Birgə mətbuat
konfransı
Noyabrın 13-də Sofiyada, Prezident Administrasiyasında Azərbaycan-Bolqarıstan sənədlərinin
imzalanma mərasimindən
sonra Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti
Georgi Pırvanovun birgə mətbuat konfransı olmuşdur.
Bolqarıstan Prezidenti Georgi Pırvanov bildirdi ki, bu
gün iki ölkə arasında imzalanan sənədlər
münasibətlərimizin keyfiyyətcə
yeni mərhələsini
təşkil edir. Ölkələrimiz arasında
fəal siyasi dialoq mövcuddur. "Eyni zamanda,
iqtisadi sahədə əməkdaşlıq meyillərini
görürük", - deyən
Georgi Pırvanov ölkələrimizin beynəlxalq
təşkilatlar, o cümlədən Avropa və Avratlantik təsisatlar çərçivəsində
fəal əməkdaşlıq
etdiyini diqqətə çatdırdı.
Bolqarıstan Prezidenti bildirdi ki, Azərbaycan
bizim energetika sahəsində yaxın tərəfdaşımızdır.
Georgi Pırvanov Azərbaycanda hasil edilən qazın Bolqarıstana nəqlində
maraqlı olduqlarını
diqqətə çatdırdı.
Azərbaycan Prezidenti İlham Əliyev qeyd etdi ki,
bu gün keçirilən danışıqlarda
gözəl nəticələr
əldə olunub və ikitərəfli münasibətlərimiz uğurla
inkişaf edir. Azərbaycan dövlətinin
başçısı bildirdi
ki, Bolqarıstan bizim üçün önəmli tərəfdaş
və dost ölkədir.
Prezident İlham Əliyev vurğuladı ki, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək
səviyyədə olması
bütün başqa sahələrə də öz müsbət təsirini göstərir.
Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıqda
Bolqarıstanın çox
önəmli rolu vardır.
Avratlantik strukturlara inteqrasiya prosesində Bolqarıstanın həmişə
Azərbaycanı dəstəklədiyini
vurğulayan dövlətimizin
başçısı dedi
ki, bu yaxınlarda
Azərbaycan Avropa İttifaqının "Şərq
tərəfdaşlığı" proqramının üzvü
olmuşdur. Biz ümid edirik ki, bu proqram
çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq
daha da genişlənəcəkdir.
Avropa İttifaqı
ilə Azərbaycan arasında enerji sahəsində əlaqələrə
toxunan dövlətimizin
başçısı qeyd
etdi ki, son illər enerji təhlükəsizliyi
məsələlərinin əhəmiyyəti
artmışdır. Azərbaycan
bu məsələlərin
həllinə öz töhfəsini verir.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq
da uğurlu olacaqdır.
Sonda dövlət
başçıları jurnalistlərin
suallarını cavablandırdılar.
AzərTAc
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 3.