Bakıda "Uşaqlar üçün ədliyyə"
mövzusunda beynəlxalq konfrans keçiriləcək
Noyabrın 16-17-də
Bakıda Milli Məclisin, BMT-nin Uşaq Fondunun (YUNİCEF) və
Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə
təşkil etdiyi "Uşaqlar üçün ədliyyə:
qanunvericilik və onun tətbiqi" mövzusunda beynəlxalq
konfrans keçiriləcəkdir. Konfransda Milli Məclis Sədrinin
müavini Bahar Muradova və YUNİCEF-in Azərbaycan nümayəndəliyinin
rəhbəri Mark Herevard giriş nitqi söyləyəcəklər.
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə 2009-cu ilin
"Uşaq ili" elan edilməsinə və BMT-nin Uşaq
Hüquqları Konvensiyasının 20-ci ildönümünə
həsr olunmuş konfransda MDB ölkələrinin yüksək
səviyyəli rəsmiləri, deputatları, ədliyyə
sahəsində ixtisaslaşmış beynəlxalq və yerli
mütəxəssislər iştirak edəcəklər.
Tədbirdə
qanunvericilikdə islahatların aparılması, MDB regionunda
yuvenal ədliyyənin yaradılmasının beynəlxalq
standartlara uyğun olaraq nəzərdən keçirilməsi,
zərər çəkmiş və şahidlik
üçün yetkinlik yaşına çatmış şəxslərlə
bağlı ədliyyə sahəsində qanunvericilik və
digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Konfransın yekununda
Uşaqlar üçün ədliyyə haqqında Bakı Bəyannaməsinin
qəbul edilməsi nəzərdə tutulmuşdur.
Milli Məclisin mətbuat xidməti
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 4.