İranın Mehr Xəbər Agentliyi öz saytında "AzərTAc - Azərbaycan xalqının media güzgüsü"
adlı məqalə yerləşdirmişdir
İranın Mehr Xəbər Agentliyi öz saytında ingilis dilində "AzərTAc - Azərbaycan xalqının media güzgüsü" adlı məqalə yerləşdirmişdir.
Məqalədə AzərTAc-ın tarixi, keçdiyi inkişaf yolu və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir. Vurğulanmışdır ki, 24 saat fasiləsiz olaraq Azərbaycan, ingilis və rus dillərində iqtisadi, mədəni, idman, səhiyyə, elm və təhsil, eləcə də ətraf mühit mövzularında xəbərlər yaymaqla yanaşı, AzərTAc həm də rəsmi informasiya xəbərlərinin yeganə mənbəyidir.
AzərTAc-ın beynəlxalq əlaqələrindən də danışılan məqalədə bildirilir ki, agentlik dünyanın bir sıra dövlətlərinin milli informasiya agentlikləri ilə rəsmi qaydada fəal əməkdaşlıq edir.
Yazıda qeyd olunmuşdur ki, 2004-cü ildə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA), 2008-ci ildə isə Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv qəbul edilmiş AzərTAc, həm də Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (ANİA), Türkdilli Xəbər Agentlikləri Birliyinin (TKA), Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Milli İnformasiya Agentlikləri Assosiasiyasının (PANİA) təsisçilərindən biridir.
Xatırladaq ki, Mehr Xəbər Agentliyi noyabrın 17-dək davam edəcək OANA İcraiyyə Komitəsinin 31-ci və redaktorlar və texniki ekspertlər qrupunun 25-ci iclasına ev sahibliyi edir.
AzərTAc
Azərbaycan.- 2009.-
15 noyabr.- S. 4.