Əqli mülkiyyətin qorunmasında əsas şərtlər

 

Son illər biliklərin və mədəniyyət funksiyalarının köklü şəkildə dəyişməsi, əqli fəaliyyət nəticələrinin iqtisadiyyatda mühüm amilə çevrilməsi müəllif və digər əqli mülkiyyət hüquqlarına marağı daha da artırıb. Əqli mülkiyyətin qorunması isə milli mədəni irsin, milli özünəməxsusluğun və adət-ənənələrin yaşadılmasının mühüm şərtlərindən biri hesab olunur. Güclü mədəni sənayenin yaradılması, eləcə də vacib iqtisadi alətə çevrilməsi, ölkəmizə sərmayə axınının güclənməsi və onun təhlükəsizliyi əqli mülkiyyəti qoruyan qanunvericiliyin və idarəçilik sisteminin olmasından çox asılıdır. Bu və digər məsələlər barədə suallarımıza Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, əqli mülkiyyət sahəsində tanınmış ekspert Kamran İmanov cavab verir.

 

- Əqli mülkiyyətin, müəlliflik hüququ və digər əqli mülkiyyət hüquqlarının rolu son illər mədəniyyətdə, iqtisadiyyatda və informasiya cəmiyyətində nəzərəçarpacaq dərəcədə artıb. Bu dəyişikliklərin səbəbləri nə ilə bağlıdır?

- Əqli mülkiyyət mövcud biliklərdən və onların mənimsənilməsindən başlayır, əqli fəaliyyət nəticələri ilə başa çatır və yeni biliklərin yaranmasına gətirib çıxarır. Bu bilikləri insan həyatının istər sosial-iqtisadi, istərsə də mədəni sahəsinə aid etmək olar. Biliklər isə obyektiv əks olunaraq, yəni "maddiləşərək" qeyri-maddi nemətdən maddi nemətə çevrilir və əqli mülkiyyət olur. Bir sözlə, əqli mülkiyyət biliklər dövranında əmələ gəlir. Təsadüfi deyildir ki, əcdadlarımızın yaratdığı ölməz söz abidəmiz olan "Qutadqu-bilik"də insanlara səadət gətirənin əql və biliklər olması qeyd edilmişdir.

Son illər dünyada ən çox nəzərə çarpan və sürətlə inkişaf edən də fenomen əqli mülkiyyətdir. İctimai rəyi və dövlətlərin siyasətini cəlb edən isə əqli mülkiyyətin dəyişmiş iqliminin idarə edilməsidir. Çünki betona və dəmirə əsaslanan iqtisadiyyat ardıcıl olaraq ideya və biliklərə əsaslanan iqtisadiyyata çevrilərək "biliklər iqtisadiyyatı", "kreativ industriya", "rəqəmli mədəniyyət formaları"nı yaradır. Bu gün inkişaf etmiş ölkələrin 80-90 faizinin ÜDM-dəki artımı texnika və texnologiyalarda əksini tapmış yeni biliklər hesabınadır.

Müəlliflik hüququna əsaslanan sənayenin (kreativ industriya) dünya iqtisadiyyatındakı payı 8 faizə qədər olduğu halda trilyonlarla ABŞ dolları ilə ölçülür, son 10 ildə illik artımı 5-6 faiz, son 5 ildə isə 10,5 faiz olub. Ümumiyyətlə, son 20 ildə artım 460 faiz təşkil edibdir.

Mikroiqtisadi səviyyədə cərəyan edən proseslər də diqqəti cəlb edir. Belə ki, firma və şirkətlərin əqli mülkiyyətə əsaslanan qeyri-maddi aktivləri maddi aktivləri sıxışdırıb öz xeyrinə 3:1 nisbətinə çatdırıb. Ən məşhur şirkətlərdə isə bu rəqəm daha çoxdur. Misal üçün, "Coca-cola"da 46:4, "Walt Disney"də 80:20. "Microsoft" şirkətinin dəyəri mühasibat hesabatlarına əsasən 90 mlrd. ABŞ dolları olduğu halda, onun bazar kapitalizasiyası 270 mlrd. təşkil edir. Bu isə 180 mlrd. payı olan əqli mülkiyyətdir.

Biz mədəniyyət ifadələrinin əksəriyyətinin rəqəmləşdirilərək internetə miqrasiyasının şahidiyik. Musiqi, filmlər, yeni xəbərlər proqramları, ədəbiyyat və incəsənət nümunələri - bunlar artıq qlobal rəqəmli şəbəkədədir. Yalnız məşhur portal "You Tube"də hər dəqiqə daxil edilən rəqəmli kontent 10 saatlıq videoproqramlardan ibarətdir. İnformasiya-kommunikasiya texnologiyaları və əqli mülkiyyət birləşməsi İT-İP elektron ticarəti tərəfindən gücləndirərək virtual bazarı əqli mülkiyyət bazarına çevirib. ABŞ-da bu virtual bazardan alınan malların 38 faizi softver, Fransada 40 faizi musiqi və videoqram, Avstriyada 25 faizi kitab və nəşrlərdir.

Dünyada cərəyan edən bu prosesləri nəzərə alaraq, Azərbaycan dövləti əqli mülkiyyət sahəsini və əqli mülkiyyət hüquqlarının qorunması və təminatını prioritet sahə kimi qəbul edərək çoxsaylı kompleks tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin dəstəyi nəticəsində ölkəmizdə zəngin qanunvericilik və normativ-hüquqi baza, çevik milli idarəetmə institutu və geniş beynəlxalq mübadilə və əməkdaşlıq sistemi yaradılıb. Bu sahədə islahatlar və yeniliklər davam etdirilir.

Bununla yanaşı, hüquqi maarifləndirmə, əqli mülkiyyət mədəniyyətinin formalaşması və səviyyəsinin artırılması istiqamətlərində iş gücləndirilir. Bazarın tənzimlənməsi, ədalətli rəqabətin düşmənləri olan piratçılıq və saxtamalçılığa qarşı mübarizənin yenidən qurulması zərurətinə uyğun cavablar hazırlanır. Yeni əqli mülkiyyət obyektlərinin qorunması, xüsusən ənənəvi biliklərin və folklorun qorunmasına aid ardıcıl tədbirlər həyata keçirilir. Məqsəd Prezident İlham Əliyevin dediyi kimi, qara qızılı insan sərvətinə çevirməkdir.

- Əqli mülkiyyət nədir və bununla bağlı agentliyin fəaliyyətinin əsas istiqamətləri hansılardır?

- Əqli mülkiyyət - qeyri-maddi mülkiyyətdir, ona görə ki, əqlin, zəkanın hesabına yaranır. Əqlin yaratdığı öz yaradıcısından ayrılandan sonra obyektivləşir və adətən maddiləşir, bununla da üçüncü şəxslər tərəfindən istifadə oluna, hətta mənimsənilə bilir. Buna görə də əqli mülkiyyət obyektinin yaradıcısına onun mülkiyyətini təsdiq edən müvafiq hüquqların verilməsi vacibdir. Bu, qanunvericilik, normativ-hüquqi və qeydiyyat qaydasında həyata keçirilir. Hüquqların tanınması və qorunması adlandırdığımız bu funksiyalar Agentliyin vəzifələri dairəsinə daxildir. Əslində hüquq vəzifəni deyil, vəzifə hüququ doğurur. Söhbət cəmiyyətin əqli mülkiyyət yaradıcısının hüquqlarını tanıması barədə borcundan gedir.

Müəlliflər öz hüquqlarının sərəncamçılığını sərbəst həyata keçirirlər - bu xüsusi hüquq sahəsidir. Amma bir çox hallarda, məsələn, musiqili, dramatik, audiovizual əsərlərin və istənilən rəqəmli hüquqların idarə olunması müəlliflər tərəfindən yaradılan cəmiyyətlər tərəfindən aparılır. Həmin cəmiyyətlər müəlliflər üçün onların əsərlərindən istifadəyə görə maddi mükafat - qonorar yığırlar. Cəmiyyətlərin fəaliyyətinin, onların təsir seqmentinin tənzimlənməsi, fəaliyyətlərinə nəzarət edilməsi - bütün bunlar da agentliyin vəzifələrinə daxildir. Bu, hüquqların idarə olunması sahəsidir.

Bəllidir ki, hüquqlar pozularkən məhkəmə baxışının predmetinə çevrilir. Bu zaman müəlliflərə hüquqi yardım göstərilməsi, iddiaların təmənnasız olaraq hazırlanması, məsləhət verilməsi, "qaynar xətt", ekspert rəylərinin hazırlanması, üçüncü şəxs qismində məhkəmələrdə iştirak edilməsi və bir sıra digər işlər də Agentlik tərəfindən həyata keçirilir. Bu isə hüquqların müdafiəsi sahəsidir. Buraya həmçinin piratçılıqla mübarizədə koordinasiya işini, müxtəlif seqmentlərdə piratçılığın səviyyəsinin müəyyən edilməsi üzrə bazarda monitorinqlərin aparılmasını və s. də aid etmək olar.

- Agentlik konkret olaraq hansı hüquqlarla məşğuldur?

- Bu, ilk növbədə elm, ədəbiyyat və incəsənət sahəsində bütün növ əsərlərə, həmçinin kompüter proqramları və məlumat bazalarına, inteqral sxem topologiyalarına və informasiya texnologiyalarının digər obyektlərinə, istənilən rəqəmli müəlliflik hüququ obyektlərinə olan hüquqlardır. Nəhayət, bu, Azərbaycan xalqının folklor nümunələrinə, mədəni irsə olan hüquqdur.

- Softverdən tutmuş folklora qədər bu fəaliyyəti hansı sahəyə aid etmək olar?

- Bu çox vacib məsələdir, belə ki, Agentliyin fəaliyyət istiqamətləri diqqət spektrimizdə olan obyektlər dairəsinin genişliyi səbəbindən çoxplanlıdır. Məsələyə aydınlıq gətirmək üçün deyim ki, əqli mülkiyyət sahəsinə bütövlükdə, o cümlədən müəllif hüquqlarına birmənalı qısa formada tərif vermək çətindir. Səbəb - biliklərin sinkretikliyində və bu sahənin özünəməxsusluqlarındadır.

Beləliklə, əqli mülkiyyəti məzmununa, formasına və təyinatına görə xarakterizə etmək olar. Məzmununa görə bu, menecer - idarəçilk, texniki və humanitar-mədəni istiqamətdir. Formasına görə hüquqi, təyinatı isə - iqtisadidir.

- Yeri gəlmişkən, belə bir fərqli fikir də var ki, bu sahə ancaq mədəniyyət sahəsinə aiddir.

- Bu yanlış mövqedir, belə ki, əqli hüquqlar iqtisadi dövriyyədə çox böyük rol oynayır. Misal üçün, inkişaf etmiş ölkələrdə müəllif hüquqları sənayesinin ÜDM-də payı 7 faizdən 15 faizə qədər dəyişir, Azərbaycanda isə aparılmış milli təhlil bunun 2,4 faiz olduğunu göstərib. Bu cür təhlillərin aparılması da Agentliyin funksiyalarından biridir. Bir sözlə, bizim dövlət qurumu - müəllif hüquqları və digər əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən, yaradıcı əmək və əqli fəaliyyət nəticələrinin yayılması üçün, həmçinin bu sahəyə investisiya qoyuluşunun genişləndirilməsi üçün stimullaşdırıcı şəraitin formalaşdırılması ilə məşğul olan mərkəzi icra hakimiyyəti orqanıdır.

- On aydan artıqdır ki, yenidən Agentliyə rəhbərlik edirsiniz. Bu müddət ərzində hansı işlər görülüb?

- Dövlət başçısı tərəfindən bu vəzifəyə təyin olunarkən mənə konkret tapşırıqlar verilib. İdarənin peşəkar simasını qaytarmaq və qısa müddət ərzində MDB məkanında lider mövqelərini bərpa etmək. Agentliyin itirilmiş mövqelərini hallandırmadan, yalnız bəzi səbəbləri qeyd edəcəyəm: ötən əsrin ortalarının müəllif - hüquq sisteminə yönəlmə, rəqəmli müəllif hüququ və biliklərə əsaslanan iqtisadiyyatla bağlı vəzifələrin dərk edilməməsi və buna uyğun olaraq, işin qurulmaması. Beləliklə, biz daxili struktur dəyişiklikləri ilə yanaşı, ÜƏMT, Avropa və ABŞ strukturları, "Microsoft"un Nümayəndəliyi və digər təşkilatlarla əlaqələri bərpa etdik. Bu görüş və müzakirələrlə yanaşı, "müəlliflər - istifadəçilər - hüquqları kollektiv idarəetmə təşkilatları" sisteminin bütün sahələri üzrə vəziyyət dəqiq təhlil olundu və Agentliyin maddi-texniki bazasının genişləndirilməsi üzrə tədbirlər görüldü. Nəhayət, Online tətbiqinə əsaslanan rəqəmli qeydiyyat sistemi yaradıldı. İdarənin 3 ildən çox fəaliyyəti donmuş saytı yeniləndi. Folklorun rəqəmli bazası, kataloq yox, məhz rəqəmli kitabxana yaradılır. Online DRM (rəqəmli hüquqların idarə olunması və s.) mərkəzinin yaradılması üzrə işlər gedir. Bazarın müxtəlif seqmentlərində piratçılığın səviyyəsinin aşkar edilməsi üzrə monitorinqlər təşkil olunub. Xüsusi qeyd edirəm ki, burada söhbət mağazaların əvvəlki kimi yoxlanılmasından yox, məhz monitorinq keçirilməsindən gedir. Bundan başqa, ictimai əsaslarla fəaliyyət göstərən "Əqli mülkiyyət tədris mərkəzi" yaradılıb.

2009-cu ilin yanvar ayından bəri müxtəlif mövzularda 5-i beynəlxalq tədbir olmaqla, 10 simpozium və seminar keçirmişik.

Avropa İttifaqı ilə birgə keçirilmiş "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə: təcrübə və problemlər" mövzusunda; İsveçrə hökumətinin İsveçrə Əməkdaşlıq İdarəsi və İsveçrə Səfirliyi ilə birgə keçirilmiş "Azərbaycanda Əqli Mülkiyyət hüquqlarının təminatının zərurəti" mövzusunda; ÜƏMT və CİSAC ilə birgə keçirilmiş "Müəlliflik hüququ və müasir tendensiyalar"; "Microsoft" ilə birgə keçirilmiş "İnformasiya-kommunikasiya texnologiyaları (İKT) obyektləri və müəlliflik hüququ"; nəhayət, "Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı" mövzusunda seminar, simpozium və konfranslar. Düşünürəm ki, bu tədbirlərdə toxunulan problemlər bizim fəaliyyətimizdəki prioritet istiqamətlər barədə nəticə çıxarmağa imkan verir.

- Fəaliyyətinizdəki prioritet istiqamətlər barəsində də məlumat verməyiniz yerinə düşərdi.

- Birincisi, əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması üzrə müntəzəm iş aparılması, bazarın və rəqabətin düşməni olan piratçılıqla mübarizənin təşkili. Özünüz nəticə çıxarın, hətta inkişaf etmiş ölkələrdə piratçılığın səviyyəsi 20-40 faiz arasında, MDB ölkələrində isə 80-92 faiz arasında dəyişir. Avropa Komissiyasının məlumatlarına görə, bu, dünya iqtisadiyyatının 7 faizi və illik 300 milyard dollar zərər deməkdir. Azərbaycanda isə piratçılığın səviyyəsi seqmentdən asılı olaraq 50 faizdən 90 faizədəkdir. Bu, müəllif-hüquq sisteminin bütün elementlərinə zərbə vurmaqla yanaşı, büdcəyə də külli miqdarda ziyan dəyir. Göründüyü kimi, əsaslı şəkildə görəcəyimiz işlər hələ çoxdur, nəinki hüquqi, maarifləndirmə və məlumat xarakterli tədbirlər, eləcə də kardinal tədbirlərin görülməsinə ehtiyac. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının 2009-cu ilin sentyabr ayında keçirilən assambleyasında baş direktor Frensis Qarrinin qeyd etdiyi kimi, piratçılıq - konseptual problemdir və onun bugünkü vəziyyəti digər fundamental məsələdən - rəqəmli texnologiyaların inkişafından irəli gəlir. Onu da xüsusi vurğulamaq istərdim ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq, Agentlik tərəfindən "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" Qanun layihəsi hazırlanmışdır. Qəbul ediləcək qanuna əsasən, tərkibində əqli mülkiyyət olan məhsullar şərti olaraq "boyanmalı", yəni satış şəbəkəsinə daxil olmamışdan əvvəl onlara xüsusi nəzarət markaları - holoqramlar vurulmalıdır.

Biz TACIS ekspertləri ilə birgə bu təcrübənin öyrənilməsi, holoqram və qurğuların seçilməsi, həmçinin bu prosesə təminat verən texnologiyanın yaradılması üzrə vacib işlər görmüşük. Əlavə edim ki, benefisiarı olduğumuz Tvinninq layihəsi çərçivəsində bu işlə potensial məşğul ola biləcək xüsusi Əqli mülkiyyət Mərkəzinin yaradılması üzrə işlərə başlanıb.

Yeri gəlmişkən, bu iş ÜƏMT tərəfindən yüksək dəyərləndirilib və bu ilin noyabrında ÜƏMT ilə əməkdaşlıqda bizim təcrübənin öyrənilməsi və inkişaf etdirilməsi üzrə MDB ölkələri üçün plandankənar xüsusi seminar-simpozium keçirilməsi nəzərdə tutulub.

İkincisi, bizim prioritetimiz rəqəmsal mühitdə müəlliflik hüququnun gələcəyidir. Hazırkı dövrdə İT-İP dueti bir-birinə o qədər sıxılıb ki, İT İP-yə mane olur. İş burasındadır ki, İT-nin özü də İP obyektləridir, lakin onların özləri qorunmanın pozulmasına imkan verirlər. Misal üçün, indi əqli mülkiyyətin bütün obyektləri rəqəmləşdirilir. E-com imkanından çıxış edərək satılan virtual malların 50 faizdən çoxu əqli mülkiyyətdir, onların 5-dən 4-ü isə müəlliflik hüququ ilə qorunur. Rəqəmsal mühitin konvergensiyası dünya müəlliflik hüququnda dərin stress yaradıb. Misal üçün, musiqi sahəsində 2008-ci ildə istifadəçilər arasında qeyri-leqal mübadilə 40 milyard fayl təşkil edir ki, bu da piratçılığın 95 faiz olması deməkdir. Azərbaycana gəldikdə isə, təəssüflə qeyd etməliyəm ki, rəqəmli hüquqlarla ümumiyyətlə, məşğul olunmayıb. Bu səbəbdən də bizim hüquq sahibləri "kim nəyə qadirdir" prinsipi üzrə fəaliyyət göstərərək özlərini plagiat və qeyri-qanuni istifadədən qorumağa çalışırlar. Məhz buna görə biz rəqəmli hüquqlarının idarə olunması üzrə mərkəzin yaradılmasına zəruri ehtiyac duyuruq, onun təşkilati-struktur və funksional layihəsini artıq hazırlamışıq və ilkin mərhələdə mərkəzin fəaliyyətinin qurulması üçün ona maliyyə vəsaiti ayrılması xahişi ilə hökumətə müraciət etmişik.

Agentliyin Azərbaycan və rus dillərində buraxdığı "Rəqəmli şəbəkələrdə əqli mülkiyyət hüquqlarının idarə olunması" kitabı və "Microsoft"un Nümayəndəliyi ilə birgə keçirdiyimiz "İnformasiya- kommunikasiya texnologiyaları (İKT) obyektləri və müəlliflik hüququ" və "Əqli mülkiyyətin innovasiyalarda rolu" mövzularında seminarlar da bu məqsədə xidmət edir. Bir sözlə, burada görüləsi işlər həddən artıq çoxdur.

Üçüncüsü, müasir iqtisadiyyat "biliklərə əsaslanan iqtisadiyyat" olmaqla bərabər, biliklərin özü də valyuta xarakteri alıbdır. Məsələ həm də ondadır ki, iri istehsalçıların maddi aktivləri əsasını əqli mülkiyyət təşkil edən qeyri-maddi aktivlər tərəfindən əvəz olunur. Əqli mülkiyyətin dəyərini qiymətləndirməyi bacarmaq lazımdır və bizim tərəfimizdən bu iş təşkil olunub və müvafiq təkliflər hazırlanıb.

Biz makroiqtisadi səviyyədə iqtisadiyyatın artımına innovasiyaların təsiri, ölkənin ÜDM-də müəllif hüququna əsaslanan sənayenin payı barədə hökuməti vaxtında məlumatlandırmalıyıq. Bu istiqamətdə işlər görülür və əldə olunun nəticələr barədə hökumətə məlumat verilir. Bu sahədə təcrübəmiz ÜƏMT tərəfindən də bəyənilib və gələn ilin birinci yarısında Bakıda həmin məsələlərə həsr olunacaq geniş tərkibli beynəlxalq seminarın keçirilməsi gözlənilir. Onu da qeyd edim ki, Milli Məclisin İqtisadi siyasət komitəsi ilə birgə keçirdiyimiz "Əqli mülkiyyət, onun iqtisadi əhəmiyyəti və qiymətləndirmə metodları" mövzusunda seminar da mütəxəssislər və geniş ictimaiyyət tərəfindən maraqla qarşılandı. Bütün bu işlər öz əksini əqli mülkiyyət sahəsində milli strategiyada - Əqli Mülkiyyət Dövlət Proqramında tapmışdır. Təsdiqə verilən bu sənəd ÜƏMT tərəfindən bəyənilib və Agentliyin rəhbərliyinə bununla bağlı ÜƏMT-nin xüsusi tədbirində çıxış etmək üçün dəvət göndərilib.

Dördüncüsü, "Azərbaycan ənənələrinin mənimsənilməsi erməni ənənəsi"nə qarşı fəal, hücum xarakterli əks tədbirlərdir.

- Folklor nümunələrimizin ermənilər tərəfindən oğurlanması faktları barədə tez-tez eşidirik və məsələ ilə bağlı Agentliyin fəal mövqeyi bizə bəllidir. Bu sahədə son vaxtlar görülən işlər barədə nə deyə bilərsiniz?

- Erməni plagiatından danışanda ilk növbədə onun köklərinə nəzər salmaq lazımdır. Cənubi Qafqazda gəlmə etnos olan ermənilərin "böyük Ermənistan" mifik xülyası və torpaqların əsl sahibi olan xalqın maddi və qeyri-maddi mədəni irsini mənimsəmək və erməniləşdirmək iddiası açıqlanmalıdır. Bəllidir ki, ermənilər tarixdə olmayan "böyük Ermənistan" və "böyük erməni mədəniyyəti" niyyətlərini reallığa çevirmək üçün bir sıra çirkin üsullara əl atırlar.

Ermənilərin intellektual və maddi mədəniyyət oğurluqları, tarixi-coğrafi uydurmaları və saxta tarix formalaşdırmaları onlarda ənənəyə çevrilmişdir. J.Malevilin dediyi kimi, "...Erməni təbliğat maşınında marksist dialektikasının üç metodu hərəkətə gətirilmişdir: tarixin təzədən yazılması, erməni xalqını istismar edənlərin məxfi sui-qəsdi barədə tezis və mənəviyyat naminə, bilərəkdən onu hüquqla dəyişik salaraq qarşı tərəfin günahlandırılması". Onu da deyək ki, erməniçilik həmişə özünə xas olan məqsəd və niyyətləri qarşı tərəfin boynuna qoymağa çalışmışdır.

Ermənilər özlərinə mədəniyyət yaratmaq üçün dastan, bayatı, atalar sözləri, nağıl və lətifələrimizi, aşıq yaradıcılığını, musiqi, mahnı və rəqslərimizi mənimsəyir və "özününküləşdirir", xalçalarımızı və onların naxışlarını, mətbəx reseptlərimizi və xörəklərimizin adlarını özlərinə çıxırlar. Daş-at və Daş-balıq abidələrimizin ermənilərə aid olmasını "sübut" etmək üçün "dənizkənari" ermənilər, "atlı" ermənilər, tarixdə bəlli olmayan erməni çarları sülaləsi və Gəmiqaya barədə uydurmalar və absurd fikirlər irəli sürürlər. Nizaminin Şirininin erməni, Xosrov Pərvizin sarayındakı musiqiçilərin başçısı Sərkeşin "Sarkis" olması, Möminə-Xatun türbəsinin "ermənilər tərəfindən tikilməsi" və Dədə Qorqudun müəyyən fəsillərinin ermənilər tərəfindən yazılması haqqında absurd "elmi-tarixi fikirlər" də ermənilərin "yaradıcılığıdır".

Bütün bunlara qarşı geniş cəbhədə mübarizə aparmaq borcumuzdur. Prezident cənab İlham Əliyevin dediyi kimi: "Mən dəfələrlə demişəm və təkrar edirəm ki, biz informasiya hücumuna keçməliyik". Ölkə başçısının bu sözlərinə əməl edərək erməni oğurluqlarına qarşı müdafiə mövqeyindən imtina edib, hücum mövqeyini seçmişik. Ermənilərin əməllərini, oğurluq ənənələrini onların öz dili ilə və mənbələri əsasında ifşa edirik.

Ötən il işıq üzü görmüş, müəllifi olduğum "Erməni yadelli nağılları" ("Armənskie inorodnıe skazki") əsəri də ermənilərin uydurma və absurd fikirlərinin ifşa edilməsinə həsr olunub. Agentliyin bu yaxınlarda buraxdığı "Gəldim, gördüm, ...mənimsədim" (Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi erməni ənənəsi haqqında) kitabçasında da Azərbaycan folklorunun ermənilər tərəfindən mənimsənilməsi barədə erməni etirafları toplanıb. "Azərbaycan folklorunun və ənənəvi biliklərin qorunması: erməni plagiatçılığı" mövzusunda keçirilmiş konfrans da bu baxımdan əhəmiyyətlidir.

Ümumiyyətlə, ermənilərin oğurluq faktlarının ifşası üçün müxtəlif üsullardan istifadə edirik. Məsələn, folklor nümunələrimizin ermənilər tərəfindən oğurlanması faktları barədə dəfələrlə ÜƏMT-yə, YUNESKO-ya və digər beynəlxalq təşkilatlara məlumatlar göndərmişik. Bu mövzuda genişformatlı konfransların təşkili, erməni plagiatçılığı barədə çoxsaylı məqalələrin dərc edilməsi də aparılan işin tərkib hissəsidir. Bununla belə, hesab edirəm ki, əsas iş mədəni irsimizin təbliğidir və bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etməliyik.

Biz beynəlxalq tədbirlər zamanı da erməni oğurluqları barədə geniş məlumat verməyə çalışırıq. Elə bu yaxınlarda iştirak etdiyim ÜƏMT-nin Əqli Mülkiyyət və Genetik Resurslar, Ənənəvi Biliklər və Folklor üzrə hökumətlərarası komitənin növbəti sessiyası da əhəmiyyətli oldu. Tədbirin keçirildiyi günlərdə iştirakçılara Heydər Əliyev Fondu tərəfindən hazırlanan dərin məzmunlu zəngin təbliğat materialları paylandı. Yüz illər boyunca Azərbaycanın zəngin mədəni irsinin, xüsusən söz, musiqi, mahnı və musiqili rəqs folklorunun və s. mədəni irs nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və dünya ictimaiyyətinə öz yaradıcılıq nümunələri kimi təqdim olunması, həmçinin milli mətbəximizin reseptlərinin, xörəklərimizin adlarının, xalçatoxuma ənənələrinin və azərbaycanlılara məxsus bir çox digər ənənəvi biliklərin də erməni plagiatına məruz qalması barədə geniş məlumat verildi. Bir sözlə, bu, ümummilli məsələdir və burada hamının iştirakı və köməyi zəruridir.

- Sonda bir məsələni də bilmək istərdik. Sizin tez-tez işlətdiyiniz folklor apelyasiyanız - "kənarda həqiqəti axtarmamaqdan ötrü özün ədalətli olmalısan" kimə ünvanlanıb?

- İş ondadır ki, müəllif-hüquq sisteminin bütün elementləri sıx, qarşılıqlı əlaqəlidir. Hər hansı bir zədə hamısına zərbə vurur. Bununla yanaşı, hüquqların pozulması bütün səviyyələrdə baş verir: "müəllif - istifadəçi - kollektiv idarəetmə təşkilatı". O cümlədən bəzi müəlliflər digərlərinin hüquqlarını, istifadəçilər müəlliflərin hüquqlarını, kollektiv idarəetmə təşkilatları da müəlliflik hüquqlarını pozurlar. Bəziləri "plagiatla məşğul olur", digərləri qanunsuz istifadə edir, bir başqası qonorarı tam yığmır və ya məcburi şərtlərlə yığır. Nəticədə hamı əziyyət çəkir. Beləliklə, "kənarda həqiqəti axtarmamaqdan ötrü özün ədalətli olmalısan". Fikrimcə, əqli mülkiyyətin qorunmasında xalqımızın mənəviyyatına xas olan və qanunlarımızı tamamlayan "vicdanın qulu və iradənin ağası olmaq" şərti unudulmamalıdır.

 

 

Müsahibəni apardı: Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 9.