Ankarada Türkiyə-Azərbaycan münasibətlərinə
həsr olunmuş konfrans keçirilmişdir
Ankaradakı 21-ci əsr Türkiyə
İnstitutunda Türkiyə-Azərbaycan münasibətlərinə
həsr olunmuş konfrans keçirilmişdir.
Konfransdan əvvəl Əlibəy
Hüseynzadənin ömür yolu və elmi, ictimai fəaliyyətinə
həsr olunan "Əlibəy Hüseynzadə Turan"
kitabının təqdimatı olmuşdur. Kitabın müəllifi,
Milli Məclisin deputatı Qənirə Paşayeva, Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət
Aslanova, Əlibəy Hüseynzadənin yadigarı, onun fəaliyyətinin
ən gözəl bilicisi Feyzəvər Alpsar bildirmişlər
ki, türkləşmək, islamlaşmaq, müasirləşmək
düşüncəsi ilə yaşayıb-yaradan Əlibəy
Hüseynzadə Şərqdə ilk cümhuriyyət olan Azərbaycan
Demokratik Respublikasının liderlərindən biri
olmuşdur.
Sonra konfransda Qənirə
Paşayeva "Azərbaycan torpaqlarının
işğalı və onun acı nəticələri"
mövzusunda məruzə etmişdir. Məruzədə əsrlər
boyu ermənilərin türklərə qarşı
apardığı işğalıçılıq siyasəti,
Azərbaycan torpaqlarının işğalının maddi və
mənəvi nəticələri, dağıdılmış
tarix-memarlıq abidələri, iqtisadi və sosial obyektlər
barədə geniş məlumat verilmişdir.
Professor, tarix elmləri doktoru
İbrahim Yıldırımın, 21-ci əsr Türkiyə
İnstitutunun rektoru, professor Ümid Özdağın məruzələrində
də Ermənistanın Azərbaycana təcavüzü və
bu təcavüzün Türkiyə-Ermənistan münasibətlərinə
təsiri konkret faktlarla əsaslandırılmışdır.
Natiqlər vurğulamışlar ki, qardaş Azərbaycanın
torpaqları işğaldan azad olunmayınca, Ermənistanla
heç bir diplomatik əlaqələrdən, yaxud sərhədlərin
açılmasından söhbət gedə bilməz.
Türkiyə parlamenti də erməni işğalına son
qoyulmadan İsveçrədə imzalanmış
protokolları ratifikasiya etməyəcəkdir.
Məruzələrdən sonra Azərbaycandan
gəlmiş deputatlar və jurnalistlər Türkiyə-Azərbaycan
münasibətləri, Ermənistanla münaqişə ilə
bağlı sualları cavablandırmışlar.
Türkiyədə səfərdə
olan Rəbiyyət Aslanova və Qənirə Paşayeva
"FlaşTV" kanalının xəbərlər
proqramında Azərbaycanın bölgədə baş verən
son proseslərlə bağlı mövqeyini şərh
etmişlər.
Deputatlarımız Ankarada təhsil
müəssisələrində də bir sıra
görüşlər keçirəcəklər.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 4.