3. Enerji ixracı marşrutları Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırır

 

 "Bu gün Azərbaycan öz enerji potensialını müxtəlif boru kəmərləri ilə ixrac edir. Bizim 7 neft və qaz kəmərimiz var. Hər bir kəmər özlüyündə böyük məna daşıyır. Azərbaycanın enerji, neft və qaz potensialının şaxələndirilməsi məsələlərini biz tam şəkildə həll edə bilmişik. Neft-qaz sərvəti nə qədər olursa-olsun, bunları dünya bazarına çıxarmaq mümkün olmadığı təqdirdə onun heç bir mənası yoxdur".

 

İlham ƏLİYEV

 

Heç şübhəsiz ki, Azərbaycanın enerji strategiyasının uğurlarını şərtləndirən əsas amillərdən biri də ölkənin malik olduğu zəngin karbohidrogen ehtiyatlarının müxtəlif istiqamətlərdə ixracını təmin edən marşrutların mövcudluğudur. Enerji ehtiyatlarının nəqli üçün Azərbaycanın müxtəlif istiqamətlərə yönələn belə ixrac kəmərələrinə malik olması isə ilk növbədə ölkənin manevr imkanlarını artırır.

Postsovet məkanına nəzər salmaq kifayətdir ki, enerji xətlərinin diversifikasiyasına malik olmayan dövlətlərin nə dərəcədə digər ölkələrdən asılı vəziyyətdə qaldığını görəsən. Azərbaycanda isə əksinə, ixrac marşrutlarının çoxluğu onun qlobal enerji sferasında böyük və ya kiçiklyindən asılı olmayaraq digər dövlətlərlə bərabərhüquqlu oyunçu qismində çıxış etməsinə və tələb olunduğu təqdirdə öz şərtlərini diktə etməsinə imkan verir.

 

"Üç dəniz əfsanəsi"

 

Bütün bunlar Azərbaycanın enerji strategiyasının nə dərəcədə uğurlu olduğunu və onun kifayət qədər böyük məharətlə tərtib edildiyini bir daha açıq şəkildə göstərir. Həmçinin bu strategiyanın tarixi onun memarı olduğu ümummilli lider Heydər Əliyevin dahiliyini, uzaqgörənliyini bir daha sübuta yetirir. Çünki ixrac marşrutlarının diversifikasiyasını təmin etməklə ulu öndər Azərbaycanın enerji müstəqillyinin bünövrəsinin daha da möhkəmliyinə nail olub. Bu gün isə Prezident İlham Əliyevin ulu öndərin enerji strategiyasını uğurla davam etdirməsi artıq Azərbaycanın qarşısında yeni ixrac marşrutlarının reallaşdırılması imkanlarını açıb.

Ölkənin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqlini nəzərdə tutan mövcud marşrutlardan söhbət açılarkən təbii olaraq ilk növbədə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin adı çəkilir. Əgər "Əsrin müqaviləsi" kimi nəhəng kontraktın imzalanması müstəqillik illərinin enerji tarixinin ilk əsas səhifəsini təşkil edirsə, Bakı-Tbilisi-Ceyhanın inşası bu tarixin əsas hərəkətverici qüvvəsi sayılır. Çünki "Əsrin müqaviləsi"nin imzalanmasından sonra gündəlikdə duran əsas məsələ Xəzərin Azərbaycan sektorundakı yataqlardan hasil olunacaq neftin dünya bazarlarına hansı ixrac boru kəməri ilə nəqli idi. Həmin dövrdə isə Heydər Əliyevin uzaqgörənliyi və prinsipiallığı nəticəsində bu problem Azərbaycanın milli maraqlarına uyğun həllini tapdı. Onun baş memarı və ideya müəllifi olduğu Bakı-Tbilisi-Ceyhan neft kəməri strateji və siyasi baxımdan ən optimal variant oldu. Lakin Bakı-Tbilisi-Ceyhan ideyası gündəmə gəldikdən sonra dərhal bəzi dövlətlər, təşkilatlar tərəfindən onun əleyhinə böyük kampaniya başladı, hətta bunu reallaşdırılması mümkün olmayan əfsanə kimi qiymətləndirənlər də tapıldı. Lakin Azərbaycan əfsanəni reallığa çevirmək iqtidarında olduğunu bütün dünyaya sübut etdi.

ATƏT-in 18 noyabr 1999-cu il tarixdə İstanbulda keçirilmiş zirvə toplantısında Azərbaycan, Türkiyə və Gürcüstan prezidentləri Bakı-Tbilisi-Ceyhanın reallaşması barədə sazişi imzaladılar. Həmin sazişə eyni zamanda ABŞ və Qazaxıstanın dövlət başçıları da imza atmaqla üzərlərinə müəyyən hüquqi və siyasi öhdəliklər götürmüş oldular. 2002-ci ilin avqustunda Londonda kəmərin tikintisini və gələcək istismarını aparmaq üçün "BTC Ko" şirkəti yaradıldı.

Bu şirkətin səhmdarları isə dünyanın ən aparıcı neft kompaniyaları idi. Belə ki, səhmdarlar sırasında aşağıdakı şirkətlər yer alırdı: bp - 30,1% (layihənin operatoru), ARDNŞ - 25%, "Unocal" (ABŞ) - 8,9%, "Statoil" (Norveç) - 8,71%, TPAO (Türkiyə) - 6,53%, ENI (İtaliya) - 5%, "Total" (Fransa) - 5%, "Itochu" (Yaponiya) - 3,4%, "Inpex" (Yaponiya) - 2,5%, "ConocoPhillips" (ABŞ) - 2,5% və "Amerada Hess" (ABŞ) - 2,36%.

Ümummilli liderin iştirakı ilə 18 sentyabr 2002-ci il tarixdə isə Azərbaycan paytaxtında Bakı-Tbilisi-Ceyhanın təntənəli təməlqoyma mərasimi keçirildi və inşasına start verildi. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan ərazisindən keçən hissəsinin istifadəyə verilməsi mərasimi keçirildi və Səngəçal terminalından boru xəttinə ilk neft vuruldu. Elə həmin ilin oktyabrında kəmərin Gürcüstan hissəsi istifadəyə verildi. Nəhayət, 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhan limanına çatdı və həmin il iyunun 4-də Xəzər nefti ilə yüklənmiş ilk tanker Ceyhan limanından Avropaya yola salındı. Yenə də həmin il iyulun 13-də Ceyhanda sözügedən kəmərin təntənəli açılış mərasimi keçirildi.

Ancaq Azərbaycan rəhbərliyi bu kəmərin gələcək perspektivini artırmaq üçün sadalananlarla kifayətlənmədi. Orta Asiyanın karbohidrogen ehtiyatlarının da kəmər vasitəsilə ixrac edilməsi istiqamətində konkret addımlar atılmağa başlandı. Bu mənada 2006-cı il iyunun 16-da Qazaxıstanın paytaxtı Astanada "Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" imzalanan müqavilə xüsusi əhəmiyyət kəsb edir. Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və onun qazax həmkarı Nursultan Nazarbayev imzalamışdılar.

2008-ci ilin noyabrında isə ARDNŞ ilə "KazMunayQaz" şirkəti arasında "Qazaxıstan Xəzər nəql sistemi" layihəsi üzrə memorandum imzalanmış və bu istiqamətdə işlərin başlanmasına start verilmişdi. Həmin sistem "Kaşaqan" və "Tengiz" yataqlarından hasil olunan Qazaxıstan neftinin Bakı-Tbilisi-Ceyhanla dünya bazarlarına nəql edilməsi üçün nəzərdə tutulmuşdur. Bu, həm də Xəzərdə hər iki dövlətin geniş əməkdaşlığına münbit şərait yaradırdı. Artıq bunun nəticəsidir ki, Bakı-Tbilisi-Ceyhanla təkcə Azərbaycan yox, həm də Qazaxıstan neftinin bir hissəsi ixrac olunur.

Əsas İxrac Boru Kəməri adlandırılan Bakı-Tbilisi-Ceyhan dünyanın ən böyük layihələrindən biridir. Bu kəmərin ümumi uzunluğu 1767 kilometrdir, onun 1076 kilometri Türkiyənin, 443 kilometri Azərbaycanın, 248 kilometri Gürcüstanın ərazisindən keçir. Kəmərin ötürücülük qabiliyyəti ildə 50 milyon ton, gündə 1 milyon barel neft təşkil edir. Lakin o qədər böyük həcmdə olan vəsait yatırılması hesabına Bakı-Tbilisi-Ceyhanın ötürücülük qabiliyyətini bir qədər də artırmaq mümkündür.

Ən əsası isə, Bakı-Tbilisi-Ceyhanın inşası ilə "Üç dəniz əfsanəsi" reallığa çevrildi. Azərbaycan xalqının ümummilli lideri yenilməz siyasi iradə və qətiyyət nümayiş etdirərək bu istiqamətdə də başlanılmış işlərin uğurla sona çatdırılmasına nail oldu. 2002-ci il iyunun 25-də İstanbulda keçirilən "Üç dəniz əfsanəsi" konfransının açılış mərasimində çıxışı zamanı Heydər Əliyev bununla bağlı qeyd edirdi: "Mən baxıram, vaxtilə təsəvvür etmək mümkün olmazdı ki, Xəzər dənizindən Qara dənizə gələcəyik və oradan da Aralıq dənizinə qədər gedəcəyik. İki min kilometr uzunluğunda böyük bir neft kəməri çəkilir. Bu, həqiqətən, əfsanədir".

Tarix isə bir daha əyani şəkildə göstərdi ki, ümummilli liderin adını daşıyan Bakı-Tbilisi-Ceyhan yalnız Azərbaycanın deyil, həm də beynəlxalq miqyasda enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir. Mühüm texniki-iqtisadi göstəriciləri olan bu kəmərin siyasi çəkisi də olduqca böyükdür. İlk növbədə ona görə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verdi, ölkəmizin xarici siyasətinin güclənməsinə və inkişaf etməsinə zəmin yaratdı.

 

Bakı-Novorossiysk və Bakı-Supsa

 

Ancaq Bakı-Tbilisi-Ceyhan reallaşana qədər 1990-cı illərin əvvəllərində Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri digər marşrutlarla neft ehtiyatlarını dünya bazarına çıxarmaq idi. Özü də həmin marşrutların inşa və istifadəyə verilməsi kifayət qədər tez həyata keçirilməli idi. Bu xüsusda da Heydər Əliyev dahiliyi bir daha özünü büruzə verdi. İlkin neftin hasil olunmasından sonra onun dünya bazarlarına çatdırılması üçün 1996-cı ilin əvvəllərində Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə hökumətlərarası saziş imzalandı. ABƏŞ, ARDNŞ və "Transneft" arasında imzalanan üçtərəfli sazişdə Azərbaycan neftinin RF ərazisindən keçməklə Qara dənizin Novorossiysk limanına nəql olunması nəzərdə tutulurdu. Sazişin əsas cəhətlərindən biri də burada bütün hüquqi və texniki məsələlərin öz əksini tapması idi. Rusiya bu müqavilədə öz mövqeyini obyektivləşdirərək müqavilənin 2-ci bəndində qəbul edirdi ki, Azərbaycan neftinin mülkiyyət hüququ bu neftin istehsalçısına məxsusdur. Bu, Azərbaycanın "Yeni neft strategiyası"nın əldə etdiyi mühüm nailiyyət kimi qiymətləndirilirdi. Şimal ixrac marşrutu da adlandırılan Bakı-Novorossiysk 1997-ci il oktyabrın 25-dən istifadəyə verildi. Həmin dövrdən etibarən fasiləsiz olaraq istismar edilən Bakı-Novorossiysk əvvəllər ABƏŞ tərəfindən idarə olunsa da, sonradan kəmərin operatorluğunu ARDNŞ həyata keçirməyə başladı. Ümumi uzunluğu 1330 kilometr olan Bakı-Novorossiyskin 231 kilometri Azərbaycan ərazisindən keçir. Kəmərin diametri 720 millimetr, gündəlik ötürmə qabiliyyəti 115 000 barel, yaxud 15750 tondur.

Ancaq hələ Bakı-Novorossiyskin reallaşması istiqamətində işlər görülən zaman ulu öndər Heydər Əliyev neft marşrutlarının alternativliyinə nail olmağın vacibliyini əvvəlcədən görürdü və bununla bağlı konkret addımlar atırdı. Neft marşrutlarının alternativliyi isə Azərbaycana ilk növbədə ona görə lazım idi ki, ölkə perspektivdə hər hansı bir dövlətdən asılı vəziyyətə düşməsin. Bütün bu amilləri nəzərə alan ümummilli lider 1996-cı ilin martında gürcü həmkarı Eduard Şevardnadze ilə Tbilisidə Bakı-Supsa neft kəmərinin çəkilməsi barədə razılıq əldə etdi. ABƏŞ, ARDNŞ və Gürcüstan hökuməti arasında bağlanmış müqavilələr əvvəlcə "Çıraq" yatağının mənimsənilməsini nəzərdə tutan "İlkin hasilat" layihəsində neft ixracı üçün nəzərdə tutulmuşdu.

1999-cu ilin aprelin 17-də istifadəyə verilən və Qərb ixrac marşrutu adlandırılan Bakı-Supsa kəməri Səngəçal terminalından Azərbaycan ərazisi ilə keçərək Gürcüstanın Qara dəniz sahillərində yerləşən Supsa terminalınadək uzanır. Uzunluğu 837 kilometr olan bu kəmərin diametri 530 millimetrdir. Bakı-Supsanın da gündəlik ötürücülük qabiliyyəti 115 000 barel, yaxud 15750 tondur. Onun inşası zamanı keçmiş SSRİ dövründə istifadə olunan Bakı-Batumi kəmərindən istifadə olunub. Bu marşrutun ən böyük üstünlüyü Azərbaycan neftinin təmiz halda "Azəri light" markası ilə dünya bazarına çıxarılmasıdır. Bununla yanaşı, kəmərin digər üstünlüyü neftin Supsaya Novorossiyskə nisbətən daha ucuz nəql olunmasıdır.

 

Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətlərində uzanan qaz kəmərləri

 

Lakin Azərbaycan təkcə neft yox, həm də bir neçə ixrac qaz kəmərinə malik ölkə kimi də dünya miqyasında yaxşı tanınır. Təbii qaz ehtiyatlarının 5 trilyon kubmetrə və yeni kəşfiyyat işləri sayəsində daha böyük rəqəmə çatacağı istisna olunmadığından, Azərbaycanın bir neçə qaz ixracı kəmərinə malik olması da təbii qarşılanmalı, eyni zamanda bu sahədə də uğurlu bir strategiyanın həyata keçirilməsinin bariz nümunəsi kimi qəbul olunmalıdır.

Təbii qazın ixrac marşrutlarından danışarkən isə ilk növbədə Cənubi Qafqaz boru kəməri də adlandırılan Bakı-Tbilisi-Ərzuruma toxunmaq lazım gəlir. Bu boru kəməri Azərbaycan qazının "Şahdəniz" yatağından Türkiyə vasitəsilə Avropa bazarlarına nəqli üçün yaradılıb. Onun əsas səhmdarları sırasında bp, "Statoil", Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Total", TPAO kimi nəhənglər yer alır. Uzunluğu 690 kilometrə çatan kəmərin 442 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstandan keçir, daha sonra Ərzurum qaz kəmərinə birləşir. Azərbaycan və Gürcüstan ərazisində bu qaz kəməri Bakı-Tbilisi-Ceyhana paralel olaraq çəkilib. Kəmərin maksimal ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrdir. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ərzurum ehtiyatlarına görə dünyanın ən iri qaz-kondensat yataqlarından sayılan "Şahdəniz"dən hasil olunan mavi yanacağı Türkiyə, eləcə də Avropaya çatdırır. Perspektivdə isə "Şahdəniz" yatağının ikinci mərhələsinin işlənməsi çərçivəsində Bakı-Tbilisi-Ərzurumla daha böyük miqdarda qaz ixracı həyata keçiriləcək.

Azərbaycanın malik olduğu daha bir təbii qaz ixrac marşrutu isə hələ sovetlər dönəmində inşa olunan Qazıməmməd-Mozdok boru kəməridir. Azərbaycan qazının 2010-cu ildən Rusiyaya ixracına başlanılması üçün boru kəməri infrastrukturu hazırlanıb. Artıq bu kəmərlə hər il təxminən yeddi milyard kubmetr qaz ötürmək olar, əvvəllər isə bu göstərici beş milyard kubmetr təşkil edib. Xatırladaq ki, bir müddət əvvəl Bakıda ARDNŞ və "Qazprom" şirkəti arasında Azərbaycan qazının Rusiyaya tədarükü barədə ortamüddətli müqavilə imzalanıb. Müqavilənin şərtləri 2010-cu ildən ildə 500 milyon kubmetrdən az olmayan qaz həcminin Rusiyaya tədarükünü nəzərdə tutur. Lakin ehtiyac yarandığı təqdirdə Rusiyaya ixrac olunan qazın miqdarı istənilən həcmə qədər artırıla bilər. Bu ixrac marşrutunun bir sıra mühüm üstünlükləri də var. Belə ki, Rusiya ilə Azərbaycan arasında heç bir başqa tranzit ölkə yoxdur, yəni bu marşrutdan istifadə əlavə tranzit haqları tələb etmir.

Bununla yanaşı, Azərbaycan İrana da qaz ixrac etmək üçün lazımi potensiala və hazır kəmərə malikdir. Azərbaycan və İranı Hacıqabul-Astara-Bənd-Biand qaz kəməri bağlayır. Onun ümumi uzunluğu 1474,5, Azərbaycandakı hissəsi 296,5 kilometrdir. Buraxılış gücü ildə 10 milyard kubmetrdir. Bu marşrut 1971-ci ildə istifadəyə verilmiş Qazax-Astara-İran boru kəmərinin bir qoludur. Onun trasında üç kompressor stansiyası tikilib - Hacıqabul, Ağdaş və Qazax. Qaz nəqli sistemi 55 dərəcəli atmosfer təzyiqinə hesablanıb. Boru kəmərinin diametri 1200 millimetrdir.

Azərbaycanın malik olduğu daha bir qaz kəməri yenə də sovetlər dönəmində inşa olunan və Gürcüstan istiqamətində uzanan kəmərdir. Hazırda təbii qaza olan ehtiyacını Gürcüstan məhz bu kəmər vasitəsilə təmin edir və Azərbaycan indi mavi yanacaqla Gürcüstanı təmin edən əsas ölkədir. Beləliklə, Azərbaycan dörd istiqamətdə - Türkiyə, Gürcüstan, Rusiya və İran istiqamətlərində qaz ixrac etmək iqtidarındadır və həmin istiqamətlərdə artıq müəyyən miqdarda qaz nəql olunur. Perspektivdə isə bu marşrutlar üzrə mavi yanacağın nəql həcminin artırılması üçün Azərbaycanın böyük qaz ehtiyatları var.

 

Perspektiv ixrac layihələri

 

Lakin Azərbaycanın qarşısında ixrac məsələsində yeni və olduqca perspektivli layihələr də durur. Onlardan biri məşhur "Nabukko" layihəsidir. Bu kəmər qazın Türkiyədən Bolqarıstan, Rumıniya və Macarıstandan keçməklə Avstriyaya, eləcə də bütün Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərin uzunluğu 3.300 kilometr, ilkin qaz nəqli gücünün 8-10 milyard kubmetr olacağı gözlənilir. 2020-ci ilə qədər isə bu kəmərin Avropaya ildə 31 milyard kubmetr qaz daşıyacağı proqnozlaşdırılır. Əsas mənbələr Xəzər, Orta Asiya və Yaxın Şərqin yataqları hesab edilir. Kəmərin tikintisinə 2011-ci ildə başlanması nəzərdə tutulub. Plana görə, bu kəmərlə qazın nəqli 2014-cü ildə həyata keçiriləcək.

"Nabukko" kəməri layihəsinə Avstriyanın neft-qaz şirkəti olan OMV rəhbərlik edir. Konsorsiuma Macarıstanın MOL, Türkiyənin BOTAŞ, Bolqarıstanın "Bolqarqaz", Rumıniyanın "Transqaz" və Almaniyanın RWE şirkətləri daxildir.

Hazırda isə "Nabukko"nun reallaşması üçün Avropanın əsas ümid yeri kimi məhz Azərbaycan qəbul olunur.

O da danılmaz reallıqdır ki, elə "Nabukko" layihəsinin meydana gəlməsinin əsas səbəbi Azərbaycanın həyata keçirdiyi enerji siyasəti sayılır. Bununla bağlı Prezident İlham Əliyev bildirmişdir: "Azərbaycan Xəzərdən Qərbə gedən boru kəmərlərinin tikintisini başlayan ölkə oldu. Məhz bizim təşəbbüslərimiz və işlərimiz əsasında bu gün biz "Nabukko", Türkiyə-Yunanıstan-İtaliya, Transadriatik qaz kəmərləri və digər layihələr haqqında danışa bilərik, çünki biz bütün zəruri ilkin işləri artıq yerinə yetirmişik. Bu gün nəhəng neft və qaz ehtiyatları, müasir infrastruktur, boru kəmərləri və önəmli məkanda yerləşən Azərbaycan, əlbəttə ki, regional enerji təhlükəsizliyi və Avropanın enerji təhlükəsizliyində mühüm rolunu davam etdirir. Avropa Azərbaycanın böyük tərəfdaşıdır".

Azərbaycan qazının perspektiv ixrac marşrutu ilə bağlı gündəlikdə olan daha bir layihə Qara dəniz sahillərindən - Gürcüstandan Azərbaycan qazını Avropa məkanına nəql etmək layihəsidir. Azərbaycan prinsip etibarilə bu layihəyə razılıq verib. Bu məsələ ilə əlaqədar Prezident İlham Əliyevin Rumıniyaya son rəsmi səfərində geniş müzakirələr aparılıb. Azərbaycan həmçinin bununla bağlı Bolqarıstanla da mümkün əməkdaşlığı nəzərdən keçirir.

Perspektivdə Avropanın Azərbaycan qazına daha böyük ehtiyac duyacağı da proqnozlaşdırılır. Bununla bağlı Prezident İlham Əliyev demişdir: "Bizim qazımıza tələbat artır və artacaqdır, bu, qaçılmazdır. Çünki biz Avropa və dünya qaz bazarlarının imkanlarını yaxşı bilirik. Biz yaxşı bilirik ki, gələcəkdə Azərbaycan qazı enerji təhlükəsizliyi məsələlərində daha da ciddi rol oynayacaqdır. Çünki ənənəvi qaz mənbələri tükənməkdədir. Avropanı qidalandıran qaz mənbələri bizə bəllidir. Uzun illərdir ki, Avropa qitəsi müəyyən mənbələrdən qaz alır. Azərbaycan isə öz böyük qaz resursları ilə Avropa bazarı üçün, digər ölkələrin bazarı üçün əvəzolunmaz təchizatçı tərəfdaş kimi çıxış etməyə başlayır".

Lakin Azərbaycan təkcə müxtəlif ixrac neft-qaz kəmərlərinə malik olması ilə seçilmir. Ölkənin tranzit əhəmiyyəti də olduqca böyükdür. Bu gün Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının alternativ marşrutlarla dünya bazarlarına çıxarılmasında əsas tranzit ölkələrdən biri statusunu məhz Azərbaycan daşımaqdadır. Faktdır ki, Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılması mümkün deyil. Elə buna görədir ki, kifayət qədər böyük bir coğrafi məkanda yeni enerji layihələrinin reallaşmasında Azərbaycan əsas açar rolunu oynayan dövlət kimi qəbul olunmaqdadır.

 

Qeyd edilənlər bir daha Azərbaycanın dünya enerji məkanında nə qədər vacib ölkə olduğunu göstərməklə yanaşı, həm də bu sahədə kifayət qədər uğurlu bir siyasət həyata keçirdiyini göstərir. Azərbaycanın bu uğurunu şərtləndirən əsas amillərdən biri də dünya miqyasında ölkənin enerji sferasında da etibarlı tərəfdaş statusunu daşımasıdır.

 

 

Rasim BAYRAMOV

 

Azərbaycan.- 2009.-  15 noyabr.- S. 3.