Həmyerlimizin xoş sorağı

 

Artıq neçə illərdir ki, Moskvada "Art-noyabr" adlı incəsənət festivalı keçirilir. Bu il keçirilən növbəti festivalın təşkilatçılarından biri Moskvada fəaliyyət göstərən "Buta" incəsənət mərkəzidir. Mərkəzin əsas məqsədi Azərbaycan incəsənətini xaricdə təbliğ etməkdir. Festivalda dünyanın məşhur musiqiçiləri ilə yanaşı, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Murad Hüseynov da iştirak edir.

Bu festivalda müxtəlif ölkələrdən musiqi olimpinin görkəmli nümayəndələri, o cümlədən L.Poqoreliç, Natalya Rubinşteyn, Nina Koqan, Daniel Pronner, Fyodor Əmirov, Pyotr Laul başqaları çıxış edirlər. Ən məşhur artistlərin ifasınqa dahi bəstəkarların 100-dən çox əsəri, habelə dünya şöhrətli həmvətənimiz Qara Qarayevin əsərləri cəmlənmişdir. Festival günlərində "Grammy" mükafatı laureatı, Amerikanın əfsanəvi musiqi qrupu "Klezmatiks"in çıxışları da maraqla qarşılandı. Murad Hüseynovun birinci solo konserti Marina Svetayevanın mənzil muzeyində oldu. O burada Q.Qarayev, Dübüssi, Ravel Raxmaninovun əsərlərini ifa etdi. Noyabrın 16-da M.Hüseynov isə Moskva Beynəlxalq Musiqi Evində tanınmış "Yeni Rus kvarteti" ilə birlikdə səhnəyə çıxacaq.

Murad Hüseynov əvvəllər Moskvada reallaşan müxtəlif layihələrdə, o cümlədən "Musiqili Kreml" layihəsində iştirak edib. O, Çaykovski adına Moskva Konservatoriyasının Raxmaninov zalında, Kreml sarayında, Lujnikidə 5 minlik auditoriyanın qarşısında çıxış edib.

Murad professional səhnəyə çox erkən - hələ Bülbül adına orta ixtisas musiqi məktəbinin VIII sinfində oxuyanda çıxıb. İlk həyəcanını da onda yaşayıb, uğurunu da o vaxtlar qazanıb. Əsərlərini ifa etdiyi dahi bəstəkarlar dinləyicilər qarşısındakı məsuliyyəti M.Hüseynov heç vaxt unutmur. İstedadlı pianoçu Murad Hüseynovu dünyanın neçə-neçə ölkəsində - Yaponiyada, Fransada, Almaniyada, İtaliyada, İspaniyada, ABŞ-da, Turkiyədə tamaşaçılar hərarətlə qarşılayıblar.

M.Hüseynov işləmək üçün çox ölkələrdən dəvət alıb. Amma həmişə bu təklifləri qəbul etməyib. "Həyatımı Bakısız, vətənsiz təsəvvür eləmirəm. Mən təhsilimi Bülbül adına məktəbdə almışam. Musiqi Akademiyasını bitirmişəm, ən yaxşı pedaqoqlardan öyrənmişəm. Konservatoriyada, xüsusi fortepiano sinfində dərs deyirəm, qabiliyyətli tələbələrim var. Əldə etdiyim biliyi, təcrübəni həmvətənlərimə öyrədirəm" - deyir Murad Hüseynov.

 

 

Sədaqət YUSİFQIZI

 

Azərbaycan.- 2009.- 14 noyabr.- S. 8.