Vətən ünvanlı nəğmələr

 

Şair Əliyar Yusiflini yaxından tanıyanlar söyləyirlər ki, o, Naxçıvan torpağına çox bağlı, əsl vətən aşiqi idi. Ali təhsil almaq üçün Bakıda oxusa da, yenidən Naxçıvana qayıdaraq ömrünün sonuna kimi nəqşi-cahandan kənara çıxmadı. Ona elə gəlirdi ki, Naxçıvandan ayrılmaq həyatın sonu deməkdir. Bütün ömrü boyu bu dilbər diyarın qoynunda yaşayıb yaratdı. Doğma ellərin hüsnünə min bir nəğmə qoşdu:

 

Qəhrəmanlıq tarixidir dünənin,

Diz çökmədin qabağında düşmənin.

Ox nişanı bəzəyidir sinənin,

Ana yurdun vüqarısan, Naxçıvan,

Abidələr diyarısan, Naxçıvan!

 

Əliyar Yusifli 1929-cu il oktyabrın 15-də Şərur rayonunun Püsyan kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra əvvəlcə Ordubad Pedaqoji Texnikumunda, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. İlk yeri Sədərək kənd məktəbi olub. İlk şeiri 1953-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib. Uzun müddət muxtar respublikanın orta məktəblərində pedaqoji fəaliyyətlə məşğul olan Əliyar Yusifli ötən əsrin ortalarında Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ikiillik ali ədəbiyyat kursunda oxuyub. Təhsilini başa vurduqdan sonra yenidən Naxçıvana qayıdan Əliyar Yusifli burada televiziyada çalışıb. Yaradıcılıqla mükəmməl məşğul olan qələm sahibinin şeir kitabları işıq üzü görürdü. Pyesləri Naxçıvan Dram Teatrında tamaşaya qoyulurdu. Şeirlərinə bəstəkarlar məmnuniyyətlə musiqi qoşardılar. Cahangir Cahangirovun bəstələdiyi "Naxçıvan" kantatasının sözləri Əliyar Yusifliyə məxsusdur. Onun mahnılarını Azərbaycanın görkəmli müğənniləri məlahətlə ifa edərdilər. Xalq artisti Rübabə Muradovanın repertuarını bəzəyən mahnıların çoxunun müəllifi Əliyar Yusifli idi.

Onun yaradıcılığında iki mövzu əsas xətt təşkil edirdi. Biri doğma Naxçıvanın, ümumilikdə, Azərbaycanın hüsnünə qoşulan şeirlər, biri da ana, qadın haqqında poetik düşüncələr. "Asta sür qatarı" adlı bir şeirində demək olar ki, Naxçıvanın coğrafiyası bütün əlvanlığı, gözəlliyi, əzəməti ilə diqqət çəkir. Xüsusilə qranit qayalı dağları poetik şəkildə çox dürüst əks olunub. Bu dağlarından tutmuş tarixi abidələrinə kimi vəsf olunan diyarın bənzərsiz təbiəti öz füsunkarlığı ilə misralara yeni cazibəli ahəng gətirir. Müəllif bildirir ki, Naxçıvan özü boyda abidələr muzeyidir. Ona görə deyirdi:

 

Asta sür qatarı qardaş, bu yerdən

Döyüş meydanına baxmaq gərəkdir.

Elə sərnişin var bu "muzeylərdən"

Bəlkə heç bir daha keçməyəcəkdir.

 

"Bir qarı, bir qız", "Saçlarına dən salmışam", "Ömür dostuma", "Sinəmdə qəm düşünürəm", "Arzu" başqa şeirlərində müəllifin anaya, qadına ünvanladığı duyğular oxucunu düşüncələr aləminə aparır. Yağışlı havada budağın üstündə qanadlarını açaraq balalarını çiskindən, soyuqdan qorumaq istəyən ana sərçənin pərişan halı şairə təsir edir. O bu vəziyyətdən həyəcanlanaraq görün yazır:

 

Bir quş balaları üçün

Bahar yağışından

Belə qorxursa əgər,

Bəs onda övladının üstünə

Güllə yağmuru yağan

Ana neyləyər,

Ana neyləyər?!

 

Bu düşündürücü sualların cavabı bəllidir.

Naxçıvan Yazıçılar Birliyinin sədri Asim Yadigar deyir: "Əliyar Yusifli son dərəcə ciddi, ağır təbiətli adam idi. Onun diqqətçəkən xüsusiyyətlərindən biri sədaqətli, etibarlı şəxs olmasıdır. Onun tamaşaya qoyulmuş onlarla dram əsəri var. Şeirlərinə Azərbaycanın məşhur bəstəkarları mahnılar bəstələyiblər. Müqtədir ifaçılar böyük məmnuniyyətlə bu mahnıları oxuyurlar. Bütün bunlara baxmayaraq, Əliyar Yusifli qaynar ədəbi mühitə daha yaxından olmaq istəyinə heç vaxt düşmədi. Naxçıvan təbiətini çox sevirdi. Muxtar respublikanın elə bir dağ ətəyi, bulaq başı, çay qırağı, bir sözlə, bir qarış yeri tapılmaz ki, Əliyar Yusifli oraya getməmiş olsun. Ovçuluğu da sevirdi. Amma heç zaman Azərbaycan təbiətinin daimi gözəllərinə, uzaq yerlərə uçub getməyən, yayı da, qışı da Naxçıvanda qalan quşlarına güllə atmazdı. Onun bu sədaqəti ömrünə sirayət etmişdi. Həyat yoldaşı Badilə xanımla çox mehriban yuva qurmuşdular. Ömrü boyu övlad həsrəti çəkdilər. Amma bir-birindən ayrılmadılar. İndi 80 illiyi tamamlanan Əliyar Yusifli əslində uzun ömür yaşamadı - cəmi 64 il. Hərdən fikirləşirik ki, elə ədəbiyyat müəlliməmiz Badilə xanımdan tez-tez xəbər tutsaq, bu, Əliyar Yusiflinin ruhuna da xoş gedər. Onların vəfası, bir-birlərinə olan xoş münasibətləri, təmiz əxlaqları hamıya nümunədir".

Dağlar qalalar haqqında çox şeylər yazılıb. Bu sırada Əliyar Yusiflinin özünəməxsus yeri var. O, dağlara, qalalara vətənin simvolu, qüruru kimi baxırdı. Əlincə qalasına ünvanladığı bir şeirində deyirdi:

 

Üstündə gah günəş, gah da ay gəzər,

Payız zirvəsinə qalanan qarın.

Əlincə qalası qartala bənzər

Durna qatarında uca dağların.

 

Şair ömrü belədir. Bizə elə gəlir ki, Əliyar Yusifli öz həmkarları arasından bir qartal kimi sıyrılaraq məhz Naxçıvan dağlarının uca zirvəsində qərar tutmuşdu. Buradan ilhamlanaraq yazdığı şeirlər ona görə belə mənalı mükəmməldir ki, onların mayasında vətən məhəbbəti ünvanı var!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.-  15 noyabr.- S. 7.