2010-cu ilin dövlət büdcəsi zərfinə daxil
olan məsələlərin müzakirəsi başa
çatdı
Noyabrın 13-də Milli Məclisin
növbəti iclası keçirildi. Spiker Oqtay Əsədov
2010-cu ilin dövlət büdcəsi zərfinə daxil olan məsələlərin
müzakirəsinin davam etdirildiyini bildirdi. İlk olaraq "Azərbaycan
Respublikasının Dövlət Sosial Müdafiə Fondunun
2010-cu il büdcəsi haqqında" qanun layihəsi
müzakirə edildi.
Milli Məclisin Sosial siyasət
komitəsinin sədri Hadi Rəcəbli dedi ki, ölkəmizdə
vətəndaşların güzəranının
yaxşılaşdırılmasına xidmət edən sosial
siyasət inamla həyata keçirilir. Azərbaycan Prezidenti
İlham Əliyevin ötən ilin sonunda imzaladığı
"2009-2015-ci illərdə sığorta-pensiya sisteminin
inkişafına dair Dövlət Proqramı" məhz bu məqsədə
xidmət edən sənədlərdəndir və bu sistemin
daha dərin strukturlaşmasına və sistemləşməsinə
yönəlmişdir. Komitə sədrinin sözlərinə
görə, ölkəmizdə sığorta sisteminin
müavinət sistemindən ayrılması, sosial müdafiənin
ünvanlılığının təmin olunması dövlət
quruculuğunun böyük uğurlarındandır. 2006-cı
il yanvarın 1-dən ölkədə sığorta sisteminin
həmrəylik prinsipi fərdi uçot prinsipi ilə əvəzlənmiş
və bütün bu işlər informasiya-kommunikasiya
texnologiyalarının tələblərinə uyğun
Dövlət Sosial Müdafiə Fondunda ardıcıl həyata
keçirilir. Pensiya və sığorta ödənişlərinin
bankomatlar vasitəsilə əhaliyə
çatdırılması ölkə üzrə 97 faizi
ötmüşdür. Bütün pensiya sənədləri
kompüter bazasına köçürülmüş,
hesablanma və nəzarət sistemi sadələşdirilmişdir.
Sığortaya cəlb olunanların sayı ilbəil
artmış, yayınmalar xeyli azalmışdır.
Hadi Rəcəbli DSMF-nin 2010-cu il
büdcə layihəsinin gəlir və xərcləri barədə
məlumat verdi. Qeyd etdi ki, DSMF-nin büdcəsinin mədaxil
hissəsi əsasən məcburi sığorta
yığımları hesabına formalaşdırılacaq.
Sevindirici haldır ki, bu yığımın sahibkarlıq fəaliyyəti
ilə məşğul olan hüquqi və fiziki şəxslərdən
olan hissəsi ilbəil artaraq 30 milyon manata
çatdırılmışdır.
Komitə sədri onu da bildirdi ki,
son illərin büdcə layihələrinin müzakirəsi təcrübəsi
göstərir ki, deputatların tənqidi qeydləri, fikir və
mülahizələri diqqətsiz qalmır, layihəyə
düzəlişlər və dəyişikliklərlə
müşayiət olunur. Bu tendensiya Dövlət Sosial
Müdafiə Fondunun büdcəsində də öz əksini
tapmışdır.
Hadi Rəcəbli göstərilən
müsbət meyillərə baxmayaraq, pensiyaçıları
düşündürən bir məsələyə də
diqqəti çəkdi. Qeyd etdi ki, eyni iş sahələrində
çalışan və göstəriciləri fərqli
olmayan 90-cı illər ərzində və 2005-ci ilin sonuna qədər
pensiyaya çıxmış vətəndaşlarla
2006-cı ildən pensiyaya çıxan vətəndaşların
aldıqları vəsait arasında hiss olunan fərqlər bu
gün də mövcuddur.
Çıxışının
sonunda Hadi Rəcəbli dedi ki, DSMF-nin 2010-cu il
üçün büdcə layihəsi bugünkü
reallıqlara cavab verir, məqbul və
tarazlaşdırılmış formadadır.
Dövlət Sosial Müdafiə
Fondunun sədri Səlim Müslümov bildirdi ki, DSMF-nin 2010-cu
il üçün büdcəsinin gəlir və xərcləri
1 milyard 757,2 milyon manat proqnozlaşdırılır ki, bu da
cari ildə fondun büdcəsinin icrası üzrə gözlənilən
nəticədən 3,7 faiz çoxdur. Bu vəsaitin 10,4 milyon
manatının əmək pensiyaçılarının
sayının artımına, 4,6 milyon manatının sosial
sığorta haqları hesabına maliyyələşdiriləcək
müavinətlərin artımına, 7 milyon manatının
pensiyaların əhaliyə çatdırılması və
sığorta-pensiya sisteminin inkişafı üzrə
Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə,
40 milyon manatının isə pensiyaların baza hissəsinin
artımına yönəldiləcəyi nəzərdə
tutulur.
DSMF-nin büdcəsi
balanslaşdırılmış, yəni kəsirsiz büdcə
olduğundan onun tərtibi xərclərin
proqnozlaşdırılmasından başlanır. Gələn
il fondun xərclərinin 1 milyard 688,3 milyon manatı əhaliyə
ödənişlərə sərf ediləcək.
Bütün xərclərin 1 milyard 634 milyon manatı və ya
93 faizi pensiya ödənişlərinə yönəldiləcək.
Pensiya xərclərinin 1 milyard 139 milyon manatı və ya 69,7
faizi pensiyaların baza hissəsinin, 495 milyon manatı və ya
30,3 faizi sığorta hissəsinin maliyyələşdirilməsi
üçün nəzərdə tutulur.
Səlim Müslümov onu da
bildirdi ki, növbəti ildə pensiyaçıların
sayının 1 milyon 307 min nəfər olacağı, bundan
850 min nəfərin yaşa görə, 317 min nəfərin əlilliyə
görə, 140 min nəfərin isə ailə
başçısını itirməyə görə pensiya
alanlar olacağı proqnozlaşdırılır.
Gələn il DSMF xərclərinin
54,4 milyon manatı sosial sığorta haqları hesabına
maliyyələşdiriləcək müavinətlərə
ayrılacaq. Bu xərclərin 19,2 milyon manatı əmək
qabiliyyətinin müvəqqəti itirilməsinə, 18,8
milyon manatı hamiləliyə və doğuma, 2 milyon
manatı uşağın anadan olmasına, 9,9 milyon manatı
dəfn mərasiminə, 4,5 milyon manatı isə
uşağın 3 yaşına qədər olan qulluğa
görə müavinətlərin maliyyələşdirilməsinə
yönəldiləcəkdir.
DSMF xərclərinin 19 milyon
manatı DSMF orqanlarının saxlanılmasına, 19 milyon
manatı pensiya və müavinətlərin əhaliyə
çatdırılması xərclərinə, 12,8 milyon
manatı sığortaolunanların
sağlamlaşdırılması, 10,7 milyon manatı məşğulluq,
3,7 milyon manatı əlillərin sosial müdafiəsi tədbirlərinə
yönəldiləcəkdir. Fondun saxlanılması xərcləri
2009-cu ilə nisbətən 2 milyon manat
azaldılmışdır.
Səlim Müslümov daha sonra
bildirdi ki, növbəti ildə DSMF-nin gəlirlərinin 1
milyard 221 milyon manatını məcburi dövlət sosial
sığorta haqları təşkil edəcəkdir. Bu, fondun
bütün gəlirlərinin 69,5 faizi həcmindədir. Gəlirlərin
2,5 milyon manatı isə sanatoriya-kurort
yollayışlarının dəyərinin qismən ödənilməsindən,
keçmiş Məşğulluq və Əlillərin Sosial
Müdafiəsi fondlarının verdikləri kreditlərin
qaytarılmasından və sair daxilolmalar hesabına
formalaşacaq. Xərclərin qalan 533,7 milyon manatı isə
dövlət büdcəsinin transferti hesabına ödəniləcəkdir.
DSMF sədri
çıxışının sonunda bildirdi ki, fondun 2010-cu
il üçün büdcəsi ölkə Prezidenti cənab
İlham Əliyevin həyata keçirdiyi
pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi
sahəsindəki ardıcıl tədbirlərin etibarlı
maliyyə təminatını ifadə edir.
Müzakirələr zamanı
deputat Mübariz Qurbanlı bildirdi ki, Azərbaycan hakimiyyəti
hər zaman sosial məsələlərə böyük həssaslıqla
yanaşır və DSMF-nin gələn il üçün
büdcə layihəsi bunun əyani təsdiqidir. Bu layihə
bir daha təsdiq edir ki, Azərbaycan vətəndaşlarının
sosial təminatı daim dövlətin diqqət mərkəzindədir.
Mübariz Qurbanlının sözlərinə görə, DSMF MDB üzvü olan ölkələrin bu cür qurumları arasında ən təkmil orqandır. Son illərdə DSMF-də ciddi islahatlar aparılıb, onun regional mərkəzləri yaradılıb. Hazırda bu qurumun ölkənin sosial siyasətinin həyata keçirilməsində xüsusi yeri var. Ona görə DSMF-nin başqa bir dövlət orqanı ilə birləşdirilməsi təklifi məntiqə uyğun deyil.
DSMF-nin gələn il üçün büdcə layihəsinin xalqın maraqları üzərində tərtib edildiyini deyən deputat Siyavuş Novruzovun sözlərinə görə, ölkəmizdə sosial sferada aparılan ciddi islahatlar bəhrəsini verir. Azərbaycan bu sahədə bir çox ölkələrdən qabaqdadır. Ölkəmizin sosial sistemi elə bir səviyyədə qurulub ki, heç bir neqativ təsirə məruz qala bilməz.
Siyavuş Novruzov bankomatlardan istifadəyə dair fikirlərini də söylədi.
DSMF-nin 2010-cu il üçün büdcə layihəsi göstərir ki, sosial siyasət Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bunu isə deputat Rafael Cəbrayılov dedi. Onun sözlərinə görə, 2003-cü ildən bu yana büdcədən DSMF-yə ayırmaların dəfələrlə artması da təsdiqləyir ki, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi ən ümdə məsələlərdən biridir. DSMF-nin 2010-cu il üçün büdcəsi gələn il də sosial sferada dövlət siyasətinin uğurla həyata keçirilməsinə imkan verəcək.
Deputat Əli Əhmədov bildirdi ki, DSMF-nin büdcə layihəsi ölkəmizin reallıqları ilə səsləşir və Azərbaycan hakimiyyətinin əhalinin sosial rifahının daha da yaxşılaşdırılması ilə əlaqədar həyata keçirdiyi siyasətə uyğundur. Bu layihənin əsasında dayanan göstəricilər, rəqəmlər reallıqla üst-üstə düşür. Əli Əhmədov daha sonra bildirdi ki, sosial sahədə keçmişdən qalan bəzi elementlərdən imtina etməyin zamanı çatıb. O, uşaq pulları ilə bağlı ünvanlılıq prinsiplərinin tətbiqi və digər məsələlərə dair təkliflərini diqqətə çatdırdı.
Deputat Səttar Möhbalıyev dedi ki, DSMF-nin gələn il üçün büdcəsi Prezident İlham Əliyevin bu sahədə qarşıya qoyduğu bütün vəzifələri yerinə yetirməyə imkan verir. Sosial sferada aparılan islahatları təqdir edən Səttar Möhbalıyevin sözlərinə görə, sosial sığorta ilə bağlı aparılan işlər, xüsusilə 10 mindən artıq xarici vətəndaşın sosial sığortaya cəlb edilməsi müsbət haldır.
Deputat Fəzail İbrahimli DSMF-nin büdcəsinin ölkəmizin sosial-iqtisadi inkişafının fonunda olduqca mükəmməl tərtib edildiyini bildirdi.
Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bəzi müxalifətçi deputatlara müzakirə olunan məsələnin mahiyyəti barədə danışmağı tövsiyə etdi. Onun sözlərinə görə, büdcə layihəsini hazırlayanlar onu məhz xalqın maraqlarına uyğun tərtib ediblər.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə də DSMF-nin büdcə layihəsinin növbəti ildə əhalinin sosial rifahına xidmət edəcəyini dedi.
Deputatlardan Nazim Məmmədov, Elmira Axundova, Fazil Mustafa Hikmət Atayev, Əli Məsimli, Aydın Həsənov, Astan Şahverdiyev və Əhməd Vəliyev müzakirə olunan məsələyə dair fikirlərini bildirdilər.
Qısa fasilədən sonra DSMF-nin sədri Səlim Müslümov müzakirələr zamanı səslənən fikirlərə münasibət bildirdi.
İclasda "Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2010-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri də müzakirə edildi. Hər iki məsələ barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, qanun layihələrinə əsasən, 2010-cu il üçün yaşayış minimumu ölkə üzrə 87 manat, əmək qabiliyyətli əhali üçün 96 manat, pensiyaçılar üçün 68 manat, uşaqlar üçün 72 manat məbləğində, ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddi 65 manat məbləğində müəyyən edilmişdir.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov müzakirə olunan məsələlər barədə fikirlərini bildirdilər.
"Azərbaycan Respublikasının 2009-cu il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsi də iclasın müzakirəsinə çıxarıldı. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, dəyişikliyə əsasən, bu qanunun 14-cü maddəsində Azərbaycan Respublikasının 2009-cu ildə daxili dövlət borclanma limitinin yuxarı həddinin 2 milyon 250 min manat olması təklif edilir.
Bundan sonra qanun layihəsi qəbul edildi.
Milli Məclisin İşlər müdiri Firudin Hacıyev "Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il üçün xərclər smetası haqqında" Milli Məclisin qərar layihəsi barədə məlumat verdi. Qeyd etdi ki, layihəyə əsasən, Azərbaycan Respublikası Milli Məclisinin və onun Aparatının 2010-cu il üçün xərclər smetası 16 milyon 827 min 33 manat məbləğində müəyyən edilmişdir. Firudin Hacıyev Milli Məclisin və onun Aparatının 2010-cu il üçün xərclər smetasının istiqamətləri barədə ətraflı məlumat verdi.
İclasda son olaraq "Azərbaycan Respublikası Hesablama Palatasının 2010-cu il üçün xərclər smetası haqqında" Milli Məclisin qərar layihəsi müzakirəyə çıxarıldı. Layihə ilə bağlı Hesablama Palatasının sədri Heydər Əsədov məlumat verdi. Bildirdi ki, layihədə Hesablama Palatasının 2010-cu il üçün xərclər smetası 3 milyon 727 min 21 manat müəyyən edilmişdir. Heydər Əsədovun sözlərinə görə, bu vəsait Hesablama Palatasına növbəti ildə qarşısında duran bütün vəzifələri həyata keçirməyə imkan verəcək.
İclasın
sonunda Milli Məclisin Sədri Oqtay Əsədov büdcə zərfinə
daxil olan məsələlərin müzakirəsinin başa
çatdığını bildirdi. Qeyd etdi ki, Azərbaycan
Respublikasının 2010-cu il dövlət büdcəsinin
layihəsinə və büdcə zərfinə daxil olan digər
məsələlərə səsvermə Milli Məclisin
növbəti iclaslarının birində keçiriləcək.
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 4.