Heydər Əliyev Fondunun dəstəyi Qaxda təhsilin
inkişafının zəminidir
Bu gün vətənpərvər
Azərbaycan gəncliyinin yetişməsində mənəvi tərbiyə
ilə yanaşı, hərtərəfli təhsilin təşkili
də mühüm əhəmiyyət kəsb edir. Bu
baxımdan dövlət proqramları çərçivəsində
görülən işlərlə birgə Heydər Əliyev
Fondunun fəaliyyəti də olduqca təqdirəlayiqdir. Bu
fondun geniş və çoxşaxəli fəaliyyətinin nəticəsidir
ki, Azərbaycanın milli mədəniyyətinin, adət-ənənələrinin
dünya miqyasında tanıtdırılması
üçün respublikamızda mühüm tədbirlər,
simpoziumlar, müsabiqələr, sərgilər, beynəlxalq
konfranslar keçirilir.
İmkansız, valideyn
himayəsindən məhrum olan uşaqlara mənəvi dəstək
verilir, şəhid ailələrinə yardımlar göstərilir,
uşaq bağçaları, uşaq evləri, məktəblərin
tikintisi və təmiri sahəsində uğurlu addımlar
atılır. Fərəhləndirici haldır ki, bu işlər
təkcə respublikamızın paytaxtı Bakı şəhərində
deyil, regionlarda da, ucqar dağ rayonlarında da aparılır. Qax
rayonunda və Qax təhsil sistemində görülən
işlər bunun bariz nümunəsidir.
Son beş ildə rayonda
mövcud olan təhsil müəssisələrinin maddi - tədris
bazasının yaxşılaşdırılması və
möhkəmləndirilməsi sahəsində uğurlu
addımlar atılmış və bu istiqamətdə Heydər
Əliyev Fondunun xüsusi rolu olmuşdur. Belə ki, rayonda 260
yerlik 1 nömrəli Qax şəhər və 240 yerlik
Turaclı kənd orta məktəbləri Heydər Əliyev
Fondunun dəstəyi ilə inşa edilib. Rayonun ümumtəhsil
məktəbləri Heydər Əliyev Fondunun köməyi ilə
çap olunmuş 15 fənni əhatə edən 140 adda tədris
plakatları ilə təmin edilib, 1-ci siniflər üçün
əyani vəsaitlər məktəblərə
çatdırılıb.
Qeyd etmək
lazımdır ki, rayonun Güllük, Turaclı,
Qaşqaçay kəndlərində və Qax şəhərində
müasir tipli yeni orta, İbaxli kəndində Əsas,
Şıxlar, Qazmalar, Amanlı kəndlərində ibtidai məktəb
binaları tikilib istifadəyə verilib. Qaxbaş 1 nömrəli
orta məktəbi üçün 60 yerlik 3, Qaxbaş 2
nömrəli orta məktəbi üçün və Zərnə
kənd orta məktəbi üçün 80 yerlik 4 əlavə
sinif otaqları tikilib. Bundan başqa, rayonun Cəlayir və Ləkit
kənd uşaq bağçaları, şəhər 2
nömrəli məktəbin və şahmat məktəbinin
binaları əsaslı təmir edilib. Artıq Baydarlı kəndində
dövlət vəsaiti hesabına 360 yerlik orta məktəb
binasının tikintisi başa çatdırılmış,
Almalı kəndində 480 yerlik orta məktəb binasında
son tamamlama işləri görülmüşdür. Bugünlərdə
Qax şəhərində Yaponiya dövlətinin maliyyə dəstəyi
ilə tikilmiş 180 yerlik orta məktəb binası istifadəyə
verilib. Çüdülü kəndində isə 80 yerlik 4 əlavə
sinif otağının tikintisi davam etdirilir.
Rayonun təhsil müəssisələrində
təlimin keyfiyyətinin yüksəldilməsi məsələsinə
xüsusi diqqət yetirilir. Rayon məktəblilərinin beynəlxalq,
respublika, zona, rayon səviyyələrində
keçirilmiş müxtəlif müsabiqə, olimpiada, bilik
yarışlarında əldə etdiyi nəticələr
sevindiricidir. Belə ki, son 5 ildə rayonun 19 şagirdi
respublika fənn olimpiadalarında mükafata layiq yerlər
tutmuş, gənc futbolçuları respublika turnirlərinin
qalibi olmuş Ömər Balacayev "Kinq-fu" idman
növü üzrə dünya çempionu adını
qazanmış, gənc şahmatçı Xanım Balacayeva 8
yaşadək qızlar arasında keçirilən Avropa
çempionatında IV yeri tutmuşdur. Qax şəhər 4
nömrəli orta məktəbin şagirdi Günel Hacıkərimli
Çexiyada, şəhər 2 nömrəli orta məktəbin
şagirdləri Elvin Məmmədov, Aytən Kərimova, Asima
Abbasova, Firuzə Qabulova Yunanıstanda keçirilən III Beynəlxalq
Uşaq rəsmləri müsabiqəsinin laureatları
olmuşlar. 8 şagirdin əl işləri Polşa
Respublikasının Poznan şəhərində keçirilən
Beynəlxalq müsabiqədə nümayiş etdirilmişdir.
Şəhər 2 nömrəli orta məktəbin şagirdləri
Elnur Həşimov "Şərqdə ilk müstəqil
dövlət", Məryəm Məmmədli "Heydər Əliyev
müstəqil Azərbaycan dövlətinin
yaradıcısıdır", Günel Məmmədova
"Heydər Əliyev və müstəqil Azərbaycan",
Şükufə Şamxalova "Gələcək nəsillərlə
üz-üzə" respublika inşa yazı müsabiqələrinin
qalibləri sırasında olmuşlar.
Azərbaycan Respublikasının
Konstitusiyasının, dövlət rəmzlərinin, ulu
öndər Heydər Əliyev irsinin öyrənilməsi sahəsində
çox iş görülür. Şagirdlərin hərbi vətənpərvərlik
ruhunun artırılması diqqət mərkəzində
saxlanılır. Şagirdlərimiz rayon, zona və respublika əhəmiyyətli
yarışlarda müntəzəm iştirak edərək
uğurlu nəticələr əldə edirlər. Məsələn,
Tasmalı kənd orta məktəbinin "Cəsurlar",
şəhər 2 nömrəli orta məktəbin
"Şahin" hərbi-idman oyunu üzrə komandaları
zona turundan əlavə rayonumuzu respublika turunda müvəffəqiyyətlə
təmsil edərək qaliblər sırasında olmuşlar.
"Sərhəd" hərbi-idman oyunu üzrə
keçirilən zona yarışlarında isə Cəlayir kənd
orta məktəbinin komandası ikinci olmuşdur.
Rayonda təhsil sahəsində
aparılan məqsədyönlü tədbirlərin nəticəsidir
ki, hər il ali məktəblərə qəbul sahəsində
məzunlarımızın göstərdiyi nəticələr
yaxşılaşır. Son 5 ildə rayonun orta ümumtəhsil
məktəblərini bitirmiş 695 məzun ali məktəblərə
qəbul olunmuş, 52 məzun 600-dən çox, 161 nəfər
500-700 arası bal toplamışdır. 7 məzunumuz Prezident təqaüdünə
layiq görülmüşdür. Təkcə 2008-ci ildə
174 məzun ali məktəblərə qəbul olunmuş,
onlardan 45 nəfəri 500-700 arası, 20 nəfəri isə
600-dən çox bal toplamış, 3 nəfəri Prezident təqaüdünə
layiq görülmüşdür. Qəbulun nəticələrinə
görə, abituriyentlərin ana dili, riyaziyyat, fizika, kimya,
biologiya, coğrafiya fənləri üzrə göstəriciləri
və qəbul imtahanlarında topladıqları orta bal
respublika üzrə orta göstəricidən yuxarı
olmuşdur. Şəhər 2 nömrəli və Qaxbaş kənd
2 nömrəli orta məktəbləri qəbulun nəticələrinə
görə, respublika üzrə ən yaxşı məktəblərin
siyahısına daxil edilmişdir.
"Ən yaxşı ümumtəhsil
məktəbi" və "Ən yaxşı müəllim"
müsabiqəsində iştirak edən şəhər 2
nömrəli orta məktəb, həmin məktəbin Azərbaycan
dili və ədəbiyyatı müəllimi Gülbəniz
Seyidova, şəhər 5 nömrəli orta məktəbin
ibtidai sinif müəllimi Vəfa Heydərova müsabiqə
qalibləri olmuşlar.
Son 5 ildə rayonun 4 müəllimi
"Respublikanın əməkdar müəllimi" fəxri
adına layiq görülmüş, 3 müəllim "Tərəqqi"
medalı ilə, 18 müəllim isə "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi"
döş nişanı ilə təltif olunmuşdur.
Rayonda təhsil sisteminin
yaxşılaşdırılması və təkmilləşdirilməsi,
təlimin keyfiyyətinin yüksəldilməsi sahəsində
görülmüş işlər bizi əsla
arxayınlaşdırmır və uğurlarımızın
davam etdirilməsi üçün daha ciddi çalışmağa
sövq edir.
Məhəmməd XASİYEV,
Qax Rayon Təhsil Şöbəsinin
müdiri
Azərbaycan.- 2009.- 13 noyabr.- S. 6.