Azərbaycan sivilizasiyalar və dinlərarası dialoqun müzakirə edilməsi üçün nadir məkandır

 

Azərbaycanın Küveytdəki səfirliyindən bildirmişlər ki, Küveytin və Körfəz regionunun aparıcı ingilisdilli "Kuwait Times" qəzetində noyabrın 9-10-da Bakıda keçirilmiş "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" Beynəlxalq konfransdan bəhs edən eyni adlı məqalə nəşr edilmişdir.

Məqalədə İslam Konfransı Təşkilatının (İKT) təsis edilməsinin 40 illiyinə həsr olunmuş tədbirdə sivilizasiyalararası dialoq, dini və mədəni müxtəliflik, İslam dünyasının çağdaş geopolitikası kimi aktual mövzuların müzakirə ediləcəyi haqqında məlumat verilmişdir.

Müəllif xarici işlər naziri E.Məmmədyarovun açılış nitqinə istinadla Ermənistanın hərbi təcavüzü və işğalına cavab olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün quruma üzv dövlətlər tərəfindən dəstəklənməsinin vacibliyini vurğulamışdır. Məqalədə İKT-nin baş katibi E.İhsanoğlu və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin açılış nitqlərindən sitatlar gətirilərək, Azərbaycanın dinlərarası dialoq və əməkdaşlığın simvoluna çevrildiyi qeyd olunmuşdur.

Məqalədə əsas diqqət Azərbaycan mədəniyyətinin zənginliyi və müxtəlifliyi amilinə yönəldilərək, ölkəmizin sivilizasiyalar və dinlərarası dialoq kimi məsələlərin müzakirə edilməsi üçün unikal məkan olduğu vurğulanmışdır.

Sivilizasiyaların kəsişmə nöqtəsi və İpək yolu üzərində yerləşən Azərbaycanın tarixən İslam sivilizasiyasının mərkəzlərindən biri olduğu, alim, sənətkar, şair və ədibləri ilə bu mədəniyyətin zənginləşməsinə böyük töhfə verdiyi və regionda demokratik dəyərlərin yayılmasında əhəmiyyətli rol oynadığı nəzərə çarpdırılmışdır. Bu xüsusda Şərqdə ilk demokratik respublikanın, ilk operanın Azərbaycanda yarandığı və bir çox Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququnun verildiyi vurğulanmışdır.

Məqalənin sonunda Azərbaycanın İslam və universal dəyərlərə sadiq qalaraq, dinamik inkişaf edən demokratik ölkə kimi özünəməxsus nümunə olduğu qeyd edilmişdir

 

 

Azərbaycan.- 2009.- 13 noyabr.- S. 8.