssisələrinin tikilib istifadəyə verilməsi, şəhərin mərkəzinə xüsusi yaraşıq verən Heydər parkı, ulu öndərin möhtəşəm abidəsi, yeni tikililər, genişmiqyaslı abadlıq işləri yeniləşən Ağsunun reallıqlarıdır. Ağsu inkişaf və tərəqqinin yeni dövrünə qədəm qoyur. Yerli əhali görülən işlərdə fəal iştirak etməklə yanaşı, gündən-günə daha da abadlaşan rayonları ilə qürur duyduqlarını bildirir.

Bu yaxınlarda ağsuluların yaddaşına daha bir unudulmaz gün yazıldı. Ölkə Prezidenti İlham Əliyev oktyabrın 29-da Ağsu rayonuna səfər etdi. Rayon əhalisi tərəfindən böyük səmimiyyət və məhəbbətlə qarşılanan Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bir çox yeni obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdilər, ictimaiyyətin nümayəndələri ilə görüşdülər. Ağsuda görülən işlərdən razılığını bildirən ölkə Prezidenti İlham Əliyev dedi: "Mən rayonda gedən proseslərlə bu gün yaxından tanış olmuşam və sizi bütün bu gözəl naliyyətlər münasibəti ilə ürəkdən təbrik etmək istəyirəm. Rayon rəhbərliyi çox səmərəli işləyir, şərait də çox işgüzardır və nəticələr də göz qabağındadır. Bu nəticələri nə gizlətmək, nə də danmaq olar, hər şey göz qabağındadır. İş olan yerdə nəticə də vardır. 4 il bundan əvvəl Ağsuda olarkən mənzərə tam başqa idi. Amma bu gün Ağsu, deyə bilərəm ki, Azərbaycan rayonlarının arasında ən qabaqda gedən rayonlardan biridir. Çox böyük işlər görülür. İnsanların məşğulluğu üçün praktiki işlər aparılır".

Rayonda görülən işlərdən ölkə rəhbərinin razı qalması, bu münasibətlə rayon sakinlərini təbrik etməsi hər bir ağsulunu fərəhləndirdi. Üstəlik də rayondakı içməli su probleminin həlli ilə bağlı dövlət başçısının ciddi maraqlanması, tezliklə bu yöndə müvafiq tədbirlərin görüləcəyini bəyan etməsi rayon sakinlərinin böyük sevincinə səbəb oldu.

Bugünlərdə yolumuzu yenidən Ağsudan saldıq. Ağsulular hələ də ölkə Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rayona səfərinin xoş təsiri altında idilər. Kimi dindirirsənsə, dövlətin rayona göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirir, ölkə rəhbərinin Ağsuya səfəri zamanı rayon sakinləri ilə səmimi ünsiyyətindən, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın diqqətcilliyindən, xoş rəftarından ağızdolusu danışır.

Ağsu RİH başçısı Ənvər Seyidəliyevlə bugünlərdə rayon icra hakimiyyətinin yeni inzibati binasında görüşdük. Sevinc, həyəcan qarışıq bir ovqatı var idi. Söhbət əsnasında Ənvər Seyidəliyev bildirdi ki, dövlət başçısının hər xoş sözü bizim üzərimizə daha böyük məsuliyyət qoyur. Çalışırıq ki, onun tapşırıq və tövsiyələri vaxtında yerinə yetirilsin. Yaxşı bilirik ki, hər bir rayonun, bölgənin inkişafı üçün ölkə Prezidenti necə can yandırır, necə diqqət və qayğı göstərir. Ənvər Seyidəliyev onu da qeyd etdi ki, Ağsunun içməli su probleminin həlli istiqamətində artıq cənab Prezidentin tapşırığına əsasən müəyyən hazırlıq işlərinə başlanılıb.

Ağsuda rayon sakinləri ilə görüşüb onların təəssüratlarını da öyrəndik.

Şəfəq Balıyeva, 4 saylı Ağsu şəhər orta məktəbinin direktoru: - Özümü çox xoşbəxt hiss edirəm ki, rayon ictimaiyyəti adından ölkə Prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı salamlamaq mənə nəsib oldu. Həmin günü həyatımın ən unudulmaz, ən qürurverici günlərindən biri sayıram. Bir ağsulu kimi cənab Prezidentin rayonumuzla, burada görülən işlərlə bağlı xoş sözləri məni də fərəhləndirdi. Cənab İlham Əliyev də, Mehriban xanım Əliyeva da o qədər səmimidirlər ki, onların qarşısında sıxılmadım, həyəcanımı elə ilk andanca unutdum. Mən Prezidentə çox inanıram. Bilirəm ki, respublikanın bütün bölgələrinin inkişafı üçün, bütövlükdə Azərbaycan üçün böyük fədakarlıqlar göstərir, ölkəmizin beynəlxalq arenada daha çox tanınması, daha güclü imicə malik olması üçün yorulmaq bilmədən çalışır. Mən bir daha görüş vaxtı səsləndirdiyim fikrə qayıdıram ki, Mehriban xanım Əliyevanın xalqımız üçün, ölkəmiz üçün gördüyü möhtəşəm işlərin bir insan ömrünə necə sığması hər kəsi təəccübləndirir. Düşünürəm ki, bu işlərin öhdəsindən ancaq Mehriban xanım Əliyeva kimi xalqını, Vətənini ürəkdən sevən insanlar gələ bilər. Görüşdən sonra təəssüratımı çalışdığım məktəb kollektivi ilə də bölüşdüm. Göstərilən dövlət qayğısına, yaradılan şəraitə görə onların da minnətdarlığını ölkə başçısına çatdırıram.

Yanvar Müslümov, təqaüdçü: - Ulu öndər Heydər Əliyev də belə idi: səmimi, qayğıkeş, həm də çox tələbkar. Ölkəmiz Heydər Əliyevin yolu ilə böyük inkişafa nail oldu. Prezident İlham Əliyev isə bu inkişafı daha da gücləndirdi. Məhz cənab İlham Əliyevin qayğısıdır ki, bu gün Ağsu belə gözəlləşir, abadlaşır. Rayonumuzda biz yaşlılar üçün yeni inşa edilmiş "Veteranlar evi" fəaliyyət göstərir. Ora yığışırıq, həm istirahət edirik, həm də müxtəlif mövzularda söhbətləşirik. Əsas mövzumuz isə ölkə rəhbərinin gördüyü işlərdir. Dövlət başçısına çox inanırıq, onu hər bir işdə dəstəkləyirik. İnanırıq ki, Azərbaycanı daha firavan ölkəyə çevirəcəkdir.

Allahverdi Qəmbərov, Qarabağ müharibəsi veteranı:

- Ölkə Prezidentinin respublikanın bölgələrinə səfərlərinin böyük əhəmiyyəti var. Belə səfərlər zamanı görülən işlərlə yerində tanış olmaq, insanların gün-güzəranı ilə, arzu və təklifləri ilə birbaşa maraqlanmaq imkanı olur. Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı yeniləşən, müasirləşən Ağsuda görüb salamlamaq hər birimiz üçün çox xoş oldu. Yeri gəlmişkən qeyd edim ki, Ağsuda müharibə iştirakçılarına göstərilən qayğıdan razıyıq. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin, 20 Yanvar şəhidlərinin və Qarabağ müharibəsində həlak olmuş 104 şəhidin xatirəsinin əbədiləşdirildiyi Qəhrəmanlar parkı and yerimizdir. Bir müharibə veteranı kimi mənə çox xoş oldu ki, Prezident İlham Əliyev Qəhrəmanlar parkının açılışında iştirak etdi. Bu park rayonda gənclərin hərbi vətənpərvərlik ruhunun artırılmasında böyük əhəmiyyətə malikdir. Ölkə Prezidentinin dəfələrlə bildirdiyi kimi, gənclərimiz vətənpərvər böyüməlidir ki, torpaqlarımızın azadlığı uğrunda hər cür fədakarlıqlara hazır olsunlar.

Şərəbanı Məlikova, rayon mərkəzi xəstəxanasının baş həkimi:

- Rayonumuzda səhiyyə və təhsil sektorunun inkişafı həmişə diqqətdə saxlanılır. Hər kəs yaxşı bilir ki, müasir məktəb binalarının və tibb müəssisələrinin tikintisinə dövlət başçısı xüsusi diqqət yetirir. 2004-2008-ci illərdə regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayonumuzda bir çox obyektlər, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 8 məktəb binası tikilib istifadəyə verilib. Rayon səhiyyə sisteminin inkişafı üçün islahatların aparılmasında dövlətimizin dəstəyini həmişə hiss edirik. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın rayonumuza səfəri yaddaşımızdan heç vaxt silinməyəcək. Onu da yaxşı bilirik ki, ölkə rəhbərinin ayağı dəyən yerdə həmişə xeyir-bərəkət olur.

Ağsudan üzü Göyçaya tərəf çıxanda yolun sağ tərəfində 4,3 ha sahədə şəhər stadionu tikiləcək. Oktyabrın 29-da Prezident İlham Əliyev bu obyektin də təməlqoyma mərasimində iştirak edib. Ərazinin yaxınlığında uşaqlar yığışmışdı. Onlara yaxınlaşdım. Ordan-burdan bir az danışdıq. Bir-biri ilə mübahisə edirdilər ki, stadion nə vaxt tikilib hazır olacaq. Dedim ki, mən bilirəm, üzümə baxdılar. RİH başçısı Ənvər Seyidəliyevin sözlərini xatırladım: "Düz bir ilə!.." Düz bir ilə Ağsuda təkcə stadionun yox, Uşaq-Gənclər Bədii Yaradıcılıq Məktəbinin də inşası başa çatacaq. Görülməli işlər nə çox!

Prezident İlham Əliyevin sözüdür: "Əsl siyasət real iş və konkret fəaliyyət deməkdir". Ağsuda isə real iş də var, konkret fəaliyyət də! Demək, Ağsuda dövlət siyasəti layiqincə həyata keçirilir!

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 6.