Azərbaycan elmində önəmli hadisə

 

Bu günlərdə görkəmli iqtisadçı alim, akademik Ziyad Səmədzadənin "Çin qlobal dünya iqtisadiyyatında" adlı fundamental elmi monoqrafiyası işıq üzü görmüşdür. Mübaliğəsiz demək olar ki, əsər nəinki Azərbaycanın iqtisadi ədəbiyyatına, bütövlükdə ölkə elminə sanballı bir töhfədir. Geniş ictimai dairələrdə rəğbətlə qarşılanan bu monoqrafiya maraqlı strukturu, ensiklopedik xarakterli ciddi elmi araşdırmaları, dərin təhlil və nəticələrin çıxarılması ardıcıllığı ilə diqqəti cəlb edir və bütün bunlar belə qənaətə gəlməyə əsas verir ki, əsər uzunmüddətli gərgin əməyin bəhrəsidir.

 

Monoqrafiyanın əhəmiyyətini artıran amillərdən biri də onunla bağlıdır ki, Azərbaycan iqtisadiyyatında son illərdə baş verən və bütün beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilən pozitiv dəyişikliklərin mühüm səbəblərindən biri, məhz Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq ölkəmizdə qabaqcıl dünya təcrübəsindən istifadə meyillərinin gücləndirilməsi əsərdə öz əksini geniş şəkildə tapıb. Ölkəmiz dünya birliyinin üzvü kimi qabaqcıl dövlətlərin təcrübəsinə, o cümlədən Çinin uğurlarına maraq göstərməyə bilməz. Lakin onu da bilməliyik ki, qloballaşma milli mənafelərə, milli suverenliklərə təsir göstərir və bu təsirin miqyasını azaltmaq üçün düzgün strategiya seçilməlidir. İndi Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət quruculuğu strategiyası ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və bu istiqamətdə görülən işlər artıq öz müsbət bəhrəsini verir. Eyni zamanda, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir. İqtisadiyyatımızın indiki artımını və inkişaf etməkdə olan ölkələrin bazarlarına inteqrasiyasını nəzərə alaraq demək olar ki, qabaqcıl dünya təcrübəsinin öyrənilməsi respublikamızda investisiya mühitinin daha da yaxşılaşdırılmasına təsirini göstərə bilər. Əsərdə bu istiqamətə xüsusi diqqət yetirilmiş, aparılmış tədqiqat və təhlilin nəticəsi olaraq qabaqcıl dünya təcrübəsindən Azərbaycanın inkişafında uğurla istifadə məsələləri ön plana çəkilmiş, konkret inkişaf istiqamətləri müəyyənləşdirilmişdir. Müəllifin sözləri ilə desək, Azərbaycana ayrı-ayrı ölkələrin iqtisadi təcrübəsi, o cümlədən bütün dünyanı heyrətə salan Çin təcrübəsi çox lazımdır. Bu gün cəsarətlə söyləmək olar: dünyada elə bir qlobal inkişaf prosesi yoxdur ki, o özünü Çində göstərməsin. Maraqlı cəhət odur ki, bu proseslər bəzi ölkələrə xas olan fantastik sürətlə deyil, təkamül mərhələsini keçərək inkişaf edir.

Kitabda əksər ölkələrin inkişaf səviyyəsinin dəyişməsi meyillərində mövcud olan reallıq, iqtisadi cəhətdən əsaslandırılmış perspektivlər, qloballaşan dünyada iqtisadi siyasət ətraflı işıqlandırılmış, müxtəlif iqtisadi inkişaf modelləri, o cümlədən Lüdviq Erhard konsepsiyası, yapon, Leontyev, Cənubi Koreya, Malayziya və digər modellər öz əksini tapmışdır. Müəllif tərəfindən geniş statistik məlumatlar təhlil edilmiş, XX əsrdə dünya üzrə ÜDM istehsalının ayrı-ayrı ölkələr üzrə həcmi və dəyişmə meyilləri açıqlanmışdır. Əsərin qiymətini artıran məziyyətlərdən biri də ondadır ki, bu statistik rəqəmlər çox ciddi iqtisadi və sosial nəticələr çıxarmağa imkan verir.

Təbii ki, əsərin tədqiqat predmetlərindən biri Çin dövlətinin tarixi baxımından ən son iqtisadi dövrüdür. Kitabda ötən əsrin sonlarında Çin iqtisadiyyatında bu aspekt, yəni Den Syao-Pin islahatları çox ciddi araşdırılmış, həmin siyasətin məşhur "Planlı iqtisadiyyat hələ sosializm deyildir, bazar iqtisadiyyatı heç də kapitalizm demək deyildir" konsepsiyası yüksək elmi peşəkarlıqla tədqiq edilmişdir. Müəllif tərəfindən iqtisadi islahatlarda radikallığa yol verilməməsi, mülkiyyət formalarının bir-birinə qarşı qoyulmaması, iqtisadiyyatda struktur islahatlarının mərhələlərlə aparılması, elmin iqtisadi inkişafa köməyi və nəticədə dünyada analoqu olmayan inkişaf modelinin yaradılması xüsusi vurğulanmışdır. Əsərdə qeyd olunur ki, islahatların gedişində Çin hökuməti "üç mənfəət" meyarına əsaslanırdı. Birinci mənfəət ondan ibarət idi ki, məhsuldar qüvvələr inkişaf edir; ikincisi, dövlətin ümumi qüdrəti artır və möhkəmlənir; üçüncüsü, əhalinin həyat səviyyəsi yüksəlir.

Əsərdə Çin-Tayvan münasibətləri olduqca aydın bir formada əks olunmuş, "Bir dövlət - iki quruluş" konsepsiyası həm siyasi, həm də iqtisadi baxımdan ətraflı araşdırılmışdır.

Kitabın ayrıca bir bölməsi Çindəki islahatların taktika və strategiyasının öyrənilməsinə həsr olunmuşdur. Belə bir nəticə çıxarılmışdır ki, islahatlarda radikallığa yol verilməmişdir. Öz növbəsində, bu nəticə də tərkib hissələrinə ayrılmış, ilkin olaraq fərqli mülkiyyət formalarının qarşı-qarşıya qoyulmaması ön plana çəkilmişdir. Xüsusi olaraq vurğulanmışdır ki, Çin hökuməti ictimai mülkiyyətdən istifadənin də səmərəliliyini artırmaq üçün düşünülmüş tədbirlər həyata keçirməklə bərabər, mülkiyyət formalarının rəqabət prinsipləri əsasında inkişafına şərait yaratmağa üstünlük vermiş, onların qarşı-qarşıya qoyulmaması üçün qanunlarda müvafiq dəyişikliklər etmişdir. İslahatların reallaşdırılmasında nəzərə çarpan digər fərqli cəhət sənayedə struktur islahatlarının mərhələlərlə aparılmasıdır.

Əsərdə Çin dövlətinin düşünülmüş "Açıq qapı" siyasətinə, dünyaya çıxış üçün planlaşdırmanın və idarəetmənin təkmilləşdirilməsinə, cəlbedici investisiya mühitinin yaradılmasının təşkilati, idarəetmə və qanunvericilik aspektlərinə diqqət yetirilmiş, bu sahədə aparılan iqtisadi siyasət yetərincə qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, XX əsrin ikinci yarısından etibarən dünya ölkələrinin, demək olar, əksəriyyəti "açıq iqtisadiyyat" mühitində yaşayır. "Açıq iqtisadiyyat nədir" sualına bu gün müxtəlif cavablar verilir. Çünki "açıq iqtisadiyyat" məfhumu tarixi inkişafın ayrı-ayrı mərhələlərində heç də eyni məna daşımamışdır. Məsələn, 40-50 il bundan əvvəl "açıq iqtisadiyyat" dedikdə, o ölkə başa düşülürdü ki, onun ümumi daxili məhsulunun idxala və ixraca nisbəti 10 faizdən çox olsun. Bu gün isə "açıq iqtisadiyyat" quran ölkə nəinki beynəlxalq ticarətdə, həm də kapitalın beynəlxalq hərəkətində, valyuta münasibətlərində fəal iştirak edir, eyni zamanda meyar kimi müəyyənləşdirilmiş rəqəm faktiki daha yüksək olur.

Kitabda maraq doğuran məsələlərdən biri də müəllifin "Dövlətin iqtisadiyyata müdaxiləsinin optimal səviyyəsi nə qədər olmalıdır" sualı ilə əlaqədar apardığı araşdırmalardır. Akademikin "birmənalı şəkildə qəbul etmək lazımdır ki, dövlətin iqtisadiyyata müdaxiləsi məsələsi hər bir ölkənin konkret şəraitindən, onun tarixi inkişafından, sosial-iqtisadi inkişaf səviyyəsindən, ölkədaxili siyasi vəziyyətdən asılıdır" fikri diqqəti xüsusilə cəlb edən bir konsepsiyadır. Eynilə də əsərdə dövlətin iqtisadiyyata müdaxiləsində planlardan iqtisadi mexanizm kimi istifadə edilməsi, investisiya struktur siyasətinin formalaşmasında dövlətin iştirakı, elm və təhsilə dövlət siyasətinin prioritet istiqamətləri kimi baxılması, korrupsiyaya qarşı sistemli mübarizə ətraflı işıqlandırılmışdır.

Əsərin əhəmiyyəti, elmiliyi bir də ondan ibarətdir ki, burada təkcə konkret bir ölkə üzrə iqtisadi göstəricilər təhlil olunmur, eyni zamanda müvafiq nəticələr çıxarılır. Çin iqtisadiyyatına həsr olunmuş əsərdə türkdilli dövlətlərin də iqtisadiyyatına ciddi nəzər salınmışdır. Müəllifin aşağıdakı fikri diqqəti cəlb edir: "Araşdırmalar göstərir ki, XXI əsrdə türk dünyasının ardıcıl inkişafı üçün real zəmin yaranmışdır. Ən mühüm mahiyyət ondan ibarət olacaqdır ki, türk dünyası ölkələrinin bir-birinə yaxınlaşması daimi dinamik prosesə çevriləcəkdir. Onlar özlərinin tarixi köklərini dərk etdikcə yaxınlaşacaq, birləşəcək, daha da güclənəcək, bir-birinə arxa olacaqlar. İqtisadi əməkdaşlıqdan başlanan yaxınlıq dostluğa, tərəfdaşlığa və birliyə çevriləcək. ...Böyük Atatürk demişdir: "Ən böyük zəfər ekonomik zəfərdir". Bu zəfəri əldə etmək üçünsə ağılla, düşüncə ilə, elmə arxalanmaqla dünyaya çıxmaq lazımdır".

Akademik Z.Səmədzadənin monoqrafiyasında Çinin iqtisadi və ərzaq təhlükəsizliyi konsepsiyaları, regionların tarazlı inkişafı, iqtisadi islahatların sosial-yonümlüyü, ölkənin pul-kredit siyasətinin, azad iqtisadi zonaların sürətli iqtisadi inkişafa təsiri diqqətlə tədqiq edilmişdir.

Müəllif öz elmi araşdırmalarında Çində islahatların sosial yönümünün güclənməsinə xüsusi diqqət vermiş, demoqrafik şərait qiymətləndirilmiş, kənddən şəhərə miqrasiyanın səbəbləri və tənzimlənmə mexanizmləri, məşğulluğun səviyyəsi, kiçik və orta sahibkarlığın vəziyyəti, sosial təminat məsələlərinə nəzər yetirmişdir. Çinin qabaqcıl turizm ölkəsinə çevrilməsi səbəblərinin tədqiqi əsərin həmin ölkənin iqtisadiyyatına müəllif tərəfindən kompleks yanaşmanın bir təzahürü kimi diqqəti cəlb edir.

Əsərin xüsusi bir fəsli Çinin pul-kredit siyasətinə həsr edilmişdir. Müəllifin də qeyd etdiyi kimi, Çin özünün spesifik pul-kredit siyasəti ilə fərqlənir. MDB və Şərqi Avropa ölkələrindən fərqli olaraq, burada pul-kredit siyasəti investisiya fəallığı, məşğulluğun artımı ilə əlaqəli şəkildə aparılır. Buna görə də islahatların nəticələri təmkinli pul-kredit siyasəti hesabına uğurlu olmuşdur. Kitabda Çinin bank sistemi, onun tarixi inkişaf mərhələləri, ölkə iqtisadiyyatının inkişafında bankların rolu müfəssəl işıqlandırılmışdır. Qeyd olunmuşdur ki, SSRİ-də və digər sosialist ölkələrində olduğu kimi, Çində də islahatlara qədər birpilləli bank sistemi mövcud olmuşdur. Mərkəzi Bank və dövlət bankları dövlətin mərkəzləşdirilmiş idarəetmə aparatının bir hissəsi idi. Dövlətin təyin etdiyi bank müdirlərindən yalnız plan tapşırıqlarını maliyyələşdirmək, əhalinin əmanətlərini səfərbər etmək, siyasi məqsəd və vəzifələrə uyğun bölüşdürmək tələb olunurdu. Müəllif xüsusi olaraq vurğulamışdır ki, real sektordan fərqli olaraq, bank sektorunda islahatlar ilk mərhələlərdə deyil, nisbətən gec başlamışdı. O vaxtın xarakterik prinsipial cəhəti ondan ibarət idi ki, təşkilati baxımdan o qədər də fərqlənməyən bankların idarə edilməsinə dövlət nəzarəti yüksək olaraq saxlanılırdı. İslahatlar prosesində Çinin bank sisteminin ikisəviyyəli olması təmin edildi: ölkənin mərkəzi bankı və kommersiya-dövlət bankları, həmçinin qarışıq və özəl banklar. Bundan başqa, "siyasi banklar" deyilən bankların da mövcudluğu maraq doğurur. Onlar Çinin iqtisadi siyasətinin maliyyə təminatını həyata keçirir. Ölkənin bank sektorunun inkişaf strategiyasının bir prinsipial istiqaməti də ondan ibarətdir ki, bank sistemində aparılan islahatlar öz-özünə inkişaf və özünənəzarət mexanizminin yaranmasına əlverişli imkanlar açsın, milli valyutanın sabitliyini qorusun, mərkəzi bankın rəhbər rolunu saxlamaqla, müxtəlif maliyyə-bank müəssisələrinin yaradılmasını, kommersiya banklarının müasir şəbəkəsinin qurulmasını xeyli genişləndirsin.

Əsərdə Çinin dövlət büdcəsi və onun əsas parametrləri ilə əlaqədar müəllif tərəfindən ətraflı araşdırmalar aparılmışdır. Göstərilmişdir ki, islahatlara qədər olan dövr ərzində illər boyu Çində iqtisadi və sosial inkişaf üçün pul vəsaitlərinin hərəkətinin müxtəlif kanallarına kifayət qədər nəzər salınmadığından, bu vəsaitlərdən istifadəyə diqqət zəifləmiş, dövlət tərəfindən mərkəzləşdirilmiş şəkildə bölüşdürülən vəsaitlərin həcmi azalmışdı. Maliyyə və maddi resurslar arasında tarazlıq ciddi şəkildə pozulmuş, ən vacib sosial vəzifələri yerinə yetirmək, ölkənin iqtisadi qüdrətini möhkəmlətmək imkanları son dərəcə məhdudlaşmışdı. Lakin aparılan islahatlar nəticəsində mərkəzi və yerli büdcələr arasında münasibətlər tənzimlənmiş, vergitutmanın diferensial sistemi yaradılmış, maliyyə proseslərinin tənzimlənməsində dövlət fəaliyyətinin səmərəsi xeyli artmışdır ki, bu da maliyyə resurslarının həcminin yüksəlməsinə, qlobal əhəmiyyətli proqramların həyata keçirilməsinə real şərait yaratmışdır. Bu sistemli tədbirlər ölkə iqtisadiyyatında dövlət büdcəsinin rolunu xeyli artırmışdır. Müəllif Çin büdcəsini dərin təhlil edərək belə bir məzmunlu nəticə çıxarmışdır: "Ümumiyyətlə, Çinin makroiqtisadi göstəricilərinin təhlili onu deməyə əsas verir ki, sırf Qərb modeli əsasında inkişaf edən ölkələrin müvafiq göstəriciləri ilə müqayisə zamanı yeridilən iqtisadi siyasətin spesifik xüsusiyyətləri nəzərə alınmalıdır. Belə spesifik xüsusiyyətlərdən biri Çində yığım fondu ilə istehlak fondu arasında nisbətdir". Daha sonra qeyd olunmuşdur ki, Çin hökuməti islahatların ilk illərindən başlayaraq istehlak və yığım arasında nisbətin tənzimlənməsi üçün bir sıra tədbirlər görmüşdür. Keçmişdən qalan bəzi problemlər həll olunmuşdur - əvvəllər dövlət tərəfindən bölüşdürülən gəlirlərin bir hissəsi kəndlilərə, fəhlələrə, qulluqçulara və müəssisələrə verilmişdir. Beləliklə, milli gəlirdə ilkin bölgü üçün vəsaitlərin payı xeyli artırılmış, buna uyğun olaraq ikinci bölgü üçün dövlət tərəfindən nəzarət edilən vəsaitlər azaldılmışdır.

Əsərdə Çində islahatlardan sonra qiymətli kağızlar bazarının da inkişafının geniş vüsət alması xüsusi vurğulanmış, ölkədə səhmləri kotirovka edən şirkətlərin dinamikasına və səhm bazarında əsas indekslərə dair geniş statistik məlumatlar verilmişdir. Eyni zamanda göstərilmişdir ki, ölkədə aparılan islahatlar həm də sığorta sistemini əhatə etmiş, bu sahəni tənzimləyən bir sıra normativ-hüquqi sənədlər qəbul olunmuşdur. Hazırda Çin Xalq Sığorta Şirkətinin ölkənin bütün əyalətlərində müvafiq strukturları vardır. Əslində, sığorta sistemi ölkənin iqtisadi və sosial inkişafına ciddi təsir edən güclü bir amilə çevrilmişdir. Göstərilmişdir ki, Çində sığorta bazarının inkişafı sığorta ödənişlərindən istifadənin səmərəliliyinin artmasına səbəb olmuş, bu vəsaitlərin birbaşa investisiyalara, bank qoyuluşlarına və dövlətin borc öhdəliklərinə qoyulması meyilləri güclənmişdir.

Kitabın digər bir fəsli regionların tarazlı inkişafına həsr olunmuşdur ki, Azərbaycanda regionların inkişafına dövlət səviyyəsində xüsusi qayğı göstərilməsi təqdim olunan fəslə marağı daha da artırır. Bildirilmişdir ki, regionların tarazlı inkişafı Çinin dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Çin dövləti müxtəlif resurslarla zəngin böyük əraziyə malikdir. Lakin regionlar islahatlaradək həm iqtisadi, həm sosial inkişaf baxımından geridə qalmışdı. Çin dövləti tərəfindən ilk növbədə dünya təcrübəsində özünü doğruldan, yerlərdə təşəbbüskarlığın artmasını, mərkəzlə regionlar arasında əlaqələrin sağlamlaşdırılmasını, istehsalın səmərəliyinin yüksəldilməsini nəzərdə tutan prinsiplər əsas götürülmüşdür. İstehsalın xammal və yanacaq mənbələrinə, məhsulun istehlak yerlərinə yaxın olması prinsipi məhsuldar qüvvələrin ərazilər üzrə yerləşdirilməsində ön plana çəkilmişdir. Ölkə ərazisində təbii sərvətlərin planlı surətdə istifadə edilməsinə və tədricən iri sənayenin Çinin müxtəlif rayonlarında səmərəli, proporsional bölüşdürülməsinə xüsusi diqqət verilmişdir. Məhsuldar qüvvələr yerləşdirilərkən üç növ tullantıların - zərərli qazların, çirkli suların və bərk tullantıların utilləşdirilməsi, ümumiyyətlə, ekoloji təhlükəsizliyə aktual bir məsələ kimi yanaşılmışdır. Olduqca maraqlı bir fakt əsərdə diqqətə gətirilmişdir ki, ərazisinə, əhalisinə və potensialına görə dünya nəhənglərindən sayılan bir dövlətdə bütün regionların tarazlı inkişafının təmin edilməsi prosesini vahid bir mərkəzdən bütün incəlikləri ilə idarə etmək qeyri-mümkündür. Odur ki, islahatlar prosesində yerli orqanların səlahiyyətlərinin genişləndirilməsi ilə bağlı tədbirlər həyata keçirilmişdir.

Fəsildə, eyni zamanda, Çinin qərb zonasının üstün inkişaf strategiyası, dünya urbanizasiyasında şəhər və kənd əhalisinin dinamikasının əsas meyilləri, 1950-2025-ci illərdə dünya üzrə şəhər əhalisinin dinamikası, 1970-2015-ci illərdə meqaşəhərlərin dinamikası, qitələr üzrə şəhər əhalisinin məskunlaşması, dünya urbanizasiyasının əsas parametrlərinin dəyişməsi barədə nəinki iqtisadçılar, eləcə də demoqraflar və sosioloqlar üçün böyük maraq kəsb edən materiallar verilmişdir. Urbanizasiya və şəhərsalma, ekoloji təhlükəsizlik problemləri də əsərdə diqqətdən kənarda qalmamışdır. Göstərilmişdir ki, heç bir dövlət düzgün ekoloji siyasət yeritmədən sabit inkişaf edə bilməz.

Öz aktuallığı ilə seçilən daha bir fəsil "Çinin iqtisadi təhlükəsizlik konsepsiyası" adlanır. Burada iqtisadi təhlükəsizliyin mahiyyəti və göstəriciləri barədə izahat verilmiş, göstərilmişdir ki, dövlətin iqtisadi təhlükəsizliyi dedikdə, ilk növbədə iqtisadiyyatın və onun qurumlarının elə vəziyyəti başa düşülür ki, bu, milli mənafelərin müdafiəsinə, yeridilən siyasətin sosialyönümlüyünə, iqtisadiyyatın, ölkənin müdafiə qabiliyyətinin tələb olunan səviyyədə olmasına imkan yaratsın. XXI əsrdə dünya iqtisadiyyatının qloballığı şəraitində ölkələrin iqtisadi təhlükəsizliyi problemi getdikcə daha böyük əhəmiyyət kəsb edir. Mütəxəssislər üçün sirr deyil ki, ölkə daxilində siyasi sabitliyin təmin olunduğu şəraitdə belə, iqtisadi sahə ilə bağlı xarici təhlükələr heç də azalmır. Beynəlxalq maliyyə bazarı, dünya ticarəti, transmilli şirkətlərin fəaliyyəti genişləndikcə, informasiya və telekommunikasiya texnologiyaları inkişaf etdikcə bu və ya digər ölkələrin iqtisadi təhlükəsizlik problemləri də mürəkkəbləşir. Artıq sübut olunmuş faktdır ki, heç bir xarici dövlət, beynəlxalq təşkilat, xarici investor başqa ölkəyə öz maraqlarını nəzərə almadan kömək göstərmir. Müəllif haqlı olaraq vurğulayır: "Hər bir köməyin arxasında, ilk növbədə, kömək edənin mənafeləri durur ki, bu da təbiidir. Amma hər bir xarici kömək milli mənafelər, iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməlidir".

Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi səviyyəsi barədə daha ətraflı təsəvvür əldə etmək üçün problemin mahiyyətini dərk etməyə imkan verən iyirmidən çox göstəricinin müəllif tərəfindən müəyyən olunması və təhlili isə, fikrimizcə, elmi yenilikdir.

"Qlobal maliyyə sarsıntılarından səmərəli müdafiə sistemi" bölməsi mütəxəssislər tərəfindən maraqla qarşılanacaq. Təbii ki, hazırda tam səngiməmiş dünya maliyyə böhranı və onun məntiqi nəticəsi olan iqtisadi böhran şəraitində müəllifin bu istiqamətdə apardığı araşdırmalar xüsusi əhəmiyyət kəsb edir. Və həmin araşdırmaların Azərbaycanın milli maraqları mövqeyindən aparılması, ən azı, vətənpərvərlik baxımından təqdim olunan əsərə diqqəti dəfələrlə artırır.

Akademik Z.Səmədzadənin əsərində Çin-Azərbaycan əlaqələrinin son illərdə daha da güclənməsinə, bu sahədə böyük potensialın mövcudluğuna və onun reallaşdırılmasına dair dəyərli mülahizələr ümumiləşdirmələrdə öz əksini tapmışdır. Kitabda verilmiş maraqlı fotoşəkillər və illüstrasiyalar əsərin daha oxunaqlı olmasına zəmin yaratmaqla bərabər, Çin-Azərbaycan əlaqələri baxımından da çox önəmlidir.

Belə bir fundamental monoqrafiyanın dünya iqtisadiyyatında baş verən qloballaşma şəraitində mühüm rol oynaya biləcəyini nəzərə alaraq əsərin çin, rus, ingilis və başqa dillərə tərcüməsini məqsədəmüvafiq hesab edirik.

Kitabda verilmiş Çin hikmətləri sırasında belə bir kəlam diqqətimizi cəlb etdi: "Əsl ustad o adamdır ki, köhnəyə söykənib yenini kəşf edir". Bu mənada "Çin qlobal dünya iqtisadiyyatında" adlı monoqrafiyanın ərsəyə gətirilməsi akademik Ziyad Səmədzadəni görkəmli elm ustadı kimi qiymətləndirməyə əsas verir.

 

 

Asəf NADİROV,

akademik

 

Vahid NOVRUZOV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2009.-  15 noyabr.- S. 6.