Mirzə Cəlil haqqında naməlum kinodram
Görkəmli Azərbaycan
yazıçısı, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin
mürəkkəb və keşməkeşli ömür yolu,
uğrunda mübarizə apardığı ideallar həmişə
ciddi elmin problemi olduğu qədər də bədii
düşüncənin maraq dairəsində olmuşdur. Son
yarım əsrdə Azərbaycan ədəbiyyatında Cəlil
Məmmədquluzadənin ömür və sənət
yolundan bəhs edən hekayə, povest, roman, dram və ssenarilərin
meydana çıxması, tamaşaların hazırlanması,
filmlərin çəkilməsi bu həqiqəti bir daha təsdiq
edir. Ədəbiyyatımız Mirzə Cəlildən söz
açarkən, qüdrətli yazıçının fonunda
sənətkar və zaman, milli azadlıq və istiqlaliyyət,
özünüdərk və demokratik düşüncə
kimi ölkə və xalq üçün zəruri olan mətləbləri
ön mövqeyə çəkə bilmişdir. Daha
doğrusu, Cəlil Məmmədquluzadə - Molla Nəsrəddin
mövzusu millətimizin milli taleyinin bədii dərki və
inkişafının əks-sədasına
çevrilmişdir.
Bir çox
yazıçılarımızın bu istiqamətdəki zəhmətlərini
xatırlatmaqla yanaşı, Cəlil Məmmədquluzadə
mövzusu sahəsində xalq yazıçısı
Anarın mühüm xidmətlərini ayrıca qeyd etməyi
lazım bilirik. Əvvəla, bütövlükdə
Anarın yaradıcılığı böyük Mirzə Cəlilin
sənət prinsipləri üstündə köklənmişdir.
Haqlı olaraq elmi-ictimai fikirdə Anar ən yeni dövr Azərbaycan
ədəbiyyatının Molla Nəsrəddini kimi qəbul
olunur. O, böyük Mirzə Cəlili təkrar etmədən
ədəbiyyatda mollanəsrəddinçiliyin yeni mərhələsini
yaratmışdır. Bundan başqa, Anar konkret olaraq Cəlil Məmmədquluzadə
mövzusuna həsr olunmuş ən yaxşı bədii əsərlərin
müəllifidir. Onun "Sizi deyib gəlmişəm"
pyesi, "Qəm pəncərəsi" və
"Nigarançılıq" filmləri, "Anlamaq dərdi"
essesi Azərbaycan ədəbiyyatının yeni, mənalı,
düşündürücü və əhəmiyyətli
Mirzəcəlilnaməsidir. Bəlkə də xalq
yazıçısı Anarın bu sahədəki
çoxillik ardıcıl və uğurlu fəaliyyəti digər
qələm sahiblərinin həmin mövzuya ehtiyatla
yanaşmalarını şərtləndirmişdir.
Tərəddüd etmədən
deyə bilərik ki, oxuculara ilk dəfə təqdim edəcəyimiz
naməlum əsər - akademik Məmməd Cəfər Cəfərovun
"İnsanlar və talelər" kinodramı Cəlil Məmmədquluzadə
- Molla Nəsrəddin mövzusuna münasibətdə yeni mərhələ
təşkil edir.
Əməkdar elm xadimi, akademik Məmməd
Cəfər Cəfərovun görkəmli bir tədqiqatçı
kimi Cəlil Məmmədquluzadənin keşməkeşli həyat
yoluna, məşəqqətli taleyinə, zəngin bədii
irsinə, bütövlükdə XX əsrin əvvəllərinin
ədəbi-ictimai fikrinin incəliklərinə dərindən
bələd olması "İnsanlar və talelər"
kinodramının uğurlu alınmasını təmin
etmişdir. Məmməd Cəfər Cəfərovun bir
neçə dildə çap olunmuş "Cəlil Məmmədquluzadə"
əsəri XX əsrin çox dəyərli mirzəcəlilşünaslıq
nümunəsidir. Böyük Mirzə Cəlil də daxil
olmaqla "İnsanlar və talelər" kinodramında
haqqında bəhs edilən ədəbi-tarixi və siyasi
şəxsiyyətlərin əksəriyyətini həyatda
şəxsən görüb tanıması, hətta onlardan bəziləri
ilə ünsiyyətdə olması da əsərin canlı və
təsirli olmasına səbəb olmuşdur. Beləliklə, ədəbiyyatımızda
Cəlil Məmmədquluzadə - "Molla Nəsrəddin"
mövzusunda yeni tipli və müvəffəqiyyətli bir əsər
meydana çıxmışdır.
Məmməd Cəfər Cəfərovun
görkəmli ədəbiyyatşünas alim olmaqla bərabər,
həm də özünüməxsus
yazıçılıq istedadına və təcrübəsinə
malik olması da "İnsanlar və talelər"
kinodramının hasilə gəlməsində əhəmiyyətli
rol oynamışdır. "Əntiqə adamlar" adlı
povest və hekayələr kitabı, son vaxtlarda oxuculara təqdim
etdiyimiz "Xatirələr" memuarı Məmməd Cəfər
müəllimin bədii yaradıcılıq sahəsindəki
özünəməxsus səriştəsini təsdiqləyir.
Belə bir nəticə çıxarmaq mümkündür
ki, əgər Məmməd Cəfər Cəfərov elm sahəsini
deyil, bədii yaradıcılıq yolunu tutmuş olsaydı,
heç şübhəsiz, Azərbaycan ədəbiyyatının
qüdrətli simalarından biri ola bilərdi.
"İnsanlar və talelər"
əsəri Azərbaycan ədəbiyyatında Cəlil Məmmədquluzadə
mövzusunda yazılmış ilk kinodramdır. Bu, ədəbiyyatımızda
kinodram janrında yazılmış orijinal və qiymətli sənət
əsəridir. Kinodram janrının prinsiplərinə
uyğun şəkildə əsərdə dramatik vasitələrlə
ssenarivari əlamətlərin üzvi sintezinə nail
olunmuşdur.
Eyni zamanda, "İnsanlar və
talelər" kinodramı Məmməd Cəfər Cəfərovun
dərin elmi səriştəsi ilə bədii
düşüncəsinin vəhdətini özündə cəmləşdirir.
Əsərdə müşahidə olunan alimlik haqqında bəhs
edilən şəxsiyyətləri və problemi dərindən
öyrənməkdə və qavramaqda,
yazıçılıq isə müəllifin hadisələri
və adamları mənalandırmaq bacarığında
öz əksini tapır. Kinodramda XX əsrin bir çox
görkəmli simalarının müxtəlif
yönümlü fəaliyyəti vahid süjet xətti ətrafında
birləşdirilmiş, onları bir-birindən fərqləndirən
amillər, xüsusiyyətlər müəyyən edilib dəqiqləşdirilmişdir.
"İnsanlar və talelər" kinodramında Cəlil Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov, Əlibəy
Hüseynzadə, Firudinbəy Köçərli, Əli Nəzmi,
Əliqulu Qəmküsar, Həmidə xanım Məmmədquluzadə,
Əbülfətxan Ələvi və başqaları ədəbi-tarixi
şəxsiyyətlər olmaqla yanaşı, həm də fərqli
xarakterlər səviyyəsində təqdim edilir.
Fikrimizcə, "İnsanlar və
talelər" kinodramının bir böyük uğuru və
üstünlüyü də əsərdə təqdim olunan
epoxanın bütün istiqamətlərinin əhatə edilməsindən
ibarətdir. Əsasən Cəlil Məmmədquluzadənin rəhbərlik
etdiyi "Molla Nəsrəddin" ədəbi hərəkatının
mübarizəsi və idealları əsasında qurulmuş
süjetdə dövrün Azərbaycan romantikləri də
geniş təmsil olunurlar. Hüseyn Cavid, Məhəmməd
Hadi, Abbas Səhhət, Abdulla Şaiqlə bir sırada Əlibəy
Hüseynzadə, Əhmədbəy Ağayev kimi romantizmi təmsil
edən görkəmli şəxsiyyətlər də taleləri
və idealları ilə "İnsanlar və talelər"
kinodramına gətirilmişdir. Beləliklə, Cəlil Məmmədquluzadə
mövzusunda yazılmış bədii əsərlərdə
ilk dəfə olaraq, ədəbi-tarixi epoxa bütün
axınları və yönləri, müxtəlif qütblərdə
birləşmiş adlı-sanlı simaları ilə birlikdə
təqdim olunur. Bundan başqa, Əlibəy Hüseynzadə, Əhmədbəy
Ağayev, Haşımbəy Vəzirov kimi uzun illər
haqqında danışılması və yazılması
qadağan olunmuş şəxsiyyətlər də nəhayət
ki, bədii əsər müstəvisində obyektiv mövqedən
canlandırılmışdır. "İnsanlar və talelər"
kinodramının 1975-1991-ci illər ərzində
yazıldığını, hətta əsərin
tamamlandığı həmin dövrdə adları çəkilən
şəxsiyyətlərin hələ tamam-kamal bəraət
almadığını nəzərə alsaq, bu, yəni
onların həyatı və fəaliyyətindən
seçilmiş önəmli məqamların, dəyərli
fikirlərin "İnsanlar və talelər"
kinodramında öz əksini tapması cəsarətli və əhəmiyyətli
hadisə sayılmağa layiqdir. Həmçinin Əlibəy
Hüseynzadə və Əhmədbəy Ağayevin əsərlərinin
hələ Azərbaycanda nəşr edilmədiyi bir dövrdə
yazılmış "İnsanlar və talelər"
kinodramında bu ədiblərin əsas yaradıcılıq
ideallarının, türkçülük və
islamçılıq baxışlarına dair fərqli tezislərinin
əks etdirilməsi həm də əsərin müəllifinin
böyük qadağalar dövründə həmin ədiblər
barəsində kifayət qədər dərin biliyə və
aydın mövqeyə malik olduğunu təsəvvür etməyə
imkan verir.
Akademik Məmməd Cəfər
Cəfərov Cəlil Məmmədquluzadə epoxasını
bütün tamlığı ilə göstərmək
üçün ədəbi-mədəni mühitlə
yanaşı, ictimai-siyasi gedişatın da ana xətlərinə
və əsas təmsilçilərinə diqqət yetirməyi
unutmamışdır. "İnsanlar və talelər" əsərində
XX əsrin əvvəllərinin ən mühüm, dövr
üçün xarakterik olan hadisələrindən və həmin
hadisələrin əsas daşıyıcıları olan
şəxsiyyətlərdən bəhs olunur. Çoxcəhətli
fəaliyyətə malik olan Cəlil Məmmədquluzadənin
həyatı, mübarizəsi və
yaradıcılığı da ona həsr olunmuş əsərdə
dövrün ən mühüm ideya-siyasi cərəyanlarından
söz açmağa münbit şərait yaradır. Buna
görədir ki, "İnsanlar və talelər"
kinodramında mollanəsrəddinçilər və romantiklərlə
bir sırada siyasi hakimiyyətə malik olan Şeyx Məhəmməd
Xiyabani, Nəriman Nərimanov, Əliheydər Qarayev, Səmədağa
Ağamalı oğlu, Dadaş Bünyadzadə və
başqalarının da obrazı yaradılmışdır. Məmməd
Cəfər Cəfərov siyasi hakimiyyətdən və onun təmsilçilərindən
bəhs edərkən maksimum obyektiv olmağa
çalışmış və fikrimizcə, buna nail ola
bilmişdir. Bu məqamda əsərin yazıldığı
dövrdə ədəbi-ictimai mühitdə geniş
yayılmış siyasi konyunkturaya qətiyyən yol verilməmişdir.
"İnsanlar və talelər"
kinodramında Cəlil Məmmədquluzadə XX əsrin əvvəllərinin
bütün ictimai-siyasi axınlarının, ədəbi-mədəni
hadisələrinin mərkəzində və fövqündə
dayanan görkəmli ədib və böyük vətəndaş
kimi təqdim edilir. Məmməd Cəfər Cəfərov əsər
boyu Cəlil Məmmədquluzadənin özünəməxsusluğunu
mənsub olduğu xalqın həyatına, taleyinə, çətinliklərinə,
ümidlərinə dərindən bələd olmasında,
işığı, nicat yolunu doğru-düzgün müəyyən
edə bilməsində və həmin istiqamətdə fədakarcasına
mübarizə aparmasında, əqidə
bütövlüyündə axtarmışdır. Məmməd
Cəfər Cəfərova görə Cəlil Məmmədquluzadə
harada (Tiflisdə, Təbrizdə, yaxud Bakıda)
yaşamasından, hansı ictimai quruluşda (çar hakimiyyəti,
xalq cümhuriyyəti, İran mütləqiyyəti, sovet
hakimiyyətində) yaşayıb fəaliyyət göstərməsindən
asılı olmayaraq, çətinliklər və məhrumiyyətlər
qarşısında heç zaman əqidəsini və
mövqeyini dəyişməmiş, axıradək vahid milli
amala xidmət etmişdir. Görkəmli yazıçı bu əsərdə
Azərbaycançılıq idealının canlı və
parlaq təcəssümü kimi mənalandırılır. Məmməd
Cəfər Cəfərov ədibin əqidə
bütövlüyünü və vətəndaşlıq
qayəsini düşünülüb tapılmış səciyyəvi
detallar və hadisələr əsasında, aydın və
koloritli bədii vasitələrlə ifadə etmişdir. Ona
görə də "İnsanlar və talelər"
kinodramı görkəmli bir alimlə yanaşı, çox
istedadlı və səriştəli bir
yazıçının əsəri kimi yadda qalır.
"İnsanlar və talelər"
əsəri Cəlil Məmmədquluzadənin yaşayıb
mübarizə apardığı epoxanın əsas problemlərinə
gur işıq salır. XX əsrin əvvəllərində,
xalq cümhuriyyəti zamanı, həyatının Təbriz
dövründə və sovet hakimiyyəti illərində xalq
və hakimiyyət, yazıçı və zaman, din və
dövlət, dini və milli birlik, milli azadlıq və
istiqlaliyyət kimi məsələlər kinodramın obyektivində
qabarıq şəkildə canlandırılır. Bu yolla həm
Mirzə Cəlili əhatə edən çətin və
mürəkkəb mühitə, həm də Azərbaycan cəmiyyətinin
keşməkeşli inkişaf yolundakı problemlərinə
aydınlıq gətirilir. Fikrimizcə, əsərin
"İnsanlar və talelər" adlandırılması da
burada bütövlükdə Cəlil Məmmədquluzadə
epoxasının bütün genişliyi ilə əks etdirilməsindən
irəli gəlir. Müəllif əsərin adına uyğun
olaraq, Cəlil Məmmədquluzadə ilə birlikdə həmin
epoxada yaşayıb-yaratmış, fəaliyyət göstərmiş
ən müxtəlif insanların, tanınmış
simaların da taleyini izləmişdir. Əlibəy
Hüseynzadənin və Əhmədbəy Ağayevin vətəni
tərk etmək məcburiyyətində qalmaları, Mirzə Ələkbər
Sabirin həyatının son günlərinin acı
notları, Cənubi Azərbaycan ziyalılarının - Əbülfətxan
Ələvi, Fəxrüllətibba, İskəndər Sərxpuş
və başqalarının ümidləri, sovet dövründə
Hüseyn Cavid, Nəcəfbəy Vəzirov, Əli Nəzmi
kimilərinin yaşadıqları mürəkkəb həyat
"İnsanlar və talelər"in işığında
realistcəsinə əks etdirilmişdir. Kinodram Cəlil Məmmədquluzadənin
aparıcılığı şərti ilə XX əsrin əvvəllərinin
bütöv bir ziyalı nəslinin taleyini əks etdirir.
Bununla belə, "İnsanlar və talelər" kinodramı Cəlil Məmmədquluzadənin həyatının təxminən 1906-cı ildən sonrakı 30 ildən artıq bir dövrünün ensiklopediyasıdır. Böyük ədibin həyatının ən mühüm məqamları, çətin anları, əsas təfərrüatları əsərdə məharətlə, incəliklərinə qədər canlandırılır. "İnsanlar və talelər" əsəri Cəlil Məmmədquluzadə və mollanəsrəddinçilər, Mirzə Cəlil və Həmidə xanım, ata-övlad münasibətlərini kinoda olduğu kimi təsirli hadisələr vasitəsilə göz önünə gətirə bilir. Hətta Məmməd Cəfər Cəfərov kinodramda Həmidə xanımın Mirzə Cəlilin vəfatından sonrakı çətin, həyəcanlı məqamlarına da diqqət yetirmişdir. Mirzə Cəlilə həsr edilmiş əsər XX əsrin görkəmli ziyalı qadınlarından olan Həmidə xanımın ağır həyatın və tənhalığın girdabına düşmüş yanıqlı taleyinin təsviri ilə başa çatır. Əsərin sonunda Hüseyn Cavidin "Xəyyam" mənzum dramından gətirilmiş aşağıdakı misralar kinodramda haqqında söz açılan epoxanın və bütün insanların taleyini ümumiləşdirir:
Ey fələk, keçdi zaman dalğa kimi,
Eylə bir dalğa ki, qorxunc, əsəbi.
Bir əsər qalmadı şən gənclikdən,
Kimsə yox: nə gələn var, nə gedən.
... Söndülər həpsi keçən zəlzələdən
Bir qalan mənəm bu böyük qafilədən.
Alim-yazıçı Məməd Cəfər Cəfərov "İnsanlar və talelər" kinodramının yazılmasında ədəbi-tarixi mənbələrdən, dövri mətbuat materiallarından, memuar ədəbiyyatından, keçən əsrin 20-30-cu illərinə dair özünün şəxsi müşahidələrindən yaradıcı şəkildə faydalanmışdır. Bədii əsər olmasına baxmayaraq, bu kinodramı Cəlil Məmmədquluzadənin həyat və fəaliyyətini, həmin epoxanın tarixi-ədəbi gedişatını öyrənmək üçün mötəbər mənbə hesab etmək mümkündür. Bununla belə, əsərdə bəzi kiçik dəqiqləşdirmələrə də ehtiyac vardır. Məsələn, nədənsə müəllif Cəlil Məmmədquluzadənin ilk dəfə ailə qurduğu qadını "kəndli qızı Sara" adı ilə qeyd edir. Əslində isə Münəvvər xanım Məmmədquluzadənin anası olan həmin qadının adı Həlimə Tağı qızıdır. Bundan başqa, əsərdə Mirzə Cəlilin həyatının Nehrəm dövrünə aid fotolardan da söz açılır ki, hələlik həmin illərə aid şəkil məlum deyildir. Digər elmi ədəbiyyatlarda olduğu kimi, bu əsərdə də Paşa ağa Sultanovun Fransada təhsil aldığı göstərilir. Halbuki Cümşüd Paşa - Paşa ağa İsmayıl bəy oğlu Sultanov 5 iyun 1874-cü ildə Novosibirskidə İmperator Universitetinin hüquq fakültəsini bitirmişdir.
Göründüyü kimi, bunlar çox kiçik çatışmazlıqlardır. Bədii əsərdə müəllif bəzi məqamları dəyişməyə də ixtiyarlıdır. Bütövlükdə zəngin ədəbi-tarixi faktları, çoxsaylı informasiyaları özündə cəmləşdirən bu qiymətli əsərdə insanlar, talelər, məlumatlar və hadisələr obyektiv şəkildə, dəqiqliklə əks etdirilmişdir. Əsər həm ədəbi-tarixi məlumat bazasının zənginliyi, həm də hadisələrin və xarakterlərin canlı təqdimatı ilə yaddaşda dərin iz buraxır.
Akademik Məmməd Cəfər Cəfərovun şəxsi kitabxanasını, tərcümeyi-hal sənədlərini xüsusi qayğı və həssaslıqla qoruyub saxlamış görkəmli alimin nəslinin layiqli davamçısı professor Ulduz xanım Həşimovanın "İnsanlar və talelər" əsərinin əlyazmasını bu günlərə qədər çatdırması minnətdarlığa layiqdir.
Nəticə etibarilə Məmməd Cəfər Cəfərovun "İnsanlar və talelər" kinodramı Azərbaycan ədəbiyyatında bu janrda yazılmış dəyərli sənət nümunəsidir. Bu əsər böyük demokrat ədib Cəlil Məmmədquluzadəyə həsr olunmuş sanballı ədəbi abidədir. "İnsanlar və talelər" kinodramı akademik Məmməd Cəfər Cəfərovun çoxillik və zəngin elmi və bədii yaradıcılığını tamamlayan qiymətli əsərdir.
Düz 18 il naməlum qalmış bu əhəmiyyətli əsərin indi üzə çıxarılması və kitab halında nəşrə hazırlanması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqındakı 6 fevral 2009-cu il tarixli sərəncamının işığında həyata keçirilən əhəmiyyətli hadisələrdən biridir. Ümid edirik ki, "İnsanlar və talelər" kinodramı ədəbiyyatşünaslarla yanaşı, rejissorların da diqqətini cəlb edəcəkdir. Bu əsər professional bədii yaradıcılıq nümunəsi olub, Azərbaycan ədəbiyyatı tarixinə daxil edilməyə layiq olan ciddi, orijinal və qiymətli bədii nümunə kimi də mühüm əhəmiyyət kəsb edir.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət
Universitetinin
rektoru, akademik,
Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 13 noyabr.- S. 10.