Əsl vətəndaşlıq
nümunəsi
Ölkəmizin geoloji xidmətinə 25 il fasiləsiz olaraq rəhbərlik etmiş bacarıqlı təşkilatçı Əkrəm Şəkinskinin 80 yaşı tamam olur. O, mənalı və şərəfli həyat yolu keçərək ömrünün 70-ci ilində vəzifə başında - xidməti ezamiyyətdə ikən əbədiyyətə qovuşmuşdur.
Əkrəm Şəkinski 1929-cu il noyabr ayının 16-da Bakı şəhərində bu gün də böyük hörmətlə xatırlanan əfsanəvi "çekist" Məmməd-Emin Şəkinskinin ailəsində dünyaya göz açmışdır. Atasının repressiyaya məruz qalaraq həbs olunması balaca Əkrəmi hələ yeniyetməlik çağlarından əmək fəaliyyətinə başlamağa vadar etdi. O, Xəzər Donanmasının İstehsalat kombinatının çörəkxanasında usta köməkçisi işləyərək qazandığı cüzi vəsaitlə məhrumiyyətlərə düçar olmuş ailəni dolandırırdı. Bir qədər sonra SSRİ "Baştunelmetrotikinti" İdarəsinin Bakıdakı Baş Markşeyder İdarəsində böyük fəhlə, kiçik texnik-geodeziyaçı işləmişdir.
1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. "Azneft" birliyinin Dənizdə Geofiziki Kəşfiyyat İdarəsinə təyinat alan Əkrəm burada seysmik kəşfiyyat partiyasının böyük radiotexnikindən idarənin baş mühəndisliyinədək yüksəlir.
Əkrəm Şəkinski "Texnoeksport" Ümumittifaq Birliyi ilə İran neft kompaniyası arasında bağlanmış müqavilənin məsləhətçi-rəhbəri kimi 1966-1968-ci illərdə İrana xidməti ezamiyyətə gedir. Orada onun rəhbərliyi ilə Cənubi Xəzərin İran sektorunda aparılan seysmik kəşfiyyat sayəsində 30-dan artıq perspektivli neft-qaz strukturları aşkarlanaraq dərin qazma işləri üçün hazırlanır. Onun qonşu ölkədəki məhsuldar fəaliyyəti SSRİ Geologiya Nazirliyi tərəfindən yüksək qiymətləndirilir.
İrandan qayıtdıqdan sonra Ə.Şəkinski 1969-cu ildə SSRİ Neft Sənayesi Nazirliyinin "Azneftgeofizkəşfiyyat" Trestinin müdiri vəzifəsinə təyinat alır.
Ölkənin neft sənayesi sistemində seysmik kəşfiyyat dəstəsinin rəisi, baş mühəndis və trest müdiri vəzifələrində çalışdığı illərdə Ə.Şəkinskinin rəhbərliyi və birbaşa iştirakı ilə quruda və dənizdə bir sıra perspektivli neft-qaz strukturları (quruda Kürsəngi, Qarabağlı, Muradxanlı; dənizdə Bulla-dəniz, Bahar, "Günəşli", Livanov və başqaları) aşkar edilərək dərin kəşfiyyat qazması üçün təhvil verilmişdir. Adları çəkilən strukturların bir qismi sonradan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əsas istismar obyektlərinə çevrilmişdir.
Xarici ölkələrlə iqtisadi əməkdaşlığa dair danışıqlar aparmaq məqsədilə Ə.Şəkinski hökumət komissiyalarının heyətində - 1969-cu ildə İranda, 1973-cü ildə Nigeriyada olmuşdur.
1974-cü ilin aprelində Ə.Şəkinski respublika hökumətinin üzvü kimi Nazirlər Soveti Geologiya İdarəsinin rəisi vəzifəsinə təyin edilir və ömrünün sonunadək bu vacib dövlət qurumuna yüksək səriştəlilik, peşəkarlıqla rəhbərlik edir.
Ölkədə mineral-xammal bazasının genişləndirilməsi, faydalı qazıntı ehtiyatlarının artırılması Ə.Şəkinskinin fəaliyyətinin başlıca qayəsi idi. 1975-1990-cı illər ərzində polimetal filizlərinin, yodlu-bromlu suların, qara metallurgiya üçün xammalın resursları 2 dəfədən çox artırıldı. İnşaat materiallarının, üzlük və dekorativ daşların, yeraltı şirin, termomineral və müalicə sularının ehtiyatları yaradıldı.
SSRİ Dövlət Ehtiyatlar Komissiyasında 1976-cı ildə Katex, 1983-cü ildə Filizçay və Kasdağ yataqları polimetal filizlərinin sənaye ehtiyatlarının təsdiq edilməsi ilə respublikamızın şimali-qərb bölgəsində əlvan metallurgiyanın güclü mineral-xammal bazası yaradıldı.
1983-1990-cı illər ərzində ölkəmizin geoloji xidməti tarixində ilk dəfə iki mis-qızıl filizi yatağı kəşf olunaraq sənaye kateqoriyaları üzrə ehtiyatları təsdiq edilmişdir. Bunun sayəsində ötən əsrin 90-cı illərinin əvvəllərində respublika ərazisinin ümumi perspektivləri nəzərə alınmaqla "Azərqızıl" Dövlət şirkətinin yaradılması mümkün oldu.
Ə.Şəkinskinin geoloji-kəşfiyyat işlərinə rəhbərliyi dövründə onlarca müxtəlif növ qeyri-filiz xammalı və inşaat materialı yataqları kəşf edilmişdir. Bu müddət ərzində respublikada çoxsaylı inşaat materialı istehsalı kombinatları, tikinti daşı, bentonit gili, alüminium oksidi istehsalı üçün mexanikləşdirilmiş xammal karxanaları, Yeni Neftçala və Bakı Yod zavodları və texnoloji proseslərində mineral-xammal ehtiyatlarından istifadəyə əsaslanan bir çox müəssisə fəaliyyət göstərirdi.
Ekoloji və digər problemlərin həlli ilə bağlı məsələlər həmişə Ə.Şəkinskinin diqqət mərkəzində olmuşdur. Buraya, ilk növbədə, yüksək keyfiyyətli yeraltı şirin və müalicəvi mineral su ehtiyatlarının aşkar edilməsi, Bakı şəhərinin su təminatının əsaslandırılması, iqtisadiyyat üçün daim təhlükə mənbəyi olan ekzogen geoloji proseslərin (sürüşmələr, torpaq eroziyası və s.) aşkarlanaraq öyrənilməsi, binaların zirzəmilərində subasması ilə mübarizəyə dair təkliflərin verilməsi, ölkə paytaxtının sanitar-ekoloji şəraitinin yaxşılaşdırılması və başqa bu kimi məsələlər aid idi.
Əkrəm Şəkinskinin iştirakı ilə Şəki-Qəbələ bölgəsində kəşf olunmuş miqdarı saniyədə 15 kubmetr təşkil edən yeraltı su ehtiyatları hesabına Bakı şəhəri və Abşeron yarımadasının əlavə su təminatının alternativ variantı da yaradılmışdır. Artıq bu variantın tam gerçəkləşməsinə çox az müddət qalır.
Ə.Şəkinskinin elmi axtarışları nəticəsində Qanlı gölün ətraf mühitə, ilk növbədə, metro xəttinə və şəhər qəbiristanlığına zərərli təsiri öyrənilərək bunun ləğvi variantları təklif edilmişdi. Bu təklif də artıq öz müsbət həllini tapıb. Onun təşəbbüsü ilə və rəhbərliyi ilə 1988-1989-cu illər ərzində Bakı və Sumqayıt şəhərlərinin, Abşeron yarımadası ərazilərinin radioaktiv çirklənməsinin səviyyəsi hərtərəfli öyrənilmişdir. Nəticə etibarilə fon göstəricilərini üstələyən 100-ə yaxın radioaktiv çirklənmə mənbəyi aşkarlanaraq ləğv edilmişdir.
Ə.Şəkinski bir sıra dövlət və hökumət komissiyalarının üzvü idi. Sovet İttifaqı nümayəndə heyətinin tərkibində 1989-cu ildə ABŞ-ın Vaşinqton şəhərində keçirilmiş XXVIII Ümumdünya Geoloji Konqresin işində fəal iştirak etmişdi.
X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuşdur. "Qırmızı Əmək Bayrağı" və "Şərəf nişanı" ordenləri, medallarla, respublika Ali Sovetinin Fəxri fərmanı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar geoloqu" və "SSRİ Yer təkinin fəxri kəşfiyyatçısı" fəxri adlarını almışdı.
Ə.Şəkinski iki dəfə - Kürsəngi neft-qaz yatağının aşkar olunması və kəşfiyyatına və Binə-Hövsan və Neftçala yodlu-bromlu su yataqlarının aşkar edilməsi, kəşfiyyatı və sənaye mənimsənilməsi üçün təhvil verilməsinə görə "Yatağın ilk açanı" diplomuna və fəxri nişanına layiq görülmüşdü.
Amansız əcəl onu qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində xidməti ezamiyyətdə olarkən - 1998-ci il iyun ayının 25-də haqladı. O, Bakıda, Fəxri xiyabanda dəfn edilib.
Nəsillər üçün örnək olası həyatını Vətənə və xalqına sədaqətlə xidmətə həsr etmiş Əkrəm Məmməd-Emin oğlu Şəkinskinin əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində həmişəyaşardır.
Xoşbəxt YUSİFZADƏ,
Dövlət Neft Şirkətinin
birinci vitse-prezidenti,
akademik
Akif ƏLİZADƏ,
AMEA-nın vitse-prezidenti,
Geologiya İnstitutunun
direktoru, akademik
Akif QULİYEV,
Ekologiya və Təbii
Sərvətlər Nazirliyi Dövlət
Ekspertiza İdarəsinin
sektor müdiri, elm və
texnika sahəsində
SSRİ Nazirlər
Soveti mükafatı laureatı
Azərbaycan.- 2009.- 15
noyabr.- S. 7.