Azərbaycan Bəstəkarlar İttifaqının
75 illiyi münasibətilə
festival
Noyabrın 12-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında simfonik musiqi konserti ilə başlanmış
Beynəlxalq Musiqi Festivalı ölkəmizin
mədəni həyatında
bu əlamətdar hadisəyə həsr edilmişdi.
Konsertdən əvvəl
Azərbaycan Bəstəkarlar
İttifaqının sədri,
əməkdar incəsənət
xadimi, respublikanın xalq artisti, YUNESKO-nun
təsis etdiyi "Dünya artisti" fəxri adına layiq görülmüş
bəstəkar Firəngiz
Əlizadə yubiley gecəsinə toplaşanlar
qarşısında çıxış
etmişdir. Sonra mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev tədbir iştirakçılarını
salamlamışdır. O, dünyaya neçə-neçə böyük musiqiçilər bəxş
etmiş bu yaradıcılıq birliyinin
tarixinə qısaca nəzər salmış və xalqımızın
ümummilli lideri Heydər Əliyevin ənənələrini davam
etdirərək milli mədəniyyətin inkişafına
böyük qayğı
göstərən
Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirmişdir.
Konsertin əvvəlində
istedadlı gənc dirijor, beynəlxalq müsabiqələr laureatı
Əyyub Quliyevin idarə etdiyi Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin ifasında ölməz "Koroğlu"
operasının uvertürası
səslənmiş, sonra
respublikanın xalq artisti, bəstəkar Aqşin Əlizadənin violonçel və simfonik orkestr üçün
"Poema"sının
əzəmətli sədaları
salona toplaşanların
ruhuna hakim kəsilmişdir. Violonçeldə
solo partiyasını Azərbaycanın əməkdar
artisti Əyyub Əliyev ifa etmişdir. Konsertin birinci bölməsi
Azərbaycanın xalq
artisti, bədii rəhbər Gülbacı
İmanovanın idarə
etdiyi Dövlət Xor Kapellasının, Azərbaycanın xalq artisti, professor Ramiz Quliyevin və qiraət ustası Azad Şükürovun ifasında
Oqtay Rəcəbovun xor və simfonik
orkestr üçün
yazdığı, Qarabağ
müharibəsinin qəhrəmanı jurnalist
Çingiz Mustafayevin nurlu xatirəsinə həsr edilmiş "Çingiz" oratoriyası
ilə başa çatmışdır.
Azərbaycan Bəstəkarlar
İttifaqının 75 illiyinə
həsr edilmiş Beynəlxalq Musiqi Festivalının başlanmasından
xəbər verən konsertin ikinci hissəsi də böyük marağa səbəb olmuşdur. Əməkdar incəsənət
xadimi Sevda İbrahimovanın fortepiano
və orkestr üçün "4 nömrəli konserti" (fortepianoda solo
partiyasını Azərbaycanın
əməkdar artisti, pianoçuların bir sıra beynəlxalq müsabiqələrinin laureatı
Murad Adıgözəlzadə
ifa edirdi), habelə Rüfət Ramazanovun "Qara Qarayevə ithaf" əsəri musiqi sərraflarının gurultulu
alqışlarına layiq
görülmüşdür.
Həmin axşam
səslənmiş əsərlərdən
biri - Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı, ölkəmizin
birinci xanımı Mehriban Əliyevaya həsr edilmiş "Dünyanın qızılgülü"
muğam-simfonik misteriyası
barədə ayrıca
danışmaq vacibdir. Bu əsərin müəllifi
hazırda Kanadada yaşayan həmvətənimiz,
Torontoda və Vaşinqtonda "İpək
yolu" kamera orkestrlərinin bədii rəhbəri, Azərbaycanın
əməkdar incəsənət
xadimi İsmayıl Hacıyevdir. Tanınmış şair və
yazıçı Şərəf
Cəlilinin sözlərinə
bəstələnmiş "Misteriya" respublikanın
xalq artisti Əminə Yusifqızının
ifasında melodik deklamasiyadan başlandı.
Bu əsərin dinləyicilərə təqdim
olunmasında professor Ramiz Quliyev (tar), İkinci respublika muğam müsabiqəsinin laureatı
Güllü Muradova (xanəndə) və Mərkəz Əliyevdən (kamança)
ibarət trio və respublikanın əməkdar artisti Yeganə Axundova (solo royal) da
iştirak etmişdir.
Konsert proqramı zəmanəmizin böyük
bəstəkarı Qara
Qarayevin "Yeddi gözəl" baletindən
təntənəli "Zəfər"
melodiyası ilə başa çatmışdır.
Qeyd etməliyik ki, konsertdə səslənən, dinləyicilərə yüksək zövq verən əsərlər Bakıda ilk dəfə ifa edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 5.