Azərbaycan Prezidenti İlham Əliyevin
Bolqarıstana işgüzar səfəri
Xəbər verdiyimiz kimi, noyabrın 13-də Sofiyada, Prezident Administrasiyasında Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun birgə mətbuat konfransı keçirilmişdir.
Bolqarıstan Respublikasının Prezidenti Georgi PIRVANOV bəyanatla çıxış edərək dedi:
- Hörmətli xanımlar və cənablar!
Mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyim görüşdən olduqca məmnun qaldığımı bildirmək istəyirəm. Mən onu deyə bilərəm ki, bu gün imzaladığımız iki sənəd əvvəlcə bu istiqamətdə göstərdiyimiz səylərin yekunudur. Biz bu gün buna nail olduq və münasibətlərimizə yeni keyfiyyət gətirdik. Aramızda fəal siyasi dialoq mövcuddur. Eyni zamanda, iqtisadi sahədə əməkdaşlıq meyillərini görürük. Biz beynəlxalq təşkilatlar, o cümlədən Avropa və Avratlantika təsisatları çərçivəsində fəal şəkildə əməkdaşlıq edirik.
Bolqarıstan Şərqi Avropada həyata keçirilən cari layihələrin tanıdılmasında səylərini əsirgəməyəcək, xüsusən də Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın dərinləşməsində və gücləndirilməsində fəal amil olaraq qalacaqdır.
Kütləvi informasiya vasitələrinin nümayəndələri yaxşı bilirlər ki, Azərbaycan energetika sahəsində bizim yaxın tərəfdaşımızdır. Bu gün biz olduqca mühüm sənədləri imzaladıq. Bu sənədlər əsasında nəinki Bolqarıstan, o cümlədən digər Şərqi Avropa ölkələri üçün təchizatın şaxələndirilməsi ilə bağlı yeni imkanlar açılır. Sazişdə qeyd olunduğu kimi, Bolqarıstana 1 milyard kubmetr həcmində təbii qaz nəql ediləcəkdir. Bu məsələ Bolqarıstanın qazpaylayıcı sistemi Yunanıstanın qazpaylayıcı sisteminə tam birləşdiriləndən sonra baş tutacaqdır.
Siz bildiyiniz kimi, indi biz çox səy göstəririk ki, Azərbaycanda hasil edilən qaz daha sonra sıxılmış formada Yunanıstan vasitəsilə Bolqarıstana da çatdırılsın. Bu layihə strateji əhəmiyyət daşıyır. Çünki bu layihənin həyata keçirilməsi bizim üçün çox vacib olan "Cənub dəhlizi"nin tam təmin edilməsinə töhfə verəcəkdir. Biz texniki əsaslandırma işlərinin olduqca qısa müddət ərzində və çevik surətdə həyata keçirilməsinin tərəfdarıyıq. Bilirik ki, bu baxımdan hər bir ölkə öz texniki əsaslandırma işlərini aparır. İndi isə istəyirik ki, bu işləri birgə aparaq.
Qeyd etdiyimiz bu layihə digər layihələrlə müqayisədə o qədər də bahalı deyildir, böyük xərclər tələb etmir. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu layihə həm dinamik, həm də qısa müddət ərzində həyata keçirilə bilən layihədir. Mən Azərbaycan Respublikasının Prezidentinə bu işlərdə şəxsən iştirak etdiyinə görə dərin təşəkkürümü bildirirəm. Məhz bu layihənin həyata keçirilməsində cənab Prezidentin verdiyi dəstək bizim üçün çox önəmlidir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham ƏLİYEV bəyanatla çıxış edərək dedi:
- Çox sağ olun, hörmətli cənab Prezident!
Mən, ilk növbədə, ölkənizə səfərə dəvət etdiyinizə görə Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Bolqarıstanda olmağımdan çox məmnunam və xüsusilə bu gün apardığımız danışıqlar çox gözəl nəticələrə gətirib çıxarmışdır.
Bizim ikitərəfli münasibətlərimiz çox uğurla inkişaf edir. Bolqarıstan bizim üçün çox önəmli tərəfdaş və dost ölkədir. Qarşılıqlı səfərlərimizin də uğuru bir daha onu göstərir ki, biz bütün sahələrdə fəal əməkdaşlıq edirik.
Həmişə olduğu kimi, biz bu gün sizinlə ikitərəfli münasibətlərin gündəliyini müzakirə etdik və gələcək əməkdaşlıq haqqında praktiki addımları müəyyənləşdirdik. Siyasi əlaqələrin yüksək səviyyədə olması əlbəttə ki, bütün başqa sahələrə də öz müsbət təsirini göstərir. Eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı əməkdaşlıqda Bolqarıstanın çox önəmli rolu vardır. Azərbaycanın Avratlantika strukturlarına inteqrasiya prosesində Bolqarıstan bizə həmişə dəstək vermişdir və buna görə Sizə çox minnətdarıq. Bu yaxınlarda Azərbaycan Avropa İttifaqının "Şərq tərəfdaşlığı" Proqramının üzvü olmuşdur. Biz ümid edirik ki, bu proqram çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcəkdir.
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində əlaqələr 2006-cı ildən başlanmışdır. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji tərəfdaşlığı haqqında Memorandum imzalanmışdır. Bu gün imzalanmış sənədlər hesab edirəm ki, geniş əməkdaşlığın geniş çərçivələrinə daxil ediləcəkdir. Enerji təhlükəsizliyi məsələləri son illər ərzində dünya gündəliyinin ən önəmli yerlərinə çıxmışdır. Azərbaycan öz tərəfindən enerji təhlükəsizliyi və enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi məsələlərinin həlli işinə öz töhfəsini verir. Əminəm ki, bu gün imzalanmış sənədlər "Cənub dəhlizi"nin təşkil edilməsində öz müsbət rolunu oynayacaqdır.
İmzalanmış sənədlər ikitərəfli xarakter daşıyır. Əminəm ki, Bolqarıstan ilə Azərbaycan arasında qaz sahəsində əməkdaşlıq çox uğurlu olacaqdır. Bu əməkdaşlıq gələcəkdə genişlənəcək və başqa ölkələri həmin müsbət təşəbbüsə cəlb edəcəkdir. Azərbaycan qazının Bolqarıstana çatdırılması nəticəsində Azərbaycan Avropa İttifaqının qaz sahəsində tərəfdaşına çevriləcəkdir. Əminəm ki, bu, Avropa İttifaqı üçün də, bizim üçün də vacibdir.
Azərbaycanın qaz ehtiyatları çox genişdir. Ən minimal hesablamara görə təsdiq edilmiş ehtiyatlar təxminən 2 trilyon kubmetr ətrafındadır. Əlbəttə, biz istəyirik ki, bu qazı ixrac edək, resurslarımızı əmniyyətli və şaxələndirilmiş yollarla dünya bazarlarına çatdıraq. Hazırda Azərbaycan qazı müxtəlif istiqamətlərlə regional bazarlara çıxarılır və əlbəttə, biz istəyirik ki, tərəfdaşlarımızın sayı çoxalsın. Əminəm ki, Bolqarıstan bu işlərdə, Azərbaycan qazının Avropa qitəsinə idxal edilməsində çox önəmli rolunu oynayacaqdır. İmzalanmış sənədlər əsasında yaxın zamanlarda ikitərəfli işçi qrupu yaradılacaqdır. Əminəm ki, işçi qrupunun fəaliyyəti çox uğurlu olacaq və konkret layihələrin həyata keçirilməsi haqqında bizə qısa müddət ərzində təkliflər veriləcəkdir.
Hörmətli cənab Prezident, məni ölkənizə dəvət etdiyinizə və göstərdiyiniz qonaqpərvərliyə görə Sizə bir daha təşəkkürümü bildirirəm.
***
Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.
Ceyhun QULİYEV (Azərbaycan Televiziyası): Mənim sualım hər iki Prezidentədir. Ölkələrimiz arasında qeyri-energetika sahəsində əməkdaşlığın perspektivləri barəsində nə deyə bilərsiniz?
İlham ƏLİYEV: Əlbəttə ki, bugünkü görüşdə biz gündəliyimizin bütün aspektlərini müzakirə etdik. İlk növbədə, energetika sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Amma bununla bərabər qeyri-energetika sektorunun inkişafı üçün əməli tədbirlərin görülməsi də çox vacibdir. Prioritet sahələr çoxdur. Onların sırasında deyə bilərəm ki, turizm, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlıq, nəqliyyat və digər sahələr prioritet xarakter daşıyır və bütün bu istiqamətlərdə ölkələrimiz arasında sıx əməkdaşlıq aparılır. Əminəm ki, növbəti illərdə bu əməkdaşlıq daha sürətlə inkişaf edəcəkdir. Qarşılıqlı investisiya qoyuluşu üçün həm Bolqarıstanda, həm Azərbaycanda çox müsbət sərmayə mühiti mövcuddur və bizim biznes dairələrimiz bu gözəl imkanlardan istifadə etməlidirlər.
Biz iki dost ölkəyik. Bizim aramızda siyasi əlaqələrin yüksək səviyyədə olması, əlbəttə ki, biznes-iqtisadi sahədə də canlanma üçün yaxşı şərait yaradır. Ancaq mən hesab edirəm ki, energetika sahəsində əldə edilmiş razılaşmaların icrası nəticəsində qeyri-energetika sahəsində də əlaqələrin gücləndirilməsi təmin ediləcəkdir.
Georgi PIRVANOV: Mən cənab Prezidentlə tam razıyam ki, bizim enerji sahəsindəki əməkdaşlığımız bütün digər sahələrə yaxşı təkan olacaqdır. Biz hesab edirik ki, iqtisadi böhran şəraitində ölkəmiz üçün yeni bazarların açılması vacibdir. Buna görə də hesab edirik ki, Azərbaycan ilə qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması önəmlidir. Bu baxımdan hesab edirik ki, cənab Prezidentin burada sadaladığı həmin sahələr əməkdaşlığımızın genişləndirilməsi üçün əsas kimi xidmət edə bilər.
Olduqca vacibdir ki, ölkələrimiz arasındakı məsafəni daha da qısaldaq və bunun üçün ölkələrimiz arasında nəqliyyat-daşıma məsələlərini, problemləri həll etməliyik. Hesab edirəm ki, bu baxımdan ölkələrimiz arasında nəinki ticarət dövriyyəsinin artırılması vacibdir, o cümlədən biz birgə, ümumi müəssisələr yaratmaqla üçüncü ölkələrin bazarlarına çıxa bilərik. Zənnimcə, bu gün görüşümüzdə iştirak edən nazirlər indi və gələcəkdə daha da sıx təmaslar quracaqlar ki, biz birgə konkret layihələr irəli sürək və həyata keçirək.
Vera ALEKSANDROVA (Bolqarıstan Televiziyası): İcazənizlə, mən yenidən enerji sahəsinə qayıdım. Sualım hər iki Prezidentədir. Bilmək istərdim, konkret olaraq Nabukko layihəsi nə vaxt həyata keçiriləcəkdir?
Georgi PIRVANOV: Mən burada konkret tarix söyləyə bilmərəm. Çünki layihə çoxtərəfli layihədir. Bu layihənin başlanması təkcə Bolqarıstan və Azərbaycandan asılı deyildir. Vacibi odur ki, biz - Bolqarıstan və Azərbaycan tərəfləri Avropa İttifaqı üçün mühüm olan bu layihənin prioritet xarakter daşıdığını bəyan etdik. Hesab edirik ki, qazın nəqli ilə bağlı ikitərəfli razılaşmalar da Nabukko layihəsinin tərkib hissəsinə çevrilə bilər və bu baxımdan yalnız ümumi işin xeyrinə olar.
İlham ƏLİYEV: Biz Nabukko layihəsini həmişə dəstəkləmişik və bu gün də dəstəkləyirik. Bu ilin may ayında Avropa İttifaqı tərəfindən təşkil edilmiş enerji zirvəsində Azərbaycan Nabukko layihəsinin həyata keçirilməsinə öz töhfəsini vermişdir və məlum bəyannaməni imzalamışdır.
Nabukko layihəsinin həyata keçirilməsi üçün bir neçə önəmli məsələ öz həllini tapmalıdır. İlk növbədə, resurs bazası olmalıdır. Bu da vardır. Mən bayaq qeyd etdim ki, Azərbaycanın çox böyük qaz ehtiyatları vardır. Biz maraqlıyıq ki, öz resurslarımızı müxtəlif yollarla ixrac edək. Digər önəmli məsələ tranzit məsələsinin həll olunmasıdır. Əfsuslar olsun ki, biz bu vaxta qədər bu istiqamətdə irəliyə heç bir addım ata bilməmişik. Tranzit məsələlərinin həll olunmaması əslində, Nabukko layihəsinin həyata keçirilməsində əsas maneədir. Üçüncü vacib məsələ layihənin maliyyələşdirilməsi məsələsidir. Bu istiqamətdə müəyyən addımlar atılmışdır, ilkin ödənişlər ayrılmışdır. Ancaq bildiyiniz kimi, Nabukko layihəsinin həyata keçirilməsi üçün çox böyük vəsait lazımdır. Hələ ki, o vəsaitin məbləği dəqiqləşdirilir və ən önəmlisi, mənbəyi də dəqiqləşdirilməlidir.
Digər önəmli məsələlər də öz həllini tapmalıdır. Mən sadəcə olaraq əsas üç məsələni qeyd etdim. Üç məsələnin ancaq biri hazır vəziyyətdədir - o da Azərbaycanın resurs bazasıdır. Digər məsələlər əfsuslar olsun ki, hələ müzakirə mövzusudur. Ancaq onu da qeyd etməliyəm ki, biz bu məsələyə daha geniş aspektdən yanaşırıq. Biz bu məsələyə "Cənub dəhlizi" layihəsi kimi yanaşırıq. "Cənub dəhlizi" layihəsinin içində, o cümlədən Nabukko layihəsi də yer tutur. Bundan başqa, Trans Adriatik Kəməri (TAP) layihəsi, Türkiyə-Yunanıstan-İtaliya (TGİ) layihəsi də - onların hamısı "Cənub dəhlizi" layihəsinin içində olan layihələrdir. Bu gün imzalanmış sənədlər "Cənub" layihəsi adlandırdığımız böyük təşəbbüsün həyata keçirilməsində çox önəmli rol oynaya bilər. Çünki bu sənədlərdə iki tərəf iştirak edir. Bolqarıstan və Azərbaycan - iki dost ölkə, əminəm ki, imzalanmış sənədlərin yaxın zamanlarda həyata keçirilməsi üçün nə lazımdırsa onu da edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 15 noyabr.- S. 1.