Möhtəşəm yubileyin unudulmaz günü

 

Müsəlman dünyasında ilk dünyəvi ali təhsil ocağı kimi yaranan, elmin, ixtisaslı kadr hazırlığı prosesinin ən mütərəqqi ənənələrinin formalaşmasında və inkişafında müstəsna xidmətləri olan Bakı Dövlət Universitetinin bu günlərdə uğurla yekunlaşmış 90 illik yubiley tədbirləri Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli şəxsiyyət Heydər Əliyevin böyük müdrikliklə söylədiyi bu fikrin reallığa nə dərəcədə adekvat olduğunu bir daha təsdiqləmişdir: "Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir".

Ötən əsrin iyirminci illərinin əvvəllərindən etibarən respublikada ictimai, mədəni, elmi və siyasi düşüncənin milli mənafe və məfkurəyə uyğun inkişafı prosesində mühüm rol oynayan, fəaliyyətinin bütün mərhələlərində azərbaycançılıq, dövlətçilik ideallarına sadiqliyi ilə seçilən bu mötəbər ali təhsil ocağı həqiqətən də xalqın milli sərvətinə, qürur, fəxarət ünvanına çevrilmiş, çağdaş tariximizə öz möhürünü vurmuşdur. Müstəqil Azərbaycan dövlətinin etibarlı cığırdaşı kimi 90 ildə şərəfli yol qət edən Bakı Dövlət Universitetinin (BDU) təntənəli yubiley tədbirlərinin ilk gündən sonadək böyük mütəşəkkilliklə, ictimai fəallıqla, ruh yüksəkliyi ilə qeyd olunması da onun cəmiyyətdəki yerinə və roluna verilən adekvat ictimai qiymətdir. Mövcudluq tarixi bir əsrə yaxınlaşan BDU-nun müxtəlif səviyyələrdə gerçəkləşən hesabat xarakterli yubiley tədbirləri bu elm və təhsil məbədinin inkişaf mərhələlərinə obyektiv təhlil prizmasından bir daha nəzər salmaq, ötən dövrün uğur və nailiyyətləri barədə ictimaiyyəti hərtərəfli məlumatlandırmaq, gələcək inkişaf perspektivləri ilə yaxından tanış olmaq baxımından müstəsna əhəmiyyətə malikdir.

BDU-nun 90 illik yubileyinə Azərbaycanda ən yüksək səviyyədə göstərilən böyük diqqət həm də onun milli təhsil və düşüncə tariximizə verdiyi əvəzsiz töhfələrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli hakimiyyəti dövründə - 1919-cu ildə respublikanın gələcəyini haqlı olaraq elm və təhsildə axtaran nüfuzlu ziyalıların böyük səyi, israrlı təşəbbüsü ilə yaradılan universitet ilk gündən xalqın maariflənməsi, savadlanması prosesində lokomotivə çevrilmişdir. Cümhuriyyətin yadigarı olaraq BDU ötən dövrdə mütərəqqi ictimai düşüncənin inkişafında, xalqın milli-mədəni özünəməxsusluğunun, düşüncə sisteminin qorunmasında, ümumən cəmiyyətdə maarifçilik hərəkatının möhkəmlənməsində müstəsna xidmətlər göstərmişdir. Azərbaycanda Elmlər Akademiyasının yaranması və inkişafı, habelə bir sıra sanballı institutların fəaliyyətə başlaması, respublikanın müxtəlif dövrlərdə yüksək ixtisaslı, savadlı mütəxəssislərlə təmin edilməsi də bilavasitə universitetin xidmətlərindəndir.

Milli ideallara tapınan fəaliyyəti ilə ictimai həyatın bütün sahələrinə nüfuz edən BDU ötən illərdə Azərbaycan dilinin, fəlsəfi-hüquqi, siyasi fikir tarixinin, ədəbiyyatının, mədəniyyətinin və başqa humanitar, habelə fundamental elm sahələrinin tədqiqində və gənc nəslə ötürülməsində öncül mövqeyə malik olmuşdur. Universitet təhsillə yanaşı, elmi-tədqiqat işlərinin genişlənməsində, elmin müxtəlif sahələrinin inkişafında daim fəallıq nümayiş etdirmiş, özünəməxsus sanballı elmi məktəb yaratmaqla dünya miqyasında məşhurlaşmışdır. Universitetin respublikanın tərəqqisi, çiçəklənməsi və inkişafı naminə böyük xidmətlər göstərmiş nüfuzlu ziyalıların - görkəmli elm xadimlərinin bu prosesdəki müstəsna rolunu da xüsusi vurğulamaq lazımdır. BDU-nun divarları arasında yetişmiş intellektual səviyyəli, vətənpərvər, vicdanlı ziyalılar onun şanlı ənənələrini, nüfuzunu daim qoruyub saxlamış və estafeti özlərindən sonrakı nəsillərə vermişlər.

Respublikamızın yüzlərlə görkəmli şəxsiyyətinin təhsil aldığı BDU bu gün həm də Heydər Əliyev kimi fenomenal liderin, böyük dühanın ali təhsil aldığı elm ocağı olması ilə qürur duyur. Universitetin məzunu olan ulu öndər onun cəmiyyətdəki xidmətlərini, rolunu daim yüksək dəyərləndirmiş, bu elm ocağına lazımi diqqət və qayğını əsirgəməmişdir. 90 illik tarixinə nəzər saldıqda məlum olur ki, universitetin fəaliyyətində intibah və tərəqqi mərhələləri də ulu öndərin respublikaya rəhbərliyi illərinə təsadüf edir. BDU-nun 50, 60, 75 və 80 illik yubileyləri məhz böyük strateq Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında qeyd edilmiş, nüfuzlu elm və təhsil müəssisəsi müdrik rəhbərin qayğısı ilə sürətli inkişaf yolu keçmiş, maddi-texniki bazası möhkəmlənmiş, elmi sahədə nəzərəçarpacaq uğurlara imza atılmışdır. Bu mənada, universitetin 40 illik tarixi bilavasitə ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır.

Universitet respublikada cərəyan edən ictimai-siyasi proseslərin daim mərkəzində olmuş, bu proseslərin xarakterinə və mahiyyətinə daim pozitiv təsiri ilə fərqlənmişdir. Xalqımızın müasir tarixinin ən məsuliyyətli məsələlərinin həll olunduğu məqamlarda universitetin kollektivi əsl vətəndaş mövqeyi nümayiş etdirmiş, tarixin sərt sınaqlarında milli dövlətçiliyin, sabitliyin və əmin-amanlığın qorunub saxlanılması işində öz sözünü demişdir. Milli ideologiyanın formalaşması və inkişafı, milli həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gənclərin milli-mənəvi ruhda yetişdirilməsi prosesində də BDU-nun xidmətləri böyükdür. Universitet tarixi təməl üzərində bu gün daha sürətlə inkişaf edir, müasir yeniliklərin tətbiqinə nail olur, maddi-texniki bazasını təkmilləşdirir, dünya elminin mütərəqqi ənənələrinin mənimsənilməsinə çalışır. Eyni zamanda müstəqil, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak edən BDU keyfiyyətcə yeni mərhələdə ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatların səmərəli şəkildə reallaşdırılmasına layiqli töhfələrini verir.

Azərbaycanın hərtərəfli inkişafını elm və təhsildə, güclü insan kapitalının formalaşdırılmasında görən dövlət başçısı İlham Əliyev BDU-nun cəmiyyətdəki yerini və rolunu, ictimai əhəmiyyətini daim yüksək dəyərləndirmiş, onun davamlı yüksəlişi, tərəqqisi naminə bütün zəruri tədbirləri həyata keçirmişdir. Cənab İlham Əliyevin xüsusi qayğısı ilə universitet son 6 ildə inkişafının daha dinamik mərhələsinə qədəm qoymuş, görkəmini, maddi-texniki bazasını inanılmaz dərəcədə müasirləşdirmiş, Avropa təhsil məkanına inteqrasiya prosesində böyük nailiyyətlərə imza atmışdır. Ötən il tikintisi uzun illər yarımçıq qalmış III korpusun ən müasir tələblərə cavab verən səviyyədə inşa edilərək 2008-2009-cu dərs ili qarşısında istifadəyə verilməsi də dövlət başçısının elmə, təhsilə qayğı siyasətinin bariz təcəssümü olmuşdur. 2006-cı ildə tədris korpusunda yenidən əsaslı inşaat işlərinə başlanılmış, həmin il dövlət büdcəsindən 600 min manat, 2007-ci ildə 2,5 milyon manat vəsait ayrılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il mayın 20-də imzaladığı "Bakı Dövlət Universitetinin yeni tədris korpusunun tikintisi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamı ilə universitetin yeni tədris korpusunun tikintisinə 4,6 milyon manat vəsaitin ayrılması isə inşaat işlərinin uğurla yekunlaşmasına zəmin yaratmışdır. Sonuncu sərəncamın nəticəsi olaraq yeni tədris korpusunun az bir müddətdə istifadəyə verilməsi mümkün olmuş, təhsil ocağının tədris şəraiti, maddi-texniki bazası əsaslı dərəcədə gücləndirilmişdir.

Universitetə böyük ehtiram nümunəsi olaraq dövlət başçısı yeni korpusun təntənəli açılış mərasimində şəxsən iştirak edərək dərin məzmunlu nitq söyləmiş, eyni zamanda dəyərli tövsiyə və tapşırıqlarını vermişdir. BDU-nun milli təhsil sistemindəki yerini yüksək dəyərləndirən cənab İlham Əliyev demişdir: "Bu gün universitetin yeni, gözəl korpusu açılır və bu münasibətlə də sizi ürəkdən təbrik edirəm. Bakı Dövlət Universiteti Azərbaycanın aparıcı təhsil ocağıdır. Burada çox güclü professor-müəllim heyəti vardır və bütün dövrlərdə universitet Azərbaycanda peşəkar kadrların hazırlanmasında çox böyük işlər görmüşdür. Bu gün isə universitet inkişafının yeni mərhələsini yaşayır. Həm təhsilin keyfiyyəti artır, həm də universitetin maddi-texniki bazası möhkəmlənir. Bir sözlə, bizim - Azərbaycanın yerləşdiyi bu bölgədə Bakı Dövlət Universitetinin xüsusi çəkisi vardır".

Universitetin 90 illik yubileyinin son 6 ayda respublika miqyasında geniş qeyd olunması, bu prosesin ümumən təhsil sistemində son illərin ən əlamətdar hadisələrindən birinə çevrilməsi də məhz dövlət başçısı İlham Əliyevin xidmətləri ilə bağlıdır. Azərbaycan Prezidentinin 24 aprel 2009-cu il tarixli "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" sərəncamı ilə yubiley tədbirlərinə start verilmiş, müxtəlif səviyyələrdə universitetin keçdiyi tarixi yola bir daha nəzər salınmış, onun dövlət və xalq qarşısındakı xidmətləri yüksək dəyərləndirilmişdir. Azərbaycanın elm, təhsil və mədəniyyətinin möhtəşəm məbədinə, ölkənin iqtisadi, siyasi və mədəni səviyyəsinin barometrinə çevrilmiş BDU-nun yubiley tədbirləri onun cəmiyyətdəki yüksək adına layiq şəkildə keçirilmiş, bu proses ölkə hüdudlarından kənarda da böyük diqqət çəkmişdir. 2008-ci ildə yeni tədris korpusunu istifadəyə verən, göz oxşayan auditoriyalarının qapısını minlərlə gəncin üzünə açan universitet yubiley ərəfəsində böyük təmir-tikinti meydançasına çevrilmişdi. Bütün korpuslarda, auditoriya və laboratoriyalarda, idman komplekslərində, tələbə-müəllim yeməkxanalarında yüksək estetik zövqlə, eyni zamanda keyfiyyətlə aparılan yenidənqurma işləri bu nüfuzlu elm məbədinin əzəmətli görkəmində klassika ilə müasirliyin uğurlu sintezini yaratmışdır.

Yubiley ərəfəsində Azərbaycanın və digər dövlətlərin nüfuzlu alimlərinin iştirakı ilə keçirilən elmi konfranslarda, "dəyirmi masa"larda, görüşlərdə Azərbaycan təhsilinin, elminin dünəni, bugünü və gələcək inkişaf perspektivləri geniş müzakirə olunmuş, həmçinin universitetin qazandığı nailiyyətlərdən söhbət açılmışdır. Bu tədbirlərə xarici ölkə alimlərinin də qatılması dünya elminin inteqrasiyası prosesinə, habelə Azərbaycanın beynəlxaq əlaqələrinin inkişafına ciddi təkan vermişdir. Eyni zamanda universitetin ayrı-ayrı nüfuzlu professorları, aparıcı müəllimləri, ümumən Azərbaycan ziyalıları nüfuzlu mətbuat orqanlarında məqalələrlə çıxış edərək BDU-nun keçdiyi 90 illik şərəfli yola nəzər salmış, milli elmi potensialın gücləndirilməsi və kadr hazırlığı sahəsindəki fəaliyyətinə toxunmuşlar. Bu elm ocağının təhsildə, elmin ayrı-ayrı sahələrində qazandığı uğurlar, habelə universitetin maddi-texniki bazasının gücləndirilməsi sahəsində həyata keçirilən məqsədyönlü addımlar dolğun və əhatəli şəkildə ictimaiyyətin diqqətinə çatdırılmışdır.

Yubiley ərəfəsində BDU-nun professor-müəllim heyətindən 350 nəfərə dövlət başçısı İlham Əliyevin böyük qayğısı ilə inşa edilmiş 2 müasir binada mənzillərin açarlarının təqdim edilməsi isə universitetin kollektivinə unudulmaz anlar yaşatmış, onların əməyinə verilən yüksək qiymətin təzahürü kimi yadda qalmışdır. Bu qəbildən olan tədbirlər sırasında fakültələr arasında futbol turnirlərinin təşkili, universitet həyatından yazan jurnalistlər arasında keçirilmiş müsabiqənin nəticələrinin açıqlanması, universitetin rektoru, akademik Abel Məhərrəmovun "Bakı Dövlət Universiteti - 90" monoqrafiyasının işıq üzü görməsi, bütün fakültələrin bukletlərinin, xatirə hədiyyələrinin, xatirə medalının hazırlanması, universitet bukletinin nəfis şəkildə çapdan çıxması, internet səhifəsinin təkmilləşdirilməsi də xüsusi vurğulana bilər.

Müasir tələblərə cavab verən maddi-texniki bazası, elmi məktəb yaratmış professor-müəllim heyəti, istedadlı, məqsədyönlü gənc tələbələri ilə öyünməyə tam haqqı çatan 90 yaşlı BDU təhsilin Avropa standartlarına uyğunlaşdırılması, Bolonya Deklarasiyasının şərtlərindən doğan prinsiplərin respublikada tətbiqi istiqamətində də öncüllüyünü qoruyub saxlayır, Avrasiya məkanına inteqrasiya sahəsində inamlı addımlar atır, ayrı-ayrı nüfuzlu universitetlərlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri qurur. Yubiley çərçivəsində Avrasiya Universitetlər Assosiasiyasının səlahiyyətlisi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Antonoviç Sadovniçinin, Qara Dəniz Ölkələri Hövzəsi Universitetləri Assosiasiyasının prezidenti Mixaylo Zuqrovskinin, Xəzəryanı Ölkələrin Universitetləri Assosiasiyasının rəhbəri, professor German Borlikovun və digərlərinin rəhbərlik etdiyi nümayəndə heyətlərinin Bakıya səfəri də BDU-nun beynəlxalq əlaqələrinin miqyası barədə kifayət qədər dolğun təsəvvür formalaşdırır. Universitetlərin beynəlxalq əlaqələrini, qarşılıqlı faydalı əməkdaşlığını gücləndirmək, perspektivli elmi istiqamətləri müəyyənləşdirmək, tələbələrin mobilliyini artırmaq üçün noyabrın birində Bakı Bəyannaməsinin imzalanması da BDU-nun 90 illik yubileyinin diqqətəlayiq yekun nəticələrindən biridir.

Yubileylə əlaqədar bütövlükdə dünyanın 200-dən çox ölkəsindən - Rumıniyadan, Yunanıstandan, Norveçdən, Almaniyadan, Fransadan, Litvadan, Latviyadan, Rusiya Federasiyasından, Gürcüstandan, Dağıstandan, Qırğızıstandan, Özbəkistandan, İran İslam Respublikasından, Türkiyədən, Səudiyyə Ərəbistanından, İsveçdən, İordaniyadan, Amerika Birləşmiş Ştatlarından, habelə ilk rektoru V.İ.Razumovskinin ailə üzvlərindən BDU-ya ünvanlanmış səmimi təbrik məktubları universitet kollektivində böyük sevinc və ruh yüksəkliyi doğurmuşdur.

Bu məktublardan bəzilərinə nəzər saldıqda BDU-nun beynəlxalq miqyasda necə böyük nüfuza malik ali təhsil ocağı olduğu tam təsdiqini tapır. Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov universitetin rektoruna ünvanlanmış təbrik məktubunda bu ali təhsil ocağının Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərini xüsusi qeyd edir: "Şərəfli çoxillik tarixi ərzində Bakı Dövlət Universiteti tanınmış və nüfuzlu ali təhsil müəssisəsinə çevrilmiş, bütün dünyada məşhur elm və təhsil xadimlərinin tam bir nəslini yetişdirmiş, mühüm maarif və təhsil mərkəzi kimi Azərbaycanda və onun hüdudlarından kənarda böyük nüfuz qazanmışdır. Ölkənin digər ali təhsil müəssisələrinin yaradılması üçün baza olan universitet professor-müəllim heyətinin yüksək ixtisaslı kadrlar hazırlamaq üçün fədakar səyləri, fundamental və tətbiqi elm sahəsindəki zəngin ənənələr ilə bizə dost Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi inkişafına, onun intellektual və mənəvi potensialının yüksəldilməsinə bu gün də layiqli töhfə verməkdədir".

Dağıstan Respublikasının Prezidenti Muxu Əliyev BDU-nun rektoruna ünvanladığı təbrik məktubunda yazır: "Bakı Dövlət Universiteti ən dinamik inkişaf edən müasir innovasiya təhsil müəssisələri sırasına aiddir. Ali məktəb ənənələrinin təşəkkülündə, ölkənin intellektual potensialının möhkəmləndirilməsində, Azərbaycanın iqtisadiyyatı, təhsili, elm və mədəniyyətinin inkişafına önəmli töhfə vermiş yüksək səviyyəli mütəxəssislər hazırlanmasında universitetin rolu əvəzsizdir".

Gürcüstanın sabiq prezidenti, görkəmli siyasi xadim, BDU-nun fəxri doktoru Eduard Şevardnadze isə öz növbəsində Bakı Dövlət Universitetinin tarixi xidmətlərini diqqətə çatdırır: "Universitetinizin fəxri doktoru kimi, şəxsən sizi, Bakı Dövlət Universitetinin bütün professorları, müəllimləri, aspirantları və tələbələrini şərəfli yubiley münasibətilə təbrik edirəm. Mənə fəxri doktor diplomunun təqdim edilməsinin unudulmaz mərasimi 1997-ci ilin fevralında məhz universitetinizdə keçdi. Azərbaycan Respublikasının Prezidenti, əziz dostum və qardaşım Heydər Əliyevin iştirakı bu mərasimə xüsusi önəm verirdi. Çıxışımda mən qardaş xalqlarımızın münasibətlərinin inkişafında Azərbaycanın akademik dairələrinin xidmətlərini qeyd etdim. Bu meyillərin davamlı olacağına əminəm, buna zəmanət isə indiki Prezidentiniz - atasının layiqli varisi möhtərəm İlham Əliyevin siyasi kursudur".

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik V.A.Sadovniçi isə təbrik məktubunda və çıxışında vurğulamışdır ki, BDU yarandığı andan təkcə ölkənin deyil, bütövlükdə bölgənin tarixi yeniləşdirmə prosesində avanqard rol oynamışdır. Universitet xalq təsərrüfatının ehtiyacları üçün yüksək ixtisaslı müiəxəssislər hazırlamaq, strukturunu təkmilləşdirmək və daha dərin elmi araşdırmalar aparmaqla Azərbaycan Elmlər Akademiyasının, respublikanın Azərbaycan Tibb Universiteti və Azərbaycan İqtisad Universiteti kimi ali təhsil müəssisələrinin yaradılması və inkişafına yardımçı olmuşdur: "Özündə gənc istedadlı kadrların elmi potensialı ilə yaradıcı təşəbbüslərini və yetkin, yüksək ixtisaslı mütəxəssislərin təcrübəsini birləşdirməklə, universitetinizin kollektivi təməlini görkəmli alimlərin, universitet korporasiyasının üzvlərinin qoyduqları ənənələri qoruyub saxlamaqda və artırmaqdadır. Əminəm ki, Bakı Dövlət Universiteti gələcəkdə də elmi və pedaqoji fikrin inkişafına sədaqətlə xidmət edəcək, fundamental elm və təhsilin ənənələrini davam etdirəcəkdir. Səmimi şəkildə inanıram ki, universitetlərimiz arasında gələcək əməkdaşlıq Rusiya və Azərbaycanın dost xalqlarının yaxınlaşmasının mühüm şərtlərindən biri olan vahid elm-təhsil mühitinin formalaşmasına, onların milli mədəniyyətlərinin qarşılıqlı zənginləşməsinə və humanitar tərəfdaşlığın fəallaşmasına dəstək olacaq".

Azərbaycan Prezidenti İlham Əliyevin 30 oktyabr 2009-cu il tarixli sərəncamları ilə Bakı Dövlət Universitetinin ümumilikdə 107 nəfər professor-müəlliminin müxtəlif fəxri adlara, mükafatlara, fərdi təqaüdlərə layiq görülməsi böyük amallar sahibi olan bu şəxsiyyətin elmə, təhsilə qayğısı, habelə universitetə ənənələrdən gələn diqqət nümunəsi olmuşdur. Həmin sərəncamlarla BDU-nun 1 akademiki "İstiqlal", 1 akademiki "Şərəf", 14 professor-müəllimi "Şöhrət" ordenləri, 38 əməkdaşı "Tərəqqi" medalı ilə, 9 əməkdaşı "Əməkdar elm xadimi", 32 əməkdaşı "Əməkdar müəllim", 3 əməkdaşı "Əməkdar mühəndis",

1 əməkdaşı "Əməkdar jurnalist" fəxri adı ilə təltif edilmiş, 7 tanınmış professor-müəllimi isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür. Bütün bunlar, şübhəsiz, BDU-nun çoxsaylı professor-müəllim heyətinin fəaliyyətinə verilən yüksək qiymət olmaqla, universitetin çoxsaylı kollektivində böyük ruh yüksəkliyi doğurmuşdur.

Universitetin 2009-cu il noyabrın 2-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən yubiley mərasimi isə BDU-nun yubiley tədbirlərinin kulminasiyası və həm də uğurlu yekunu olmuşdur. Bu tarixi gündə ulu öndərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə ən müasir tələblərə cavab verən Heydər Əliyev məktəbi, habelə Heydər Əliyev muzeyi istifadəyə verilmişdir. BDU-nun təntənəli yubiley tədbirində milli elmin, təhsilin, mədəniyyətin etibarlı hamisi - YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva, habelə dünyanın bir sıra aparıcı universitetlərinin rektorları, dövlət qurumlarının rəhbərləri, Milli Məclisin deputatları iştirak etmişlər.

Yubiley mərasimini açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov Azərbaycan Prezidenti cənab İlham Əliyevi və xanımı Mehriban Əliyevanı, habelə tədbirdə iştirak edən yerli və xarici qonaqları salamlayaraq universitetin 90 illik yubileyini ölkə həyatında əlamətdar hadisələrdən biri kimi dəyərləndirdi. O, Bakı Dövlət Universitetinin hər zaman xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsində, maarifçilik ideologiyasının bərqərar olmasında, elm və təhsilin inkişafında, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynadığını diqqətə çatdırdı. BDU-nun tarixindən danışan Abel Məhərrəmov ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə universitetin daha sürətli inkişaf yolu keçdiyini, böyük uğurlara imza atdığını xüsusi qeyd etdi: "Əlamətdar haldır ki, düz 40 il bundan əvvəl - 1969-cu il noyabr ayının 1-də Heydər Əliyev məhz Bakı Dövlət Universitetinin 50 illik yubileyində yubiley komissiyasının sədri kimi Azərbaycan elminin və təhsilinin inkişaf strategiyasını müəyyənləşdirən möhtəşəm bir nitq söyləmişdir. Onu da xüsusi vurğulamaq istərdim ki, sovet rejiminin bütün qadağalarına baxmayaraq, ulu öndər o dövr üçün inqilaba bərabər bir addım atmış - ana dilində nitq söyləmiş və bu, bütün Azərbaycan cəmiyyəti üçün milli ruha və özünüdərkə qayıdış anı olmuşdur" deyə BDU-nun rektoru çıxışında bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyevin son 6 ildə elmə, təhsilə yüksək qayğı ilə yanaşdığını diqqətə çatdıran Abel Məhərrəmov BDU-ya göstərdiyi diqqətə görə dövlət başçısına universitetin çoxsaylı professor-müəllim heyəti adından minnətdarlığını bildirdi. Onun sözlərinə görə, Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində, beynəlxalq nüfuzunun yüksəldilməsində, ölkə iqtisadiyyatının sürətli inkişafında, siyasi sabitliyin qorunub saxlanmasındakı misilsiz xidmətlərini nəzərə alan universitet Elmi Şurası Prezident İlham Əliyevə Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi barədə qərar qəbul etmişdir.

Dövlət başçısı İlham Əliyev yubiley mərasimində dərin məzmunlu nitq söyləyərək universitetin Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin inkişafında daim öncül mövqeyə malik olduğunu, cəmiyyətdə yüksək nüfuzu ilə seçildiyini bildirdi. Universitetin Azərbaycan Xalq Cümhuriyyəti dövründə maarifpərvər Azərbaycan ziyalıları tərəfindən yaradıldığını diqqətə çatdıran dövlət başçısı onun Sovet hakimiyyəti illərində də milli ideallara sadiq olduğunu, milli kadr hazırlığı prosesində yaxından iştirak etdiyini diqqətə çatdırdı: "Bakı Dövlət Universiteti müxtəlif dövrlərdə Azərbaycanın hərtərəfli inkişafı üçün öz dəyərli töhfəsini vermişdir. Bakı Dövlət Universitetinin məzunları öz fəaliyyəti ilə ölkəmizin çiçəklənməsinə dəyərli töhfələrini vermişlər. Ulu öndər Heydər Əliyev də Bakı Dövlət Universitetinin məzunu idi və bütün dövrlərdə - 1970-80-ci illərdə və müstəqil Azərbaycanın Prezidenti kimi Bakı Dövlət Universitetinin inkişafı üçün çox böyük səylər göstərmişdir. Həmişə universitetə çox böyük diqqət göstərmişdir, universitetin tədbirlərində iştirak etmişdir və Bakı Dövlət Universitetinin belə yüksək səviyyəyə qalxması üçün əməli işlər görmüşdür".

Universitet kollektivini yubiley münasibəti ilə təbrik edən, onlara uğurlar arzulayan möhtərəm Prezidentimiz universitetin mantiyasını geyinən, diplomunu alan zaman böyük səmimiyyət və ehtiram hissi ilə BDU-ya bundan sonra da qayğı ilə yanaşacağını söylədi: "Bakı Dövlət Universitetinin fəxri doktoru adının verilməsi mənim üçün böyük şərəfdir. Mən müxtəlif universitetlərin fəxri doktoruyam. Ancaq əlbəttə ki, mənim üçün ən doğma olan Bakı Dövlət Universitetinin fəxri doktoru adını almaq xüsusi məmnunluq hissi oyadır. Mənim fəaliyyətimə verilən bu yüksək qiymətə görə sizə bir daha öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin hərtərəfli inkişafı üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm!"

Ümumiyyətlə, uğurla yekunlaşan 90 illik yubiley tədbirini universitetin bir əsrə yaxınlaşan möhtəşəm mövcudluq tarixində xalqa hesabat kimi də dəyərləndirmək olar. Bu yubiley tədbirləri bir daha göstərdi ki, Azərbaycan dövlətinin ötən əsrdə qazandığı bütün nailiyyətlərdə bu mötəbər elm və təhsil ocağının tarixi xidmətləri, silinməz izləri vardır. Eyni zamanda elmin, təhsilin inkişafı, vətənpərvər, yüksək ixtisaslı kadr hazırlığı bu gün də BDU-nun prioritet məqsədləri sırasındadır. Dövlətçiliyin sadiq keşikçisi olan, xalqa layiqli xidməti başlıca amala çevirən BDU Azərbaycanın bir nömrəli universiteti kimi üzərinə düşən məsuliyyəti daim düzgün dəyərləndirir, dövlət və xalq qarşısında məsuliyyətini aydın dərk edir. İnanırıq ki, 100 illik yubileyinə uğurlu "start götürən" BDU dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaxın perspektivdə dünyanın ən yüksək reytinqli ali təhsil ocaqları ilə bir sırada dayanacaqdır.

 

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan.- 2009.- 15 noyabr.- S. 2.