Bu şəhərin uğurlarında gənclərin rolu əvəzsizdir

 

Bir vaxtlar gənclik şəhəri kimi tanınan, indi də ölkənin sosial-iqtisadi inkişafına böyük töhfələr verən Sumqayıtın 60 illik yubileyinin geniş qeyd edilməsi barədə ölkə başçısı cənab İlham Əliyevin bu il aprelin 24-də xüsusi sərəncam imzalaması şəhərin bütün sakinləri kimi məni də hədsiz sevindirmişdir. Yubileylə bağlı indiyədək bir sıra yaddaqalan tədbirlər keçirilmişdir. Bu günlərdə isə şəhərimiz bayram təntənələrinin daha böyük sevincini yaşayır.

Son illər Sumqayıt böyük sənaye şəhərinə, ölkəmizin mədəni mərkəzlərindən birinə çevrilmişdir. Sumqayıtda ən müasir şəhər infrastrukturu yaradılmışdır. 2003-cü ilin aprelində ümummilli lider şəhərimizdə olmuş, ictimaiyyətin nümayəndələri, əmək kollektivləri ilə görüşlər keçirmişdir. Keçirilən təntənəli yığıncaqda ulu öndərin nitqində irəli sürülən vəzifələr Sumqayıtın gələcək inkişaf proqramı kimi qəbul olunmuş və layiqincə icra edilməkdədir. Ümummilli liderin şəhər rəhbərliyində uğurlu dəyişikliklər etməsi Sumqayıtın bütün sahələrində özünü əyani göstərməkdədir. Şəhərin sosial-iqtisadi inkişaf proqramları ardıcıl yerinə yetirilir. Yeni park və xiyabanlar salınır, yollar təmir edilir, müasir binalar tikilir, yeni iş yerləri açılır. Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 1-də Sumqayıtda abadlıq işlərinin sürətləndirilməsi haqqında imzaladığı sərəncam bu sahədə görülən tədbirləri gücləndirmək üçün mühüm stimul yaratmışdır.

Bir təhsil işçisi kimi məni daha çox sevindirən faktlara müraciət etmək istərdim. İndi Sumqayıtda 2 ali təhsil ocağı, 4 orta ixtisas, 50 ümumtəhsil məktəbi, 56 məktəbəqədər və 8 məktəbdənkənar tərbiyə müəssisəsi fəaliyyət göstərir. 50 minədək uşağın təlim-tərbiyəsi ilə 7 min pedaqoji işçi məşğuldur. Təkcə bu il Sumqayıtın 1468 gənc sakini ali məktəblərə qəbul edilib ki, bu da məzunların 41 faizi qədərdir. Bu rəqəm respublika üzrə ən yüksək göstəricidir. Şəhər icra hakimiyyətinin başçısı Vaqif Əliyevin sentyabr ayında məzunlarla keçirdiyi ənənəvi görüşün doğurduğu sevinc hissi bu gün də ürəklərdədir. Qeyd edim ki, artıq gənclik şəhərində 52 tələbə prezident təqaüdü alır.

Sumqayıtda təhsilin inkişafına, məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət yetirilir. Son illərdə şəhərdə 4 yeni məktəb binası, 7 məktəb üçün isə əlavə korpuslar tikilib. Uşaq bağçaları təmir olunub, istilik sistemi təzələnib. Ölkə başçısının tapşırığı ilə məktəblərin kompüterləşdirilməsi çərçivəsində Sumqayıt məktəblərində 117 kompüter otağı şagirdlərin ixtiyarına verilib. İki təhsil ocağı Təhsil Nazirliyinin "Elektron məktəb" layihəsinə cəlb edilib, 40 məktəbdə İKT sistemi yaradılıb. Sumqayıtda İnformasiya Texnologiyaları Akademiyasının açılması müəllimlərin İKT sahəsində bilgilərinin artırılmasına hesablanıb.

Gənclik şəhərində müxtəlif təşkilatlarla birlikdə bilik yarışlarının keçirilməsi ənənəyə çevrilib. Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı, Xəzər və Qafqaz universitetlərinin birgə keçirdikləri fənn olimpiadalarında yüzlərlə gənc iştirak edir. Şəhərin 5 məktəbinin IX sinif şagirdləri PİSA-2009 proqramının əsas mərhələsinin tədqiqatı çərçivəsində beynəlxalq qiymətləndirmədə iştirak etmişlər.

Gənclik şəhərində təhsil sahəsində qazanılan uğurlarda təmsil etdiyim ali məktəbin böyük əməyi var. Biz cəmiyyətin həyatında müəllimlərin rolunun müstəsna əhəmiyyət daşıdığını dərindən dərk edərək pedaqoji kadr hazırlığının daha da gücləndirilməsinə səy göstəririk. Xatırladım ki, Azərbaycan Müəllimlər İnstitutu və 12 filialı 9 il əvvəl ulu öndər Heydər Əliyevin imzaladığı fərmanla yaradılmışdır. Doğrusu, ilk illər işlərimiz o qədər də uğurlu getmirdi. İnstitutun özündə və filiallarında tədris planlarında müxtəliflik və pərakəndəlik, mövcud strukturlar arasında əlaqəsizlik, maddi və mənəvi təminatın aşağı səviyyədə olması müəyyən problemlər yaradırdı. 2005-ci ildə ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə təcrübəli pedaqoq, professor Aliyə Naxçıvanlı institutumuza rektor təyin edildikdən sonra yığılıb qalmış problemlər həllini tapmağa, quruculuq işləri genişlənməyə başladı. Çox keçmədi ki, AMİ-nin yeni nizamnaməsi də təsdiq edildi. Rektor və filial direktorları arasında normal işgüzar münasibətlərin formalaşması sağlam mənəvi-psixoloji mühitin yaranmasına və davamlı uğurların qazanılmasına təminat verdi. Bu gün biz fəxrlə deyə bilərik ki, institutumuz ölkəmizdə adına layiq müsbət imic formalaşdıra bilmişdir.

Ötən dörd il ərzində institutun Sumqayıt filialının maddi-texniki bazası möhkəmlənmiş, təhsil ocağı yüksək səviyyəli elmi-pedaqoji kadrlarla komplektləşdirilmişdir. Filialımızda 853 tələbə təhsil alır. Onlarla tələbə institutumuzu fərqlənmə diplomu ilə bitirmiş, magistraturaya qəbul edilmişdir. İndi bizim kollektivdə 7 elmlər doktoru, 27 elmlər namizədi-dosent çalışır. Fəaliyyət sahələrimiz bakalavr təhsil pilləsini və pedaqoji kadrların ixtisasartırma və ixtisas dəyişdirməsini əhatə edir. Hər il min nəfərədək müəllim burada ixtisasartırma kursu keçir, 100-120 müəllim isə ixtisasını dəyişir. Müəllimlərimiz qabaqcıl təcrübəni səylə öyrənir, təlimin keyfiyyətini daim yüksəldirlər. Tələbə və müəllimlərimizin istifadəsinə 2 kompüter mərkəzi və internet şəbəkəsi verilib. Müasir idman zalı, tələbə yeməkxanası fəaliyyət göstərir.

Pedaqoji kollektivimiz doğma şəhərimizin 60 illik yubileyini təhsildə qazanılan yeni nailiyyətlərlə qarşılayır. Biz bundan sonra da pedaqoji kadr hazırlığının daha da təkmilləşdirilməsi üçün əlimizdən gələni edəcəyik.

 

 

Raya NƏCƏFOVA,

Azərbaycan Müəllimlər İnstitutu

Sumqayıt filialının direktoru,

kimya elmləri doktoru

 

Azərbaycan.- 2009.- 15 noyabr.- S. 5.