Ümumdünya Diabet Gününə
həsr olunmuş tədbir keçirilmişdir
Noyabrın 13-də Azərbaycan
Media Mərkəzində Azərbaycan Diabet Cəmiyyətinin təşkilatçılığı
ilə Ümumdünya Diabet Gününə həsr
olunmuş tədbir keçirilmişdir.
Cəmiyyətin sədri
Möminat Ömərova bildirmişdir ki, diabet mədəaltı
vəzin kifayət qədər insulin ifraz etməməsi nəticəsində
yaranan xroniki xəstəlikdir. Dünya Səhiyyə Təşkilatı
tərəfindən dünyada bu xəstəliyin
yayılmasının qarşısını almaq məqsədi
ilə 14 noyabr - Ümumdünya Diabet Günü elan
edilmişdir.
M.Ömərova
vurğulamışdır ki, hazırda dünyada 250 milyon
insan şəkərli diabet xəstəsidir. Sürətlə
artan bu xəstəlik ciddi sosial-tibbi problemlər yaradır,
ölkələrin iqtisadiyyatına da mənfi təsir edir. Diabetə
hər bir insan tutula bilər. Bu xəstəlik müalicə
olunmadıqda ölümlə nəticələnir. Hər bir
insanın diabetin əlamətləri, onun fəsadlarının
qarşısının alınması haqqında məlumatı
olmalıdır.
Cəmiyyətin sədr
müavini Akif Muxtarov əhalinin maarifləndirilməsi istiqamətində
görülən işlərdən danışaraq
demişdir ki, birinci tip şəkərli diabet xəstələr
üçün qidalanma və fiziki iş barədə məlumat
kitabçaları hazırlanmışdır. Kitabçalar
şəhər və rayonlarda yaşayan xəstələrə
və endokrinoloji tibbi yardım göstərən müəssisələrə
çatdırılmışdır.
Tədbirdə məlumat
verilmişdir ki, dünyanın inkişaf etmiş dövlətləri
ilə yanaşı, Azərbaycanda da "Şəkərli
diabet xəstəliyinə tutulmuş insanlara dövlət
qayğısı haqqında" qanun qəbul edilmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 14 noyabr.- S. 6.