Yeni məktəb yaratmışdı

 

Dövlət mükafatı laureatı, AMEA-nın və Rusiya Kənd Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü, baytarlıq elmləri doktoru, professor Nəriman Mikayıl oğlu Şirinov Azərbaycanda baytarlıq sahəsinin yaradıcılarından və inkişaf etdirənlərdən biri olmuşdur.

N.Şirinov 1929-cu il noyabr ayında Tovuz şəhərində dünyaya göz açmışdır. Tovuzdakı A.S.Puşkin adına orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Aqrar Universiteti) baytarlıq fakültəsinə daxil olmuşdur.

Təhsil illərində biliyi, istedadı sayəsində institut rəhbərliyinin diqqətini cəlb etmiş, 1950-ci ildə Moskva Baytarlıq Akademiyasına göndərilmişdir. N.Şirinov ali təhsilini başa vurduqdan sonra Balakən rayonundakı MTS-də böyük baytar həkimi vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Elmə olan böyük həvəsi onu tezliklə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutuna gətirmiş və 1955-ci ildə laborant, sonra isə helmintologiya laboratoriyasında kiçik elmi işçi kimi fəaliyyət göstərmişdir. Onun elmi tədqiqatlarının başlıca istiqamətləri parazitologiya və baytarlıq sanitariyasına həsr olunmuşdur.

Nəriman Şirinov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun direktoru vəzifəsinə təyin edilmişdir. İnstituta rəhbərlik etdiyi 34 il müddətində orada 11 elmlər doktoru, 62 elmlər namizədi yetişmiş, 5 mindən çox elmi əsər və monoqrafiya işıq üzü görmüş, bir çox infeksion və parazitar xəstəliklərə qarşı müalicə-profilaktika preparatları hazırlanaraq təsərrüfatlarda uğurla və geniş formada tətbiq edilmişdir. Elmdəki nailiyyətlərinə görə institut "Qırmızı bayraq" və "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

Görkəmli alim respublikamızda suda üzən quşların helmint və helmintozlarını öyrənərək helmintologiya elmini yeni tədqiqatlarla zənginləşdirmişdir. O, keçmiş ittifaqda, o cümlədən respublikamızda qazlarda və ördəklərdə yeni helmint növlərini müəyyən edərək ilk dəfə qeydə almış və eyni zamanda həmin helmintozlara qarşı müalicə-profilaktika tədbirləri işləyib hazırlamışdır. Quşlarda geniş yayılan helmintoz xəstəlikləri və onların mövsümi gedişini, zonalar üzrə yayılma dərəcələrini öyrənmiş, qanquleterakidoda pierazin-sulfatinin effektliyini müəyyən etmişdir.

N.Şirinov keçmiş SSRİ-də ilk dəfə olaraq neft tullantılarından və neft-kimya sintezi məhsullarından baytarlıqda və heyvandarlıqda istifadənin vacibliyini sübut etmişdir. Alim 35 ildən çox müddətdə həmin problemin öyrənilməsinə rəhbərlik etmiş və bu sahədə yeni bir məktəb yaratmışdır.

1962-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə AETBİ-nin nəzdində Neft tullantıları, neft-kimya sintezi məhsullarından baytarlıqda istifadə etmək üçün yeni müalicə-profilaktika vasitələri axtaran problem laboratoriyası yaradılmış və N.Şirinov həmin laboratoriyaya rəhbər təyin olunmuşdur.

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri və Aşqarlar Kimyası İnstitutunun görkəmli alimləri - akademik Əli Quliyev, Vahab Əliyev, professor Şamxal Məmmədov, Musa Haşımov, Gövhər Zeynalova və digərləri ilə işgüzar əlaqələr yaradaraq onların məsləhəti və yardımı ilə elmi laboratoriyalarda sintez olunan və Bakı, Sumqayıt şəhərlərindəki neftayırma zavodlarında istehsal edilən müxtəlif neft məhsullarını baytarlıqda heyvanların müxtəlif xəstəliklərinin müalicə və profilaktikasında yoxlanılmasını təşkil etmişdir. Alimin rəhbərliyi ilə laboratoriyada fassilyoza və dikroselyoza qarşı 40-dan çox preparat, o cümlədən 6 neft tullantısı, 34 neft-kimya sintezi məhsulu sınaqdan keçirilmişdir. Bunlardan fassilyoza qarşı 15 və dikroselyoza qarşı 4 preparat müsbət nəticə vermişdir. Aparılmış tədqiqatlar nəticəsində "B", "Efiran-3", "Efiran-777", "Efiran-197", "N-12" və bioloji stimulyator "Azolyat-A" preparatları dövlət qeydiyyatından keçərək müəlliflik şəhadətnaməsi almışdır.

Qaramalda hemosporidozları keçirən iksodid gənələrinə qarşı laboratoriyada 16 preparat, o cümlədən 4 neft tullantısı və 12 neft-kimya sintezi məhlulu sınaqdan keçirilmiş və "B" preparatının effektivliyi müəyyən edilmişdir. Eyni zamanda "B" preparatının akarisid və qotur əleyhinə emulsiyalarının qaramal və qoyunların klinik, hematoloji və biokimyəvi göstəricilərinə, daxili orqanlarının anatomik histoloji quruluşuna və yunun keyfiyyətinə təsiri öyrənilmiş, habelə qara ciyərin funksional vəziyyətini yoxlamaq üçün şəkər yükləməsi aparılmışdır.

Nəriman Şirinov akademik K.Skryabin adına Ümumittifaq Helmintologiya İnstitutunda namizədlik, Kazan şəhərindəki Dövlət Baytarlıq İnstitutunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1974-cü ildə professor adına layiq görülmüş, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

N.Şirinov 1995-2000-ci illərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Baytarlıq Komitəsində kollegiyanın elmi-texniki şurasının üzvü, 2000-2004-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin nəzdindəki texniki şuranın və "Aqrar elm" jurnalının redaksiya heyətinin, AMEA-nın Zoologiya İnstitutunun nəzdində fəaliyyət göstərən namizədlik və doktorluq dissertasiyalarının ixtisaslaşdırılmış şurasının üzvü olmuşdur.

Görkəmli alim eyni zamanda yüksək mənəvi keyfiyyətlərə malik nəcib, xeyirxah insan, etibarlı dost, gözəl və səmimi ailə başçısı idi.

Alim 51 illik elmi fəaliyyəti dövründə 6 müəlliflik şəhadətnaməsi almışdır. 200 məqalənin, 2 monoqrafiyanın, 3 kitabın, 4 kitabçanın müəllifi olmuşdur. Onun əsərlərinin bir çoxu xarici ölkələrdə, o cümlədən Rusiyada, Polşada, Bolqarıstanda, Macarıstanda və s. dərc edilmişdir.

N.Şirinov bir çox beynəlxalq konqreslərdə, ümumittifaq və respublika elmi konfranslarında, simpoziumlarda iştirak edərək alimlərə, mütəxəssislərə lazımi tövsiyələr vermiş, əməli kömək göstərmişdir.

Nəriman Şirinovun elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1981-ci ildə "Şərəf nişanı" ordeninə, 1990-cı ildə Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı adına layiq görülmüş, fəxri diplom və medallarla təltif edilmişdir.

 

 

R.SƏFƏROV,

biologiya elmləri

doktoru, professor

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 10.