Namizədlərin qeydə alınması üçün seçki sənədlərinin təqdimedilmə müddəti başa çatmışdır

 

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58-ci maddəsinin tələbinə əsasən, namizədliyin qeydə alınması üçün seçki sənədlərinin dairə seçki komissiyalarına (DSK) təqdim edilməsi üçün müəyyən olunmuş müddət noyabrın 13- saat 18.00-da başa çatmışdır. Qeyd olunan vaxta qədər 1718 bələdiyyə üzrə 35 min 76 nəfərin namizədliyi təsdiq edilmişdir. Namizədliyi təsdiqlənmiş şəxslərin 34 min 699 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərdən 32 min 32 nəfəri isə namizədliklərinin qeydə alınması üçün imza vərəqələrini digər zəruri seçki sənədlərini müfaviq dairə seçki komissiyalarına təqdim etmişlər. Artıq 1718 bələdiyyə üzrə 28 min 515 nəfərin namizədliyi qeydə alınmışdır. Qeydə alınmış namizədlərin 14 min 506 nəfəri ali təhsilli, 5 min 900-ü qadındır.

Namizədlikləri qeydə alınan şəxslərdən 9 min 253 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı təmsil edirlər. 22 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürmüşdür. Bu partiyalardan 19-nun irəli sürdüyü namizədlər DSK-lar tərəfindən qeydə alınmışdır.

Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 min 682 bələdiyyə üzvü seçilməlidir. Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsinə (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) müraciət etməklə bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi qeydiyyatı barədə ətraflı məlumat əldə etmək mümkündür.

 

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 4.