Təbiət abidələrinin mühafizəsi

 

"Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti İctimai Birliyi "Azərbaycan təbiət abidələri" adlı tədbir keçirdi. Əsas məqsəd cəmiyyətin başladığı xeyirxah işlə ictimaiyyəti tanış etməkdir. Xeyriyyə cəmiyyəti 2009-cu ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Azərbaycanın təbiət abidələrinin, obyektlərinin tanıdılması və mühafizə edilməsi məqsədilə Azərbaycan, ingilis, rus dillərində kataloqun, internet saytının yaradılması, qısametrajlı sənədli filmin çəkilməsi layihəsini həyata keçirir.

Tədbirdə "Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, tibb elmləri namizədi Akif Kərimov cəmiyyətin fəaliyyətindən danışdı. O, qeyd etdi ki, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti fəaliyyət göstərdiyi on il ərzində sosial, təhsil, mədəniyyət, ətraf mühit, səhiyyə və digər sahələrdə müxtəlif layihələr həyata keçirmişdir.

"Azərbaycan təbiət abidələri" layihəsini də bu təşkilatın ekoloq-mütəxəssisləri hazırlayıb. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ekspertləri layihəyə müsbət rəy veriblər və layihənin həyata keçirilməsinə şərait yaradıblar.

Azərbaycan əsrarəngiz təbiətə malikdir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, bəzən xalqın mənəvi sərvətləri maddi ehtiyaclara qurban verilir. Məlumatsızlıq səbəbindən unikal təbiət abidələri və obyektləri aşınmalara, məhvə məruz qalır. Abidələri qorumaq, gənc nəslə sevdirmək hər bir insanın vətəndaşlıq borcudur.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən "Hərəmiz bir ağac əkək" kampaniyası təbiətin qorunmasına yönəldilib.

"Kür-Xəzər" Xeyriyyə Cəmiyyəti bu sahədəki problemləri nəzərə alaraq maarifləndirmə işini qarşıya məqsəd qoyub. Bu məqsədlə "Azərbaycan təbiət abidələri" kataloqu çap olunub və www.tebietabideleri.az saytı yaradılıb.

Tədbirdə həmin kataloq və "Azərbaycan təbiət abidələri" adlı sənədli film tədbir iştirakçılarına təqdim olundu. Azərbaycan təbiət abidələrinin və obyektlərinin sırasına xüsusilə qiymətli meşə sahələri, geoloji obyektlər, yaşı 200-dən çox olan ağaclar, şəlalələr, mağaralar, vulkanlar daxildir. Üç mərhələdən ibarət olan layihənin birinci mərhələsində Gəncə, Samux, Naftalan, Yevlax, Qazax, Tovuz, Şəmkir, Daşkəsən rayonlarındakı təbiət abidələri tədqiq edilib. Birinci filmdə tamaşaçılar bu bölgədəki abidələrlə tanış oldular.

Kataloqda isə abidələrlə yanaşı, həmin bölgənin keçdiyi tarixi inkişaf yolu, sənayesi, iqtisadiyyatı, mədəniyyəti, kənd təsərrüfatı, əhalisinin məşğuliyyəti də yer alıb.

 

 

Sədaqət YUSİFQIZI

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 12.