Həvəskar rəssam və xalq tətbiqi
sənəti ustalarının
əsərləri nümayiş
etdirilmişdir
"Bakı-İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı ilə Muzey Mərkəzində "Həvəskar rəssam və xalq tətbiqi sənəti ustalarının işlərində islami dəyərlər" mövzusunda sərgi açılmışdır.
Tədbiri açan mərkəzin direktoru, professor Vilayət İsmayılov bildirmişdir ki, mədəniyyətimizin formalaşmasında və inkişafında islami dəyərlər mühüm rol oynamışdır. Bu baxımdan Azərbaycan mədəniyyətində islami dəyərlərə müraciət olduqca böyükdür. Natiq qeyd etmişdir ki, sərgidə 6 bölgədən təqdim olunmuş 350 rəsm əsəri və xalq tətbiqi sənəti nümunəsi nümayiş etdirilir.
Çıxışlarda bildirilmişdir ki, son dərəcə aktual və eyni zamanda incə olan bu mövzuya nəinki ölkəmizdə, həm də dünyanın bir çox ölkələrində mədəniyyət və incəsənət xadimləri müraciət edirlər. Ona görə də belə bir sərginin təşkil olunması mədəni dəyərlərimizin öyrənilməsi, yaşadılması və təbliğində mühüm rol oynayır.
Bu baxımdan Azərbaycan mədəniyyətinin inkişafına Azərbaycan Prezidenti İlham Əliyevin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilmişdir.
Çıxışlardan sonra sərgidə fərqlənmiş rəssam və tətbiqi sənət ustalarına fəxri fərman, diplom və pul mükafatları təqdim edilmişdir.
Sərgidə nümayiş etdirilən, yüksək peşəkarlıqla yaradılmış əsərlər tamaşaçıların da böyük marağına səbəb olmuşdur.
AzərTAc
Azərbaycan.- 2009.-
15 noyabr.- S. 7.