Müəllim, şair, tarixçi
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan ziyalıları içərisində öz dəst-xətti ilə seçilən şəxsiyyətlərdən biri də Mirzə Xosrov Axundzadə olmuşdur. Sağlığında "Şaiq" təxəllüsü ilə tanınan Mirzə Xosrov müəllim, şair və tarixçi kimi şöhrət qazanmışdır.
Cəlil Məmmədquluzadə, Həmidə xanım, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyov, Kərim bəy Mehmandarov və başqa mütərəqqi şəxslər, qabaqcıl pedaqoq və ədəbiyyatşünaslar Xosrov Şaiqin ədəbi yaradıcılığına və müəllimlik fəaliyyətinə yüksək qiymət vermişlər.
Ömrünün 50 ilini
Xosrov Şaiqi ədəbiyyat aləmində tanıtdıran əsərlərindən biri "Xatirələrim"dir. Bu əsər təxminən 70 illik bir dövrü əhatə edir. Burada XIX əsrin sonlarından başlayaraq 1960-cı ilə qədərki dövr əks olunur. Xatirələrdə ailə-məişət, adət-ənənə, keçmişin ağrılı-acılı günləri, köhnə dini məktəblərdə tədris "üsulları", Azərbaycanın maarif və mədəniyyətinin inkişafında böyük rol oynayan ziyalıların fəaliyyəti təsvir edilir.
"Qarabağın tarixi"nin qələmə alınmasında ona atası Mirzə Əli Aşiqin yaxından köməyi olmuşdur.
"Xatirələrim"də, xüsusən Xurşudbanu Nətavan, Cəlil Məmmədquluzadə və Həmidə xanım, Üzeyir Hacıbəyov, Mir Möhsün Nəvvab kimi şair, yazıçı və incəsənət xadimlərinin həyatından maraqla bəhs olunur.
1906-cı ildən Mir Möhsün Nəvvabın "Məclisi-Fərəmuşan" ədəbi dərnəyinin üzvü seçilən Mirzə Xosrovun Nəvvabın həyat və yaradıcılığına aid materialları AMEA-nın Əlyazmalar İnstitutunda və şəxsi arxivində saxlanılır. Mirzə Xosrov Şaiq ilk dəfə olaraq Mir Möhsün Nəvvab Qarabaği haqqında monoqrafik əsər yazmışdır. Atası Mirzə Əli Aşiq M.Nəvvabın yaxın dostu olmuşdur. Onlar ədəbiyyata və musiqiyə dair məsələləri birgə həll edərdilər.
Mir Möhsün Nəvvabın 1913-cü ildə Orucov qardaşlarının mətbəəsində çap olunmuş "Təzkireyi-Nəvvab" kitabında 100-ə yaxın Qarabağ şairi haqqında məlumat verilmişdir. Həmin kitabda Xosrov Şaiqin maarif və mədəniyyətin inkişafından bəhs olunan "Ey vətəndaşlar, gəlin elm əxz edib aqil olaq" misrası ilə başlanan şeiri də vardır.
Xosrov Şaiq kitabda Nəvvabın ensiklopedik bir şəxs olduğunu qeyd etmişdir. Onun qiraətxanasından, çapxanasından, çap üsulundan, cildxanasından, ədəbi məclisindən, musiqi elmində irəli sürdüyü fikirlərindən və əsərlərindən bəhs etmişdir. Bundan əlavə, əsərdə Nəvvabın xalqa xidmətindən, sadə insanlar tərəfindən sevilməsindən ətraflı danışaraq onu təbiətşünas alim kimi də tanıtmışdır. Əsərdə Mir Möhsün Nəvvabın cəhaləti və fanatizmi yayan mollalara həsr edilmiş nəzirələri də vardır. Mirzə Xosrov Şaiqin şəxsi arxivində Mir Möhsün Nəvvabın xatirəsinə həsr etmiş olduğu "Şuşanın çayı" poeması da diqqəti cəlb edir.
Xosrov Şaiqin elmin müxtəlif sahələrinə aid əlyazmaları arasında qorunan əsərləri Azərbaycanda xəttatlığın inkişafında böyük əhəmiyyət kəsb edir, ədəbiyyatşünaslıq sahəsində mühüm rol oynayır. Bu əlyazmalarda Xurşudbanu Natəvan və Mir Möhsün Nəvvab Qarabaği haqqında geniş məlumat var.
Yeri gəlmişkən xatırladaq ki, 1976-cı ildə M.X.Axundzadənin həyat və fəaliyyətinə həsr olunmuş "Mənalı həyat" monoqrafiyası "Gənclik" nəşriyyatında, 1993-cü ildə "Ömürdən səhifələr" ədəbi toplusu "Yazıçı" nəşriyyatında, 2000-ci ildə "Pedaqoji mülahizə və təcrübələrim" əsərinin birinci nəşri "Maarif" və ikinci nəşri isə 2008-ci ildə "Adiloğlu" nəşriyyatlarında çapdan çıxmışdır.
Pərviz AXUNDBƏYLİ,
Azərbaycan Dövlət İqtisad Universitetinin
tarix muzeyinin direktoru
Azərbaycan.- 2009.-
15 noyabr.- S. 7.