Bakı Slavyan Universitetini tələbələr idarə etdi

 

Bakı Slavyan Universitetinin ilbəil genişlənən xarici əlaqələri, son illər universitet həyatında baş verən dəyişikliklər bu təhsil ocağının böyük bir coğrafiyada nüfuzlu elm və mədəniyyət mərkəzi kimi tanınmasına səbəb olub. Təkcə son günlərdə BSU-da bir-birinin ardınca keçirilən iki beynəlxalq tədbir əlamətdar hadisə kimi yadda qaldı. Bunlardan biri "Kitabi-Dədə Qorqud" və "Nibelunqlar haqqında nəğmə" dastanlarının birgə tədqiqi ilə bağlı BSU ilə Almaniyanın Mayns Universiteti arasında bağlanmış 5 illik müqaviləyə əsasən keçirilmiş beynəlxalq simpozium, digəri isə BSU-da Fransa həftəsinin keçirilməsidir.

Beynəlxalq layihələrlə yanaşı, BSU-da universitetdaxili bir sıra maraqlı layihələr də həyata keçirilir. Belə ki, hər iki ildən bir BSU-da keçirilən "Bir günlük xəlifə tələbə özünüidarə günü" layihəsinin növbəti vaxtı dəqiqləşdi. Noyabrın 13-də keçirilən layihəyə əsasən, universiteti 17 rəhbər vəzifəyə bir ay ərzində öz platformasını təqdim edərək səsvermə yolu ilə seçilmiş tələbələr idarə etdilər. Həmin gün çərçivəsində rektor vəzifəsindən başlayaraq digər vəzifələrə seçilmiş tələbələrin qəbul etdiyi qərarlar qüvvəyə minir, onların təşkilatçılığı ilə müxtəlif tədbirlər keçirilir, bir sözlə, öz səlahiyyətləri daxilində bütün imkanlardan istifadə etdilər. Hətta vəzifəli şəxslərin bir günlük əməkhaqları "xəlifələrə" ödənildi və tələbə-rektor universitet rektorunun xidməti maşınından istifadə etmək imkanı əldə etdi.

Xəlifə günü çərçivəsində Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri və Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri və başqa qonaqlarla görüşlər keçirildi. Artıq 4-cü dəfədir ki, bu ali təhsil ocağında rəhbərlik tələbə-şagird heyəti tərəfindən həyata keçirilir.

Bu layihənin keçirilməsində əsas məqsəd tələbələrin müstəqil idarəçilik qabiliyyətinin inkişafına təkan vermək, intellektual səviyyələrini, işgüzar bacarıq və vərdişlərini yoxlamaq və onlar tərəfindən verilən maraqlı təklifləri təhlil edib həyata keçirməkdən ibarətdir.

 

 

BSU-nun mətbuat xidməti

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 4.