Alim ömrü
Hər bir insan öz fəaliyyəti ilə tarixdə iz qoymağa və yaddaşlarda yaşamağa çalışır. Belə insanlardan biri də bütün həyatını elmin inkişafına həsr edən AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun politologiya və siyasi sosiologiya şöbəsinin elmi işçisi, pedaqoji elmlər namizədi Habil Həmidovdur.
60 illik ömür yolu keçmiş Habil müəllim özünəməxsus baxışları, tarixə münasibəti, təhlil və ümumiləşdirmə metodu, orijinal elmi-fəlsəfi məntiqi olan tədqiqatçılardandır. O, çoxsaylı məqalə, monoqrafiya, dərs vəsaitinin, habelə Yaponiyada, İraqda və Türkiyədə nəşr olunmuş elmi əsərlərin müəllifidir.
Şəxsiyyətinə və elmi fəaliyyətinə yaxşı bələd olduğum Habil Həmidovun ömür yolunun hər cığırı işıqlı, nurludur. Bu cığırlar isə gənclərə nümunə olan bir yolda birləşir. Çətin, lakin mənalı, şərəfli və vüqarlı bir ömür yaşayıb Habil Həmidov.
1949-cu ildə Kürdəmir rayonunun Çöhranlı kəndində ziyalı ailəsində dünyaya göz açıb. 1 nömrəli şəhər orta məktəbini başa vurduqdan sonra - 1966-cı ildə əmək fəaliyyətinə başlayıb. 1968-1972-ci illərdə isə ali təhsil alaraq həyatının 19 ilini kənd məktəbində gənclərin təlim-tərbiyəsinə həsr edib. Həmin illərdə onun müxtəlif mövzularda məqalələri mətbuatda dərc olunub. O, kənd məktəbində müəllimlik etməklə yanaşı, elm sahəsində ilk addımlarını atmağa başlayıb. Bir müddət Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında çalışıb. 1992-ci ildə Azərbaycan Xarici Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) dissertantı kimi xalqımızın milli adət-ənənələrinə, söykökünə, tarixinə həsr olunmuş elmi-tədqiqat işləri ilə məşğul olub. 1994-cü ildə namizədlik dissertasiyası müdafiə edib.
1997-ci ildə AMEA-nın Milli Münasibətlər İnstitutuna kiçik elmi işçi qəbul olunan H.Həmidovun səmərəli fəaliyyəti, elmi-tədqiqat işlərinin müsbət nəticələri nəzərə alınaraq o, "Asiya və Uzaq Şərq ölkələri" şöbəsinə müdir təyin edilib. Alim bu illər ərzində Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin fəaliyyəti kontekstində "Azərbaycanın Asiya ölkələri ilə beynəlxalq münasibətləri", "Böyük İpək yolu Azərbaycanın beynəlxalq münasibətlərində" adlı kitablarını çap etdirib. Böyük İpək yolunun siyasi, iqtisadi, elmi-mədəni beynəlxalq münasibətlərin inkişafında rolu mövzusunda respublika mətbuatında çoxsaylı məqalələrlə çıxış edib. H.Həmidov 2001-ci ilin may ayında Rusiyanın Kazan şəhərində keçirilən beynəlxalq konfransa dəvət alır. Lakin səhhətində yaranan problemlə bağlı həmin konfransda iştirak edə bilməsə də, "Azərbaycanın və dünya dövlətlərinin beynəlxalq münasibətlərində Böyük İpək yolunun rolu" mövzusunda elmi əsəri və bu yolun Qafqazın, xüsusilə Azərbaycanın izlərinə aid tərtib etdiyi beş qədim xəritəni konfrans materiallarında çap olunmaq üçün təqdim edir.
Politologiya sahəsində elmi-tədqiqat işlərini davam etdirən alim "İpək yolu və Azərbaycanın strateji maraqları" adlı doktorluq dissertasiyasını tamamlamışdır.
Habil müəllimin araşdırmalarının çoxşaxəli olması onun elmi bioqrafiyasından da aydın görünür. O, tibbi-bioloji, pedaqoji, psixoloji, etnoqrafik yönümdə yazdığı "Sağlamlıq, iradi-fiziki keyfiyyətlərin formalaşmasında Azərbaycan milli oyunlarının potensial imkanları", "Azərbaycan milli oyunlarının sosial-pedaqoji-psixoloji mahiyyəti və tərbiyə işində onlardan istifadə yolları", "İdman pedaqogikası", "Azərbaycan musiqisi şifahi və yazılı mənbələrdə" mövzusunda dərs vəsaitlərinin, siyasi mövzuda yazılmış "Azərbaycanın Asiya ölkələri ilə beynəlxalq münasibətləri", "Böyük İpək yolu Azərbaycanın beynəlxalq münasibətlərində", "Azərbaycanın xarici əlaqələrində İpək yolunun rolu", "Azərbaycanın xarici əlaqələrində sosial-siyasi münasibətlər" (A.Bəşirovla həmmüəllif), "Şelkovıy put v kontekste Vostok-Zapad", "İpək yolu və Azərbaycanın strateji maraqları", "Heydər Əliyev və Azərbaycanda təhsil siyasəti", "Azərbaycanda təhsil siyasəti strategiyası" adlı monoqrafiyaların və 200-ə yaxın elmi, bədii, publisistik məqalənin müəllifidir.
Alim hazırda ömrünün müdriklik çağını yaşayır. Ulu Tanrıdan dörd övlad, beş nəvə payı var. Həyatını elmin, təhsilin inkişafına həsr edən dəyərli ziyalı Habil Həmidovu irəlidə yeni uğurlar gözləyir.
Arif BƏŞİROV,
fəlsəfə elmləri namizədi, dosent
Azərbaycan.- 2009.- 15
noyabr.- S. 7.