Diabetlə mübarizədə birləşək

 

Ümumdünya Diabet Gününü qeyd etmək təşəbbüsü 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada diabet hallarının yüksəlməsinin qarşısını almaq məqsədilə irəli sürülmüşdür. O vaxtdan etibarən 14 noyabr hər il Ümumdünya Diabet Günü kimi qeyd edilir. Bu tarix həkim Frederik Bantinqin doğulduğu gündür. O, 1921-ci ildə tələbəsi Çarl Best ilə birlikdə insulinin kəşfinə gətirib çıxaran ideyanın müəllifi olmuşdur.

O zaman bu məsələ ətrafında ciddi fikir mübadiləsi aparılmış, dünya miqyasında geniş müzakirələr keçirilmişdir. Nəhayət, həmin tarix rəsmi şəkildə təsdiqlənmişdir. Noyabrın 14-də Ümumdünya Diabet Günü 160-dan çox ölkə, milyonlarla insan, sağlamlığın keşiyində duran mütəxəssislər, nüfuzlu şirkətlər, təşkilatlar, kütləvi informasiya vasitələri tərəfindən yüksək səviyyədə qeyd olunur. Hər il bu tarixlə bağlı diabetə dair əhəmiyyətli mövzularda beynəlxalq miqyaslı müzakirələr, humanitar tədbirlər keçirilir. Diabet və insan hüquqları, diabet və həyat tərzi, diabetə sərf edilən xərclər və digər aspektlərdə aparılan diskussiyalar mütəxəssislərin daim diqqət mərkəzində olur. 2004-cü ildə diabet və piylənmə, 2005-ci ildə diabet və pəncəyə qulluq, 2006-cı ildə diabet kasıblar və əlillər arasında, 2007-ci və 2008-ci illərdə uşaqlarda və yeniyetmələrdə diabet mövzularında maarifləndirici işlər, konfrans və simpoziumlar ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır. 2009-cu ildən 2013-cü ilə qədər isə Ümumdünya Diabet Günü üçün seçilən mövzu diabet təhsili və diabetdən qorunmaya həsr olunub. Həmin kampaniya dörd mühüm məqsədə yönəldilib: hər bir dövlətdə şəkərli diabetin qarşısının alınmasına və idarə olunmasına dair strategiyalar və siyasətlər həyata keçirilməlidir; diabetə düçar olan hər insan diabeti daha yaxşı idarə etməkdən ötrü təlim almalıdır; hər bir insan diabetin xəbərdaredici əlamətləri, diabetin fəsadlarının qarşısının alınması haqqında məlumata malik olmalıdır; Dünya Diabet Günü hər ölkədə qeyd olunmalıdır.

Diabet nədir? Diabet mədəaltı vəzin kifayət qədər insulin ifraz etməməsi səbəbindən yaranan xroniki xəstəlikdir. Bu xəstəlik orqanizmdə insulin istehsalı və təchizatı ilə əlaqədar baş verən problemlər nəticəsində meydana çıxır. Xəstəliyin yaranma səbəbi iki cür olur: ya orqanizm kifayət qədər insulin istehsal etmir və ya heç etmir; ya da effektiv formada istehsal olunan insulini orqanizm istifadə edə bilmir. İnsulin mədəaltı vəz tərəfindən istehsal olunan, hüceyrələrə daxil olaraq qana keçən və enerji istehsalı üçün istifadə edilən hormondur.

İnsulin istehsalının pozulması qanda qlükozanın səviyyəsinin artmasına səbəb olur. Bu vəziyyət hipeqlikemiya adlanır. Belə vəziyyətin uzun müddət davam etməsi orqan və toxumaların fəaliyyətinə mənfi və zədələyici təsir göstərir.

Bu gün dünya praktikasında xroniki qeyri-infeksion xəstəliklərin biotibbi, psixoloji və sosial-iqtisadi aspektlərinə kompleks yanaşılması prosesində şəkərli diabet model kimi götürülmüşdür. Onun geniş miqyasda artımı əhalinin sağlamlığının ümumi səviyyəsini azaldır. Məhz buna görə də ÜST 1992-ci ildə şəkərli diabet xəstəliyini qeyri-infeksion epidemiya kimi qiymətləndirmişdir. ÜST-nin məlumatına görə, 1985-ci ildə dünyada 30 milyon şəkərli diabetlə xəstə insan olduğu halda, bu gün həmin rəqəm 250 milyondan çoxdur. 20 il ərzində isə bu rəqəmin 380 milyona qədər yüksələcəyi proqnozlaşdırılır. Ona görə də, şəkərli diabet ÜST-nin qarşısında duran bir nömrəli problemdir. Xəstəliyin gecikmiş ağırlaşmaları nəticəsində ölüm faizinin yüksək olduğu mütəxəssisləri daha çox təlaşlandırır. Çünki indi müəyyən edilib ki, şəkərli diabet nəinki endokrin, həm də ürək qan-damar sistemini zədələyən xəstəlikdir. Hazırda bir nömrəli problem kimi ürək-damar, ikinci yerdə şiş, sonra travmatologiya, dördüncü yerdə isə şəkərli diabet xəstəliyi durur. Lakin bu xəstəlik ürək-damar fəsadları verdiyinə görə, o, artıq birinci problemlə birləşir. 2005-ci ilin statistikasına görə, əhalinin ümumi populyasiyası ilə müqayisədə şəkərli diabetlə xəstə olanlar arasında ürək, qan-damar çatışmazlığından ölüm halları 4-5 dəfə, korluq halları 10 dəfə, qanqren və aşağı ətrafların amputasiyası 50 dəfə, xroniki böyrək çatışmazlığı 5 dəfə çoxdur. Diabetin xroniki ağır fəsadlarına qoyulan maddi vəsait (məsələn, hemodializ) onun profilaktikasına sərf edilən məbləğdən qat-qat çoxdur. Artıq sivil ölkələrdə bunu elmi iqtisadi baxımdan sübut etdikləri üçün şəkərli diabetin müalicə və profilaktikasına xüsusi yer verilir. Əgər il ərzində HİV AİDS-dən 250 xəstə həyatla vidalaşırsa, şəkərli diabetdən 1 milyon 200 min xəstə dünyasını dəyişir.

Şəkərli diabet ömür boyu nəzarət, qayğı və monitorinqə ehtiyacı olan xroniki xəstəlikdir. Çox təəssüf ki, bu gün diabet uşaq və yeniyetmələr arasında sürətlə inkişaf edir. O, çox ağır həyati təhlükəli fəsadlar verən üzücü bir qeyri-infeksion epidemiyadır. Birinci növ diabetə yoluxma halı hər il körpə uşaqlarda 3 faiz, məktəbəqədər uşaqlarda 5 faiz artır. Statistikaya əsasən, dünya üzrə 15 yaşından aşağı 70 min uşaqda hər il birinci tip diabet aşkarlanır. Yəni, hər gün 200 uşaq bu epidemiyaya yoluxur.

Son zamanlar yeniyetmələrdə hərəkət fəallığının azalması, artıq çəki problemi 2-ci tip diabetin bu yaşda rastgəlmə tezliyini artırır. Xəstəliyin belə sürətlə artması pəhrizdə əsaslı dəyişikliyin vacib olmasını zəruri edir. 2-ci tip diabetli uşaqların əksəriyyətində diaqnoz qoyulan anda çəki artıqlığı və piylənmə problemi müşahidə olunur. Bu tip diabetə tutulma riskinə bir çox amillər aiddir: irsi, etnik mənsubiyyət, yüksək qan təzyiqi, fiziki aktivliyin minimal dərəcədə olması, doğularkən çəkinin həddindən artıq çox və ya az olması və s. ABŞ-da 80 faizdən artıq 2-ci tip diabeti olan uşaqlar Afrika, Latın Amerikası, Asiya mənşəli olmuşlar.

Dünyada diabet yalnız tibbi deyil, həm də ağır sosial-iqtisadi problem sayıldığı üçün epidemiyaya tutulan şəxslər əsasən dövlət qayğısı ilə əhatə olunurlar. Azərbaycanda keçmiş sovetlər dövründə belə yardım mexanizmi işləsə də (diabet xəstələrinə pulsuz insulin və həblərin verilməsi, onların vaxtaşırı müayinəsi və s.), ötən əsrin 90-cı illərində bu mexanizm, demək olar ki, bütünlüklə unuduldu. 2003-cü il dekabrın 23-də MDB məkanında ilk dəfə olaraq Azərbaycanda Milli Məclis tərəfindən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edildi. Bununla da, müstəqillik dövründə bu sahədə yeni bir mexanizmin əsası qoyuldu. 2004-cü ilin 12 fevralında qanunun tətbiqinə dair dövlət başçısı tərəfindən fərman imzalandı və Nazirlər Kabinetinə diabet xəstələrinə qayğının mexanizmini əks etdirən xüsusi proqramın hazırlanması tapşırıldı. Həmin dövlət proqramı 2005-ci ildən fəaliyyətdədir. 2006-cı ildə onun icrasına 6 milyon manat, 2007-ci ildə 12 milyon, 2008-ci ildə isə 19 milyon manat vəsait ayrılıb. Diabet xəstələrinin illik artım tempi nəzərə alınaraq, proqramın icrasına hər il əvvəlki illərlə müqayisədə 15 faiz artıq vəsaitin yönəldilməsi qərara alınıb.

Bu gün şəkərli diabet xəstələrinin 90 faizi şəkər ölçən aparatlarla, test çubuqları ilə təmin olunmuş, hər bir xəstəyə kifayət qədər insulin, şəkərsalıcı həblər verilmişdir. Xəstələrin müayinəsi də dövlət hesabınadır, onlar ildə iki dəfə pulsuz həkimlərin nəzarətindən keçirlər. Bir sözlə, dövlət bu xəstələrə yardımı tam şəkildə öz üzərinə götürmüşdür.

Ötən il Moskvada Novo Nordisk şirkətinin təşəbbüsü və maliyyə dəstəyi ilə "Diabetlə mübarizədə birləşək" mövzusunda möhtəşəm beynəlxalq forum keçirilmişdir. Həmin beynəlxalq məclisdə respublikamızı Milli Məclis Aparatının sosial siyasət şöbəsinin müdiri Adilə Abasova təmsil etmişdir. Burada Rusiyanın bir çox rayonlarından, MDB dövlətlərindən, habelə xarici ölkələrdən olan 500-ə yaxın nümayəndə iştirak etmişdir. Həmin forumda MDB dövlətləri içərisində birinci olaraq Azərbaycanda bu sahədə qəbul olunmuş qanundan model qanun kimi istifadə olunması tövsiyə edilmişdi.

Beynəlxalq Diabet Federasiyası (BDF) "Ümumdünya Diabet Günü"nə həsr olunan kampaniyaya başçılıq edir və ildə iki dəfə bu sahədə aktuallığı ilə fərqlənən mövzular müəyyənləşdirir, qlobal elektron səhifəni idarə edir, diabetlə bağlı bütün materialları tərtib etməkdə və sosial proqram təminatında cavabdehlik daşıyır. Azərbaycan Diabet Cəmiyyəti BDF-nin üzvüdür və vaxtaşırı Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin dəstəyi ilə çoxsaylı tədbirlər həyata keçirir.

Son illər bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Səhiyyə sahəsində həyata keçirilən layihələr içərisində "Diabetli uşaqlara ən yüksək qayğı" ilə bağlı reallaşdırılan tədbirlər cəmiyyətdə böyük rezonansa və rəğbətə səbəb olmuşdur. Hər il Heydər Əliyev Fondu tərəfindən humanitar aksiya keçirilərək şəkərli diabet xəstəsi olan uşaqlara pulsuz insulin, şprislər, qlyükometrlər, onların test çubuqları paylanılır. Çox sevindirici haldır ki, xəstələrə bu diqqət və qayğı kampaniya şəklində deyil, il ərzində müntəzəm göstərilir.

Hazırda Azərbaycanda şəkərli diabetlə xəstə olan insanlar, xüsusilə, uşaqlar üçün mühüm işlər görülür. Bakı, Şəki, Mingəçevir və Naxçıvanda endokrinoloji dispanserlər, Gəncə şəhərində poliklinika şöbəsi olan endokrinoloji xəstəxana, həmçinin Bakıda respublika Edokrinoloji Mərkəz fəaliyyət göstərir. Qeyd edilən müəssisələrlə yanaşı, şəkərli diabetlə xəstə olanlara ambulator və stasionar yardım poliklinikaları, tibbi sanitariya hissələri, mərkəzi rayon xəstəxanalarının endokrinoloji kabinetləri və şöbələri tərəfindən də yüksək səviyyəli xidmət təşkil olunur. Şəkərli diabet xəstələri üçün ixtisaslaşdırılmış çarpayıların ümumi sayı artırılır. Bakı, Sumqayıt, Şəki və Mingəçevirdə endokrinoloji xidməti olan tibb müəssisələrində xəstələr üçün özünənəzarət təlim məktəbləri mövcuddur.

Bu il Ümumdünya Diabet Günündə Azərbaycan Diabet Cəmiyyəti (ADC) bütün həftəni diabet gününə həsr edəcək. Tədbir Avropa otelində başlayacaq, sonrakı gün 6 saylı uşaq xəstəxanasında diabet günü keçiriləcək. Həmin gün xəstəxanada qeydiyyatda olan şəkərli diabet uşaqlara müxtəlif suvenirlər, Beynəlxalq Diabet Federasiyasının materialları və AkuÇek qlyükometrləri pulsuz veriləcək.

Milli Məclisin komissiya iclasında iştirak edənlərə xüsusi nişanlar paylanacaq, həmçinin deputatların istəyi nəzərə alınaraq onların qanda şəkəri yoxlanılacaq.

Lənkəranda ADC-nin təşəbbüsü ilə diabet günü qeyd ediləcək.

Həftənin sonunda jurnalistlər üçün mətbuat konfransı keçiriləcək.

 

 

Rafiq MƏMMƏDHƏSƏNOV,

Azərbaycan Tibb Universitetinin

prorektoru, respublikanın

baş endokrinoloqu,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 6.