Azərbaycandakı dini tolerantlıq inkişaf etmiş ölkələrə də örnəkdir

 

Sivilizasiyaların dialoqunu önə çəkən tolerant düşüncə tərzi cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgəyaşayışı nəticəsində əldə olunmuş tarixi nailiyyət olaraq demokratik cəmiyyətin, mədəniyyətlərarası münasibətlərin təməl prinsiplərindəndir. Tarixən başqa millətlərə və səmavi dinlərə, fərqli mədəniyyətlərə dözümlü yanaşması ilə seçilən Azərbaycanda tolerantlıq xalqın milli-mənəvi dəyərlər sistemindən, düşüncə sistemindən qaynaqlanır. Geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, mədəni-mənəvi dəyərlərin, dini konfessiyaların qovuşduğu bu torpaq milli-etnik tərkibi ilə dünyanın nadir mədəni sivilizasiyalarından birinə çevrilmişdir.

 

Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşmışdır. Ümummilli lider hər bir fərdin maraqlarının yüksək səviyyədə təmin olunmadığı cəmiyyətdə güclü dövlət yaratmağın mümkünsüzlüyünü daim önə çəkmiş, respublikanın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini xüsusi vurğulamışdır. 1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edilmişdir. Əsas Qanunun qəbulundan sonra ölkədə dini-mənəvi münasibətləri tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi müxtəlif dini icmaların qanunla müəyyənləşmiş qaydada fəaliyyətinə geniş imkanlar açmış, bu sahədə dövlət tənzimlənməsinin həyata keçirilməsi məqsədilə Dini İşlər üzrə Dövlət Komitəsi yaradılmışdır. Dünyəvi və demokratik dövlət modelini qəbul etməsinə rəğmən, respublikamızda insanların dini inanclarının, habelə vicdan azadlığının əleyhinə heç bir addım atılmamışdır.

Müstəqilliyin ilk illərində dövlətin maliyyə imkanlarının məhdudluğuna rəğmən, ulu öndər Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi diqqət ayırmışdır. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət məscidini ziyarət etmiş, onun təmiri və bərpası ilə bağlı göstərişlərini vermişdir. 1997-ci ildə Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin bərpa olunmasına vəsait ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə ziyarətgahın böyük bir hissəsinin açılışı olmuşdur. Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Ulu öndərin diqqəti və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük Sinaqoqun inşa edilməsi də bunu bir daha təsdiqləyir.

1998-ci ildə Bakıda İKT-nin təşkilatçılığı ilə keçirilən "İslam sivilizasiyası Qafqaz"da adlı beynəlxalq konfransda dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev demişdir ki, Qafqazda islamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. "İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, islamı dəyərlər gətiribdir. Bu dəyərlər müqəddəs kitabımız Qurani-Kərimdən gələn islami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir. Məlumdur ki, Qafqazda yaşayan xalqlar islam dinini qəbul edənə qədər də böyük mədəniyyətə, tarixə və özlərinə məxsus adət-ənənələrə malik olmuşlar. Islamın dini mənəvi dəyərləri, Qafqaz xalqlarının qədimdən yaranmış və inkişaf etmiş mənəvi dəyərləri ilə birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil ediblər".

Roma-katolik kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ilin mayında ölkəmizə səfəri zamanı Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Eləcə də Roma patriarxı I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə olmuşdur. Şərqi Roma pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi müxtəlif dinlərə etiqad edən insanların narahatçılığına səbəb olan bir çox mürəkkəb məsələlərdə qarşılıqlı anlaşma və razılığa nail olmaq, sıx münasibətlər yaratmaq, habelə dinlərarası dialoqu daha irəli aparmaqdan ibarət idi. Onun etirafına görə, respublikamızdakı dövlət-dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir: "Mən buradakı tolerantlığın səviyyəsindən məmnunam. Azərbaycanda hər kəs istədiyi dinə etiqad edir, istədiyi kimi ibadət edə bilir".

Xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Hələ andiçmə mərasimində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən cənab İlham Əliyev ilk gündən dini və milli azlıqların nümayəndələrinə xüsusi həssaslıqla yanaşmış, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirmişdir. Dövlət başçısı respublikada bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla bildirir: "Azərbaycanda müxtəlif dinlərə mənsub olan insanlar vahid ailə kimi yaşayırlar. Bu, bizim ən böyük sərvətimizdir və xalqımızın gündəlik həyatıdır. Biz fəxr edirik ki, Azərbaycanda müxtəlif millətlərdən olan insanlar arasında qarşılıqlı anlaşma mövcuddur. Başqa dövlətlər də Azərbaycanın bu təcrübəsindən faydalana bilərlər".

Dövlət başçısı İlham Əliyev son beş ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir, Əjdərbəy və digər məscidlər əsaslı təmir olunmuş, onların təchizatına diqqət artırılmışdır. Bundan başqa, cənab İlham Əliyevin göstəri ilə paytaxtın ən gözəl guşələrinin birində katolik kilsəsi inşa edilmiş, pravoslav kilsəsi təmir və bərpa olunmuşdur.

Azərbaycan Prezidentinin cəmiyyətin mühüm təbəqəsi olan dindarlarla mütəmadi görüşləri, onların dini-mənəvi ehtiyaclarına həssaslıqla yanaşması, dini bayram və mərasimlərdə şəxsən iştirak etməsi xalq arasında böyük razılıq və minnətdarlıqla qarşılanır, cəmiyyətdə etnik-dini dözümlülüyün təbliğində və təşviqində mühüm stimul rolu oynayır. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər. Son illərdə ölkədə 500-dən artıq müxtəlif etiqadlı dini icmanın dövlət qeydiyyatından keçməsi də tolerantlığın bariz təcəssümü sayıla bilər.

Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsi xaricdə də daim yüksək qiymətləndirilir, rəsmi Bakının dini dözümlülüyünün təşviqi və dəstəklənməsi sahəsindəki addımları təqdir olunur. Bu baxımdan ABŞ Dövlət Departamentinin ənənəvi illik hesabatları xüsusi maraq doğurur. Sözügedən qurumun Demokratiya, insan hüquqları və əmək məsələləri bürosunun 2008-ci ilin yekunları ilə bağlı açıqlanmış hesabatında da xüsusi vurğulanır ki, Azərbaycan hökuməti ölkədə dini tolerantlığı fəal şəkildə dəstəkləyir. Hesabatın respublikamızla bağlı hissəsində deyilir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2008-ci ildə 103 dini icmanı qeydiyyata almışdır. Komitənin məlumatına görə, heç bir icmanın qeydiyyata alınmamasından imtina olunmamışdır. 2008-ci ildə dini icmaların sayı 534 olmuşdur.

Dövlət Departamentinin sənədində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dini vəziyyətə təsirinə də toxunulmuşdur. Qeyd olunmuşdur ki, ermənilərin işğal altında saxladığı Azərbaycan ərazilərindən azərbaycanlılar qovulmuş, məscidlərin bir qismi dağıdılmış, bir qismi isə fəaliyyətini dayandırmışdır.

Ümumiyyətlə, bu gün Cənubi Qafqazda Ermənistan kimi monoetnik, monokonfessional dövlətin mövcudluğu region və dünya üçün ən böyük təhlükədir. Beynəlxalq təşkilatlar "ikili standartlar"dan uzaqlaşaraq monoetnik və monokonfessional dövlət modellərini dəstəkləməkdən əl çəkməli, etnik təmizləmə və soyqırımı siyasətini dövlət siyasəti səviyyəsinə yüksəltmiş dövlətlərə qarşı kəskin münasibət bildirməlidirlər.

Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanın adı ən müxtəlif beynəlxalq təşkilatların hesabatlarında dini azadlıqların təminatı sahəsində heç bir problemin olmadığı ölkələr sırasında çəkilir. Habelə ölkəmizdə bu sahədə mövcud olan tolerant münasibət bəzi inkişaf etmiş ölkələrə də örnək kimi göstərilir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2009.- 15 noyabr.- S. 5.