Konstitusiya Günü qeyd olunmuşdur

 

O.Y.Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında (MDHA) müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 14-cü ildönümü münasibətilə elmi-praktik konfrans keçirilmişdir. Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının ölkəmizin Moskvadakı səfirliyinin və MDNA-nın dəstəyi ilə təşkil etdiyi konfransın keçirilməsindən məqsəd tələbələrə suveren Azərbaycanın 1995-ci ildə qəbul edilmiş ilk Konstitusiyasının tarixi barədə məlumat vermək idi.

Konfransdan əvvəl Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənmişdir.

MDHA-nın rektoru Viktor Blajeyev tədbiri açaraq bildirmişdir ki, bu gün çox əlamətdar gündür. O, Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulamışdır. Sonra söz ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğluna verilmişdir.

P.Bülbüloğlu demişdir: "Görkəmli şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1997-ci ildə MDHA-nın fəxri akademiki seçilmişdir. Bu fakt məsuliyyətimizi daha da artırır və qarşımızda xüsusi vəzifələr qoyur. Düşünürəm ki, MDHA-da təhsil alan azərbaycanlı tələbələr ümummilli liderin müqəddəs adını uca tutmaq üçün yaxşı oxumağa borcludurlar".

Bakı Dövlət Universitetinin professoru Eldar İsmayılov 1995-ci ildə suveren Azərbaycan dövlətinin Konstitusiyasının qəbul edilməsinin tarixindən danışmışdır. Bildirilmişdir ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyaya ehtiyac var idi. Bunun üçün dahi lider Heydər Əliyevin rəhbərliyi ilə xüsusi komissiya yaradılmış və sənədin layihəsi ümumxalq səsverməsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də yeni Konstitusiya qəbul edilmişdir.

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S.  9.