"Musiqi dünyası" jurnalının
10 yaşı tamam oldu
Noyabrın 14-də Azərbaycan Bəstəkarlar İttifaqında "Musiqi dünyası" jurnalının 10 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən təsis edilmiş jurnalın baş redaktoru, əməkdar incəsənət xadimi Tariyel Məmmədov çıxış etmişdir. Natiq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Eyni zamanda o, baş redaktoru olduğu "Musiqi dünyası" jurnalı, nəşrin mövzuları və s. barədə ətraflı məlumat vermişdir.
Nəşrinə 1999-cu ildə başlanan "Musiqi dünyası" jurnalının çap versiyası ilə yanaşı, həm də internet versiyası fəaliyyət göstərir. Son illərdə isə "Musiqi dünyası" radiojurnalının efirdə yayımlanması da maraqla qarşılanmışdır.
T.Məmmədov jurnalın milli musiqi irsinin qorunması və təbliği, onun dünya internet məkanına çıxarılması və s. məqsədlərə xidmət etdiyini vurğulamışdır.
Digər çıxış edənlər də nəşrin milli musiqi irsinin təbliğindəki rolundan bəhs etmiş, jurnalın əməkdaşlarına uğurlar arzulamışlar.
AzərTAc
Azərbaycan.- 2009.-
15 noyabr.- S. 4.